Xəbər lenti

 

Ovqat.com Teleqraf.com-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

- Qüdrət bəy, son vaxtlar MDB regionunda dinamik proseslər müşahidə edilir. Rusiya ilə Ukrayna arasında Kerç böhranı yarandı, Ukraynada fövqəladə vəziyyət elan olundu, Qərb ölkələri antirusiya bəyanatları ilə çıxış etdilər. Baş verən bu prosesləri necə qiymətləndirirsiniz?

- Beynəlxalq hüquq faktiki olaraq işləmir. Böyük dövlətlər öz maraqlarına uyğun olan istənilən məsələni güc tətbiq etmək yolu ilə həll etməyə çalışırlar. Bu mənada sanki dünyada nizam itib, dünya vəhşi cəngəllik qanunları ilə yaşayır, güclülər zəifləri əzir, sıxışdırır, torpaqlarını əlindən alır, hakimiyyətləri dəyişirlər. Təəssüflər olsun ki, dünyada beynəlxalq hüquqa əməl edilməsi və onun tətbiqi məsələsində ciddi böhran yaşanır. Güclü dövlətlər beynəlxalq hüquqa tabe olmur, digər dövlətlər isə onları məsuliyyətə cəlb edə bilmirlər. Odur ki, pat vəziyyəti yaranıb. Bəzən Qərb bu və ya digər ölkələrə sanksiyalar tətbiq edir, amma bu sanksiyalar da effektiv olmur.

- Faktiki olaraq Rusiya Azov dənizini özününkü hesab edir, NATO isə Qara dənizdə hərbi iştirakığını gücləndirir. Müşahidə edilən bu gərgin qarşıdurmanın müharibəyə çevrilməsi ehtimalı varmı?

- Bu gərginliyin müharibəyə çevrilməsini əngəlləyən faktor var və bu da nüvə silahıdır. III Dünya Müharibəsinin qarşısını alan da məhz bu amildir. Baxmayaraq ki, əslində dünya müharibəsi lokal şəkildə davam edir. Məsələn, Yaxın Şərqdə, Ukraynada, Əfqanıstanda, Gürcüstanda, Moldovada, müvəqqəti dondurulsa da, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində də münaqişə var.

Lakin bütün bunlar böyük dövlətlərin üz-üzə gəldiyi böyük müharibəyə çevrilmir. Yeganə çəkindirici faktor da nüvə silahıdır. Ancaq böyük dövlətlər ayrı-ayrı ölkələrin ərazisində üz-üzə gəlirlər. Hazırda Suriyada ABŞ və Rusiya üz-üzə dayanıb. Əfqanıstanda terrorçu təşkilatlar maraqlı dövlətlər tərəfindən silahlandırılır və maliyyələşdirilir. Bəzi dövlətlər bilirlər ki, artıq Əfqanıstan kimin nəzarətindədir. Terror təşkilatını maliyyələşdirənlər isə orada normal dövlət quruculuğuna imkan vermirlər. Müharibə bu formada gedir və nüvə silahı, siz nəzərdə tutduğunuz daha böyük miqyaslı müharibələrin qarşısını alır.

- Ukrayna-Rusiya münaqişəsi MDB məkanında olan münaqişələrə, o cümlədən Azərbaycana hansı formada təsir göstərir?

- Dünyada nizam-intizamın günü-gündən pozulması sözsüz ki, Azərbaycanı narahat edir. Əgər böyük dövlətlər çəkinmədən kiçik dövlətləri əzəcəksə və torpaqlarını parçalayacaqsa, bu elə kiçik dövlət kimi bizi də narahat etməlidir. Çünki əzilən kiçik dövlətlərdir.

Ümidverici fakt odur ki, Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir, Türkiyə indi regionda müəyyən sözü olan dövlətdir. Əsas söz sahibi olan ölkə isə sözsüz ki, Rusiyadır. Rusiya ilə Azərbaycanın münasibətlərində yaxınlaşma və yaxşılaşma müşahidə olunur. Hər halda Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması bizim Rusiya ilə münasibətlərimizin istiləşməsinə də öz töhfəsini verir. Hazırda İran və Azərbaycan bir-birinin daxili işlərinə qarışmamaq siyasəti yürüdürlər. İrandan da Azərbaycana təhlükə yalnız bir istiqamətdədir: əgər İrana tətbiq edilən sanksiyalar ölkə daxilində vətəndaş qarşıdurmasına yol açarsa və oradan Azərbaycana miqrant axını başlayarsa, böyük humanitar fəlakət yarana bilər. Nəzərə alın ki, Azərbaycan böyük dövlət deyil ki, qaçqınları yerləşdirə bilsin.

Bizim özümüzün bir milyon qaçqınımız var və hələ onları yerləşdirib başa çatdıra bilməmişik. Bu mənada Azərbaycan İran ətrafında baş verən proseslərə görə narahatdır. İkincisi, biz Rusiyanın daha stabil və proqnozlaşdırılan ölkə olmasından yanayıq. Ona görə ki, Rusiyada sabitliyin pozulması Azərbaycana mənfi təsir edə bilər. Çünki orada sabitlik pozularsa, hakimiyyətə kimin gələcəyini, onun hansı siyasət aparacağını indidən proqnozlaşdıra bilmərik.

- Siz güman edirsiniz ki, Rusiyada sabitlik pozula bilər?

- Biz ancaq ehtimallarımızı dilə gətiririk. Əgər ABŞ neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə nail ola bilsə və Rusiya iqtisadiyyatının daha aparıcı sahələrinə sanksiyalar tətbiq edilsə, yəni Rusiyanın bank sektoruna və enerji ehtiyatlarının satılmasına maneçilik yaradılsa, zənnimcə, iqtisadiyyatı neftdən asılı olduğuna görə Rusiya ciddi sosial sarsıntılar yaşaya bilər.

Bu zaman Rusiyada bizim arzu etmədiyimiz proseslər - hərbi çevriliş də, saray çevrilişi də baş verə bilər. İkincisi, sosial partlayış yaşana, sabitlik pozula bilər. Bu baxımdan Azərbaycan çalışır ki, qonşu dövlətlərlə münasibətlərini normal saxlasın və belə təhlükələrdən özünü sığortalaya bilsin. Bir daha qeyd edirəm ki, dünya çətin mərhələyə qədəm qoyub.

- Ötən həftə qonşu Gürcüstanda keçirilən prezident seçkiləri diqqət mərkəzində oldu. Azərbaycanda çoxları hesab edirdi ki, bu seçkilər müxalifətdə duran Saakaşvilinin revanşı olacaq. Lakin nəticələr tam fərqli oldu. Siz Gürcüstanda keçirilən seçkilər və onun nəticələrini necə qiymətləndirirsiniz?

- Beynəlxalq müşahidəçilər Gürcüstanda seçkini şəffaf seçki kimi qiymətləndirdi. Amma beynəlxalq təşkilatların bəyanatlarında orada seçicilərin ələ alınması istiqamətində iqtidar partiyası tərəfindən böyük iş aparıldığına dair faktlar da qeyd olunub. İnzibati resurslardan istifadə edilməsi haqda da informasiya var. Gürcüstandakı seçkilər ümumən seçicilərin iradəsini ifadə etsə də, Qərb standartlarına cavab verən azad və ədalətli seçkilər kimi qiymətləndirilmədi.

Hesab edirəm ki, Salome Zurabişvilinin prezident seçilməsi onun ermənipərəst olması səbəbindən bizim maraqlarımıza cavab vermir. Zurabişvili bir zamanlar Fransanı BMT-də təmsil edib. Ancaq indi Gürcüstan dövlətinin maraqları və həyati mənafeyi tələb edir ki, Azərbaycan, eləcə də Türkiyə ilə qardaşlıq siyasəti aparsın. İkincisi, Gürcüstanda prezidentin geniş səlahiyyətləri yoxdur. Gürcüstanda prezidentlik daha çox seremonial vəzifə sayılır. Əsas vəzifə səlahiyyətləri baş nazirin əlində cəmləşib və baş nazir də Azərbaycanla kifayət qədər sağlam əsaslara söykənən münasibət qurub. Gürcüstanın bu siyasətindən imtina etməsi mümkünsüzdür.

- Sizcə, gürcü xalqı niyə Saakaşvilini dəstəkləmədi?

- Mən qeyd etdim ki, seçkilərin II turunda hakimiyyət partiyası inzibati resurs amilindən daha məharətlə istifadə etdi, üstəlik 600 min insanın kredit borcunun bağlanması barədə hökumətin üzərinə götürdüyü öhdəlik və bu istiqamətdə real addımların atılması seçkilərə həlledici təsir göstərdi. Fikrimcə, bu amil böyük rol oynadı. Məsələn, eşitmişəm ki, “Quran”ı əllərinə götürərək, azərbaycanlıların evlərinə gedir və onları hakimiyyət namizədinə səs verməyə dəvət edirlərmiş. Belə faktlar çoxdur.

Bununla belə, kimsə düşünürsə ki, 20 il ərzində Gürcüstanda Qərb standartlarına uyğun olan demokratiya qurmaq mümkündür, yanılır. İndiki vəziyyətin özü də Gürcüstan üçün müsbət nəticədir. İnsanların şüuru, mentalitetinin dəyişməsi üçün nəsillərin dəyişməsinə ehtiyac var. Bəzən demokratik dövlət qurmaq 100 illərlə vaxt alır.

- Bu fikrinizi necə əsaslandıra bilərsiniz?

- Sizə bir misal deyim: 1860-cı illərdə ABŞ-da vətəndaş müharibəsində cənub məğlub oldu və quldarlıq rəsmən ləğv olundu. Amma orada qara dərililər öz hüquqlarını təmin etmək üçün 100 il mübarizə apardılar. 1970-ci illərə qədər bu mübarizə davam etdi və Martin Lüter Kinqə qədər proses getdi. Təsəvvür edin ki, kosmosa, Aya uçan Amerika öz ölkəsində hələ də qara dərililərin hüquqlarını, insanların bərabərliyini tam bərpa edə bilməmişdi. Görün, nə qədər uzunmüddətli bir proses yaşandı. Özü də nəzərə alın ki, ABŞ-a gedənlər, bu ölkəni quranlar əsasən, Böyük Britaniyadan, İrandiyadan idilər. Həmin dövrdə Britaniyada parlament demokratiyası, seçkilər var idi.

Yəni bu insanlar ABŞ-ın yerli aborigen xalq deyildi. Odur ki, 20 il ərzində Gürcüstanda tam demokratik cəmiyyətin qurulmasını gözləmək özünü aldatmaqdır. Bununla belə, Gürcüstan bu yolda irəliləyir və əminəm ki, növbəti parlament seçkilərində müxalifət daha çox səs toplayacaq. Demirəm ki, növbəti seçkidə Gürcüstan müxalifəti seçkini udacaq, uda bilməsə də, parlamentdə güclü müxalifət formalaşdıra biləcək. Həm də nəzərə alın ki, bizdən fərqli olaraq, Qərb bir xristian ölkəsi kimi Gürcüstana daha çox diqqət göstərir, ona dövlət quruculuğu prosesində daha ciddi dəstək verir. Hər halda bizim də istədiyimiz odur ki, Gürcüstan demokratik yolla inkişaf etsin, orada müasir Avropa dövləti yaransın. Biz də Avropa təfəkkürlü insanlarla əhatə olunaq. Nəhayət, oradakı hakimiyyət Azərbaycana dost hakimiyyət olsun. Bizim istədiyimiz bu iki məsələdir.

- Bir neçə gündən sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Sizcə, seçkilərin nəticələri və ondan sonra Ermənistanın aparacağı siyasət necə olacaq?

- Siyasətdə yüz faizlik proqnoz vermək olmur, amma hesab edirəm ki, seçkilərdə böyük ehtimalla Paşinyan qalib gələrək, hökuməti formalaşdıracaq. Bundan sonra bizi maraqlandıran Paşinyanın Dağlıq Qarabağ məsələsində güzəştə getməsi məsələsidir. Unutmayaq ki, Ermənistanı tərk edən ABS səfiri açıq dedi ki, bu ölkədə heç bir erməni vətəndaşı, siyasətçisi Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək haqqında düşünmür.

Bu, həqiqətən də belədir. Düşünürəm ki, Rusiyanın 5 rayonu qaytarması planına razılıq vermək üçün Paşinyana təzyiqlər olacaq. Daha çox “Rusiya planı” kimi təqdim edilən sənədə görə, 5 rayon qaytarılır, Azərbaycan Dağlıq Qarabağdakı hakimiyyətin aralıq statusunu tanıyır, kommunikasiya xətləri açılır. Laçın və Kəlbəcərin azad edilməsi ilə Qarabağın statusu isə gələcək nəsillərə qalır. Belə bir sülh planının həyata keçirilməsi üçün ola bilsin ki, tərəflərə, ələlxüsus da Paşinyana ciddi təzyiqlər olsun. Əgər Paşinyan buna müqavimət göstərsə, mümkündür ki, onun devrilməsi məsələsi gündəmə gəlsin. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hesab edirəm ki, erməni elitası Rusiyaya bağlıdır və Moskva orada fiqurların yerini asanlıqla dəyişmək gücündədir.

- Yəni çoxlarının düşündüyünün əksinə olaraq, hesab edirsiniz ki, Paşinyan Ermənistanın Saakaşvilisi olmayacaq?

- Xeyr! Mən imkan tapdıqca təbiət filmlərini izləyirəm. Məsələn, meymunu ovlamaq üçün ovçular çubuqlardan qəfəs düzəldirlər. Qəfəsin içinə alma, onu götürmək üçün isə balaca yer qoyurlar. Meymun əli açıq şəkildə qəfəsdən almanı götürə bilir, amma almanı götürdükdə əl yumulur və onun əli qəfəsdən əli çıxmır. Ovçu da gəlib meymunu rahat şəkildə tutur. Qəribədir ki, meymun qəfəsdən əlini çıxarmaq üçün almanı buraxmır, əgər almanı buraxsa, əlini rahatca qəfəsdən çıxara bilər. İndi Ermənistan nə qədər ki, həmin meymun kimi Qarabağı əlində tutacaq, bir o qədər ova çevriləcək, hakimiyyət başında olan şəxsin Saakaşvili kimi davranmaq imkanı olmayacaq.

Millət də “Böyük Ermənistan” illüziyasına qapanaraq xəstələnib. Məhz bu səbəbdən də deyirəm ki, biz erməni xalqını döyüş meydanında məğlub etməsək, Ermənistanda çətin ki, hansısa hakimiyyət Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutsun, işğal olunan əraziləri geri qaytarsın. Əgər buna getmək istəyən hakimiyyət olsa, xalq dərhal onu devirər. Xüsusilə də Rusiya belə bir sazişdən narazı qalsa. Bu mənada Paşinyanın Saakaaşvili olmaq imkanları yoxdur. Paşinyan o zaman Saakaşvili ola bilər ki, Dağlıq Qarabağdan imtina etsin, Azərbaycan və Türkiyə ilə sağlam əsaslara söykənən yaxın qonşuluq siyasət yürütməyə başlasın. Yalnız bu zaman Paşinyanın perspektivi ola bilər.

Şübhəsiz ki, öncədən cəmiyyəti buna hazırlamaq lazımdır. Ancaq Paşinyan hazırda millətçi əhval-ruhiyyədən yararlanır, Sərkisyanı Qarabağı satmağa hazırlaşmaqda ittiham edir. Özü belə ab-hava şəraitində hakimiyyətə gəldiyi üçün onun güzəştli siyasət yürüdüb erməni xalqını düz yola dəvət etmək imkanları məhduddur. Bir daha qeyd edirəm ki, Azərbaycanla müharibə vəziyyətində qalıb ölkədə demokratiya qurmaq mümkün deyil. Kasıb ölkələrdə demokratiya qurmaq çox çətindir. Bunun üçün ölkənin iqtisadiyyatı inkişaf etməlidir. Güclü iqtisadiyyata malik ölkədə demokratik cəmiyyət qurmaq olar. İqtisadiyyatı dirçəltməyin yolu isə Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymaqdan, kommunikasiyaların açılmasından gedir. Bu mənada Paşinyanı o dərəcədə də güclü siyasi fiqur hesab etmirəm.




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 3-12-2018, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma