Xəbər lenti

 


“Müstəqillik uğrunda mübarizəni geniş xalq kütlələri qidalandırırdı…”


18 Oktyabr -Müstəqillik günü ərəfəsində ölkəmizin suverenlik və müstəqillik əldə etməsində xidmətləri olmuş birinci Azərbaycan prezidenti Ayaz Mütəllibovla görüşərək geniş müsahibə götürdük. Müsahibədə eks-prezident SSRİ-nin çöküşü ərəfəsində baş verən proseslər, ölkənin müstəqil dövlətinin formalaşdığı ilk aylarda atılan siyasi, iqtisadi addımlar və s. haqda maraqlı fikirlər və faktlar səsləndirdi.. 

-Ayaz müəllim, 27 il əvvəl -18 oktyabr 1991-ci ildə sizin bilavasitə yeni formalaşan dövlətin başında durduğunuz bir vaxtda Azərbaycan hüquqi müstəqilliyini əldə etdi. Öncə sizinlə bərabər ölkəmizə bu nemətin qazandırılmasında zəhməti olan hər kəsi təbrik edirik…
Dünyanın altıda birini təşkil edən nəhəng bir dövlətin dağıntıları arasından respublikaya müstəqillik qazandırmaq hansı ağrılar hesabına başa gəldi?..

-Müstəqillik haqqında dildə danışmaq asandır… Bu gün biri deyir ki, biz əldə etmişik müstəqilliyi, o biri deyir ki, yox biz etmişik, o birilər yalan danışır. Əslində, bu müstəqilliyin əsası qlobal proseslərin və nəhəng bir dövlətin uçuruma getməsi və xalq kütlələrinin bunun əziyyətlərinə qatlanması sayəsində qoyuldu... 
Mən o dövrkü hadisə və prosesləri izləyir, dəyərləndirir və buna uyğun qərarlar verirdim. Tədbirlərin çoxunu da Moskva vasitəsi ilə görürdük. Çünki bunu gizlətməyin adı yoxdur, hər şey Moskva ilə bağlı idi. Moskva nə buyursa, o da olacaqdı. Düzü, mən inanmazdım ki, minillik bir dövlət belə asanlıqla çökəcək. Maraqlıdır ki, tarixin ən ağır çətinliklərindən, Böyük Vətən müharibəsindən keçən rus xalqı Qorbaçovun əlində aciz qaldı, onun saxta yenidənqurma siyasəti ilə bacarmadı... Düzdü, indi müstəqillik qazandıqdan sonra biz neytral danışırıq... Amma məsələlərə obyektiv yanaşanda görürsən ki, keçmiş sovet ərazisində yaşayan milyonlarla insan ev-eşiyindən qaçqın düşdü, qətlə yetirildi, yaralandı, şikəst oldu. Buna necə qiymət vermək olar? O “yenidənqurma”nın son illərində mən öz-özümə deyirdim; bu bina necə gəldi sökülür, günlərin birində aşa da bilər... Bax, o məqamda Azərbaycan olaraq biz harda olmalıyıq? Və bizim başımıza nə gələ bilər?.. Üstəlik, o vaxt ermənilər artıq soydaşlarımızı Qərbi Azərbaycandan qovmuş, Azərbaycan Respublikasına qarşı təcavüzə başlamışdılar. Yəni digər sovet respublikalarından fərqli olaraq bizim vəziyyətimiz çox gərgin idi... Və Azərbaycanın həmin ən mürəkkəb, ziddiyyətli dövrü bir rəhbər kimi mənim taleyimə qismət oldu. Mən daim düşünürdüm ki, öz xalqıma qarşı necə rəftar etməliyəm ki, nə daxildən, nə də xaricdən müdaxilə olsun... 

“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…

Sonradan bir müddət Azərbaycanda da işləmiş suriyalı Adnan adlı bir ərəb dostum mənimlə siyasi təcrübəsini bölüşürdü. Ərəb Ölkələri Liqasının üzvü idi. Hərdən onunla görüşürdük. Adnan geniş dünyagörüşünə malik idi, 9 dil bilirdi. Bir növ böyük siyasətdən mənə dərs verirdi. O deyirdi ki, Ayaz bəy, siz hələki xoşbəxtsiniz... Yan-yörənizə diqqətlə baxın. Biz bu müstəqillik əldəetmə dönəmini keçmişik və istəməzdik ki, bizim başımıza gələn müsibətlər bir müsəlman qardaş kimi sizin də başınıza gəlsin. Bunlar haqda sizləri xəbərdar etmək mənim bir müsəlman kimi borcumdur. Mən bu niyyətlə gəlmişəm Azərbaycana. O danışırdı ki, bir dəfə Bakıda küçədə bir dəstə gəncə rast gəldim. Gördüm ki, hamısı “İstefa!”, “Azadlıq!” qışqırır. Bunlardan bir neçəsinə yaxınlaşıb nəzakətlə soruşdum ki, ay cavanlar, sizin aranızda həbsdə olanı yoxdur ki, dedilər ki, yox. Soruşdim ki, bəs onda niyə “Azadlıq” qışqırırısız. Əgər burada belə sərbəst şəkildə “Azadlıq”, “İstefa” qışqıra bilirsinizsə və sizi yaxalayan, həbs edən yoxdursa, deməli, azadsınız. Mən bu misalı o günlər tez-tez çəkirdim.. Çünki o zaman gəncləri, camaatı beləcə qızışdırıb küçələrə tökənlər çox idi. Halbuki, onların niyyəti ölkənin azadlığı, müstəqilliyi yox, hakimiyyətə yiyələnmək idi. Onlar bununla əksinə, bizim müstəqillik yolunda və Qarabağın müdafiəsi üçün atılacaq addımlarımıza mane olurdular...

-O zaman sual çıxır ki, əgər Ayaz Mütəllibov müstəqil olmağımızı istəyirdisə, o halda niyə 1991-ci ilin martın 17-də Azərbaycanda da SSRİ-nin saxlanıb-saxlanmaması haqda ümumittifaq referendumunun keçirilməsinə razılıq verirdi...
“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…
-Bu sualın cavabını o zaman müxalifətə, özünü “demokrat” adlandıranlara da verirdim. Üzümü onlara tutub dedim ki, referendum demokratiyanın təzahürüdür, bu, xalqla məsləhətləşmədir. Siz əgər demokratsızsa, niyə xalqın ağzını yumursuz? Siz nə bilirsiz ki, bu xalq nəyə tərəfdar çıxacaq, nəyə səs verəcək? Gəlin, onun-bunun sözünə aldanmayaq. Referendumda iştirak etməliyik, sabah da ehtiyac olsa, yenə demokratik qaydada bir subyekt kimi SSRİ-nin tərkibindən çıxarıq... Biz bu məqamdan Qarabağ probleminin həlli üçün də yararlanmalıyıq...
Qorbaçov 1991-ci ildə həmin ümumittifaq referendumunu keçirəndən sonra belə düşünürdüm ki, İttifaqda nəsə ciddi bir hadisə baş verəcək. Yəni başda Qorbaçov olmaqla Mərkəzi Komitə və digər qurumlar SSRİ-nin qorunub saxlanması üçün hərəkətə keçəcək. Çünki əhalinin 75 faizindən çoxu İttifaqın saxlanmasına səs vermişdi. Lakin heç nə baş vermədi... Qorbaçov heç bir hesabat vermədi ki, bu referendumu nə üçün keçirdik, məqsəd nə idi, nəticə nə oldu. Bəlkə bu o demək idi ki, Qorbaçovun diqtəsi ilə yaradılmış “xalq hərəkatları”, “demokratik hərəkatlar”a azadlıq veriləcək, bunların mərkəzlə əlaqəsi qırılacaq? Getdikcə aydın olurdu ki, Qorbaçov bu haqda düşünmür. Yenə də inanmırdım, öz-özümə deyirdim ki, bu minillik nəhəng dövlət belə boş buraxıla bilməz. Kimlərsə sonradan deyirdi ki, biz bilirdik ki, SSRİ dağılacaq, yalan deyirdi. Bunu heç kim bilmirdi. O referendum puça endi, xalqı aldatdılar. Referendumda biz səs verdik. Biz deyəndə, mənim bu prosesə hər hansı təsirim, təzyiqim olmayıb. Yalnız referendum ərəfəsində Ali Sovetin iclasında demişəm ki, Ermənistana, Gürcüstana güzəştə gedərlər, amma bizə əsla. Bizim vəziyyətimiz ağır ola bilər. Bunu bir dəfə 1990-cı ilin yanvarında gördük... Ona görə də ehtiyatımızı əldən buraxmamalıyıq... 


Əslində o zamankı müxalifətin niyyəti o idi ki, Ayaz Mütəllibovun mövqeyi zəifləsin, hökumət işləyə bilməsin... Bu “demokrat”lar konkret mənimlə mübarizə aparırdılar. Mən xalqı, dövləti düşünürdüm, ancaq bunların niyyəti yalnız hakimiyyəti ələ keçirmək idi...
Amma bütün hallarda etiraf etməliyik ki, müstəqillik Azərbaycan xalqının çoxdankı arzusuydu. Yəni 100 il də qabaq, ondan da əvvəl... Bu da təbii bir şeydir... Elə adam tapılmaz ki, müstəqil olmaq istəməsin... Hələ biz ilk dəfə Türkiyəyə səfərə gedəndə türklər bizi necə təntənə ilə qarşıladı. Mən o zaman baş nazir olsam da, məni prezident kimi qarşıladılar. Təyyarəmiz iki uçaqla müşayiət olunurdu. Bütün bunları görən rəhmətlik Bəxtiyar Vahabzadə vəcdə gələrək pıçıltı ilə məndən soruşdu ki, Ayaz müəllim, bizi çox gözəl qarşılayırlar, ancaq xahiş edirəm, siz mənə söyləyin, biz də müstəqilliyimizi görə biləcəyik, yoxsa, yox. Cavab verdim ki, Bəxtiyar müəllim, səbirli ol, tələsmə, hər şeyin vaxtı var, inşallah, olacağıq...
İndi mən düşünürəm ki, biz o zaman müstəqillik üçün riskə də gedirmişik, bir gecədə hamımızı məhv edə bilərdilər... Və sonradan məlum oldu ki, Qorbaçovu idarə edən qüvvələr xaricdə imiş... İnanın ki, bu olmasaydı, biz burada nə qədər qışqırsaq da ki, biz müstəqillik, azadlıq istəyirik, eşidən olmayacaqdı... Gerçək qiymət budur – eşidən olmayacqdı... 

-Məlum referendumdan sonra SSRİ hələ əd mövcudluğunu saxlayırdı. Bəs o halda necə oldu ki, suverenlik, ardınca da müstəqillik haqda qərarların qəbul edilməsinə razılıq verdiniz? Yəqin müxalifətin təzyiqləri də rol oynayıb burada?..

-Xeyr... Son qərarları mən özüm obyektiv şəraiti qiymətləndirərək verirdim... Bəli, SSRİ hələlik varlığını qoruyub saxlasa da, biz yenə də müəyyən işlər gördük və inamla deyə bilərəm ki, riskə getdik... “QKÇP” adlanan məlum hadisələr bitdikdə və mən Qorbaçovla Moskvada görüşdükdən sonra belə qərara gəldim ki, artıq hərəkətə keçmək vaxtıdır. Və Bakıya döndükdə dərhal rəhmətlik Elmira Qafarovanı çağırıb dedim ki, sabah parlamentdə Azərbaycanın müstəqilliyi haqda konstitusional aktı qoymalıyıq müzakirəyə... İndi Hacıbaba Əzimov deyir ki, birinci variant belə idi, ikinci variant belə idi... Yadımda deyil, orda hansı variantdan danışırdılar. Əsas variant mənim qərarım idi. Mən prezident kimi istəməsə idim, bu alınmayacaqdı...

-Suverenlik haqda qərar qəbul edilməmişdən öncə müxalifətlə məsləhətləşmələriniz olmuşdumu?
“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…
-Xeyr, bu məsələ Ali Sovetin müəyyən komissiyalarında müzakirə edilib və orada mübahisələr olubdu. Ancaq prezident səviyyəsində yox... Çünki mən heç kəsdən asılı olmadan qərar vermişdim... Mənim vəzyyətim birmənalı deyildi, mən xalqı küsdürə bilməzdim. Xalqı təmsil edən xalq hərəkatını küsdürə bilməzdim... Onlarla əməkdaşlıq etməli idim. Obyektiv qərarlar vermək üçün gərək öz xalqının nümayəndələri hesab olunan şəxsləri dindirəydin, onların fikirlərini öyrənəydin, öz fikirlərini də onlara çatdıraydın... Amma əfsuslar olsun ki, 1989-cu ildən bəri önə çıxan Xalq Cəbhəsi xalq hərəkatını tamamilə öz inhisarına, monopoliyasına almağa çalışırdı. Və indi mütləq vurğulamaq gərəkdir ki, həmin AXC-ni də, xalq azadlıq hərəkatını da, sovet dövründəki Azərbaycan hökumət strukturlarını da suverenlik, müstəqillik uğrunda mübarizəyə kökləyən, qidalandıran məhz xalq, geniş xalq kütlələri olub. 1988-ci ildə xalq kütlələri, fəhlələr, tələbələr meydana axışanda hələ Xalq Cəbhəsinin adı yox idi. Sonradan onlar xalqın enerjisindən, saflığından, azadlıq eşqindən, erməni işğalçılarına nifrətindən və s. yararlanaraq təşkilatlandılar, xalq kütlələrinin, Meydan hərəkatı hesabına öz nüfuzlarını qaldırdılar, imiclərini yaratdılar və bu hərəkatı istədikləri istiqamətə yönləndirməyə çalışdılar... 
Mən də deyirdim ki, ay qardaşlar, bəli bu hərəkatda, mübarizədə sizin hər birinizin payı var. Amma biz müstəqillik uğrunda mübarizəni kiminsə inhisarına çevirməməli, bundan birləşdirici amil kimi yararlanmalıyıq ki, həqiqətən ölkəni gələcək xoşbəxtliyinə nail olaq. Axı biz Hindistan deyildik, bizim Mahatma Qandimiz yox idi.




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 16-10-2018, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma