Xəbər lenti

  

 

Yiyəsiz qayıq tək qalıb ortada,

Sınıbdı vətənin yan avarları.

Bu gün ermənidən betər talayır,

Bu xalqı öz milli canavarları.

Yetimin, yesirin gözündən axan,

Qan-irin sayıram mən o varları.

Biz belə Azadlıq istəməmişdik...

 

Bir də ayıldıq ki, ortadadılar,

Qoxulu ağızlar, kifli beyinlər,

Bir ucdan qaz vurub, qazan doldurur,

"Ləbbeyk" havasında beyni-peyinlər,

Biz Vətən eşqiylə nəğmə oxuduq

Qaçıb pul qazandı, bəxti yeyinlər,

Biz belə Azadlıq istəməmişdik...

 

Gəldi zər yiyəsi, oyun yiyəsi,

Gəldi, bircə-bircə şişlədi, getdi.

Hamını bir uzun fikir apardı,

Hamı barmağını dişlədi, getdi.

Getdi biganəlik damarımıza,

Getdi qanımıza, işlədi getdi,

Biz belə azadlıq istəməmişdik...

 

Ləyaqət özünü asıb öldürüb,

Şərəf əyilməkdən yeddi qat olub.

Xocalı, Kəlbəcər, Şuşa, Zəngilan,

Bəlkə əlli yerdən sinəm çat olub.

Yenə yön varıydı, baytara-zada,

İndi "türemşik" də deputat olub,

Biz belə Azadlıq istəməmişdik...

 

Yoxdumu, ixtiyar sahibi çıxıb,

Bu iyrənc gedişi bir az əyləyə?

Bir para adamlar çox şeyi bilmir,

Bilən də özünü qoyub səyliyə.

Bu heç, biz isəyən Azadlıq deyil,

Oxşayır daha çox dərəbəyliyə,

Biz belə Azadlıq istəməmişdik...

 

Aşığı şeş atdı oyunbazların,

Namərdin hər yerdə naxışı tutdu.

Dönüb xəritədə Təbrizə baxdım,

Gözümü Arazın yağışı tutdu.

Bəlkə də hamımız xoşbəxt olardıq

Bizi Qarabağın qarğışı tutdu.

Biz belə Azadlıq istəməmişdik...

 

Ölür bu dərdləri çəkə bilməyən,

Ölür xəcalətdən üzü sulusu.

Heç kimin boynuna qoya bilmədik,

Satdılar o boyda eli, ulusu.

Gedib işləməyə nə iş tapırıq,

Nə çörək tapırıq qarın dolusu.

Xülasə qardaşım, mənim sözümün,

Sonunda budur ki, Məmmədqulusu,

Biz belə Azadlıq istəməmişdik...

Ayaz Arabaçı




Ana səhifəyə qayıt        Baxış: 3 695          Tarix: 8-04-2018, 06:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma