Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Bahar xanımın hövsələsi yox idi. Nə qədər çalışsa da, səy göstərsə də, əri Cahangir müəllimi hamama göndərə bilmirdi. Hətta dünən axşam mübahisələri o həddə çatmışdı ki, az qala bir –birini qıracaqdırlar.
Bazar günü yenicə qohum olduqları Kazım kişigil onlara qonaq gəlməliydi. Bahar xanım fikirləşəndə ki, əri iy verə-verə qonaqlarla eyni stol arxasında oturacaq, az qalırdı başına hava gəlsin. Səhər Cahangir müəllim işə gedəndə Bahar xanım Həzrət Abbasa and içib xəbərdarlıq etmişdi ki, əgər axşam işdən gələn kimi hamama getməsə, onu evə buraxmayacaq. Cahangir müəllim qayıdıb dəyəndə ki, əgər məni bəyənmirsənsə, yığışıb dədən evinə gedə bilərsən, Bahar xanımı od götürmüşdü. Sifəti pörtmüş halda ərinə demişdi ki, and olsun Allaha, səni mahalda rüsvay edərəm, çar çəkib bütün qohum-əqrabanı, qonşuları tökərəm bura. Əgər bu gün mən səni hamama göndərə bilməsəm, deməli, heç Qulam kişinin qızı deyiləm. Cahangir müəllim də dava-dalaşa son qoymaq üçün “dəyişəyimi yığıb hazır qoyarsan” deyib evdən çıxmışdı.
Cahangir müəllimin işdən gəlməsinə az qalırdı. Bahar xanım ərinin alt paltarını, dəsmal, sabun və kisəni kişinin həmişə özü ilə hamama götürdüyü çantaya qoyub gözləyirdi. Qısa zaman fasiləsindən sonra qapının zəng çalındı. Bahar xanım qapını açıb əlində hamam çantası ərini qarşılardı:
- Evə girdi yoxdu! Kişi kimi söz vermisən!
- Yorğunam. Qoy, bir stəkan çay içim, gedərəm. - əri çəkinə-çəkinə dedi.
- Yox! İçməyəcəksən! O boyda idarənin rəhbərisən ey... Zibilxana itləri kimi üfunət iyi verirsən... Tarakanlar qoynunda yuva salıb, xəbərin var? Görüm, daş düşəydi sənə gəldiyim günə! Ömrümü cürütdün, günümü qara elədin. Mən bilmirəm, bu “vid”də, licimdə sən o işçilərin üzünə necə baxırsan?
- Yaxşı, yaxşı, az danış! Baş-beynim getdi. Ver bura, görüm - çantanı aldı, – bilirsən ki, son vaxtlar işin çoxluğundan başım açılmır. Sən yemək işinə bax, mən bir saata qayıdıram.
- A kişi, tələsmə. Bir aydı hamama getmirsən. Qoy, yaxşı-yaxşı sürtsünlər. Çantaya kisə qoymuşam. Dəlləyə də getmədin, hər yerini tük basıb.
Sürücü Cahangir müəllimi düşürüb getmişdi. Bayırdakı "Mersedes" markalı şəxsi avtomobilinə oturub çantasını yanındakı oturcağa qoydu. Yol aldı həmişə təşrif buyurduğu Köhnə hamama.
Əli əsalı yaşlı kişinin köməkliyi ilə maşını saxlamağa yer tapa bildi. Girişdəki oğlan Cahangir müəllimi mehribanlıqla qarşılayıb soyunacağı şkafın açarını ona uzatdı. Sabah şənbə günü olduğundan içəri müştərilərlə dolu idi. Cahangir müəllim yorğun olsa da, hamama gəlməyinə peşman deyildi. “Çoxdandır çimmirdim, yaxşı oldu” deyə, düşündü. Duş almazdan qabaq həmişə onu kisələyən Tolikə yaxınlaşdı:
-Salam, qoçaq. Gəlmişəm. Vəziyyət neçədir ?
- Sağ ol, müəllim. Bu gün bir az sıxlıqdır. Bunnan sonra iki nəfərim də var. Sən bir çay iç, inşallah, yola salaram.
- Yox, Tolik, gözləyə bilmərəm. İşim çoxdur. Tələsirəm. Görüm, uşaqlardan kim bekardı?
Həftənin əvvəli babat iş olmadığından kisəçilər həftəsonu bunun əvəzini çıxmaq niyyətində idilər. Cahangir müəllimin cavabı Tolikin ürəyincə olmasa da, biruzə vermədi:
- Nə deyim, müəllim? Neçə məsləhətdi.
Cahangir müəllim əvvəlcə qonşu kabinədə oturub ayaqlarını yelləyən yeniyetmə oğlana yaxınlaşdı:
- Oğlum, boşsanmı?
- Xeyr, müəllim. “Kilent”im var, indi gəlir.
Digər kisəçilər məşğul olsa da, Cahangir müəllim axırıncı kabinədəki xoşsifət oğlana yaxınlaşıb dedi:
- Bundan sonra adamın varmı?
- Ağsaqqal, səni niyə aldadım, yoxdur. Ancaq, incimə, mən səni kisiləyə bilmərəm.
- Niyə, ay oğul? - Cahangir müəllim təəccüblə soruşdu.
- Ona görə ki, sən mənlik deyilsən, Tolikliksən. Burda heç kim başqasının “kilent”inə girmir. Əgər girsə, olar gədə. Qayda belədir.
Cahangir müəllim boş dayanan oğlanın onu niyə kisələmədiyini indi anladı.
Sonra üçüncü kisəçiyə yaxınlaşdı. Ondan da müsbət cavab ala bilmədi:
- Müəllim, siz Tolikə məxsussunuz. Niyə darıxırsız ki? Zala keçib bir cay için, televizora baxın, ona kimi növbəniz çatar. Gecə keçmir ki?
Cahangir müəllimi fikir apardı: “Bu neçə olur, ə?! Əlimin altında yüzlərlə adam işləyir, heç biri mənə məxus olmur, mən bu əli kisəli gədəyə məxsus oluram? ” İstədi, Tolikdən xahiş etsin ki, onu iş yoldaşlarına tapşırsın, ancaq sonra bu fikrindən vaz keçdi: “Əgər qanacağı çatsaydı özü deyərdi”.
Cahangir müəllim bilirdi ki, kirini tökmədən evə qayıtsa, arvadı ilə “müharibə” yenidən başlayacaq. Əlavə bir-iki saat gözləməyə isə hövsələsi çatmırdı. Elə bu barədə fikirləşirdi ki, birdən ağılına nə gəldisə, tez dönüb gözləmə zalına çıxdı. Ətrafa nəzər salıb əsəbi halda soruşdu:
- Ə, buranın bir yiyəsi-sahibi var, ya yox? İdman forması geymiş cavan bir oğlan ona yaxınlaşıb dedi:
- Ağsaqqal, nə lazımdı? Biz sizin qulluğunuzda hazır.
- Ay oğul, Tolikin işi çoxdur, bu uşaqlar da mənə yiyəlik etmək istəmir. Deyirsiz, ta birdə bu hamama gəlməyək?!
- Qələt eləyillər, ağsaqqal! – oğlan bərk əsəbləşdi, – it uşağı yenə başladı hoqqa çıxarmağa? – sonra əlavə etdi:
-Zəhmət olmasa, arxamca gəlin.
İçəri girən kimi kisəçilərə qışqırdı:
- Ə, siz qudurmusuz? İşdən sonra heç kim evə getməsin. İçlasdır. - üzünü yanındakı gənc oğlana tutub - Sən başla, gözləmə. - dedi, - Sabahdan sizə elə bir toy tutum ki, ağlınız başınıza gəlsin. – Hirsli halda dönüb getdi.
Kisəçi “müəllim, sən uzan, mən bu dəqiqə gəlirəm” deyib tez Tolikin yanına qaçdı:
-Qağa, mən onu yola verməsəm, müdir ikimizi də işdən qovacaq. Bilirsən ki, indi iş tapmaq çox çətindir. İcazə ver, müəllimi işləyim, qazancı sənin olsun.
-Yaxşı, işlə – deyə, Tolik kefsiz halda dilləndi.
Cahangir müəllim özündən razı halda hamamdan çıxdı. Çantasını arxa oturacağın üstünə atıb sükan arxasına keçdi. Əli əsalı kişiyə bir manat verib mühərriki işə saldı. Bərk acsa da, kefi çox kök idi. Bilirdi ki, həyat yoldaşı Bahar xanım onu böyük sevinc və coşqu ilə qarşılayacaq.
Aləm Kəngərli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar