Xəbər lenti

 

 “DİN-nin oğlum Elşən Cabbarovla bağlı yaydığı məlumatı oxudum, xeyli təəccübləndim. Qurumun Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə qəzetinizə göndərdiyi məktubunda faktiki məni yalan danışmaqda günahlandırır. Əvəzində isə ortaya ciddi heç bir fakt qoymadan oğlumu mütəşəkkil cinayətkar dəstəsi yaratmaqda ittiham edir”.

“Hürriyyət”-ə açıqlama verən Salyan rayon sakini Mürsəl Cabbarov artıq 9 aydır həbsdə yatan oğlu barədə DİN Mətbuat Xidmətinin yaydığı məlumatı şərh edərkən belə deyib.

Mürsəl kişi qeyd edib ki, uzun illər Salyan rayonunun Ağsaqqallar Şurasının üzvü olub və heç bir zaman şəxsi mənfəətlərini ədalətdən üstün tutmayıb: “Rayonumuzda hər kəs məni alın təriylə çörək qazanan, ədalətli qərarları ilə insanlara kömək edən şəxs kimi tanıyır. Salyan rayon Lokomotiv Deposunun ən qabaqcıl maşinisti və Ağsaqqallar Şurasının sədri olmuşam. Deponun Ağsaqqallar Şurasının sədri olduğu dövrlərdə işçilərə ev paylanırdı. Başqalarından fərqli olaraq, ehtiyacım olduğu halda o mənzillərdən heç birini özümə götürməmişdim. İdarə rəisinin istəməməsinə rəğmən, mənizili ən kasıb işçilərimizin adına yazmışdım. Mənim bu mövqeyim daha sonra idarə rəisi tərəfindən də yüksək qiymətləndirilmişdi. İndi gənc bir adam çıxıb məni öz oğlumu həbsdən xilas etmək üçün yalan danışmaqda ittiham edirsə, deməyə söz tapa bilmirəm. Hər kəsin fikirlərinin doğurduğu məsuliyyəti öz vicdanına buraxıram”.

Mürsəl kişi DİN-nin oğlu barədə ittihamları şərh edərkən onu da qeyd edib ki, Elşən Cabbarovu mütəşəkkil cinayətkar dəstə qurmaqda günahlandıranlar bu iddianı irəli sürməmişdən əvvəl onun həbsinin bəzi detalları ilə də maraqlanmalı idilər:

“Oğlum Kürdəxanı təcridxanasında saxlanılır. Onunla bərabər ittiham olunanlar hazırda azadlıqdadırlar. Belə çıxır ki, istintaq onların əməlində mütəşəkkil cinayət əlaməti tapa bilmədiklərindən bu addımı atıblar. Əks halda, DİN-nin iddia etdiyi kimi, oğlum Salyan rayonunda bir neçə şəxslə əlbir olub mütəşəkkil cinayət törədibsə, onun suç ortaqlar hardadırlar? Molla Nəsrəddinin sözü olmasın, bu əgər pişikdirsə, ət, ətdirsə, pişik hanı?”

Oğlunun suç ortaqları varsa, adlarının və əməllərinin açıqlanmasını tələb edən M.Cabbarovun fikrincə, bu cinayət işində yüngülləşdirici hallar nəzərə alınıb kimsə azadlığa buraxılacaqdısa, bu haqdan ən çox Elşən yararlanmalı idi:

“Mənim oğlum ikinci dərəcəli Qarabağ əlilidir. Başından aldığı güllə yarasından uzun illər müalicə olunub, dəfələrlə ağır əməliyyatlardan keçib. Səhhəti onun əsəb sistemlərində müəyyən problemlər yaradır. Belə insanın əməlləri sübuta yetirilməyənə qədər həbsdə saxlanılması nə insanlığa, nə də ədalətə sığar. Hüquq mühafizə orqanlarının əsas kriteriyası isə ədalət olmalıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, oğlunun əməllərində heç bir qəbahət olmadığını irəli sürmür: “Elşənin əsəb sistemlərində müəyyən problemlər var. O, mümkündür ki, bəzi qanunsuzluqlara sərt reaksiyalar verib. Amma bu, Elşənin mütəşəkkil dəstə yaradıb cinayət törətdiyinə dəlalət etmir. Mənim istintaqdan yeganə təmənnam işə ədalətlə baxılması və hər kəsin əməlinə düzgün hüquqi qiymət verilməsidir. Necə deyərlər, keçi keçi ayağından, qoyun qoyun ayağından asılmadıqca, hüquqi ədalət bərqərar ola bilməz”.




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 10-07-2019, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma