Xəbər lenti

 
Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Nikbin Quliyev tədbirdə ətraflı çıxış edib


Əbülfəz Elçibəyin 80 illik yubleyi ilə əlaqədar bu gün "Əbülfəz Elçibəy-80" İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə bir çox gənclər təşkilatlarının sədirləri, ictimai-siyasi xadimlər, media nümayəndələri, Ə.Elçibəyin silahdaşları və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Çingiz Özgür Təşkilat Komitəsinin Ə.Elçibəyin 80 illiyi ilə əlaqədar fəaliyyəti və gördüyü işlərdən danışıb. O bildirib ki, bununla bağlı bir sıra tədbirlər keçirilib və Ə.Elçibəylə bağlı 1000 səhifəlik kitab hazırlanıb. Yaxın günlərdə həmin kitabın təqdimatı olacaq.
Ç.Özgür Ə.Elçibəyin gənclərlə iş metodundan danışıb və qeyd edib ki, prezidentliyi dönəmində onun komandasının böyük hissəsini gənclər təşkil edirdi.
Sonra gənclik illərində Ə.Elçibəylə birgə çalışanlardan bir neçə nəfər çıxış etdi.
Ə.Elçibəyin gənclərlə iş üzrə müavini olmuş Bəhram İsmayıl, 1992-1993-cü illərdə Prezident Aparatı Dövlət-hüquq şöbəsinin müdiri olmuş, Milli Məclisin deputatı Fazil Mustafa, 1993-cü ildə baş nazir olmuş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Oqtay Gülalıyev və digərləri Ə.Elçibəyin ideya və düşüncələrini, prinsiplərini, şəxsi keyfiyyətlərini xarakterizə edən çıxışlar ediblər və gənclərə yetirdiyi xüsusi diqqətdən danışıblar.
Sonra ictimai-siyasi fəallığı ilə seçilən gənclər və gənclər təşkilatlarının rəhbərləri çıxışlar edərək tədbirin mövzusuna uyğun Ə.Elçibəy haqqında düşüncə və baxışlarını bölüşüblər.
Tədbirdə Ə.Elçibəyin yaxın silahdaşı olmuş Fərəc Quliyevin sədrlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasından çoxsaylı gənc iştirak edirdi.
MDHP Gənclər Təşkilatının sədri Nikbin Quliyev tədbirdə daha ətraflı çıxış edərək, partiyanın Ə.Elçibəyin ideya və prinsiplərinə uyğun yürütdüyü xətdən, Elçibəy irsinin tədqiqi və təbliği məqsədiylə 2003-cü ildə partiya trəfindən təsis edilmiş Elçibəy Məktəbinin fəaliyyəti və bu istiqamətdə görülən digər işlərdən danışıb, Elçibəy yolunun yolçuları olan gənclər kimi yolbayları Ə.Elçibəyin prinsiplərinə baxışlarını açıqlayıb.
N.Quliyev sonda Əbülfəz Elçibəy irsinin araşdırılması ilə bağlı fəaliyyət göstərən mərkəzlərin bir-biri ilə sıx əlaqlərinin qurulması və mübadilə xarakterli fəaliyyət göstərməsi ilə bağlı təklif irəli sürüb.
N.Quliyevin həmin çıxışının tam mətnini təqdim edirik:
“Dəyərli xanımlar, bəylər, Elçibəysevər dava adamları. Ilk öncə Sizi Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı üzvləri adından salamlayır, eyni zamanda partiyanın sədri, millət vəkili Fərəc bəyin də salamlarını çatdırıram. Dəyərli tədbir iştirakçıları, hər birinizə Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təşkil olunan bu tədbirdə iştirak etdiyiniz üçün dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu günün gənclərinin gözündə Əbülfəz Elçibəy millətçi-dövlətçi baxışları və sahib olduğu mənəvi dəyərləri ilə daha çox xarakterizə olunur. Vətənin bütövlüyü, Dövlətin qüdrətlənməsi, millətin inkişafı və rifahı yolunda Ə.Elçibəyin sahib olduğu böyük amallar, ideyallar və prinsiplər MDHP gəncləri olaraq bizim üçün tədqiqat mövzusu, ideoloji yol, əsas hədəflərdir.

Ə.Elçibəyin azadlıq mücadiləsi və Sovet imperiyasına qarşı mübarizəsini çoxları Azərbaycan Milli Azadlıq Hərəkatı çərçivəsində bilir. Amma dönəmin tədqiqatları və hərəkat liderlərinin açıqlamalarından görürürk ki, bu fəaliyyət bizim bidiyimizdən və düşündüyümüzdən çox-çox geniş olmuşdur. Sovet respublikalarını bürümüş azadlıq hərəkatları ideoloji baxımdan Azərbaycandan qaynaqlandığı üçün, Ə.Elçibəy həm də bütövlükdə bu prosesin ideoloji lideri idi. Hətta digər respublikalar və muxtariyyatlarda elə liderlər olub ki, birbaşa Ə.Elçibəydən taktiki məsləhətlər də alırdılar.

Hələ SSRİ-nin stabil, dırnaqarası firavan vaxtlarında Ə.Elçibəy bu dövlətin mövcudluğunu bütün hallarda işğal faktı olaraq xalqlar üçün aşağılayıcı boyunduruq kimi əsaslandıra bilirdi. Onun bu yanaşmaları Sovet xalqları arasında sürətlə yayılır, geniş vüsət alırdı.

Ə.Elçibəyin millətçi baxışları yalnız xalqın azadlığı-dövlətləşməsi-bütövləşməsi-inkişafı-qüdrətlənməsi prinsip ardıcıllığına bağlanmışdı. Milli güç ortaya qoyulmadan bu prinsəplərdən hər hansı birinə nail olmağın mümkünsüzlüyünü təqdim edirdi.

Ə. Elçibəyin türkçülük ideyaları qətiyyən irqçilik üzərində qurulmamışdı. Elə bu səbəbdən də müstəqillik mübarizəsində Elçibəyə məğlub olmuş imperiyaların separat qruplardan istifadə edərək türk millətçiliyini məğlub etmək cəhdləri iflasa uğradı.

Eyni zamanda deyə bilərəm ki, Türkçülük ideyaları heç yerdə bizdə olduğu qədər qısa zamanda geniş vüsət almayıb. Bu məhz Ə.Elçibəyin xidməti idi. Həm bu xidmətləri, həm də Bütöv Azərbaycançı-Türkçü-Tuançı ideloji baxışlarına görə bütün Türk dünyasında Ə.Elçibəy birmənalı olaraq əvəzsiz lider kimi qəbul olunurdu.

Əbülfəz bəyin türkçülüyü ideologiya deyildi, yaşam tərzi idi. O, Türk olmağın şərəfini tam mahiyyəti ilə yaşayırdı.

Ə.Elçibəyin Türk millətçiliyi həm də dövlətçiliyə dayanırdı. Ə.Elçibəy tarixi Türk dövlətçilik ənənələrini mənimsəmiş, bu günün şətlərinə uyğunlaşdıra bilmiş böyük bir dövlət xadimi idi.

Hər kəsə məlumdur ki, Ə.Elçibəy həm də Türk dövlətlərinin və Türk millətinin qüdrətlənməsi və inkişafını birmənalı olaraq Türk Birliyində görürdü.

Türk Birliyi kondeksində Türk xalqlarının təhlükəsizliyi və inkişafını gördüyü kimi, Bütöv Azərbaycançılıq ideologiyasını və Azərbaycanın bütövləşməsini də azərbaycan xalqının bəlalarının sonu kimi dəyərləndirirdi. O parçalanmış, bölünmüş xalqların firavan yaşamasının mümkünsüzlüyünü həm fəlsəfi olaraq, həm də tarixi təcrübəyə uyğun əsaslandırırdı. Azərbaycanın bütövlüyünə nail olmaq onun ən böyük amalı idi...

Bildiyiniz kimi, Elçibəy həm ideoloji prinsiplərində, həm praktiki fəaliyyətində, həm də ruhən demokratik prinsiplərə bağlı idi. Onun malik olduğu demokratik prinsiplər demokratik sivil dövlətlərin liderlərində ona qarşı maraq yaratmışdı. Ə.Elçibəyin fəaliyyəti demək olar ki, yaxından izlənilirdi. Dönəmin demokratik dünyasının liderlərindən hesab olunan Marqaret Tetçer onu soyuq müharibədə qələbə qazanmış demokratiyanın ilk lideri adlandırmışdı.

Ə.Elçibəyin milli-demoqratik düşüncəsi, ideoloji baxışları ilə yanaşı sahib olduğu dəyərləri də xarakterizə etdikdə ağıla gələn ilk ifadə MÜKƏMMƏL İNSAN ifadəsidir.

O, unudulmaz bir tarixi şəxsiyyətə çevrildi.

Bu günün gəncliyinin bu tarixi şəxsiyyəti öyrənməyə ehtiyaçı var.

Tarixi şəxsiyyətləri, liderləri və yolbayları yaşatmaq üçün onların prinsip və məktəblərini yaşadar, hədəfləri uğruna mübarizə apararlar. Biz Milli Dirçəliş Hərəkatı Gənclər Təşkilatı Ə.Elçibəylə bağlı bu yükü üzərinə götürmüş təşkilatlardanıq və eyni amalı daşıdığımız Elçibəy irsinin davamçıları ilə birgə qoyulan hədəflərə doğru irəliləməyə davam edirik.

Elçibəy irsinin araşdırılması və təbliği ilə bağlı Milli Dirçəliş Hərəkatı 2003-ci ildə Elçibəy Məktəbi təsis etmişdir ki, bu günə qədər fəaliyyətini davam etdirən həmin məktəb işini daha çox gənclərlə qurub. 

Milli Dirçəliş hərəkatı Partiyası eyni zamanda Departamentlik institutuna söykənən fəaliyyət göstərir. Türk dünyası Departamenti, Güney Azərbaycan Departamenti, Qərbi Azərbaycan Departamenti, Borçalı Departamenti, Dərbənd Departamenti və s. departamentlər mövcuddur ki, adlarından da göründüyü kimi Yolbayımız Elçibəyin bütün arzu və prinsiplərini fəaliyyətimizdə prioritet götürmüşük.

Milli Dirçəliş hərəkatı Partiyasının məram və məqsədlərinin əsas prioritetləri Elçibəy məfkurə məktəbindən qaynaqlanır.

Qürur hissi keçiririk ki,Partiyamızın Qurucu Lideri Fərəc Quliyev Yolbayımız Ə.Elçibəylə birlikdə AXC hərəkatını təsis edən 64 təsisçidən biri, Elçibəyin etimad və təyinatı ilə 1-ci müavini, AXC icrayə komitəsinin sədri olmuşdur.

Fərəc Quliyev kimi liderlərin başçılığı ilə Yolbayımız Ə.Elçibəyin arzuladığı hədəflərə çatacağımza tam əminliyimi bildirirəm.

Bir təklif də irəli sürmək istəyirəm ki, Əbülfəz Elçibəy irsinin araşdırılması ilə bağlı fəaliyyət göstərən mərkəzlərin bir-biri ilə sıx əlaqlərinin qurulması və mübadilə xarakterli fəaliyyəti elə bilirəm ki, hər kəsin ürəyincə olar.

Təklifimin reallaşması üçün hər birinizin səy göstərməsini xahiş edirəm.

Diqqətiniz üçün təşəkkür edirəm.”

-- 

Milli Dirçəliş Hərəkatı partiyası(MDHP)



Ana səhifəyə qayıt        Baxış: 1 172          Tarix: 14-06-2018, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma