Xəbər lenti

  

Xalq hərəkatı fəallarından olan Abbas Rzayevlə müsahibəmizin II hissəsini təqdim edirik:

(Əvvəli: http://ovqat.com/manset/9300-eldar-brahimov-heydr-liyevin-deputatla-namizdliyinin-irli-surulmsin-mane-oldu.html)

 

-Abbas müəllim söhbət 1990-cı ildən düşmüşkən, 20 Yanvar hadisələrini necə xatırlayırsınız? Mənim bildiyimə görə, həmin hadisədən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə səfəriniz olmuşdu. Həmin səfəriniz zamanı çox önəmli görüşlər keçirdiyiniz barədə məlumatlar gəlirdi.

-20 Yanvar gününü AXC-nin Naxçıvan şəhər qərargahıyla Təbriz mehmanasının arasında keçirmişdik. Bakıdan məlumat almaq problemimiz var idi. Biz də qərargaha toplanıb gələcək xəbərləri gözləyirdik. Təbriz mehmanxanasına isə ona görə tez-tez gedib gəlirdik ki, Bakıdan qonaqlarımız var idi. Onları yeni xəbərlərlə məlumatlandırırdıq. Yox, mən deyəsən, 20 Yanvarla Sədərək hadisələrini qarışdırdım. Hansı daha əvvəl olmuşdu?

-Sədərəyə ermənilərin hücum edib 16 əsgərimizi şəhid etməsini deyirsinizsə, 20 yanvardan əvvəl baş vermişdi.

-Bəli, o hadisəni deyirəm. Gözləyirdik ki, Nemət Pənahov özünün xüsusi ordusuyla bizə köməyə gələcək. Mehrini belə yarıb Naxçıvanı xilas edəcək və s. kimi. Biz hətta gedib aeroportda tonqal qalayırdıq ki, təyyarələr gəlib enə bilmir.

-Yəni Naxçıvan öz “ağatlı oğlan”ını gözləyirdi. Aeroportda tonqal qalamaq, səhv etmirəmsə, 19 yanvarda olmuşdu.

-Ola bilər. Amma yanvar ayının 20-si deyildi. Bizə xəbər çatırdı ki, rus ordusu Bakıya girib, qırğın törədir. Bizim yoldaşlardan bir çoxu da buna etiraz edərək Naxçıvan Ali Sovetinin qarşısında aksiya keçirirdi ki, SSRİ-nin tərkibindən çıxaq.

Hər nə isə, SSRİ-nin də tərkibindən çıxdıq, getdik, oturduq Cəbhənin qərargahında. Gecə saat 2 və ya 3 idi, Afiyəddin Cəlilov zəng edib bizi görüşə çağırdı. Mənimlə Arif Rəhimov görüşə getdik. Afiyəddin Cəlilov dedi ki, “buyurun, bunu da elədiniz. Artıq SSRİ-nin tərkibində deyilik, bundan sonra nə etməliyik? Təklifinizi deyin”. Biz də qaldıq bir-birimizin üzünə baxa-baxa. Nə deyərdik? Göydəndüşmə bir hadisə baş vermişdi. Bizim heç bir hazırlığımızda yox idi müstəqilliyə. Afiyəddin Cəlilov dedi ki, “sizin təzyiqinizin nəticəsində ortalıqda qaldıq. Əvvəl yenə Moskvaya zəng edib nəyəsə nail olurduq. İndi o şansımız da qalmayıb. Kimə nə deyəcəyik bundan sonra?” Dedi: “Düz eləmədiniz”. Bilmirəm, özləri edib bizim boynumuza atırdı, yoxsa həqiqətən də bizim təzyiqimiz nəticəsində o cür riskli addım atmışdılar?

-Deyəsən, rəhmətlik heç iclasa da getməmişdi. İşıqları keçirib, qapını bağlayıb kabinetdə oturaraq, hadisələrin nəticələrini gözləyirdi.

-Doğrudur. Ona görə deyirəm ki, özləri çox şeyi bizim əlimizlə edirdilər.

-Müstəqillik aktından sonra, deyəsən, rus tanklarının Naxçıvana hücumu gözlənilirdi. Çünki Cəbhənin gəncləri gecə yol boyu gəzir, çöldə olanların evlərinə getməsini xahiş edirdilər.

-Bəli, eşitdiyimizə görə, rus tankları Əliabadın (Naxçıvanın şimal-qərbində şəhərə bitişik bir kənd) yuxarısında əmrə hazır vəziyyətdə gözləyirdilər. Hərbi hissənin komandiri olan rus generalı isə Naxçıvanın Daxili İşlər Nazirliyində idi. Bir azdan bizi də görüşə çağırdılar. Görüşə Arif Rəhimov, Cabbar Cəlilov ( Cəlil Bəydilli) və mən getdik. Rəhmətlik nazir Məmməd Xeyrullayeviçin kabinetində rus generalıyla görüşdük. Generalın sifəti indiyədək yadımdan çıxmayıb. Yəqin, əqrəbin zəhər olan hissəsinin rənginin necə olduğunu bilirsiniz? Sifət qulağına qədər o rəngdə idi. Özündən çox razı halda masada oturub, bizi gözləyirdi. Biz içəri girəndə rəhmətlik Məmməd Xeyrullayeviç bizi göstərib dedi: - Hərəkatın lideri bunlardır.

-General rus idimi?

-Bəli, səhv etmirəmsə, familiyası da Samsonov idi. Əvvəl Samsonov danışdı. Dedi ki, bizim hər cür əsasımız var ki, Naxçıvana hərbi müdaxilə edib əsgərləri tökək bura. Soruşduq ki, əsasınız nədir? Cavab verdi ki, əvvəla, SSRİ-nin sərhəd toxunulmazlığı var. Siz dövlət sərhədlərini sökübsünüz. İkinci, SSRİ-nin tərkibindən çıxıbsınız. Üçüncü, Ermənistanla sərhəddə təxribatlara əl atıbsınız (guya ki, biz eləmişik). Dördüncü, hakimiyyət qurumlarına qanunsuz təzyiqlər edirsiniz. Bizim sizin fəaliyyətinizə hərbi müdaxilə etməyə hüququmuz var. Dedik ki, bütün bunlar zərurətdən əmələ gəlib. Biz qalmışıq ortalıqda. Bizi heç kim müdafiə etmir. Bizi müdafiə etməyən bir dövlətin tərkibində qalmaq istəmədik, ordan çıxdıq. SSRİ-nin sərhədlərini pozmağımıza, dağıtmağımıza gəlincə isə, dedik ki, Naxçıvan blokada vəziyyətindədir. Ermənilər 3 tərəfdən hücum edir. Biz çətin vəziyyətdə qalarsaq, hara çıxa bilərik?

 Biz danışandan sonra rəhmətlik Məmməd müəllim (Naxçıvanın sabiq daxili işlər naziri) ayağa durub xəritəni qoydu rus generalının qabağına. Başladı səlis rus dilində ona Naxçıvanın vəziyyətini, coğrafi mövqeyini və qarşılaşdığı hücumları başa salmağa. Dedi ki, Naxçıvan əhalisinin qaçmağa heç bir yeri yoxdur. Siz isə “sərhəddi niyə sökübsünüz?” deyirsiniz. Hamı burda ölməlidir?

Rəhmətlik bir az söyüşkən kişilərdən idi. Generalla da söhbətlərində xeyli arqo kəlmələrdən istifadə edirdi. Hətta özlərinin söyüşləriylə söydü də onu. Açığını desəm, mən nazirin bizi bu qədər müdafiə edəcəyini gözləmirdim. Bizi bizdən daha yaxşı müdafiə etdi və rus generalı da onun arqumentləriylə razılaşdı. Ondan sonra rus qoşunları Naxçıvana girmədi.

-Yəni bunu Naxçıvanın sabiq Daxili İşlər naziri etdi?

-Bəli, Heydər bəy. Hökumət nümayəndələri arasında da qeyrətli adamlar çox idi. Nədənsə, biz onlara həmişə şübhə ilə baxmışıq. Məsələn, mən rəhmətlik Məmməd Xeyrullayeviçin qeyrətli adam olduğu barədə çox eşitmişdim. Bununla belə, onun rus generalı qarşısında davranışları məni çox təəccübləndirdi. Rəhmətlik həm rus dilini gözəl bilirdi, həm də çox cəsarətli və məniqli danışır, bizə hər cəhətdən bəraət qazandırırdı.

-Kommunist Partiyasının Babək rayon təşkilatı fəallarının toplantısında Sizin adınızın qarışdığı bir qalmaqal var idi. Deyəsən, orda da rus zabitini bərk qorxutmuşdunuz...

-O dövrdə ruslar özlərinə bəraət qazandırırdılar ki, bəs, 20 Yanvar qırğınında Bakıda silahlı qüvvələr olub və onlar əsgərlərlə toqquşublar. Guya, biz onlara qarşı silah işlətmişik və xeyli əsgər öldürmüşük. Məsələn, binaların şəkillərini göstərirdilər ki, 5-ci mərtəbədə deşiklər var və bu, silahlı ekstrimistlərlə toqquşmanın nəticəsidir. Həmin iclasda da bu barədə danışılırdı və onu yenə rayon katibi Əkbər Əliyev təşkil etmişdi.

İclasda məndən qabaq Rza ( “Sabes”in müdiri idi) danışdı. Növbə mənə gələndə xeyli sərt çıxış etdim. İclasda Rusiyadan da jurnalistlər var idi. Mən çıxışımda dedim ki, bizdə əgər silah olsaydı, Moskvadan gəlib bu gün burda oturanların hamısını alnından vurardıq. Özü də bu sözü rus dilində dedim ki, başa düşsünlər. Necə demişdimsə, “Oqonyok”da elə də çıxdı. Sonra Bünyamin Qəmbərli mənə lağ edirdi ki, rusların bizim haqqımızda dediyi “ekstrimist” ittihamlarına haqq qazandırmışam.

-Amma orda deyəsən, bir başqa hadisə də olmuşdu. Kiminsə alnına silah dayamışdınız.

-Yox, silah dayamamışdım. Barmağımı dayamışdım.

-Necə olmuşdu o hadisə?

-Toplantı bir hərbçi var idi. Yığıncaq bitdikdən sonra çölə çıxanda barmağımı dayadım onun alnına. Dedim ki, zənn etməyin, bizdə silah yoxdur. Silahımız var, sizin alnınızdan vurarıq. Buraları sizin üçün ikinci Əfqanıstana çevirərik. Ailə-uşağınızı da burdan çıxara bilməzsiniz. O da qorxusundan gedib, bizim dostlardan birinə -rəhmətlik Ələddin Həsənova (Ələddin hərbçilərlə yaxın əlaqələr qurur, onları yedirdib-içirirdi. Hərbçilər də ona dədələri kimi baxırdı) gileylənib ki, mən buralarda ölmək istəmirəm. Bura Əfqanıstandan betərdir. Bizi burda qıracaqlar. O gün sıravi bir kənd müəllimi az qala tapança ilə məni vuracaqdı. Hər an o tapança müəllimin əlində açıla bilərdi.

-Deməli, sizin barmağınızı tapança lüləsi sanmışdı?

-Elə çıxır. İnsan kimi baxsaq, onların niyə qorxduqlarını anlaya bilərik. Yad yerdədirlər. O yerin insanlarının nifrətini qazabıblar və əhali hər gün silahlanır. Üstəlik, 20 Yanvar qırğınından sonra rus ordusuna nifrət birə-beş artmışdı. Silah ələ keçirmək üçün hər an rus əsgərlərilə toqquşa bilərdik. Kim olsa qorxardı.

-20 Yanvar hadisəsindən sonra Sizin Rusiyaya səfəriniz oldu. Deyəsən, orda Azərbaycanın səsini dünyaya çatdırmaq üçün aclıq aksiyası keçirirdiniz. Xəbərlər yaylılırdı ki, siz Moskvadakı Daimi Nümayəndəliyimizdə çox möhtərəm insanlarla görüşürsünüz. Bu haqda danışmağınızı xahiş edirəm.

-Bəli, 1990-cı ildə Sov. İKP-nin 27-ci qurultayı keçiriləcəkdi. Moskvaya dünyanın hər yerindən qonaqlar gələcəkdi. AXC də qərara almışdı ki, biz Azərbaycanın dərdini dünyaya çatdırmaq üçün Moskvaya adamlarımızı göndərək və onlar aclıq aksiyası keçirsinlər. Moskvaya gedən nümayəndələrimizə rəhbərlik etmək missiyası mənə tapşırıldı.

-Bir dəqiqə, Abbas bəy. Siz Naxçıvanda idiniz. Bakıda adam yox idi ki, Moskvadakı aksiyaya sizi göndərirdilər?

-Məsələ burasındadır ki, biz Naxçıvanda aclıq aksiyası keçirirdik. Əsas tələbimiz isə 20 Yanvardan sonra həbs olunub Lefertovo həbsxanasına göndərilən tanınmış şəxslərin (Etibar Məmmədov, Xəlil Rza, Fərəməz Allahverdiyev və s.) azadlığa buraxilması idi. O vaxt bu təşəbbüs Bakıda da yüksək qarşılanmış və eyni aksiyanın Moxskvada da keçirilməsinə qərar verilmişdi. Bu səbəbdən də elə bizim üstümüzdə dayanmışdılar. Bakıdan da sədlə Moskvaya iki nəfər göndərmişdilər. Biz həmin adamlarla Moskvada tapışdıq.

Hər nə isə. Bakıya gəldik. Bizi qarşılayıb biletlərimizi aldılar. Əlavə mənə 300 manat da xərclik verdilər.

-Kim verdi?

-Pənah Hüseyn vermişdi.

Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəldik.  Onun yanında da balaca bir park vardı. Deyəsən, sonradan həmin parka Nizami Gəncəvinin adını verdilər. Bizi Nümayəndəlikdə gözləyirdilər. Nümayəndəliyin əməkdaşlarıyla tələblərimiz məsələsində ümumi razılığa gələ bilmədik. Onlar Qarabağ məsələsini ön plana çəkməyi, biz isə siyasi “dustaqlara azadlıq” tələbinin ilk maddə kimi irəli sürülməsini istəyirdik. Axırda sövdəmiz baş tutmadığından aksiyanı parkda keçirməli olduq. Buna baxmayaraq, müəyyən dairələrin bizimlə görüşə gələcəyini düşünən nümayəndəlik aksiyanı idarə edənlər üçün bir otaq ayırdı.

-Neçə nəfər idiniz?

-7. Beşi Naxçıvandan, 2-si Bakıdan getmişdi. Nümayəndəlikdəki otaqda mən, Etibar Məmmədovun qardaşı, bir də indi unutduğum bir nəfər otururdu. Aksiyamız təxminən 10 gün çəkdi. Dünyanın bütün informasiya kanallarıyla əlaqə yaratdıq. Bizi Sov.İKP-nin qurultayına gələn Azərbaycan nümayəndələri də ziyarət etdilər. Afiyəddin Cəlilov və Elmira Qafarova da onların aralarında idi. Həmin ziyarətdə Elmira Qafarovayla ciddi mübahisəmiz oldu. Nümayəndələr otaqdan çıxanda Afiyəddin müəllim bir az geridə qaldı və mənə təşəkkür etdi ki, yaxşı cavabını verdiniz. Bunlar bizi hər dəfə Naxçıvan cəbhəçiləriylə niyə bacarmadığımıza görə danlayırlar. Mən də ziyarətinizə gəlməmişədən əvvəl Elmira xanıma dedim ki, biz indi Naxçıvanın sıravi cəbhəçiləriylə görüşməyə gedirik. Görün, siz onlarla danışa biləcəksiniz? Sizin inadkarlığınız mənim sözlərimin təsdiqi oldu.

Həmin ziyarətdən əvvəl də Afiyəddin Cəlilovla görüşmüşdüm. Afiyəddin Cəlilov həmin görüşdə mənə aksiyanı idarə edə bilmək üçün 500 manat pul da vermiş və geri qayıtmaq üçün biletlərimizi almışdı.

Mən Nümayəndəlikdə bizə ayrılmış otaqda çox oturmurdum. Tez-tez şəhərə çıxır, müxtəlif görüşlər keçirirdim. Bir gün yenə görüşlərdən birindən qayıdanda mənə dedilər ki, bir nəfər sənə zəng etmişdi. Heydər Əliyevin səsinə oxşayırdı. Öz nömrəsini verdi və ona zəng etməyini tapşırdı.

Açığını desəm, əvvəl həmin nömrəyə zəng etməyə çəkinirdim. Çünki bir müddət əvvəl Əjdər Xanbabayevin Heydər Əliyevlə telefonla danışdığını və daha sonra KQB tərəfindən öldürüldüyünü eşitmişdim. Əgər həqiqətən də zəng edən adam Heydər Əliyev olsa, məni də eyni tale gözləyə biləcəyini düşünürdüm. Buna baxmayaraq, gecəyə qədər özümü saxlaya bildim. Gecənin yarısında maraq mənim iradə güc gəldi. Saat 2-də həmin nömrəyə zəng etdim. Dəstəyi Heydər Əliyevin özü qaldırmışdı.  O, mənə faydalı işlə məşğul olduğumuzu və təşəkkürünü bildirdi. Söhbətinin sonunda isə həm Elçibəyə, həm də Afiyəddin Cəlilova Azərbaycana qayıtmaq istədiyini çatdırmağımı xahiş etdi.

-Sizə konkret olaraq nə üçün qayıtmaq istədiyini dedimi?

-Bəli, dedi. Dedi ki, Azərbaycana qayıdıb deputat seçilmək istəyir. Azərbaycanın başına gətirilən oyunlara dözə bilmir. Mütləq buna qarşı mübarizə aparmağa hazırlaşır. Ona görə də deputat seçilmək, yüksək tribunalarda səsini eşitdirmək və həm də bunları edərkən, toxunulmaz statusu qazanmaq istəyir.

-Bəs, siz onun təkliflərini ünvanlarına çatdırdınızmı?

(ardı var)

Heydər Oğuz

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 4 506          Tarix: 14-09-2017, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma