Xəbər lenti

  

Ölkə başçısı İlham Əliyevin ortalıqda görünməməsi ictimaiyyət arasında müxtəlif dedi-qoduların çıxmasına zəmin hazırlayır. Hər kəs onun səhhətində problemlər olduğundan ehtiyatlanır və bunu açıq şəkildə dilə gətirir.

Baxmayaraq ki, YAP-ın ən önəmli simalarından olan Siyavuş Novruzov dünən bu şayiələri təkzib edən bəyanat verib yayılan dedi-qoduların qarşısını almağa cəhd göstərdi, amma bu açıqlamanın şübhələri dağıtmaq üçün yetərli olduğunu demək çətindir. 27 illik YAP iqtidarının hər zaman ictimai rəyi çaşdırmaq siyasəti bu səfər işə yaramadı və əksinə, “yalançının evi yandı, heç kim inanmadı” effekti verdi. Görünən budur ki, hakimiyyət özünün indiyə qədərki səhv siyasətinin meyvələrini dərir və Siyavuş Novruzov kimi sözçülərin bəyanatları ilə ictimaiyyəti inandırmaq mümkün olmayacaq.

Dərd burasındadır ki, hakimiyyətin cəmiyyətimizi inandırmaq üçün önə Siyavuş Novruzovdan daha ciddi fiqur çıxarması da müşkül məsələdir. Hakim komandanın, demək olar, bütün simaları yalan bəyanatlarla ictimaiyyət qarşısındakı etibarlarını itirib və insanlarımız onların ağzından çıxan fikirlərin əksinə inanmağa adət ediblər. Belə vəziyyətdə cənab İlham Əliyevin televiziya ekranlarına çıxıb güncəl məsələlərdən danışmasından, hətta konkret olaraq səhhətilə bağlı yayılan dedi-qodulara aydınlıq gətirməsindən başqa heç bir hərəkət ictimaiyyəti inandırmaq üçün yetərli olmayacaq.

Əslində hakim komanda da məlum şübhələri dağıtmaq üçün ölkə başçısının şəxsən ortaya çıxmasının vacibliyinin fərqindədir. Dünən İlham Əliyevin bir neçə Fərman imzalaması barədə xəbərin yayılması da, görünür, bu məqsədə qulluq edirdi. Fəqət bu metodların işə yaradığını düşünmək sadəlövhlük olardı. Çünki sağlamlıq vəziyyəti qənaətbəxş olmadan da hansısa fərmanı imzalamaq mümkündür.

Şayiələrin yayılmasında önəmli rol oynayan faktorlardan biri də I Vitse-prezidentin siyasi fəaliyyəti barədə ideoloji təbliğatın gücləndirilməsi, onun ölkəyə rəhbərlik edəcək şəxs qismində göstərilməsidir. Sözsüz ki, indiki hakimiyyət başçısının səhhətində heç bir problem yoxdursa, təbliğatlarda növbəti rəhbəri ön plana çıxarmağın məntiqi anlaşılmır. Axı, Cənab İlham Əliyevin səlahiyyət müddətinin bitməsinə hələ 5 il var. Üstəlik, onun yenidən prezident seçilmək haqqı da məhdudlaşdırılmayıb. Əgər həqiqətən də nigarançılığa əsas yoxdursa, hakimiyyətin daha təcrübəli şəxsdən daha təcrübəsiz şəxsə ötürülmək istənməsinin inandırıcı səbəbləri dilə gətirilməli və bu zərurət qaneedici arqumentlərlə ictimaiyyətə çatdırılmalıdır.

Unudulmamalıdır ki, bir neçə il əvvəl atılan bəzi addımlar onsuz da ictimaiyyət arasında bəzi bədbin qənaətlərin formalaşdırılmasına zəmin hazırlamışdır. Həmin addımlardan biri prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, vitse-prezidentlik üsul-darəsinin yaradılması, hakimiyyətin digər qollarının səlahiyyətlərinin azaldılması və fors-major hallarında ölkə idarəçiliyinin parlament sədrindən I vitse prezidentə keçməsi ilə bağlı referendumdur. Həmin referendumdan sonra Mehriban xanım Əliyevanın I vitse-prezident təyin olunması da cəmiyyətimizdə bugünkü şayiələrin təməlini təşkil edən bəzi şübhələr yaratmışdı.

Son bir neçə prezident seçkiləri ərəfəsində Mehriban xanımın namizədliyinin irəli sürülməsi ilə bağlı aparılan təbliğatlar və daha sonra bu siyasətdən geri çəkilmələr də hakim ailədə hansısa problemlərin yaşandığına dair şübhələri möhkəmləndirirdi. Bir çoxları bunu hakimiyyət daxilində müxtəlif klanların yaranması arqumentilə izah etməyə çalışsalar da, etiraf edək ki, daxili rəqabətin eyni ailənin içərisinə qədər işləməsi ehtimalı az inandırıcı idi, bu da müxtəlif vasitələrlə möhkəmləndirilən qənaətə ilk gündən kölgə salırdı. İndi birdən-birə ölkə başçısı barədə xəbərlərin qıta çıxması bəzi mətləblərə aydınlıq gətirən amil təsiri bağışlaya bilər.

Qəribədir ki, son iki prezident seçkisində hakimiyyətin Mehriban xanıma ötürülməsinin daha məqbul formasının qaçırılmasında indi onun təbliğatına girişən YAP fuksionerlərinin də böyük xidmətləri olmuşdur. Xüsusilə, son seçki ərəfəsində Mehriban Əliyevanın namizədliyini irəli sürüb ölkə başçısı olmaq şansı böyük idi və xanım da buna öz xeyirxah addımları ilə ictimai rəydə buna ciddi zəmin də hazırlamışdı. Hətta seçkiləri saxtalaşdırmağa belə ehtiyac duyulmadan, o, demokratik şəraitdə keçirilən səsvermədə xalq dəstəyini alaraq prezident seçilə bilərdi. Yəqin ki, ölkəmizin demokratikləşməsi, siyasi qütblər arası ziddiyyətə son qoyulması, bir çox zəruri islahatların aparılması naminə əksər müxalif qruplar da xanımın bu addımını alqışlayar və onu dəstəkləyərdilər.

Di gəl ki, bu perspetivə indi xalqı müxalifətə qarşı səlib yürüşünə çağıran iqtidat mənsubları, daha konkret desək, Baş nazirin müavini Əli Əhmədov mane oldu. Hər kəs Mehriban xanımın namizədliyini verəcəyini gözlədiyi halda Əli Əhmədov mətbuata çıxıb YAP-ın İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi. Beləcə, Mehriban xanım dilemma qarşısında qoyuldu: o, ya öz həyat yoldaşı ilə üz-üzə durmalı, ya da geri çəkilməliydi. Yəqin ki, birinci seçənək istər beynəlxalq aləmdə, istərsə də yerli ictimai rəydə absurd hadisə kimi görünəcəyindən Mehriban xanım ikinci yolu tutmalı oldu. İndisə növbəti seçkilərə 5 il qalmasına baxmayaraq, Mehriban Əliyevanın ölkə başçısı kimi təbliğatı aparılır. Əgər söhbət növbədənkənar seçki yolu ilə və ya fors-major hal qarşısında ölkə başçısı olmaq ehtimalından gedirsə, deməli, bu gün yaşanacaqlar əvvəlcədən bilinirdi. Bəs niyə o zaman hakimiyyət dəyişikliyinin daha legitim və məqbul variantı gözardı edildi?

Fikrimizcə, bu sualın müxtəlif cavabları var: ya beynəlxalq güclər o zaman bu dəyişikliyə razı deyildilər, ya da hakimiyyətdəki qruplara legitimliyi hər zaman mübahisə doğuran komanda rəhbəri lazımdır. Təbii ki, hər iki versiyanın eyni anda doğru olmaq ehtimalı da istisna olunmur və fikrimizcə, əsas səbəb də elə budur.

Belə bir vəziyyətdə ölkə başçısını dəyişdirmək zərurəti Mehriban xanımın ölkəni daha fərqli metodlarla idarə etmə arqumenti ilə də əsaslandırıla bilməz. Belə ki, indiyə qədərki təbliğatlardan növbəti hakim elitanın da eynilə qalacağı, uzaqbaşı bu heyətə bir də Hacı Ədbül kimi qeyri-ciddi şəxsin əlavə olunacağı təəssüratı yaranır. Əgər Mehriban Əliyevanın gözlənilən hakimiyyəti dövründə ciddi kadr dəyişikliklərinə gedilməyəcəksə, deməli, ənənəvi siyasət də olduğu kimi saxlanılacaq. O halda hakimiyyətin Prezidentdən I Vitse-prezidentə ötürülməsinin əsl səbəbi aydın olmur və istər-istəməz ictimai rəydə yaranan şübhələri bir qədər də artırır.

Bu iddiaları irəli sürərkən Cənab İlham Əliyevin səhhəti ilə bağlı yayılan şayiələrə haqq qazandırmaq fikrində deyilik. Ümidvar olmaq istərdik ki, bu dedi-qodular həqiqətən də əsassızdır. Ən azı ona görə ki, Azərbaycanda struktur islahatları getmədən, demokratik təsisatların təməlləri möhkəmləndirilmədən, toplumun idarə olunması yalnız bir şəxsdən və nüfuzunu itirmiş köhnə çinovniklərdən asılılıqdan qurtulmadan yaranacaq hər hansı avtoritar boşluq ölkəmizin zərərinə ola bilər. Üstəlik, hakim elitanın müxtəlif qruplara bölündüyü və bir-birinə qarşı amansız çəkişmələrə girişdiyi, xarici təhlükələrin getdikcə artdığı bir zamanda bu cür sürprizlərin baş verməsi hamımız üçün ağır nəticələnər. Bu ağır zərbənin təsirindən sığortalanmaq üçün ilk növbədə xalqı narazı salan məmur özbaşınalığına son qoyulmalı, iqtidar-müxalifət çəkişmələri düşmənçilikdən sağlam rəqabətə dönüşdürülməli, insanlararası münasibətləri sivil formaya salan məhkəmə-hüquq islahatları aparılmalı, haqq-ədalət bərpa olunmalı, hər cür sosial partlayışlardan uzaq birgə yaşayışın iqtisadi təməlləri atılmalıdır və s.

Nə yazıq ki, hakim elitanın səhvi nəticəsində ölkəmizdə bu cür normal münasibətlər sistemi formalaşdırılmayıb, əksinə siyasi və sosial qruplar arasındakı ziddiyyətlər hətta söyüş mərhələsinə varacaq qədər dərinləşib. Belə bir zamanda yaranacaq avtoritar boşluğun Azərbaycanı Suriyaya çevirmək ehtimalı var və hər bir ağlı başında olan vətəndaş kimi, biz də belə bir perspektivi qətiyyən arzulamırıq. Biz sadəcə narahatlıq doğuran şayiələrin cəmiyyətimizdə necə özünə yer tapdığına aydınlıq gətirmək və iqtidarın uğursuz böhran siyasətinin mümkün nəticələrinə diqqət çəkmək istəyirik.

Bir çoxları hakimiyyətin ictimai diqqəti hansısa daha vacib məsələdən qəsdən yayındırmaq və ya cəmiyyətinin nəbzini yoxlamaq  üçün bu cür şayiələrə zəmin hazırlamağa çalışdığını iddia edirlər. Bu versiyanı irəli sürənlərin fikrincə, ümumiyyətlə bütün possovet məkanında bu cür testlər keçirilir. Əvvəl Türkmənistanda türkmənbaşının yoxa çıxması ilə bağlı dezinformasiyaların gündəmə gətirilməsi ilə başlayan test yoxlamaları indi Azərbaycanda həyata keçirilir. Sabah eyni qara xəbərlərin digər Orta Asiya ölkələrində yayılma ehtimalı var. Kim bilir, bəlkə həqiqətən də məqsəd keçmiş sovet məkanını hansısa fors-major hallarına dözüm gücünü yoxlamaqdır. Türkmənistan bu testdən türkmənbaşının qələbəsi ilə çıxdı. Bəs Azərbaycan necə, çıxa biləcəkmi?

Düzü, bu suala cavab axtarmaq niyyətində deyilik. Bizim zənnimizcə, bu ehtimal ümumiyyətlə inandırıcı görünmür. Zira nə İlham Əliyev öz səhhəti üzərində manipulyasiyaya razı olacaq liderdır, nə də Azərbaycan Türkmənistandır. Bizim üçün indiki şəraitdə avtoritar boşluğa düşməkdən daha ağır vəziyyəti təsəvvür etmək mümkün deyil. Torpağının 20%-i işğal edilən, düşmənləri tərəfindən ən ağır təhqirlərə məruz qalan, yeganə gəlir mənbəyi olan neftin-qazın ucuzlaşdığı bir dövrdə iqtisadi və sosial ədalətsizlikdən əsəbləri son həddə qədər gərilən Azərbaycan vətəndaşlarının bu cür zarafatlara dözümü yox dərəcəsindədir.  Yox, əgər hakimiyyət həqiqətən də bu yolu tutubsa, odla oynadığının fərqinə varmalı və yanlış metodlarla ictimai rəydə formalaşdırdığı qeyri-müəyyənliyə aydınlıq gətirməlidir. Nədən ki, indiki şəraitdə ən pis müəyyənlik belə, ən yaxşı qeyri-müəyyənlikdən daha xeyirlidir. Hazırkı status-kvonun ağır  fəsadları ortaya çıxmadan ölkə başçısının səhhətilə bağlı müəmmalara son qoymalıdır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 058          Tarix: 3-09-2019, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma