Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Hüseyn Bağıroğlu 1961-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. 1978-ci ildə Nehrəm kənd orta məktəbini və 1987-ci ildə Xarkov şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Uzun müddət Naxçıvan Dövlət TeleRadio Komitəsində redaktor, aparıcı-müəllif işləmişdir. Ailəlidir, üç övladı var.
"Adam kölgəsinə səsləmə məni" (1998), "Mən çiynimdən yerə qoydum dünyanı" (2001), "Başımda qar olur, ayağımda yaz" (2010) adlı kitabların müəllifidir. Həmçinin İranda da bir kitabı işıq üzü görüb.
Ovqat.com Hüseyn Bağıroğlunun yeni şeirlərini öz oxucularına təqdim edir.
Sözün yolunda
…Nəsiminin, Füzulinin, Sabirin,
Cavidin ruhlarını dinlərkən
Necə Günəşlər söndü
Bir ulduzun yolunda.
Halaldı al qanımız
Uca sözün yolunda.
Fələklər külə döndü
Bizim bir ahımızla.
Unudulmaq qorxusu
Yox bizim canımızda.
Küfürdən doğulanlar
Kafir söylədi bizə.
Nifrətlər xəncər kimi
Saplandı köksümüzə.
Zaman bizi qınadı,
Dövran bizə daş atdı.
Biz anlatdıq dünyaya
Ömür nədən yanadı.
Elə bilmə bircə yol
Havamızı çaldılar.
Biz hava istəyəndə
Halvamızı çaldılar.
Sürgünlərdən qayıtdıq
Mələklər qanadında.
Göylərdə cövlan etdik
Küləklər qanadında.
Tarix çox hədələdi
Bizi dar ağacıyla.
Biz yendik bu tarixi:
Həm taxtı, həm tacıyla.
Fikir-xəyal içində
Dar gəlir bu yollar mənə
İzimdən çıxıb gedirəm.
Bu yolların dumanından,
Tozundan çıxıb gedirəm.
Ürək yaralı ov kimi,
Dərdlər saçda qrov kimi,
Tüstü kimi, alov kimi
Közümdən çıxıb gedirəm.
Hər nəğmə bir dərdə hədə
Bu dərdləri didə-didə
Darıxıram şeirdə də
Sözümdən çıxıb gedirəm.
Nələr gördüm içimdə mən,
Necə deyim türkümdə mən,
Fikir-xəyal içində mən,
Özümdən çıxıb gedirəm.
İlahi, Sən bizə sevməyi öyrət
Qüdrət sahibisən bir əlac eylə,
İlahi, Sən bizə sevməyi öyrət.
Bizim könlümüzü eşqə ac eylə,
İlahi, Sən bizə sevməyi öyrət.
Bu həyat çox şeylər öyrədir bizə,
Danışmır Arazın dərdin Kür bizə,
Bizim özümüzdən xəbər ver bizə,
İlahi, Sən bizə sevməyi öyrət.
Səndən yavaş-yavaş qırılır insan,
Quru xəzəl kimi sovrulur insan,
Sevməyə-sevməyə zay olur insan
İlahi, Sən bizə sevməyi öyrət.
Göylərin eşqinə, Yerin xətrinə,
Bizdən saxladığın sirrin xətrinə,
Bir qərib üzüdəki nurun xətrinə,
İlahi, Sən bizə sevməyi öyrət.
Hərə bir yalançı din içindədi,
Günümüz bir qara gün içindədi,
Bu dünya elə bil kin içindədi,
İlahi, Sən bizə sevməyi öyrət.
Uzaqdan gəlsə də eşqin sorağı,
Solmur ümidimin bu son yarpağı,
Sevilmək istəyir Vətən torpağı,
İlahi, Sən bizə sevməyi öyrət.
Daha düşməni də tutmaz ahımız
O qədər eşq ilə dolub sinəmiz
Daha düşməni də tutmaz ahımız.
Meh olub gülləri oxşar eləcə
Gedib Allaha da çatmaz ahımız.
Uçmaz ahımızdan uca damları,
Narahat olmasın fələklər daha.
Yanmaz ahımızdan tül qanadları
Qorxuya düşməsin mələklər daha.
Qovmaz göy üzündən buludları da,
Qaralmaz nə Günəş, Ay ahımızdan.
Heç puça çıxarmaz umudları da,
Bir nəğmə yoğurar ney ahımızdan.
Aha bənzəmir ki, bizim ahımız
Yanan içimizin tüstüsüdü bu.
Heç kəs bilməsə də bilir Şahımız
Sönməyən bir eşqin istisidi bu.
O qədər eşq ilə dolub sinəmiz
Daha düşməni də tutmaz ahımız.
Meh olub gülləri oxşar eləcə
Gedib Allaha da çatmaz ahımız.
Harda olsaq belə…
Harda olsaq belə bir anlığa da,
Biz Səni tərk edə bilmədik Tanrım.
Çıxsaq qaranlıqdan aydınlığa da,
Biz Səni dərk edə bilmədik Tanrım.
Bilmirəm fikrimi heç necə deyim,
Sənin söz-söhbətin Sözlük deyil ki.
Çatladı fikirdən bu baş, bu beyin,
Səni dərk eləmək bizlik deyil ki.
Cənnəti buğdaya satandan bəri,
Bəlkə də Sən bizə bel bağlamırsan.
Bizi yer üzünə atandan bəri
Heç bizdən Özünə yol saxlamırsan.
Biz Sənin gözündən yayınan kimi,
Atəşpərəst olduq, bütpərəst olduq.
Başımız küfürdən ayılan kimi,
Yalançı meyləri içib məst olduq.
Küfür qaranlıqtək çökdü dünyaya,
Dünyanın işləri kafirdən keçdi.
Gözəllik özünü qorumaq üçün
Əsrlər boyunca kifirdən keçdi.
Ay olub dünyaya doğa bilmədik,
Günəş qürub edib batana kimi.
Heyf, nəfsimizi boğa bilmədik
Əlimiz əlinə çatana kimi.
Heç alqış eləməz bəndə-bəndəyə,
Özün hərdən-hərdən alqışla bizi.
Günahkar-günahkar sevərik Səni,
Bu günahsız eşqə bağışla bizi.
Sevgi susan kimi
Sevgi susan kimi dindi bu dərdlər,
Hərəsi bir divə döndü bu dərdlər.
Məni sənsiz görüb indi bu dərdlər
Üstümə bir qoşun yeridə bilər.
Yaman yerdə yerə dəydi kürəyim,
İndi fələyin də çırtlar çiçəyi…
Elə bilirlər bə daşdı ürəyim,
Hönkürsəm kim məni kiridə bilər.
Qəmsiz gözlərindən qəm oldu barım.
Heç xəzan görmədi qəmin baharı.
Qaldı qar altında qara saçlarım,
Bu qarı hansı gün əridə bilər.
Vətənimizin sərhədləri
Vətənimizin sərhədləri
bir-birimizə sevgimiz qədər
böyüyə,
Və bir-birimizə
nifrətimiz qədər
kiçilə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar