Xəbər lenti

  

ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərarını verdi. Dünən axşam Ağ evdə keçirdiyi mətbuat konfransında ABŞ-ın 2015-ci ildə 6 Qərb ölkəsinin İranla imzalandığı nüvə sazişindən  çəkildiyini açıqladı.

Donald Tramp bu qərarını bir neçə amillə əsaslandırdı. Həmin amilləri bu cür sıralaya bilərik:

-Müqavilənin həyata keçməsinə icazə verilsə, Yaxın Şərqdə silahlanma yarışı qaçılmaz olacaq.

 -Nüvə müqavilə İranın bölgədəki məqsədlərini mane olmadı və bu da sazişin öz hədəfinə çatmadığını göstərir.

-“ABŞ-a ölüm” deyən bir rejimin dünyadakı ən ölümcül silahlara sahib olmasına imkan verilməməlidir. Vaşinqtonun nüvə şantajı ilə təhdid edilməsinin qarşısı indidən alınmalıdır.

- İran terrorun sponsorudur; Həmas, Hizbullah kimi təşkilatlara dəstək verir. Rəsmi Tehran uzun illərdir ki, xaos və terroru maliyyələşdirir və bu məqsədlə öz xalqının sərvətini talalayır.

- Müqavilə 2015-ci ildə əvvəlki hakimiyyətlə imzalanıb, dolayısıyla, qaba şəkildə desək, bunun Tramp hökumətinə dəxli yoxdur, təktərəfli, qorxunc və utancverici bir sənəddir. Nəzəri cəhətdən, müqavilə ABŞ və müttəfiqlərini qoruyacaqdı, əslində isə İranın uran zənginləşdirmə fəaliyyətlərini sürdürməsinə hüquqi əsas yaradır.

- Müqavilə dünyaya sülh və sabitlik gətirmədi, gətirməyəcək də.

Bu arqumentlərə söykənərək, ABŞ-ın müqailədən geri çəkildiyini bəyan edən Tramp bundan sonra həyata keçirəcəkləri İran siyasətinə də aydınlıq gətirdi: “İrana qarşı iqtisadi sanksiyalar yenidən tətbiq olunacaq”.

ABŞ prezidenti bu sanksiyalara uymaq istəməyənlərin də cəzasız qalmayacağını açıqlayıb: "İranın nüvə silahına sahib olma səylərinə yardım edən istənilən ölkə də güclü sanksiyaya məruz qalacaq. Amerika nüvə şantajının əsiri olmayacaq".

Əslində Trampın bu qərarı gözlənilməz deyildi. Bir müddət əvvəl İsrail Baş naziri Binyamin Netanyahu əldə etdikləri kəşfiyyat məlumatlarını açıqladı və İranın nüvə silahı proqramını davam etdirdiyini bildirdi. Bu açıqlamadan dərhal sonra ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo özünün də əlində bu cür dəlillər olduğunu iddia etdi. Beləcə, ABŞ prezidenti Donald Trampın çoxdan bəhanə axtardığı İrana qarşı sanksiyalara başlaması üçün fürsət yarandı.

Qeyd edək ki, hələ prezident seçkilərindən əvvəl də Tramp İrana qarşı ritorikaları ilə gündəm yaradır, nüvə sazişinin ləğv olunmasını tələb edirdi. Hakimiyyətə gəldikdən sonra ABŞ prezidenti bu istiqamətdə müəyyən addımlar atmaq istəsə də, Ağ evdə daxili dirənişlə qarşılanırdı. Özünün etirafına görə, bundan əvvəl Dövlət Depatametinə rəhbərlik edən Reks Tillersonu da məhz bu səbəbdən qovmuş, yerinə CİA-nın keçmiş direktoru Mayk Pompeonu gətirmişdi. Mayk Pompeo da Tramp kimi İran və ümumiyyətlə İslam dövlətlərinə qarşı mövqeyilə seçilir və İsrail Baş nazirinin bir çox qurumlar tərəfindən təsdiqlənməyən iddialarına haqq qazandırmaqla öz missiyasını  yerinə yetirdi.

Məsələ burasındadır ki, razılaşmalara əsasən, İranın nüvə sazişinə əməl edib-etmədiyini müəyyənləşdirəcək olan qurum Beynəlxalq Atom Enerjisi Təşkilatıdır. Həmin təşkilat isə Netanyahunun iddialarının özləri tərəfindən təsbit olunmadığını, dolayısıyla, İranın nüvə sazişinin şərtlərinə əməl etdiyini açıqlamışdı. Mətbuatda yer alan məlumatlara görə, İran həqiqətən də, sazişə imza atdıqdan sonra əlindəki zənginləşdirilmiş uran izotoplarını Rusiyaya təslim etmiş və nüvə proqramı fəaliyyətini dayandırmışdı. Bununla belə, sazişdəki bəzi maddələr İranın bir neçə ildən sonra yenidən nüvə proqramına davam etməyə izn verirdi və Trampı, eyni zamanda İsraili ən çox narahat edən də bu idi. Bu maddə, həqiqətən də, İrana nüvə silahına sahib olmaq fürsəti yaradır.

Trampın İrana qarşı sözləri təkcə nüvə proqramı ilə də əlaqədar deyildi. O, İrandan balistik uzunmənzilli raket istehsalını da dayandırmasını tələb edirdi. ABŞ prezidenti son açıqlamasında da bu tələbini gizlətməyib:

"Müqavilədən ayrılarkən, İranın nüvə təhdidinə qarşı müttəfiqlərimizlə həqiqət, hərtərəfli və uzunmüddətli həll yolu tapmaq üçün çalışacağıq. Bu səylər İranın balistik raket proqramı və terror fəaliyyətlərini ortadan qaldırmağı da əhatə edir".

Tehran isə həmin tələbi yaxına buraxmır, onu öz müdafiə hüququna müdaxilə kimi qiymətləndirir. ABŞ prezidentinin dünənki mətbuat açıqlamasına İrandan gələn ilk reaksiyalarda da bu xüsus öz əksini tapıb. Məlumata görə, İran Dövlət Televiziyası Trampın müqavilədən çəkilmə qərarının hüquqa zidd olduğunu və beynəlxalq müqavilələri pozduğunu açıqlayıb. İran prezidenti Həsən Ruhani də öz açıqlamasında İranın bu müqavilədən irəli gələn bütün öhdəliklərinə əməl etdiyini deyib. İran Xarici İşlər Nazirliyinə müqavilə ilə bağlı yaxın bir neçə həftə ərzində Avropa ölkələri, Rusiya və Çin ilə danışıqların aparılması təlimatını verən Ruhaninin fikrincə, ABŞ heç bir zaman öz öhdəliklərinə hörmətlə yanaşmayıb və son qərar da onlardan biridir.

Bəs, Trampın bu qərarından sonra nələr baş verə bilər?

Mütəxəssislər ABŞ-ın İrana qarşı bu mövqeyini İraq əməliyyatları öncəsi durumla müqayisə edirlər. İstər 1991-ci ildəki Birinci Körfəz savaşında, istərsə də 2003-cü ildəki İraq müharibəsində də bəhanələrdən biri kimyəvi silah istehsalı ilə bağlı idi. İngiltərə və ABŞ rəhbərlərinin irəli sürdüyü bu iddialar daha sonra öz təsdiqini tapmamış və Böyük Britaniyanın o zamankı baş naziri Toni Bleyr tərəfindən rəsmən etiraf olunmuşdur. 2016-ci ildə, yəni savaşdan 13 il sonra açıqlanan hesabatında Bleyr “müharibəyə girmək qərarı verərkən yanlış kəşfiyyat məlumatlarına əsaslandıqlarını və dinc həll yolu  üçün yetərli imkanlardan istifadə edilmədiyini bildirmişdi. Bu gün ABŞ prezidenti və İsrail baş naziri də eyni “xəta”nı təkrarlayır, Beynəlxalq Atom Enerjisi Təşkilatının hesabatlarına əhəmiyyət vermirlər. Mütəxəssislər məhz bu səbəbdən bənzər ssenarinin İran üçün də həyata keçirilə biləcəyindən ehtiyatlanırlar.

Bununla belə, gözlənilən İran savaşında Tramp hakimiyyətinin işini çətinləşdirən amillər də az deyil. Əvvəla, İran İraq deyil. İraqdan fərqli olaraq, İran həm 3 min km-i vuran balistik raketlərə malikdir və savaş çıxacağı təqdirdə həmin silahları anbarlarda “qara gün” üçün saxlamayacaq.  Onun ilk hədəfi isə ABŞ-ı qızışdıran İsrail olacaq. İsrailin “Dəmir Qübbə” adlandırdığı özünü havadan müdafiə sistemləri olsa da, bu sistemlər çoxsaylı atışlar qarşısında acizdir. İranın əlində isə xeyli bu cür raketlərdən var və savaşı dayandırmaq üçün onlardan sonuna qədər istifadə edə bilər.

 İkincisi, zaman da 2003-cü ildəki zaman deyil. 2003-cü ildə dünyanın tək super gücü olan ABŞ və onun qarşısında zəif İraq vardı. Bu gün isə təkqütblülüyə qarşı öz mövqeyini ortaya qoyan, dünya hegemoniyasında yerini müəyyənləşdirməyə çalışan və layiqli pay almaq istəyən Rusiya mövcuddur. Bu, həmin Rusiyadır ki, Suriyada ABŞ-la ciddi rəqabətə girməkdən çəkinmir və onun bu rəqabətdəki ortaqlarından biri də İrandır. Nə qədər kəmfürsət olsa belə, Rusiyanın İrandan asanlıqla vaz keçəcəyini gözləməyə dəyməz. Əks halda, növbəti hədəfin özü olacağını gözəl anlayır.

Gözlənilən İran savaşındakı qüvvələr nisbətini ABŞ-ın əleyhinə pozan digər qüvvələr də var. Söhbət Fransa və Almaniyadan gedir. Baxmayaraq ki, 2003-cü ildəki İraq savaşında da bu dövlətlər ABŞ-ın yanında yer almamışdılar, amma həmin vaxt indiki qədər açıq mövqe ortaya qoymurdular. İndisə hər iki dövlətin siyasi rəhbərliyi ABŞ-a səfər edir, Trampı nüvə sazişi qərarından vaz keçirməyə çalışırlar. Fransa  prezidenti Emmanuel Makronun və Almaniya Baş naziri Angela Merkelin bu təşəbbüsləri nəticəsiz qalsa da, hər halda Ağ evin öz planına yenidən nəzə salmağa vadar edə bilər.

Digər tərəfdən, Trampın nüvə sazişindən çəkilmə qərarı təkcə İranın deyil, həm də Almaniya və Fransanın iqtisadi maraqlarına qarşı yönəlib. Zira İranın neft hasilatına ciddi investisiya qoyan Fransanın “Total” şirkəti ya öz maraqlarından imtina etməli, ya da ABŞ-a qarşı dirənməlidir. ABŞ neft şirkətləri isə “Total”a fəaliyyətini davam etdirmək üçün heç bir sahə vermir, dünya neft istehsalını öz nəzarəti altında tutmağa çalışır. Bu da istər-istəməz fransız şirkətini Vaşinqtonun qoyduğu embarqoları yarmağa vadar edir və yəqin ki, o, öz “sözəbaxmazlığını” sürdürəcək. Onu da qeyd etmək yerində olar ki, ABŞ-ın İrana qarşı sanksiyalarının əsas məqsədlərindən biri də elə “Total”ın və sazişdən sonra bu ölkəyə axışan alman şirkətlərinin yerini tutmaqdır. Bu isə nə Fransaya, nə də Almaniyaya sərf edir.

İranın əlində həm də Səddam Hüseynin heç yuxusunda belə görmədiyi böyük dirəniş sahələri var və bu sahələr onun dövlət ərazilərindən kənarda yerləşir. İraq, Suriya, Livan kimi ölkələrə birbaşa nəzarət edən İran rejiminin köfrəz və Orta Asiya, Qafqaz ölkələrində də çoxsaylı tərəfdarları mövcuddur. Sözsüz ki, Tehran müharibə şəraitində bu qüvvələri aktivləşdirmək imkanlarını da, hələlik, əldən verməyib. Deməli, bir neçə cinahda açıla biləcək cəbhələrlə İran ABŞ-a indiyədək rastlaşmadığı zərbələr vurmaq potensialına malikdir.

Onun ən böyük starteji silahlarından biri isə neft ehtiyatıdır. Dünya neftinin az qala yarısının toplandığı körfəzdə yerləşən İran  bu enerji koridorunu atəş altında tutaraq, neftin Qərbə axışını dayandıra bilər. Nəticədə neftin astronomik bahalaşması sənayeləşmiş dövlətlərdə ciddi iqtisadi böhranlara gətirib çıxara bilər. Ən əsası isə dünya daha çox Rusiyadan  və onun karbohidragen ehtiyatından asılı vəziyyətə düşər ki, bu da ABŞ-ın heç bir zaman arzulamadığı durumdur.

Sadaladığımız bu amillər ABŞ-ı İrana qarşı hərbi müdaxilədən yayındıracaq faktorların başında gəlir. Odur ki, bir çoxlarının təxmin etdiyi kimi, ABŞ-ın İrana hərbi müdaxiləsi mümkün görünmür. Amma Trampa ümid bağlamaq və onun hərəkətlərini proqnozlaşdırmaq da yanıldıcı ola bilər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 316          Tarix: 9-05-2018, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma