Xəbər lenti

 Fransanın Baş naziri Eduar Filip gələn il Yeni Kaledoniya bölgəsində müstəqillik referendumu keçiriləcəyini deyib. Onun sözlərinə görə, hələlik bölgədə siyasi razılığın əldə olunması üçün çox iş görülməlidir.

Bu barədə Axar.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, sözügedən ərazidə referendumun keçirilməsinin qərarlaşdırılması Fransa hökumətinin düşünülmüş addımıdır:

“Əslində, Fransa dövlətinin ərazisi bütöv kimi tanınsa da, Yeni Kaledoniya həmişə bu hökumətin müstəmləkəsi olub. Bu bölgə bir növ Fransanın xarici departamenti sayılır və xüsusi üsulla idarə olunur. Bir sıra qüvvələr hələ 70-80-ci illərdə Yeni Kaledoniya bölgəsində müstəqilliyin tərəfdarı kimi çıxış edirdilər.

Ümumiyyətlə, hər hansı bir dövlətin daxilində xarici departamentin mövcud olması əlavə xərclər tələb edir. Bu gün Yeni Kaledoniyanın maliyyə donoru Fransa hökumətidir. Ona görə də Fransada bir sıra siyasətçilər bu cür departamentlərin həqiqətən hökumətə lazım olub-olmamasını müzakirəyə çıxarırlar.

Yəni Fransa Baş nazirinin 2018-ci ildə sözügedən bölgədə müstəqillik referendumunun keçiriləcəyini söyləməsi heç də həmin ərazidə yaşayanların separatçı meyillərindən irəli gəlmir. Fransadakı bəzi siyasi qruplar regionun müstəqillik qazanmasında maraqlıdırlar. Düşünürəm ki, Fransa hökuməti bu tendensiyanı nəzərə alaraq referendum keçirmək qərarına gəlib. Çünki hökumət hazırkı vəziyyətdə referendumun daha məqsədəuyğun olacağını düşünür.

Kaledoniyanın yerli əhalisinin böyük bir qismi isə Fransa hökumətinin tərkibində qalmağın tərəfdarı kimi çıxış edirlər. Çünki başa düşürlər ki, region müstəqillik qazansa, subsidiyalar, külli miqdarda pul axını kəsiləcək və özləri pul qazanmağa məcbur olacaqlar. Amma indiki iqtisadi şəraitdə bunu etmək heç də asan olmayacaq”.

Politoloqun sözlərinə görə, Fransadakı bu proses digər dövlətlərin tərkibindəki separatçı qüvvələrin müstəqillik cəhdlərinə təsirsiz ötüşməyəcək:

“Fransa, Böyük Britaniya kimi müstəmləkəsi olan bəzi dövlətlərdə bu proses separatçı qüvəllərə müəyyən qədər təsir göstərə bilər. Böyük Britaniyanın Uels, Şotlandiya, Şimali İrlandiya kimi ərazilərində separatçı meyillər var. Baxmayaraq ki, Fransada Kaledoniyanın müstəqillik referendumunun keçirilməsi hər hansı separatçılıq cəhdlərindən irəli gəlmir, amma bununla belə, müstəmləkə torpaqlarında müstəqilliyə can atan qüvvələrin aktivliyi müşahidə oluna bilər”.

Qeyd edək ki, Yeni Kaledoniya Fransanın Sakit okeandakı xüsusi mülküdür. Yeni Kaledoniya bundan öncə 1998-ci ildə müstəqillik referendumu keçirsə də, əhali müstəqilliyin əleyhinə səs vermişdi.

2014-cü ildə Fransa Prezidenti Fransua Olland Yeni Kaledoniyaya müstəqillik veriləcəyini bildirsə də, bu proses həyata keçməmişdi




Ana səhifəyə qayıt        Baxış: 459          Tarix: 5-11-2017, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma