Xəbər lenti

"COVİD-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu baxımdan, budəfəki sərginin əhəmiyyətini bir daha vurğulamaq istərdim. Bu gün burada qurulan münasibətlərin qarşılıqlı biznes maraqlarının yüksəldilməsinə, investisiya yatırımlarının artırılmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyinə inanıram".

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən Medinex sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunmuş əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir:

"Bu baxımdan, Səhiyyə Nazirliyi tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyir. Səhiyyə sektoru qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bugünkü şəraitdə uğur qazanılması üçün keyfiyyətli məhsulların istehsalı qədər onların tanıdılması da əhəmiyyətlidir".

"Eyni zamanda, tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər" - səhiyyə naziri qeyd edib.

Teymur Musayevin sözlərinə görə, Medinex sərgisi həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacaq:

"İnanıram ki, növbəti illərdə yerli istehsal olan tibbi məhsullar və avadanlıqlara həsr olunmuş stendlərin sayının daha da artdığının şahidi olacağıq".




Ana səhifəyə qayıt        Baxış: 5 513          Tarix: 2-11-2023, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma