Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Şahmar Hacıyev,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi
Giriş
Son zamanlar dünyada cərəyan edən iqtisadi proseslər və baş qaldırmış COVİD-19 pandemiyası qlobal iqtisadiyyatın bütün sektorlarına mənfi təsir göstərmişdir. Bu proses Azərbaycandan da yan keçməyib. Xatırlatmaq lazımdır ki, COVİD-19 pandemiyasının yayılması fonunda 2020-ci ildə qlobal neft bazarlarında neft qiymətləri kəskin şəkildə ucuzlaşmışdı. COVİD-19 virusunun qlobal iqtisadiyyata zərbə vurması nəticəsində qlobal dəyər zənciri olduqca zəifləmiş və enerjiyə olan tələbatın olduqca aşağı düşməsi, hətta neft saxlama mərkəzlərində problemlər yaratmışdır. Neft bazarlarında həddən artıq neftin olması neft qiymətlərinin enerji bazarlarında tarixi həddə azalması ilə nəticələnmişdir.
Bu mənfi proses yalnız OPEC və qeyri-OPEC ölkələrinin qəbul etdikləri qərarlar nəticəsində öz həllini tapmışdır. Belə ki, OPEC+ ölkələri arasında əldə olunmuş tarixi razılaşma nəticəsində neft bazarında stabilləşmə müşahidə olunmuşdur. Əldə olunmuş razılaşmaya əsasən OPEC+ ölkələr neft hasilatını azaltmaqla, neft istehsalı və tələbatı arasında balansı qoruya bilmişdir. Ümumiyyətlə, COVİD-19 pandemiyasına qarşı vaksinasiya prosesinin başlanması və neft hasilatının idarə olunması fonunda neft qiymətləri kəskin şəkildə qalxmışdır. Təbii ki, qeyd olunan prosesləri nəzərə alaraq, milli iqtisadiyyatın inkişafına təkan vermək və yaranan sosial-iqtisadi çağırışları qarşılaya biləcək davamlı, yüksək rəqabət qabiliyyətli və innovativ iqtisadiyyatın yaradılması olduqca vacib amil hesab olunur.
Hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu prioritet hədəflərdən biri dünyada mövcud olan innovativ iqtisadiyyatın tələblərinə cavab verən, milli iqtisadi inkişaf modeli üzrə yeni iqtisadiyyatın formalaşdırılmasıdır. Milli iqtisadiyyatın modernləşməsinin əsas meyarlarını və onun rəqabət qabiliyyətliliyinin artırılmasını təşkil edəcək innovativ sistemin yaradılması dövlət üçün prioritet məqsəd olmalıdır. Bu kontekstdə, iqtisadiyyatın innovativ idarəetmə yolu ilə inkişaf etdirilməsi strateji baxımdan da olduqca vacibdir. Bu amil əsasən müasir dünya iqtisadiyyatında innovasiyaya əsaslanan artım nəticəsində daha da aktuallaşmışdır. Belə ki, sosial-iqtisadi inkişaf müasir texnologiyaların tətbiqi ilə son məhsul istehsalının artırılması, başqa sözlə, innovasiyanın rolunun artması ilə bağlıdır. Məsələn, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı və Qlobal İnnovasiya İndeksi tərəfindən də qeyd olunduğu kimi, innovasiya iqtisadi artımın əsas meyarı olaraq qalır. Gələcəkdə hər bir ölkənin sosial-iqtisadi inkişafı onun yeni iqtisadi mühitə adaptasiyası və yeniliklərin tətbiqi ilə müəyyən olunacaqdır. Bundan əlavə, elmi araşdırmalar, yeni biznes ideyalarının və modellərinin formalaşdırılması, həmçinin birbaşa xarici investisiyaların cəlb edilməsi bu istiqamətdə əsas amillərdən olacaqdır.
İnnovasiya yönümlü inkişafın vacibliyi
Dünyanın əksər inkişaf etmiş ölkələrinin əmək qüvvəsinin təxminən 20-25%-i yüksək texnologiyalar və elm-təhsil sahəsində fəaliyyət göstərirlər. Məsələn, 2020-ci ilin Qlobal İnnovasiya İndeksi reytinqində ilk üçlüyü İsveçrə, İsveç və ABŞ kimi dövlətlər tutmuşlar. Qeyd etmək lazımdır ki, adı çəkilən reytinqdə Azərbaycan 82-ci yerdə qərarlaşmışdır. Bu reytinqdə ilk sırada qərarlaşan İsveçrədə yüksəkixtisaslı işçi qüvvəsi ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Dövlət və özəl sektor tərəfindən maliyyələşdirilən tədqiqatlar, ölkədə biznes mühitini daha da yaxşılaşdırır və yeni layihələrin dəstəklənməsini stimullaşdırır. Qeyd etmək lazımdır ki, maliyyə dəstəyinin əsas hissəsi özəl sektor tərəfindən həyata keçirilir. Bu kontekstdə, uğurlu inkişafın arxasında "ABB", "Roche", "Nestle" və "Novartis" kimi nəhəng şirkətlər durur.
İnnovativ inkişafın digər əsas meyarı təhsildir. Məhz yüksək təhsilə malik olan cəmiyyət davamlı inkişafı təmin etmək gücünə malikdir. Məsələn, İsveçrə Federal Texnologiya İnstitutu (ETHZ) və Federal Politexnik Məktəbi (EPFL) dünyanın ən güclü 20 ali məktəbi sırasında yer alır və müasir cəmiyyətin tələblərinə cavab verən yüksək ixtisaslı kadrlar hazırlayır. Bu təhsil ocaqları özəl sektorla sıx əməkdaşlıq edir və müxtəlif araşdırmalar apararaq əmək bazarına öz danılmaz töhfələrini verirlər.
Qeyd olunanlar bir daha göstərir ki, dünya ölkələri ənənəvi iqtisadi inkişaf modelindən innovativ inkişaf modelinə doğru sürətlə irəliləməkdədir və bu istiqamətdə yüksək təhsilin, elmin inkişafı danılmaz faktordur. Bunları nəzərə alaraq, elm və təhsil sahəsində investisiyaların həcminin artırılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin rolunun güclənməsi və əsasən emal sahəsində yüksək texnologiyaların aktiv tətbiq edilməsi hazırda inkişaf etmiş ölkələrdə əsas diqqət yetirilən sahələrdir. Bu istiqamətdə dövlətin qarşısında duran əsas vəzifə iqtisadiyyatın modernləşdirilməsi, onun rəqabət qabiliyyətliliyinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanmasıdır.
Əsas problemlər və çağırışlar
Qeyd olunduğu kimi, qlobal iqtisadi böhran və COVİD-19 pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vurmuşdur. Bu, amil əsasən iqtisadiyyatı neft və təbii qazdan asılı olan dövlətlərdə kəskin şəkildə özünü büruzə vermişdir. Azərbaycan Dünya Bankının “yuxarı orta gəlirli” ölkələr qrupuna daxil olmuşdur və gələcəkdə yüksək gəlirli ölkəyə çevrilmək üçün güclü iqtisadi islahatların həyata keçirilməsi vacibdir. Bu islahatlar isə ilk növbədə innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsinə və əmək bazarının tələbinə uyğun yüksəkixtisaslı kadr hazırlığına yönəldilməlidir. Dünya təcrübəsindən yararlanaraq ölkədə innovasiya sisteminin formalaşdırılması, onun inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, eləcə də ölkə üçün vacib olan uzunmüddətli innovasiya proqramlarının hazırlanması prioritet olmalıdır.
İnnovativ iqtisadiyyatın formalaşdırılması ilk növbədə ölkədə rəqabətqabiliyyətliliyi artırmalı, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasına təkan verməli və daxili bazarı tam təmin edərək, xarici bazarlara çıxmalıdır. Qeyd etməliyik ki, ÜDM-ə əsas töhfə verən sahə sənaye sektorudur. Lakin bu sektora düşən məşğuliyyət payı isə azdır. Bunun əksi isə kənd təsərrüfatı sahəsində müşahidə olunmaqdadır. Son illər ərzində dövlət tərəfindən həyata keçirilən iqtisadi islahatların əsas məqsədi milli iqtisadiyyatın qeyri-neft sektoruna xüsusi diqqətin artırılması və davamlı iqtisadi inkişafın təmin edilməsidir. Ümumiyyətlə, son iqtisadi böhran ölkə üçün bir çox reallıqları aşkara çıxartdı. Bu kontekstdə, modernləşmə siyasətinin ən vacib elementlərindən olan innovativ iqtisadi inkişafın stimullaşdırılması üçün lazım olan bazanın formalaşdırılması olduqca vacibdir. Bildiyimiz kimi, innovativ iqtisadiyyatın aparıcı sütunlarından bir olan “bilik iqtisadiyyatı”nın ölkəmizdə daha da inkişaf etdirilməsi bu istiqamətdə atılacaq ən vacib addımlardan hesab olunmalıdır. Bu istiqamətdə yüksək keyfiyyətli insan kapitalının və kadr hazırlığının iqtisadiyyatın və əmək bazarının tələblərinə uyğunlaşdırılması olduqca vacibdir.
Azərbaycan bu istiqamətdə innovasiya üzrə dünyada aparıcı yer tutan İsveçrə təcrübəsindən yararlana bilər. Məsələn, İsveçrədə Təhsil, Araşdırma və İnnovasiyalar üzrə Dövlət Katibliyi innovasiyaya dəstək üçün ümumi (hüquqi) çərçivəsini müəyyən edir, Texnologiya və İnnovasiya Komissiyası isə İsveçrədə İnnovasiyanın Təşviqi Agentliyi rolunu oynayır. Bu qurumun əsas işi ölkədə elmi innovasiya fəaliyyətini həvəsləndirmək üçün maliyyə dəstəyi verməklə, məsləhət xidmətləri və şəbəkələr yaratmaqla, İsveçrə iqtisadiyyatının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Burada digər önəmli faktor ondan ibarətdir ki, dövlət tərəfindən tədqiqat və innovasiyaya yönəldilən maliyyə vəsaiti özəl sektorun bu sahəyə ayırdığı vəsaitdən olduqca azdır. Dövlət əsasən tərəfdaşlarına və dövlət universitetlərinin tədqiqat və innovasiya araşdırmalarına maliyyə dəstəyi verir. Bu ölkənin innovasiya siyasətinin əsası ondan ibarətdir ki, innovasiyanın yaradılması və inkişaf etdirilməsi ilk növbədə sənayenin həmçinin kiçik və orta müəssisələrin əsas vəzifəsidir. Biznes qurumları isə bu sahənin inkişafına maliyyə dəstəyi göstərirlər. Ümumiyyətlə, dövlət nadir hallarda innovasiya prosesinə müdaxilə edir. O, əsasən lazımi hüquqi bazanın yaradılması və infrastrukturun təmin edilməsinə xidmət göstərir.
Qeyd olunan təcrübə Azərbaycan üçün də çox maraqlı və cəlbedici ola bilər. Bu, bir daha sübut edir ki, müvafiq qanunvericiliyin və qurumun yaradılması, eləcə də işlərin effektli şəkildə həyata keçirilməsi ölkədə elm, dövlət və özəl sektorun əməkdaşlığını daha effektli edə bilər. Maliyyə dəstəyindən savayı, müvafiq qurum ölkədə bu istiqamətdə monitorinqlərin aparılması, sahibkarların biznes bacarıqlarının artırılması, kiçik şirkətlərə və start-up layihələrinə böyük şəbəkəyə qoşulmaq üçün kömək və bu sahələrdə fəaliyyət göstərə bilər. Bundan əlavə, beynəlxalq səviyyədə ölkəni təqdim etməklə, bu istiqamətdə ixrac potensialının artmasına təkan verər. Bu amil isə öz növbəsində texnologiyalar əsasında digər iqtisadi sahələrin inkişafına təkan verər və innovativ iqtisadiyyatın formalaşmasını daha da sürətləndirər. Doğrudur, ölkədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində isə İnnovasiyalar Mərkəzi təsis edimişdir. Lakin müstəqil və bütün sahələri əhatə edə biləcək Araşdırma və İnnovasiya Mərkəzinin formalaşdırılması daha məqsədəuyğundur. Bu cür qurum innovasiyanın hərtərəfli təşviqinə və inkişafına daha da sürətli töhfə verə bilər.
Bu istiqamətdə digər problem təhsillə bağlıdır. Azərbaycanın 2019-cu illər üçün “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi” sıralamasında 58-ci yerə layiq görülməsinə baxmayaraq, müvafiq olaraq araşdırma və inkişaf fəaliyyətinə (R&D) görə 111-ci, elmi çaplara görə 105-ci, araşdırma institutlarının keyfiyyətinə görə 78-ci və tədqiqat və araşdırma və inkişaf xərclərinə (ÜDM %) görə 94- cü yeri tutmuşdur. Bundan başqa ölkə təcrübəli işçi qüvvəsinin tapılması üzrə 29-cu, məzunların bacarıqları indeksi üzrə 45-ci və peşə təhsilinin keyfiyyətinə görə isə 43-cü yerdə qərarlaşmışdır. Təhsil sistemi modern iqtisadiyyatın tələblərini tam ödəyə bilmir və gənclər lazımi bilik və təcrübə olmadan əmək bazarında çətinliklərlə üzləşirlər. Bu proses innovativ inkişafa mənfi təsir göstərir. Bu səbəbdən də Azərbaycan üçün təhsilin keyfiyyətinin artırılması olduqca vacibdir. Modern iqtisadiyyatın tələblərinə cavab verən yüksəkixtisaslı kadrların əmək bazarında yerləşdirilməsi təmin edilməlidir. Xüsusilə təhsil sahəsinin yeni innovativ metodlar əsasında formalaşdırılması, əsasən də hazırkı tədris modelinin yenilənməsi, habelə elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların təlimlərə müntəzəm şəkildə cəlb edilməsi məqsədəuyğun hesab olunur. Müasir iqtisadiyyatda yüksəkixtisaslı kadrlar davamlı inkişaf üçün olduqca əhəmiyyətlidir. Bunun üçün də təhsil sahəsinə cəlb edilmiş investisiyalar ölkə iqtisadiyyatının diversifikasiyasına təkan verərək, qeyrineft sektorunun inkişafını stimullaşdıracaqdır. Ümumiyyətlə, gələcək innovativ iqtisadiyyatın xüsusiyyətləri bilik və bacarığa malik olan, müxtəlif araşdırmalar, təhlillər apararaq individual qərarlar qəbul etməklə yarana biləcək problemlərin öhdəsindən gələ bilən yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir.
Qeyd etmək lazımdır ki, ölkədə yeni yaradılan və fəaliyyət göstərən texnoparklar, universitetlər və elmi araşdırma mərkəzləri arasında koordinasiya yoxdur. Adətən, inkişaf etmiş ölkələrdə bu qurumlar bir-biri ilə sıx əməkdaşlıq edir və müasir iqtisadiyyatın tələblərinə vaxtında reaksiya verirlər. Qeyd olunan qurumlar arasında rəqabətlilik isə bazarda effektivliyi daha da artırır. Bütün deyilənləri nəzərə alaraq, qeyd edə bilərik ki, innovasiya sahəsində normativ-hüquqi bazanın yaradılması, kiçik, orta və iri biznes subyektlərinin fəaliyyətinin dəstəklənməsi və dövlət tərəfindən stimullaşdırılması, həmçinin bu sahəyə özəl və dövlət qurumları tərəfindən maliyyə dəstəyinin göstərilməsi olduqca vacib amillərdəndir.
Digər əsas məsələ aqrar sektorda innovasiya sisteminin yaradılmasıdır, çünki son zamanlarda ölkədə aqrar sektorun inkişafına xüsusi diqqət ayrılır. Aqrar sektorun inkişafı və ərzaq məhsulları istehsalının artırılması ölkənin strateji planlarına daxildir. Son illərdə aparılmış iqtisadi islahatlar da göstərir ki, bu sahənin inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biridir. Aqrar sektorun ölkənin əmək bazarındakı payı olduqca yüksəkdir. Lakin bu sektorun ölkənin ÜDM-ində payı aşağıdır. Qeyd olunmalıdır ki, aqrar sahədə innovativ sistemin tətbiq edilməsi digər sahələrdən fərqlənir. Bu isə öz növbəsində qeyd olunan sahəyə xüsusi yanaşmanı tələb edir. Bunun əsas səbəbləri kimi ölkənin ərzaq təhlükəsizliyinin bu sahədən birbaşa asılı olması, bu sektorda çalışanların əmək bazarında payının yüksək olması və s. amillər qeyd oluna bilər. Azərbaycanın aqrar sektorunun innovativ yolla inkişaf etdirilməsi bütövlükdə qeyri-neft sektorunun inkişaf etdirilməsində xüsusi rol oynaya bilər. Bu amil ÜDM-ə də müsbət təsir göstərəcəkdir.
Bu sahədə mövcud problemlər sırasına infrastrukturun və istehsal texnologiyalarının hələ də aşağı səviyyədə olması, yerli istehsalın beynəlxalq bazarlara çıxışının məhdudluğu, istehsalçılar və istehsal prosesi ilə məşğul olanlar arasında koordinasiyanın zəifliyi, kənd təsərrüfatı bazarında zəif koordinasiya, bu sahədə yüksəkixtisaslı və müasir təlim keçmiş kadrların azlığı, kiçik, orta və böyük şirkətlər arasında əməkdaşlığın olmaması kimi amilləri qeyd edə bilərik.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, aqrar sektorda innovativ sistemin tətbiq edilməsi xüsusi proqramlar vasitəsi ilə operatorlar tərəfindən həyata keçirilir. Bu təcrübə uğurla sınaqdan keçmişdir. Məsələn, bura “Agriculture and Agri-Food Canada” proqramını aid etmək olar. Bu proqram vasitəsilə fermerlərə və bizneslə məşğul olanlara ən yaxşı qida və kənd təsərrüfatı məhsullarının istehsal edilməsinə köməklik göstərilir. Müxtəlif proqramlar və xidmətlər vasitəsilə innovasiya, kənd təsərrüfatının və biznesin davamlı inkişafı, risklərin idarə edilməsi, ticarət və bazarın inkişafına dəstək verilir. Göründüyü kimi, bu qurum olduqca əhəmiyyətli rol oynayır və onun təcrübəsi bizim ölkənin də aqrar sektorunda mövcud olan bir çox problemlərin həllində effektli ola bilər.
Ümumiyyətlə, yüksək səviyyədə ixtisaslaşmış qurumlar aqrar sektorda innovasiyanın inkişafına birbaşa təsir göstərir. Onlar tədqiqat proseslərinin idarə edilməsi və nəticələrinin yayılması, aqrar sahə ilə bağlı araşdırmalar aparan elmi strukturların koordinasiyasını həyata keçirirlər. İsrailin Aqrar Araşdırmalar Təşkilatını və Almaniyanın Federal Aqrar Araşdırmalar Mərkəzini buna uğurlu bir misal kimi göstərə bilərik. Təbii ki, bütün operatorların işləri ölkənin aqrar kompleksinin xüsusiyyətlərinə uyğun həyata keçirilir. Onların ortaq cəhəti isə dövlətə aid olması və milli miqyasda aqrar kompleksin inkişafına dəstək üçün innovativ metodların istifadəsi, elmi tədqiqatların və təcrübələrin aparılmasıdır.
Qeyd etməliyik ki, dövlət tərəfindən operatorlara yönəlmiş maliyyə dəstəyi olduqca vacibdir. Elmi tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların hazırlanması aqrar sahədə öz bəhrəsini verir və bu da öz növbəsində ÜDM-də özünü göstərir. Kompleks yanaşma göstərir ki, dövlət əsasən fundamental inkişafa, rəqabətliliyin artırılmasına və dövlət üçün əhəmiyyətli olan tədqiqatların aparılmasına dəstək verir, özəl sektor da iqtisadiyyatın bir çox sektorlarında olduğu kimi aqrar sektorda da vacib rol oynayır. Müxtəlif təşkilatlar və şirkətlər maliyyə dəstəyi göstərməklə aqrar sahənin inkişafına töhfə verirlər.
Son zamanlar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bir sıra müsbət işlər görmüşdür. İnnovativ inkişafı dəstəkləmək üçün qurumun tabeliyində publik Aqrar Tədqiqatlar Mərkəzi, həmçinin də kənd təsərrüfatı məhsullarının satılmasına və satışda yaranan problemlərin aradan qaldırılması məqsədi ilə Dövlət Aqrar Ticarət Şirkəti yaradılmışdır.
Nəticə və tövsiyələr
COVİD-19 pandemiyasının yaratdığı böhran bir daha sübut etdi ki, innovasiya yönümlü milli iqtisadiyyatın yaradılması və inkişaf ölkə üçün əsas amillərindən olmalıdır. Bu istiqamətdə ölkədə fəaliyyət göstərən innovativ qurumların sayının artırılması və onlara dəstəyin göstərilməsi, innovativ məhsulların təşviqi, vergi güzəştlərinin tətbiq olunması və bu cür məhsullara üstünlük verilməsi olduqca vacibdir. Hazırda ölkə innovasiyanın inkişafının başlanğıc illərini yaşayır. Bu gün ölkənin əsas prioriteti iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməkdir. Qeyd olunmalıdır ki, innovativ fəaliyyətlə məşğul olan təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi prioritet olmalıdır. Bu səbəbdən də davamlı iqtisadi inkişafa nail olmaq üçün elmi bazaya əsaslanan innovativ məhsulların təbliğini və istehsalını geniş yaymaq və bu cür məhsulların bazara sərbəst daxil olmasını stimullaşdırmaq lazımdır. Qeyd olunduğu kimi, bütün bunların həyata keçirilməsi üçün ölkədə düzgün hüquqi bazanın yaradılmasına və təkmilləşdirilməsinə ehtiyac duyulur.
Ölkədə fəaliyyət göstərən innovasiya yönümlü strukturlara (texnoparklar, sənaye parkları, aqroparklar və s.) dövlət və özəl təşkilatlar tərəfindən maliyyə dəstəyinin verilməsi və güzəştlərin tətbiq olunması olduqca əhəmiyyətlidir. Bu mənada, dövlət və özəl təşkilatların arasında əməkdaşlıq bu sahənin inkişafını daha da sürətləndirəcək. Ölkədə innovasiya yönümlü iqtisadiyyatın inkişafına təkan vermək üçün Azərbaycan artıq bir neçə addım atmışdır. Son illər ərzində Azərbaycan İKT sahəsində bir sıra uğurlar əldə etmişdir. Misal olaraq, ilk telekommunikasiya peykinin orbitə çıxarılması göstərilə bilər. Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasını innovasiya sahəsində digər uğurlu layihə hesab etmək olar. Bundan başqa da 2021-ci ildə ölkədə ”Startap” şəhadətnaməsi alan KOB-lar 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunması çox əhəmiyyətlidir.
Bütün əldə edilmiş nailiyyətlərə baxmayaraq, ölkənin qarşısında bir sıra aktual problemlər və çağırışlar durur. Bu çağırışlar sırasına təhsilin müasir inkişaf sistemindən geri qalmasını və yüksəkixtisaslı kadrlar çatışmamazlığını qeyd etmək mümkündür. Bu kadrlara əsasən İKT, aqrar sahə, nanotexnologiyalar sahəsində böyük ehtiyac duyulur. Bu səbəbdən də yüksəkixtisaslı elit kadrların formalaşdırmaq və iqtisadiyyatda innovasiya prosesini sürətləndirmək üçün ali təhsil sisteminin təkmilləşdirilməsi və innovativ metodlara əsaslanan tədrisin ali məktəblərdə aparılması zəruridir. Mövcud kadr potensialının beynəlxalq əməkdaşlıq çərçivəsində təlimlərə cəlb olunması ölkənin innovasiya sisteminə böyük töhfə verə biləcək amillərdəndir. Bu kontekstdə qeyd edə bilərik ki, dövlət tərəfindən innovativ sahədə təhsil almaq istəyən tələbələrə daha çox dəstək verilməlidir.
Аqrar sahənin inkişafı, kənd təsərrüfatı mallarının ölkənin ərzaq tələbatını tam təmin etməsi və xarici bazarlara ixracı prioritet istiqamətlərdən biridir. Bunun üçün də aqrar sahədə texnoloji nailiyyətlərin əldə olunması və yüksəkixtisaslı kadrların hazırlanması vacibdir. Aqrar sektorda innovasiya sisteminin yaradılması bölməsində qeyd olunduğu kimi, ölkənin aqrar sahədə çox böyük potensialı mövcuddur. Bir çox ölkələrin də təcrübələri göstərir ki, bu sahənin innovasiyaların tətbiqi ilə inkişaf etdirilməsi ölkə iqtisadiyyatına böyük gəlirlər gətirir. Azərbaycan da öz növbəsində bu ölkələrin uğurlu təcrübəsindən faydalana bilər.
Ümumilikdə, milli iqtisadiyyatın innovativ sistem əsasında inkişafı üçün aşağıda göstərilən amillərin nəzərə alınması olduqca vacibdir:
• Ölkənin innovasiya sistemi üçün effektiv qanunvericiliyin yaradılması;
• İnnovasiya fəaliyyəti ilə məşğul olan qurumların koordinasiyasını həyata keçirən təşkilatın yaradılması;
• Bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığının formalaşdırılması və təkmilləşdirilməsi;
• Dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi və vergi güzəştlərinin tətbiq olunması;
• İnnovasiya və tədqiqat ilə məşğul olan strukturlara özəl sektor tərəfindən dəstəyin göstərilməsi;
• Aqrar sektorda innovativ metodların və elmi tədqiqatların dəstəklənməsi. Həmçinin istehsal effektivliyinin artırılması və istehlakçı-təchizatçı arasında əlaqənin gücləndirilməsi;
• Ölkənin ali təhsil sisteminin müasir təhsil sisteminə uyğun təkmilləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar