Xəbər lenti
27-11-2024, 19:25
 
Redaksiyamıza FHN-nin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində Kadr üzrə mütəxəssis işləyən Ağalarova İlahə Mirəskər qızı şikayət ərizəsi ilə müraciət etmişdir. Rəsmi dövlət orqanlarında müraciətlərinə baxılmadığı üçün bizə müraciət etmək məcburiyyətində qalan xanım hüquqlarının bərpa olunmasını istəyir. Qeyd edək ki, Neftçalada yerləşən bu idarə mövsümü xarakterli sel və daşqınlar nəticəsində əziyyət çəkən əhalinin təhlükəsizliyini nəzərə alaraq, Cənab Prezidentimizin məlum sərəncamıyla yaradılıb. Bir neçə ildir ki, hüquqları tapdanan dörd uşaq anası olan bu xanım özünün və 7 ildir həmin idarədə işləyən həyat yoldaşı Vidadi Həsənovun xidmət rəisi Fuad Bağırovun və idarə rəisi Fuad İsmayılzadənin özbaşınalıqlarından əziyyət çəkdiyi üçün bizə müraciət etmək məcburiyyətində qalıb. Çünki bu idarədə özbaşınalıq edənlər nazirlikdə yüksək vəzifələr tutanların qohum və dostlarıdır. İdarədə dözülməz şəraitdə işləyən şikayətçi deyir ki, 112 qaynar xəttinə etdiyi müraciətlərə də obyektiv baxılmır. Burada baş verən özbaşınalıqlar, dövlət əmlakının ğöyə sovrulması, Neftçala rayonunda əhalinin yeganə içməli su mənbəyi olan Kür çayına fekal suların axıdılması, rəsmi dövlət sənədlərində imzasının saxtalaşdırılması və digər qanun pozuntuları barədə dörd ildir ki, nazirə ünvanladığı müraciətlər həmin şəxslər tərəfindən gizlədilir. İlahə Ağalarova deyir ki, o və idarədə hüquqları tapdanan hər bir əməkdaş bilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ədalətli insandır. Dörd ildir ki, öz naziri ilə görüşüb onların etdikləri qanunsuzluqları demək istəyən şikayətçi xanımın qəbula düşməsinə dəfələrlə müxtəlif üsullarla maneçiliklər törədilib. Hətta 30.12.2014-ci il tarixində nazirin qəbuluna gələndə nazirliyin həyətində pilləkənlərlə aşağı enən Kəmaləddin Heydərova yaxınlaşmaq istədikdə, həmin şəxslərin göstərişi ilə mühafizə tərəfindən qucağında olan 2 yaşlı körpəsinin göz yaşlarına baxmayaraq, nazirliyin həyətində onun qarşısını kəsərək görüşməyinə imkan verməyiblər. Növbəti dəfə 30.11.2015-ci il tarixində nazirin Neftçala rayonunda vətəndaşları qəbulu zamanı bir gün öncə şikayətçi xanımı qəbula yazdıqları halda, qəbul günü hamiləliyini görsələr də, onu qəbul gedən binanın həyətinə belə buraxmayıblar. Cənab naziri ilə görüşmək İ.Ağalarovanın son ümidi imiş. Redaksiyamıza üz tutan dörd azyaşlı körpə anası olan bu xanım qəzetimiz vasitəsilə hörmətli nazir Kəmaləddin Heydərova idarədə dövlət əmlakının talanmasını, bizə də təqdim etdiyi sənəd və sübutlarla çatdırmaq, ona və həyat yoldaşına qarşı olan haqsızlıqları demək, eyni zamanda onu qəbul etməsini xahiş etmək istəyir. Çünki bu şikayətlərinə görə ona və həyat yoldaşına onlarla işləmək istəmədiyi barədə idarə rəisinin xəbərdarlığını artıq çatdırıblar.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.



Ana səhifəyə qayıt        Baxış: 971          Tarix: 25-10-2018, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma