“Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib”.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Reuters” agentliyi yayıb.
Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıların isə mayın sonuna qədər yola düşəcəkləri gözlənilir.
Həmçinin qeyd olunub ki, sülhməramlıların bütün zirehli texnikası, o cümlədən 90 ədəd zirehli transportyoru (BTR82A) və 380 ədəd digər texnika Azərbaycan ərazisini tərk edib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumata münasibət bildirib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”. (Publika.az)
Paylaş: