Xəbər lenti

 

Millətin və dövlətin taleyində xüsusi rol oynayan Böyük Şəxsiyyətlər haqqında yazmaq və ya söz demək çox çətin bir işdi. Çünki bu Şəxsiyyətlər haqqında deyilən və ya yazılan hər hansı söz eyni zamanda onların apardığı mübarizəyə, millətin və dövlətin taleyinə və tarixinə deyilmiş olur. Bir də bu Şəxsiyyətlər haqqında deyilən və ya yazılan istənilən söz birmənalı qarşılanmır, ciddi müzakirələrə səbəb olur. Azərbaycanın yetirdiyi Böyük Şəxsiyyətlərdən biri olan Əbülfəz Elçibəylə bağlı danışmaq isə daha çətindir. 
1. Çünki son 20 ildə cəmiyyətdə bütün təbliğat vasitələrindən istifadə edilərək Əbülfəz Elçibəyin nüfuzdan salınması, yaddaşlardan silinməsi üçün aparılan təbliğat, dövlətçiliyimizin möhkəmləndirilməsi, əhalidə vətənsevərlik ruhunun formalaşması və gənclərimizin dövlətçilik və millətçilik ruhunda böyüməsi üçün aparılan təbliğatdan qat-qat çoxşaxəli, geniş miqyaslı və “dərin məzmunlu” olub.
2. Əbülfəz Elçibəy fəaliyyəti dövründə həddən çox insanlarla ünsiyyətdə olub. Bu insanların hər biri Əbülfəz bəyi öz maraq və düşüncəsinə uyğun yadında saxlayıb. Bunun üstünə son 20 ildə Əbülfəz bəy əleyhinə aparılan təbliğatı da gəl. İndi sən Əbülfəz Elçibəy haqqında dediyin hər sözün təsir həddini dərindən-dərin ölçməlisən. 
              
Əbülfəz bəylə tanışlılğım harda, necə və kimin vasitəsi ilə olub dəqiq xatırlamıram. Amma 1982/83-cü illərdə olduğunu bilirəm. Dəqiq yadımdadır 1983-cü ildə tələbə elmi konfransında çıxış etmək üçün “Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə məsələləri” adlı elmi məqalə hazırlayırdım. Əlyazmalar İnstitutunda “Şah İsmayıl” dastanından istifadə etməli idim. Bu dastan ərəb əlifbasında təliq xəttilə yazılıb. Bu dastanı oxumaq və tərcümə etmək üçün Əbülfəz bəyə müraciət etdim. Əbülfəz bəy dastanın oxunmasında və tərcüməsində mənə çox kömək etdi. Onu deyim ki, həmin müddət mən Əbülfəz bəyi yüksək səviyyəli bir millətçi və alim kimi tanıyırdım. Özüm gizli təşkilatda olsam da bu gizli təşkilatın Əbülfəz bəyə bağlandığını bilmirdim. Əbülfəz bəyin fikirləri, milli mövqeyi və tariximizə baxışı çox xoşuma gəldiyindən bu dövrdə bir-neçə dəfə Əlyazmalar İnstitutunda görüşmüşdüm. Amma Əbülfəz bəylə ilk ciddi söhbətim, mübahisəm 1984-cü ildə oldu. 1984-cü ildə Arif Rəhimoğlu f.e.n. alimlik dərəcəsi müdafiə etmişdi. Bununla bağlı banket verirdi. Təxminən 200 adam iştirak edirdi. Qonaqları qarşılamaqla məşğul olduğum üçün məclisə gec gəldim. Yalnız Əbülfəz bəyin qarşısında oturmağa boş yer vardı. Oturdum. Məclisin gedişində Əbülfəz bəy söz deyərkən gəncləri az oxumaqda günahlandırdı. Mən etiraz etmək istədim. Amma oturanların demək olar ki, hamısı mənə qarşı sərt reaksiya verdi. Əbülfəz bəy oturanlara etiraz edərək onları sakitləşdirdi. Bir azdan söz demək növbəsi mənə çatdı. Mən Əbülfəz bəyə etirazımı əsaslandırdım. Həmin dövrdə 1983-cü ildə Azərbaycan jurnalında Əbülfəz bəyin Əl Fərabi adlı məqaləsi dərc olunmuşdu. Mən bu dövrdə Azərbaycanda çap olunan milli-tarixi məzmunlu kitab və məqalələrin demək olar ki, hamısını oxumuşdum. Söz mənə veriləndə mən bu dövrdə Əbülfəz bəyin də məqaləsi daxil olmaqla oxuduğum bütün kitab və məqalələri bir-bir sadalayıb “siz nələri yazdız ki, biz oxumadıq” dedim və əlavə çıxışımı edib oturdum. Əbülfəz bəy mənimlə tam razılaşdı və üzünü oturanlara tutaraq “bəy düz deyir, niyə imkan vermirsiz sözünü desin. Belə eləməynən biz nə iş görə bilərik? Gərək imkan verək gənclər öz sözlərini desinlər, cəsarətli olsunlar. Yoxsa onlar qorxaq və çəkingən böyüyər. Həm də bəy düz deyir axı” dedi. Bu sözlər məni daha da cəsarətləndirdi. Bunu deyim ki, o banketdə mən Əbülfəz bəyin alimlər, aydınlar, yazarlar arasında nə qədər böyük nüfuza malik olduğunu, gənclərə necə önəm verdiyini, gəncləri sərbəst, cəsur və qürurlu yetişməsi üçün yaşlı və nüfuzlu insanların aqressiv hücumlarından necə qoruduğunu, onlara necə inam və umudla yanaşdığını gördüm. Banket təxminən 1-in yarısı qurtardı. Əbülfəz bəy məni söhbəti davam etdirmək üçün əvvəl sahildə gəzməyə dəvət etdi. Sahildə biraz gəzib söhbət edəndən sonra evinə dəvət etdi. Gecə saat 2-də getdik onlara”¦ Həmin gün əvvəl banketdə, sonra sahildə, daha sonra isə gecə saat 5-ə qədər evlərində etdiyimiz söhbətlər və çox sərt mübahisələr”¦ Bir neçə gün sonra Əlyazmalar İnstitutunun qarşısında rastlaşanda mən etdiyimiz mübahisələrdə həddimi aşdığımı düşünərək üzr istəməyə hazırlaşırdım ki, Əbülfəz bəy mənim boynumu qucaqlayıb sərtlik etdiyi üçün bağışlanmasını dedi. Əbülfəz bəyin bu böyüklüyü qarşısında qəhərləndim, gözlərim doldu”¦
               
1989-cu ildə AXC Naxçıvan MR Şöbəsinin konfransı idi. Əbülfəz bəy də iştirak edirdi. İdarə Heyyətinə 11 nəfər seçildi. Onlardan biri də mən idim ki, 3-cü ya 4-cü səs toplayaraq seçildim. Amma məndən çox yaşlı olan alim dostlarımızdan biri olan Cabbar Cəlilov (Bəydilli) seçilmədi. İdarə Heyyətinə seçilənlər arasında yaşda ən balacası mən olduğumdan Cabbar bəy konfransda bir neçə dəfə mənim seçilməyimə özünün qıraqda qalmasına narazılıq etdi. Bir şey alınmadı. Sonra bir qrup dostumuzla Əbülfəz Elçibəylə birlikdə yeməyə getdik. Bu yaşlı və alim dostumuz da bizimlə getdi. Yemək müddəti dostumuz  Cabbar Cəlilov dəfələrlə mənim seçilməyimə və özünün seçilməməyinə deyindi. Axırı Əbülfəz bəy dözməyərək çox sərt şəkildə “Cabbar bəy, bəsdi axı. Nə istəyirsən bu adamdan? Bunu seçdilər səni seçmədilər. Sən bu yaşınla bu savadınla bunun elədiklərinin yarısını edə bilmirsən. İndi nə deyirsən, neyliyək, nizamnaməni-zadı hər şeyi qoyaq qırağa səni İdarə Heyyətinə üzv edək? Bəsdi axı. Əl çək bu adamın yaxasından” deyərək məni yaşlı və alim dostumuz Cabbar Cəlilovun hücumlarından qorudu.
                 
Sonralar dəfələrlə Əbülfəz bəyin belə sərtliyini və qətiyyətini görmüş, çoxlarını elədiyi yanlışlara görə necə sərtlik və qətiyyətlə rədd etdiyinin şahidi olmuşam. İndi Əbülfəz bəyi yumşaq, sadəlöhv adlandıranlara bilmirəm gülüm ya ağlayım. Onları qınamıram, çünki onlar Əbülfəz bəyi bir insan, vətəninə, ulusuna bütün varlığı ilə bağlı bir aydın kimi gördülər. Çünki onlar Əbülfəz bəyi ehtiyacı olan soydaşına hər zaman yanan, qayğı göstərən, aldığı əmək haqqını və ya ona verilən evi qaçqına bağışlayan gördülər. Çünki onlar Əbülfəz bəyin soydaşlarının ağrısına-acısına dayanammadığını gördülər və buna görə də Əbülfəz bəyi yumşaq, sadəlöhv adlandırdılar. Onlar yazı-pozu ilə məşğul olanların cəsarətlənməsi, demokratiyanın inkişafı, millətin düşüncəsində hamının bərabər olduğu fikrinin oturuşması üçün onu haqlı-haqsız tənqid edənlərə, hətta haqsızlıq edənlərə belə dözümünü, mülayimliyini fağırlıq kimi qiymətləndirdilər. Amma onlar Əbülfəz Elçibəyi Vətəni, Ulusu və dövləti üçün bütün dünyanı qarşısına alacaq qədər cəsarətli, qürurlu və qətiyyətli görə bilmədilər.  Çünki həm Əbülfəz Elçibəyin əlethinə illərlə aparılan təbliğat, həm də bu insanların maraq və düşüncələri onların Əbülfəz bəyin bu böyüklüyünü görməsinə imkan vermədi.
                  
Əbülfəz bəy əvvəl Bakıda olanda da ( o zaman qaldığı evin nömrəsi indi də yadımdadır ”“ əvvəli 32 sonu 40, ortadakı iki nömrəni qəsdən demirəm), Kələkiyə gələndə də və yenidən Bakıya qayıdanda da mən nə zaman istəmişəm Əbülfəz bəylə rahat görüşmüşəm. Mənim ilk evladım dünyaya gələndə Əbülfəz bəy Kələkidə idi. Uşaq dünyaya gələn günün səhəri Kələkiyə getdim. Əbülfəz bəyə bu xəbəri verəndə adını soruşdu. Adını siz qoyacaqsız dedim. Təxminən iki saat söhbət etdik. Ayrılanda “balaca bəyimizin adını Bayxan qoyarsan” dedi.
                  
Mən Əbülfəz bəyi təkcə bir lider, bir prezident və ya vətəninə, ulusuna varlığı ilə bağlı olan bir siyasətçi kimi yox, həm də çox böyük dəyərlərə sahib bir insan və böyük qardaş kimi sevirdim. Elə buna görədir ki, həbsxanadan çıxan kimi səhər saat 10-da heç kimə heç bir xəbər etməmiş Əbülfəz bəyə zəng etdim. Evdən çıxmışdı. Evdən hava telefonu (ratsiya) vasitəsi ilə Əbülfəz bəyə xəbər verdilər. Qərargahda görüşdük. Çox söhbət etdik. Hər şeylə maraqlandı. Amma həbsxanadakı bütün siyasi qrupların içində ən ağır vəziyyətdə cəbhəçilərin olduğunu deyəndə gözləri doldu”¦ Həbsdə olarkən Əbülfəz bəyə belə bir məktub göndərmişdim.
Elçibəyə məktub
         
Məhbus yoldaşlarım adından
         ulusa səsləniş
 
Hərə bir cür yozsa belə,
Məni əzsə-üzsə belə
İncimirəm. Sizsə belə,
Duyun, məhbəs də Vətəndi!
 
Çəkincə vətən həsrətin,
Xoş günündənsə qürbətin.
Xarabası məmləkətin,
Sayın, məhbəs də Vətəndi!
 
Bu təmtəraq nə həvəsdi?
Hər tərəfdə bəhsə-bəhsdi.
Qəbir əbədi məhbəsdi!
Duyun, məhbəs də Vətəndi!
 
Olmuşsada alın yazım,
Keçsə burda yaz, payızım.
Məhbussada atan, qızım,
Öyün, məhbəs də Vətəndi!
 
Dərdimizi çözər kimi,
Ömrümüzü bəzər kimi.
Məhbəsi də məzar kimi,
Geyin, məhbəs də Vətəndi!
 
Bütün ağrı-acısıyla,
Alçağıyla, ucasıyla,
Bağlı qapı-bacasıyla,
Öyün, məhbəs də Vətəndi!
 
Xoş arzular puç olsa da,
“Qiymətimiz” heç olsa da,
Hüququmuz “kiçilsə” də,
Bəyim, məhbəs də Vətəndi!
 
Məni övlad, ya qulun san!
Sən Ululardan Ulusan!
Tək bir ağızdan, Ulusum.
Deyin, məhbəs də Vətəndi!
Bir də Əbülfəz bəylə bağlı yaddaşımdan heç silinməyəcək xatirə 1999-cu ilin avqustunda anam dünyasını dəyişərkən olan xatirədir. Anam rəhmətə gedəndə çox adam telefonla və qəzetlər vasitəsi ilə başsağlığı verdi. Amma Əbülfəz Elçibəyin “Azadlıq” qəzetində verdiyi başsağlığı tamam fərqli idi. ”Əbülfəz Elçibəy Bünyamin Qəmbərliyə anasının vəfatı münasibəti ilə dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin”. Düz bir il sonra isə Əbülfəz Elçibəy dünyasını dəyişdi.  Əbülfəz Elçibəyi millətimizə bəxş edən tanrıya şükürlər edin, onu dünyaya gətirən anaya, böyüdən ataya  və Elçibəyin özünə Allahdan rəhmət diləyirəm !  
Bünyamin Qəmbərli



Ana səhifəyə qayıt        Baxış: 1 094          Tarix: 22-06-2018, 05:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma