Xəbər lenti


Britaniyada aparılacaq yeni elmi tədqiqat koronavirus vaksininin yaratdığı immunitetin hansı müddətdə davam etdiyini araşdırmalıdır.

“Press Association” (PA) agentliyi yazır ki, sözü gedən araşdırma üçün 1.5 milyon funt sterlinq dövlət vəsaiti ayrılıb. Bu tədqiqat vaksin olunmalarına baxmayaraq bəzi insanların niyə COVID-19-a yoluxmasının səbəbini aşkar etməlidir.


Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib ki, yeni araşdırma koronavirusun təbiətinə dair yeni dəyərli faktları üzə çıxarmalıdır. Bu tədqiqata rəhbərlik edəcək doktor Syuzan Hopkins isə bildirib ki, alimlər koronavirus peyvəndindən sonra kimlərin yoluxmaya daha həssas olmalarını müəyyən etməlidir. Onun sözlərinə görə, bu, alimlərə mövcud vaksin və gücləndirici vaksinlərin tərkibini təkmilləşdirmək imkanı verəcək.

Bu həftənin əvvəllərində yekunlaşdırılmış araşdırma “Pfizer/BioNTech” və “Oxford/AstraZeneca” koronavirus vaksinlərinin təsir gücünün peyvənddən altı ay sonra zəiflədiyini göstərmişdi. Qeyd olunurdu ki, bu halda ən pis ssenari vaksinlərin təsir effektivliyinin 50 faizdən də aşağı düşməsi olardı.

Ayrıca bir tədqiqat göstərmişdi ki, xəstəliklərə və ya müalicələrə görə immuniteti məhdudlaşan insanların 40 faizində koronavirusa qarşı yaranan anticismlərin sayı daha az olur.

İngiltərənin İctimai Səhiyyə İdarəsinin iştirakı ilə aparılacaq araşdırma müxtəlif vaksinlərin yaratdığı immunitetlərin davametmə müddətlərini müqayisə edəcək. Xəbər verilir ki, iki mövcud tədqiqatda iştiraka, peyvənd olunmasına və ya daha əvvəl koronavirus yoluxması keçirməsinə baxmayaraq təkrar yoluxmaya məruz qalmış 50 min tibb işçisi dəvət olunub.

Alimlər deyirlər ki, yeni tədiqiqat vaksinlənmiş insanların niyə təkrarən yoluxması sualına cavab verməyə çalışacaq. Təcrübələrdə iştirak edənlərdən onların genetik kodlarının çıxarılması üçün icazə alınacaq.

Alimlər düşünürlər ki, niyə bəzi insanların koronavirusa təkrar yoluxmalarının cavabı onların DNT kodunda ola bilər. Doktor Hopkins deyib ki, immun reaksiyanın öyrənilməsi təkcə kimlərin yoluxmalar qarşısında daha zəif olmasını üzə çıxarmayacaq, bu həm də vaksin istehsalçılarına vaksinlərə lazımi dəyişikliklər etmək imkanı verəcək.

Səhiyyə naziri Sacid Cavid deyib ki, bu tədqiqatla yanaşı aparılan başqa bir araşdırmada Britaniya boyunca anticism testləri proqramının nəticələrindən istifadə olunur.

Araşdırmada iştirak edən başqa bir alim, Rupert Bil deyib ki, immunitetin başa düşülməsi pandemiyaya lazımi reaksiyanın verilməsi üçün mühümdür. Onun sözlərinə görə, araşdırma habelə kimlərə üçüncü dozanın vurulmalı olduğu barədə elmi ipucu verəcək. (azadliq.org)



Ana səhifəyə qayıt        Baxış: 3 244          Tarix: 28-08-2021, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma