Xəbər lenti

 

ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi bu gün başlayır.

Ovqat.com xəbər verir ki, sanksiyalara 5 noyabr bazar ertəsi günü Bakı vaxtilə saat 9-da start verilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın İranla bağlanan nüvə sazişindən birtərəfli qaydada çəkilməsini elan etdikdən sinra ölkənin Xəzinədarlıq İdarəsi İrana qarşı sanksiyaların 90 və 180 gündə iki mərhələdə bərpa ediləcəyini açıqlamışdı. Həmin bəyanatdan 90 gün sonra ilk sanksiyalar 7 avqustda qüvvəyə girmişdi. Xəzinədarlığın verdiyi 180 günlük möhlət isə bu gün tamamlanır.

ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, 5 Noyabrda başlayacaq sanksiyalar 6 maddədən ibarətdir. Maddələrdə əsasən İranın liman operatorları, yük və gəmiqayırma sektoruna embarqoların tətbiqi planlaşdırılmışdı.  Bundan əlavə, ikinci mərhələdə əsas hədəf neft istehsalı ilə bağlı olacaq. Sanksiyalar çərçivəsində İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla neft, və neft-kimya məhsullarının alınmasına beynəlxalq məhdudiyyətlər qoyulacaq. Sanksiyaların digər bir məqsədi isə beynəlxalq maliyyə qurumlarının İran Mərkəzi Bankı başda olmaqla, müxtəlif banklarla əməliyyatlar aparılmasını qarşısını almaqdır. Sanksiya qərarının 4-cü maddəsində bu niyyət açıq-aşkar ifadə olunur. 5-ci və 6-cı maddələrdə isə sığorta şirkətləri və enerji sektorunda məhdudiyyətlər gətirilir.

ABŞ Maliyyə Naziri Steven Mnuchin dünən verdiyi açıqlamasında 5 Noyabr sanksiyasına məruz qalan şəxslər siyahısına 700-dən çox İran vətəndaşının və təşkilatının adının əlavə ediləcəyini deyib.

Bəs, ABŞ İrandan nə tələb edir?

ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə sazişindən çəkildikdən sonra verdiyi açıqlamada bu suala aydınlıq gətirərək İranla yeni bir müqavilə bağlamağa ehtiyac olduğunu vurğulayıb və 12 maddəli şərtlət irəli sürüb. Şərtlər belədir:

  1. İran əvvəlki nüvə proqramlarının hərbi aspektlərini Beynəlxalq Atom Enerjisi Agentliyinə açıqlamalı, öz fəaliyyətini daimi və doğrulana biləcək şəkildə dayandırmalıdır.
  2. İran uranın zənginləşdirməsini dayandırmalı və plutonium üzərində isə bir daha çalışmamalıdır.
  3. İran Beynəlxalq Aton Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini ölkə daxilindəki obyektlərə qeyd-şərtsiz daxil olmasını təmin etməlidir.
  4. Ballistik, xüsusilə də nüvə başlıqları daşıyan raketlərin istehsalı dayandırılmalıdır.

5 - İran saxta ittihamlarla həbs olunan bütün ABŞ və tərəfdaş ölkələrin vətəndaşlarını azad etməlidir.

6 - İran Hizbullah, Həmas və Fələstin İslami Cihad hərəkatı da daxil olmaqla, Yaxın Şərqdəki bütün "terrorçu qruplara" dəstəyini kəsməlidir.

  1. İran İraqın suverenliyinə hörmət etməli, silahsızlanmağa, şiə ümmətçiliyinin ləğvinə və İraq xalqının reinteqrasiyasına imkan verməlidir.

8 - İran Husi silahlılarına hərbi dəstəyi azaltmalı və Yəmən probleminin sülh yolu ilə həllinə kömək edilməlidir.

9- İran Suriyadakı bütün hərbi qüvvələrini geri çəkməlidir.

10 - İran Əfqanıstan və bölgədəki Taliban kimi terrorist qruplara hərbi yardımlarını dayandırmalı və Əl-Qaidəyə logistik dəstəyini kəsməlidir.

11- İran İslam İnqilabı Mühafizlərinin dünyadakı terrorist və silahlı tərəfdaşlarını dəstəklənməsinə son qoyulmalıdır.

12- İran ABŞ-ın müttəfiqləri olan raketdən imtina etmiş qonşularına, həmçinin İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı təhdidkar davranışlara son verməlidir.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara 8 ölkənin qoşulmamasına göz yumulacaq və onlardan biri də Azərbaycandır. Ölkə rəsmilərimiz dəfələrlə bununla bağlı bəyanatlar səsləndirib və bloklara qoşulmamaq siyasətinə üstünlük verdiklərini ortaya qoyublar. Bir müddət əvvəl Azərbaycanın da aralarında olduğu 5 Xəzəryanı dövlətin bağladıqları sazişdə də bu nəzərdə tutulur və İranın məhz bu səbəbdən Xəzərlə bağlı iddialarından geri çəkildiyi vurğulanır.

Azərbaycanın bu tutumu isə ABŞ-da birmənalı qarşılanmayıb.  Məlumata görə, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun da bir müddət əvvəl Bakıya səfəri də elə bununla əlaqədar idi. Onun problemi müzakirə etmək və rəsmi Bakını sanksiyalara qoşulmağa razı salmaq üçün ölkəmizə səfər etdiyi güman olunur. Bildirilir ki, Bolton müzakirələrin sonunda Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşməsi həqiqəti ilə razılaşaraq, ölkəsinə geri qayıtmışdı. Bu məlumatın nə dərəcədə həqiqət olduğu yaxın günlərdə aydınlığa qovuşacaq.




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 5-11-2018, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma