Xəbər lenti

  “Haqqımda irəli sürülən bütün ittihamlar əsassızdır və reallığı əks etdirmir”.

Ovqat.com xəbər verir ki, bunu Qaraçuxur qəsəbəsindəki məscidin axundu Mir İlyas Nəzərov Miri oğlu saytımızda dərc olunan “Qaraçuxur axundunun cənazə biznesi: “Hər ay xeyli meyit itkin düşürmüş”-İTTİHAM” sərlövhəli yazıya münasibət bildirərkən deyib.

Əməkdaşımızla söhbət zamanı axund qeyd edib ki, bizə həmin məlumatları ötürən qrup “din davası yox, un davası güdənlərdir”: “Onların məqsədi 2 ildən bəri məscidimizdə apardığımız işlərə kölgə salmaq, bizi Qafqaz Müsəlmanları İdarəsində etibardan salmaq nail olmaqdır”.

Axundun dediyinə görə, Qaraçuxur məscidində heç bir zaman cənazələr “itkin düşməyib” və Qafqaz Müsəlmanları İdarəsi bu faktları araşdırmaq məqsədilə məscidə komissiya göndərməyib: “Sözügedən idarə hər il bütün məscidlərə komissiya göndərir və onların fəaliyyətini yoxlayır. Bir neçə ay əvvəl bizə göndərilən komissiya da ənənəvi illik yoxlamalardan biri idi və deyildiyi kimi, məscidin fəaliyyətində hər hansı qanunsuzluq faktı aşkarlanmadı. Prinsipcə, hansısa qanunsuz fəaliyyətin olması da imkansızdır. Çünki bu məsciddə ianə, nəzir, meyityuma xidmətləri üçün toplanan pul heç aylıq məsrəfləri qarşılamır”.

Mir İlyas bəy bildirib ki, Bakının digər ibadət ocaqlarından fərqli olaraq, Qaraçuxur məscidi həm şiələrin, həm də sünnilərin toplandığı yerdir və onun komminal xərcləri digər “məzhəb qardaşlarımızla” birgə ödənilir: “Hansımızın tərəfdarının çoxluğundan asılı olmayaraq, kommunal xərclərini ortaq ödədiyimizdən məscidin gəlir-çıxarlarına da birgə nəzarət edirik. Bu işlərə isə Allah xətrinə hesabdarlığımızı edən bir nəfər baxır. Odur ki, məsciddə hansısa mənimsəmə halları mümkün deyil”.  

Məsciddə yayda kondisioner, qışda istilik sistemi işlədildiyindən xeyli məsrəflərinin olduğunu bildirən axundun sözlərinə görə, bəzən təkcə aylıq işıq pulu 800 manatı keçir: “Məscidin digər xərcləri də var. Bu xərcləri bəzən ödəməkdə belə, çətinlik çəkirik”.

İddiaçıların ittihamından fərqli olaraq, məsciddə hər ay 60-dan artıq ölü yuyulmadığına diqqət çəkən axund bu cür fikirlərin onun pak işinə atılmış çamur adlandırdı: “Əvvəla, sizə açıqlama verən Zülfüqar kişi məndən əvvəl bu işdən uzaqlaşdırılıb. Onun hazırda məscidə nə qədər ölü gətirildiyi və hər cənazə üçün nə qədər bez işlədildiyindən xəbəri ola bilməz. Görünür, o, öz işlədiyi dövrün hesablarıyla danışır.  İkincisi, məsciddə meyit yuma işinə axund nəzarət etmir. Bütün hesab işləri hesabdar tərəfindən aparılır. Bizim sünni imamıyla birgə yaratdığımız nəzarət qrupu isə onların bu fəaliyyətini diqqətdə saxlayır. Üstəlik, hər ay məsciddə uzağı 40-45 meyit yuyulduğundan onlardan gələn gəlir kommunal xərclərinə ödənilir və bunu biznes adlandıranlar öz vicdanını itirmiş şəxslərdir”.

Əvvəllər sübh namazına gəlməməsinin səbəbinə də aydınlıq gətirən axund bunu yaşadığı ərazinin Qaraçuxura uzaqlığı ilə əsaslandırdı: “Mənim Ramanıda bir daxmam var və əvvəl orada yaşayırdım. Sübh namazına gəlib çata bilməməyim də bundan qaynaqlanırdı. Daha sonra məscid əhlinə daha yaxşı xidmət göstərmək, ən əsası, sübh namazlarına gələ bilmək üçün Qaraçuxurda bir ev kirayə tutdum. İndi ailəm və 3 körpə uşağımla həmin evdə yaşayıram. Hər ay öz dar büdcəmdən kirayəyə 200 manat pul verirəm. Mənim kimi adama bu böhtanı atanlar, görəsən, necə könül xoşluğuyla namaz qılır, oruc tuturlar?”

Bəs, görəsən, sünnilərlə şiələrin bir arada ibadət etdiyi Qaraçuxur məscidində məzhəb zəminində hər hansı problem yaşanırmı? Nəzərə alsaq ki, Yaxın Şərqdən Orta Asiyaya qədər islami coğrafiyalarda məzhəb münaqişələri baş verir, axunda verdiyimiz bu sual, həqiqətən də, xeyli aktualdır.

Axundun dediyinə görə, Qaraçuxurda məzhəblər arasında tam mehribanlıq hökm sürür: “Mənim sünni axundla çox yaxşı münasibətlərim var. İkimiz də eyni otaqda oturur, bəzən eyni süfrə arxasında əyləşib çörək kəsir, dini mövzularda polemikalar aparırıq. İkimizi də bu vəzifəyə Qafqaz Müsəlmanları İdarəsi təyin edib. Bu təyinatın əsas səbəbi ikimizin də açıq dünyagörüşə sahib olmağımızdır”.

Bəs, öz təbiriylə desək, “sünni qardaşlarıyla” yaxın əlaqədə olan axund niyə şiələri öz ətrafında birləşdirə bilməyib? Hər halda bizə şikayətlə müraciət edənlərin şiə məzhəbindən olması bu sualı ağla gətirir.

Axund əməkdaşımızın bu sualını onun barəsində edilmiş şikayətlərin dinlə əlaqəsi olmadığını vurğulayaraq, bir neçə şəxsi mənfəətini güdənləri tamamilə hansısa məzhəbə aid etməklə razılaşmadı: “Yenə təkrarlayıram, onların davası din yox, un davasıdır. Elə bilirlər ki, kimisə buraya axund gətirməklə qaz vurub qazan dolduracaqlar”.

Axund bu məsuliyyətli vəzifəyə təyin olunduğuna və ona göstərilən etimada görə Qafqaz Müsılmanları İdarəsinə dərin ehtiramla minnətdarlığını bildirdi.




Ana səhifəyə qayıt        Baxış: 1 407          Tarix: 13-10-2017, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma