Xəbər lenti


“Viral infeksiyaların yaranma tarixi, üzvü həyatın yaranma tarixi qədər qədimdir. Məsələn, ən cavan viral infeksiyalardan biri olan qripin yaşı 12 min ildir. O biri viral infeksiyaların tarixi isə, qripdən də çox-çox qədimdir. Bu infeksiyalar müəyyən dövrlərdə insanlığa məhrumiyyətlər yaşatsa da, heç biri, “həyat enerjisini” söndürə bilməyi. Bu səbəbdən də COVİD-19-un insanlığa fəlakət gətirəcək qorxusu yoxdur və ola da bilməz”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev yoluxmanın artması və törədəcəyi fəsadlarları şərh edərkən deyib.

Onun sözlərinə görə, istənilən infeksiyanın potensial fəallığı iki əsas parametrlə dəyərləndırilir: yoluxma sürəti (Ro indeksi) və letallıq (öldürücülük) əmsalı. “Hazırda zərurət bildiyimə görə hər iki parametri bir də nəzərinizə çatdırıram. İlk növbədə Ro indeksi (bir virusun yoluxdurduğu xəstə sayı): COVİD- 9-da bu göstərici 2-2,2-dir. Bu göstəriciyə görə o, qızılca (11), su çiçəyi (7 -12), parotit (11-14), hətta sələfi Mers-CoV-dan (3) belə, nəzərəçarpacaq dərəcədə geri qalır”.

M.Qəniyev qeyd edir ki, COVİD-19-da letallıq əmsalı (100 nəfərə düşən ölüm halı) 3,6%-dir: “Bu göstəriciyə görə də o, ebola (50%), quş qripi (39,3 %), Mers-CoV (35%), donuz qripi (17,4%) və qohumu Sars-CoV (9,6%) kim infeksiyadan bir neçə dəfə zəifdir”.
“Yoluxmanın yeganə səbəbi “abnormal” ünsiyyət formasıdır”

Professor əlavə edir ki, COVİD-19-un əsas yoluxma yolu, hava-damcı, yəni nəfəs-nəfəsə dayanma, xüsusən öpüşmək kimi ünsiyyət formasıdır. Onun sözlərinə görə, bu ünsiyyət formasının çiçəklənməsi 1990-cı ildən günümüzə qədərki dövrə təsadüf edir. “Stereotip təkrarlanan halın hüceyrə yaddaşına qeyri-iradi təkrarlanan hal kimi yazılmasının zaman müddəti, postnatal inkişafda ikinci uşaqlıq yaş dövrünün sonuna qədər davam etdiyindən, bu müddət 11-12 il olmalıdır. Odur ki, biz hazırda bu arzuolunmaz və istək xarici icra olunan vərdişin əsirinə çevrilmişik”, - deyə M. Qəniyev vurğulayıb.

Tibb elmləri doktoru qeyd edir ki, bu səbəbdən, hazırkı artımın günahkarı nə “Delta” ştammı, nə də digər mutasiya variantları deyil: “Yeganə səbəb, yalnız bu “abnormal” ünsiyyət formasıdır. Bu ünsiyyət forması ölkəmizin hər bölgəsi, hər məhləsi, hər küçəsi, hər ailəsində belə var. Özü də biri-digərinə münasibətdə daha şiddətli və əcaib formada olmaqla. Çox istərdim ki, COVİD-19 haqqında yazmaq üçün əlinə qələm götürən və ya kompüter arxasında oturan hər bir kəs, bir çölə çıxsın, Azərbaycanın heç olmasa bir neşə şəhər, qəsəbə və kəndini gəzib, əsl həqiqət və reallığı görsün. Yoluxmanın səbəb faktorunu bilsin və xalqı bu istiqamətdə maarifləndirsin ki, insanlar COVİD-19-dan qorunmanın öz əllərində olduğunu bilib, düşkünlük və ruhi sarsıntı keçirməsinlər”.

“Naməlum ölüm səbəbləri COVİD-19-un statistikasına salınmamalıdır”
Professor daha bir vacib məqamı xatırladır: “Digər tərəfdən, hər yeni gün, sosial şəbəkələrdə kimsənin ölün xəbəri verilir və bütün hallarda ölümün səbəbinin COVİD-19 olduğu bildirilir. Bu yolverilməzdir. Çünki ölümün səbəbi yalnız patoloq-anatomun təsdiqindən sonra, yəni rəsmi mənbəyə istinadən verilməlidir. Naməlum ölüm səbəbləri COVİD-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Bir də, hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqqdır və qacılmazdır. Bu səbəbdəndir ki, canlı toxuma, postnatal inkişafı dövründə məruz qalacağı aralıq yox, mütləq 25 bölünmə halının hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətin yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər yaşam qanunudur, olub, var və olacaqdır. Dünya çapında doğum-ölüm nisbəti son on ildə 2,2-nin 1 nisbətindən çox olmayıb, bu gün isə 2,3-ün 1 nisbətindən də artıqdır. Yəni doğum azalmayıb, hətta məlum nisbətdə artıbdır”.
“Bu, tamamilə səhv və yanlış fikirdir…”

Hazırda dünyada COVİD-19-dan başqa digər viral infeksiya yoxdurmu? Musa Qəniyev bu suala cavabında ÜST-ün bu günlərdə təqdim etdiyi bir statistikadan misal gətirib: “COVİD-19 həyatımıza qədəm qoyandan sonra, qrip dünyada 98% azalıb. Hətta iddia olunur ki, koronavirus yoluxdurduğu hüceyrəyə digər virusların girməsinin qarşısını aldığından, qrip və digər viral infeksiyalar azalıb. Bu, tamamilə səhv və yanlış fikirdir. Bəli, əksər viruslar konkurent antaqonizm prinsipi ilə yoluxdurduğu hüceyrəyə digər virusların həm intra, həm də parasellülyar yolla daxil olmasının qarşısını alır. COVİD-19 zamanı isə vəziyyət tamamilə başqa cür olur. Belə ki, koronavirus 19 hüceyrəyə reseptor mexanizmlərlə daxil olduğuna görə intra və parasellülyar qapılar açıq qalır. Digər tərəfdən, hüceyrənin immun müqaviməti zəiflədiyindən, bu yollarla hüceyrələrə daxil olan virusların hüceyrədaxili axın sürəti daha da intensivləşir. Yəni COVİD-19 digər virusların hüceyrələrə daxil olmasına nəinki mane olmur, hətta bu prosesi daha da sürətləndirir. Deməli, söylənilənlər tamamilə əsassızdır. Diaqnoz tam təsdiqlənmədiyi halda, hər temperaturun yüksəlməsi, boğaz və ya qarın ağrısına “sən virusa yoluxmusan” demək olmaz”.
“Viral infeksiyalardan qorunmanın ən etibarlı yolu peyvəd olunmaqdır”

Professor insanları qorxutmaq əvəzinə onlara əl tutmağı, yardım etməyi, düzgün maarifləndiməyi tövsiyə edir ki, psixoloji sarsıntı keçirməsinlər. “Tarixi həqiqət budur ki, viral infeksiyalardan qorunmanın ən etibarlı yolu peyvəd olunmaqdır. Peyvəndləmənin aparılmasının əsasında insanların düzgün maarifləndirilməsi, peyvəndlərin alınması, daşınması, saxlanılması və tibb personalının ondan istifadəsi zamanı bütün mövcud təlimatlara qanun şəklində əməl olunmasıdır. Əks hal, arzuolunmaz, hətta faciəli nəticələrə, eləcə də insanlarda qeyri-düzgün yanaşma tərzinin formalaşmasına səbəb ola bilər. Bu da həqiqətdir ki, bəzi insanlar peyvənd olunmadan belə, müəyyən şərtlər daxilində, peyvənd olunma sənədini alırlar. Odur ki, mən bütün hallarda peyvədləmənin könüllülük prinsipi əsasında aparılmasının tərəfdarıyam. Buna əməl olunması, bütün neqativ söyləntilərin qarşısını almış olar. Son olaraq Sizləri bir daha əmin edirəm ki, COVİD-19 insanları öldürmür. İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. Odur ki, Allah xatirinə, adi gigienik qaydalara riayət edib, normal həyatınızı yaşayın ki, bu bəladan birdəfəlik qurtaraq”, - deyə Musa Qəniyev vurğulayıb.


Ana səhifəyə qayıt        Baxış: 3 364          Tarix: 21-08-2021, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma