Xəbər lenti

 

Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, xanəndə Bülbülcana (Əbdülbaqi Zülalov) həsr olunmuş “Bülbülcan” kitabının təqdimatı keçirilib. Gülhüseyn Kazımlı və Vasif Quliyevin müəllif olduqları kitabda sənətkarın ömür yolu və zəngin yaradıcılığı geniş təhlil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın müəlliflərindən olan tədqiqatçı Gülhüseyn Kazımlı çıxış edərək Qarabağın, musiqimizin beşiyi sayılan Şuşanın yetirməsi olan Bülbülcanın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb. Bülbülcanı fenomenal sənətkar kimi xarakterizə edən natiq onun yaradıcılıq yolu haqqında məlumat verib. Bildirib ki, kitabda muğam tariximizin ən parlaq səhifələrindən birini təşkil edən sənətkarın həyat və fəaliyyətinə nəzər yetirilir. Deyib ki, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ərsəyə gələn nəşr “Təhsil” nəşriyyat-poliqrafiya mətbəəsində çapa edilib.

Bülbülcanın ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində aldığını söyləyən tədqiqatçı deyib ki, təhsilini başa vurduqdan sonra o, tarzən Sadıqcanla bərabər Qarabağ, Şəki, Şirvan və Gəncə şəhərlərində zəngin ailə məclislərinə, el şənliklərinə dəvət olunub. 1875-ci ildə Əbdülbaqi Tbilisi şəhərinə köçüb. O zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan Tbilisi xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə yanaşı, məşhur rus, italyan musiqiçiləri də çıxış edirdilər. Əbdülbaqi Tbilisidə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxuyub və bu çıxışdan sonra məşhurlaşıb. O, gürcü dilini də mükəmməl öyrənib, öz ifası ilə gürcü dinləyicilərinin rəğbətini qazanıb. Tbilisidə onu “Bülbülcan” deyə çağırıblar.

Nəşrin əhəmiyyətini qeyd edən mədəniyyət naziri Əbülfəs Qarayev dövlətimizin həyata keçirdiyi humanitar, mədəniyyət siyasətindən danışıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan bəhs edən nazir son illər muğam sənətimizin inkişafı naminə reallaşdırılan layihələrdən söz açıb.

Natiq ölkəmizin 11 mədəni irs nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

Nazir deyib: “Bülbülcan Tbilisidə yaşayaraq Azərbaycan musiqisini, muğamını tanıdan, təbliğ edən tarixi şəxsiyyətdir. O, musiqimizi Gürcüstanda təmsil edib, yüksəklərə qaldırıb".

Bülbülcan yaradıcılığının hər zaman diqqətdə olduğunu deyən Ə.Qarayev bildirib ki, onun büstü Beynəlxalq Muğam Mərkəzində ucaldılıb. 2016-cı il noyabrın 11-də sənətkarın 175 illiyi bu məkanda təntənəli şəkildə qeyd edilib.

Sonra Xalq artisti Arif Babayev və Bülbülcanın nəticəsi Zemfira Zülalova çıxış edərək sənətkarın yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Diqqətə çatdırılıb ki, 1900-cü ilin mayında İran hökmdarı Müzəffərəddin şah Tbilisiyə gəlib. Onun gəlişi münasibətilə böyük məclis qurulub. Məclisə dəvət olunan Əbdülbaqi böyük şövqlə oxuyub. İfaya heyran qalan Müzəffərəddin şah onu “Şiri-Xurşid” ordeni ilə təltif edib.

Bildirilib ki, geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında nüfuz qazanıb. Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişməsində xanəndənin zəhməti əvəzsizdir.

1920-ci ildə Bakıya köçən sənətkar burada yeni açılmış ali musiqi məktəbində dərs deyib. 1929-cu ildə vəfat edən sənətkarın ailəsi bu günə qədər onun musiqi ənənələrini davam etdirir.

Tədbir konsert proqramı ilə davam edib.




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 5-10-2018, 01:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma