Xəbər lenti

  

Türk Silahlı Qüvvələrinin “Zeytun Budağı” əməliyyatının 35-ci günündə ikinci mərhələyə keçdiyi bildirilir.

Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, bu günə qədər əməliyyatlarını bir sıra kəndlərdə və kəndətrafı ərazilərdə davam etdirən TSQ artıq Afrin və digər böyük yaşayış mərkəzlərini mühasirəyə almaq planı üzərində işləyir.

Qeyd olunur ki, artıq PYD/PKK da çöl və dağlardakı qüvvələrini böyük yaşayış mərkəzilərinə çəkərək şəhər döyüşü taktikasına hazırlaşır. Afrin, Cinderes, Raco kimi böyük şəhər və qəsəbələrdə xəndəklər qazılır, müxtəlif partlayıcılardan düzəldilmiş tələlər qurulur.

Bundan əvvəl isə PYD/PKK qüvvələrinin Türk ordusuyla çöl və dağ müharibəsinə üstünlük verdiyini, amma əməliyyatın 17-ci günündən etibarən, qüvvələrini tədricən yaşayış məntəqələrinə çəkdiyi bildirilir. Məlumata görə, terror təşkilatı bu məqsədlə 5 min 800 silahlısını dağ və çöllərdəki strateji məntəqələrə və tunellərə yerləşdirmişdi. Türk ordusu indiyədək həmin qüvvələrdən 2 minə qədərini zərərsizləşdirməsi nəticəsində 415 kilometrlik sahəni təmizləyib və Afrinin 25 %-ni tam nəzarət altına alıb. Dağ döyüşü planının uğursuzluğa uğradığını görən separatçılar taktiki dəyişikliyə getmək məcburiyyətində qalıblar. Yeni taktika mülki vətəndaşlardan canlı qalxan kimi istifadə edərək, türk əsgəriylə döyüşməkdir. Bu isə TSQ-nın döyüşlərə daha həssas yanaşmasını tələb edir.

  

Bildirilir ki, TSQ bu zamana qədərki döyüşləri əsasən kənd və kəndətrafı ərazilərdə aparmış, böyük qəsəbələri terrorçulardan təmizləmə əməliyyatına keçməmişdi. Məqsəd böyük yaşayış məntəqələrini tam mühasirəyə almaq və mülki vətəndaşlara zərər vurmadan terrorçuların axırına çıxmaq idi.

İndisə həmin mərhələ başlayır.

Böyük yaşayış məntəqələrini terrorçulardan təmizləmək üçün Türkiyənin bu sahədə ixtisaslaşmış polis və jandarm qüvvələrindən istifadə edəcəyi gözlənilir. Artıq həmin qüvvələr ehtiyat birliklər kimi Türkiyə-Suriya sərhədlərinə gətirilib, hər an veriləcək əmri gözləyirlər.

“Zeytun Budağı” əməliyyatının ikinci mərhələsində böyük yaşayış məntəqələrinin tam mühasirəsi nəzərdə tutulur. Türk ordusunun mülki vətəndaşların savaş bölgələrini tərk etməsi üçün 4 dəhliz saxlayacağı, əli silahlı bütün terrorçuları isə zərərsizləşdirəcəyi və ya təslim alacağı iddia olunur.

Bildirildiyinə görə, hazırda Afrində 10 minə yaxın terrorçu var. Müxtəlif sığınacaqlarda, evlərdə və s. “dəlmə-deşiklərdə” gizlənən həmin qüvvələri zərərsizləşdirmək, əlbəttə, asan olmayacaq. Odur ki, mütəxəssislər “Zeytun Budağı” əməliyyatının ən çətin mərhələyə qədəm qoyduğu, əsl müharibənin bundan sonra başlayacağı fikrində həmrəydirlər.

  

Türk ordusunun yeni mərhələdə Afrindəki terrorçulara başqa yerlərdən gələ biləcək dəstəyin qarşısını kəsmək üçün “hərəkətli obyektlərə” atəş açmağı planlaşdırdığı bildirilir. Bu taktikaya görə, Türk artilleriyası Afrinə doğru irəliləyən hərbi texnikaları hərəkət anında sıradan çıxaracaq. Artilleriya üçün xeyli çətin olan bu vəzifəni Türk əsgərinin bacardığı və iki gecə əvvəl PYD/PKK-ya aid maşın karvanını vurduğu xəbər verilir. O da bildirilir ki, bu zamana qədər Əsəd qüvvələrinə qarşı ancaq xəbərdarlıq atəşi ilə kifayətlənən Türk topçuları bundan sonra onları da vuracaq.

TSQ-nın “hərəkətli obyektlərə atəş” taktikasını öz yerli silahları olan “Sakarya” çoxlüləli raketatanlarla həyata keçirdiyi bildirilir. Bu raketatanları vuruş mənzili 40 km-dir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 953          Tarix: 24-02-2018, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma