Xəbər lenti
Dünən, 20:40

 

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində baş verən korrupsiya cinayətləri barədə araşdırmamız zamanı ortaya çıxan bir sual bizi xeyli düşündürdü. Araşdırmalar zamanı məlum oldu ki, Azərbaycan hökuməti Kürün daşmasının qarşısını almaq məqsədilə çayın dibini dərinləşdirən bir idarə yaradıb. 2012-ci ildən fəaliyyətdə olan bu idarə 6 ildir ki, öz fəaliyyətini davam etdirir, amma nədənsə çayın dibi dərinləşib qurtarmır. Sözügedən idarənin keçmiş mütəxəssisləri ilə söhbətimiz zamanı o da məlum oldu ki, müəssisə müvəqqəti də yaranmayıb. DDİİ qiyamətə qədər Kürün dibini dərinləşdirəcək, çay isə yenə lil və qum gətirərək dərinləşdirilmiş həmin yerləri dolduracaq. Bu dərinləşdir-doldur döngüsü isə kimlərinsə ciblərini pulla dolduracaq.

Bəs, görəsən Kürün yeni ekoloji tarazlığına çevrilən bu süni sistemi daha təbii və rentabelli döngü (sırkulyasiya) ilə əvəz etmək olmazdımı? Axı Kür minillərdir axır, vaxtilə nə çayın dibini dərinləşdirən CSD-500" markalı torpaqsoran qurğular, nə Türkiyə istehsalı olan 6 ədəd yedək təchizat gəmisi, nə də 3 ədəd tədqiqat və 3 ədəd kiçik həcmli xilasedici katerləri vardı. Kür isə axır, Azərbaycan torpaqlarına bərəkət verirdi. Niyə o zaman indiki problemlər yaşanmır, Kürətrafı kəndlər sel altında qalmırdı? Ümumiyyətlə, Kürün ənənəvi ekoloji sistemi üzərində qurulan bu süni döngü korrupsiya pullarının yuyulması üçünmü yaradılıb?

 

Bizi düşündürən suallarla bağlı mövqeyini öyrəndiyimiz Azərbaycan Auditorlar Palatasının Qanunvericilik və Hüquq məsələləri üzrə Komitəsinin sədri Elçin Qurbanov Ovqat.com-a verdiyi açıqlamada saytımız vasitəsilə DDİİ-də baş verənlərlə tanış olduğunu bildirdi. Onun sözlərinə görə, ilk baxışdan məlumatlarda korrupsiya iddiaları, həqiqətən də, tam təsdiqini tapıb: “Amma qəti cavab vermək üçün məlumatları yerində yoxlamaq və maliyyə təsərrüfat fəaliyyətlərinin auditini aparmaq lazımdır. Hələlik isə saytınızın ortaya qoyduğu faktlar barədə yalnız mülahizələr yürütmək mümkündür”.

Elçin Qurbanovun ilkin mülahizələrinə gəlincə, ehtimal olunan korrupsiya əməlinə zəmin hazırlayan amilləri iki qrupa bölmək olar: obyektiv səbəblər və subyektiv səbəblər.

Həmsöhbətimizin fikrincə, 2010-cu ildə Kür daşqınlarının nəticələrini aradan qaldırmaq üçün Azərbaycan hökumətinin FHN-nin tərkibində “Dibdərinləşdirmə” idarəsi yaratması o günün zərurətindən meydana gəlsə də, təcili addım idi və çox maliyyə tələb edirdi: “Zamanla bu tədbirləri daha rentabelli hala gətirmək və büdcədən maliyyələşən qurumun yerinə büdcəni qidalandıran müəssisələr yaratmaq olardı. Nəticədə korrupsiyanın çiçəklənməsinə şərait yaranmazdı”.

 

Kürün daşmasının qarşısını almaq üçün yaranan zərurəti problemin obyektiv, bundan öz mənfəəti üçün yararlanan qurumların daha effektli tədbirlərə keçməməsini isə subyektiv amillərə aid edən Elçin Qurbanov fikirlərini belə əsaslandırdı:

“Əslində Kür çayı qədim zamanlarda da öz məcrasından çıxır, tez-tez daşırdı. Daşqınların səbəbi çayın gətirdiyi qum və lillərin məcranı tutmasıdır. Məlumdur ki, Kür hər il Xəzərə min tonlarla lil və qum daşıyır. Kürü əsas çirkləndirən isə deltadan 236 km aralıda ona birləşən Araz çayıdır. İddialara görə, təkcə Arazın Kürə gətirdiyi lil ildə 11 min ton civarında olur.  Bu lillər və qumlar dənizə tökülərək toplanır və çayın deltasını formalaşdırır. Bəzən bu qum yığılmaları o qədər böyük olur ki, Kürün məcrasını dəyişdirir. Hazırda “Kür dili” kimi tanınan yarımadanın bir zamanlar delta olduğu güman edilir. Çayın gətirdiyi qumların deltanı dənizin içərilərinə doğru apardığı və çay yatağını doldurduğu, nəticədə isə Kürün öz məcasından çıxdığı bəllidir. Əslində bu gün də baş verən eyni prosesdir və “Dibdoldurma” İdarəsi bu prosesin qarşısını almaq üçün yaradılıb.

O halda ikinci sual ortaya çıxır: Sovet hökuməti dövründə niyə belə böyük daşqınlar baş vermirdi?

İqtisadçı ekspert bunu 2 mühüm səbəblə əsaslandırdı:

  1. Sovet hökuməti dövründə yaradılan su-meliorasiya sistemləri. Bu sistemlərlə Kürdən böyük miqdarda su alınaraq əkin sahələrinə yönəldilirdi. Nəticədə həm kənd təsərrüfatı müəssisələri su ilə təchiz olunur, həm də Kürün daşmasının qarşısı alınırdı.
  2. Sovet hakimiyyəti dövründə Kürün təmizlənməsi üçün aparılan daha təbii metodlar. Bunun üçün Kürün Azərbaycan hüdudları içərisindəki başlanğıc nöqtəsi olan Şəmkirdə “İnam” adlı lilsoran gəmi fəaliyyət göstərirdi. Həmin gəmi Şəmkirdən Mingəçevirə qədər ərazilərdə Kürün dibindən topladığı lilləri sahilə atırdı. Kürün mənşəyində isə Neftçala Balıq Kombinatı yerləşirdi. Kombinatın 10 ədəd dəmir gəmiləri vardı və bu gəmilər hərəkət etdikcə çay yatağına toplanmış lillər yuxarıya qalxır və su vasitəsilə dənizə axıdılırdı. Sovet hökuməti dağıldıqdan sonra həmin kombinatın da kitabı bağlandı. Ən son bu ilin ortalarında Vergilər Nazirliyinə olan 116 min manatlıq borcuna görə hərraca çıxarıldı. Müəssisəyə məxsus binalardan biri 39 665 manat və 77 000 manata dəyərləndirilmişdi, yəni su qiymətinə. Müəssisənin sonrakı taleyindən isə xəbərim yoxdur. Bir müddət həmin kombinatın 10 gəmisinin gördüyü iş Şəmkirdən Neftçalaya gətirilən “İnam” gəmisinə tapşırıldı. “İnam” gəmisi isə bu ağır yükə dözə bilməyib sıradan çıxdı və beləcə 2010-cu ildə başlayan daşqınlar yaşandı. Hökumət də təcili tədbirlər kimi DDİİ-ni yaratdı”.

 

Ekspertin fikrincə, məhz bu iki amil sovet dövründə Kürün tutulmasının qarşısını alır və sahil boyu həyat öz axarında gedirdi: “O dövrlərdə yüzlərlə Neftçala əhalisi balıq kombinatında işləyir, evlərinə çörək aparırdı. Bölgənin insanları balıqçılıqla məşğul olur, hər kəsin süfrəsinin əsas təamı da dəniz heyvanları idi. İndisə nə o müəssisə var, nə də o balıqçılar. Əvəzində bu işi FHN-nin nəzdində yaradılan bir idarə mövcuddur ki, orada da cəmi 110 nəfər işləyir. İdarə rəhbərliyinin bütün fəaliyyəti su altında qaldığından görülən işlərə nəzarət etmək imkanı da yoxdur. Ən pisi isə odur ki, idarənin gördüyü işin məcmusu olan sudurulduculardakı vəziyyət də sənədlərdə göstərildiyi kimi deyil. Sizin sözünüz olmasın, 200 qramlıq stəkana 1 litr su doldurublar, qabın yarısı da boş qalıb”.

Elçin Qurbanovun fikrincə, əslində təsərrüfat hesablı görünsə də, faktiki büdcə tərəfindən maliyyələşdirilən bu idarəyə çəkilən xərcin 1/10-u Neftçala Balıq Kombinatına qoysaydılar, həm əhalinin məşğulluq potensialı böyüyər, balıqçılıq sektoru inkişaf edər, həm də dəniz məhsullarının ixracı artar və çəkilən xərclər qat-qat artıqlaması ilə geri qayıdardı: “Nə yazıq ki, bizimkilər faydalılıq əmsalını düşünmədən hərəkət edirlər”.




Ana səhifəyə qayıt        Baxış: 527          Tarix: 29-10-2018, 22:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent