Xəbər lenti

   

Gözümüzün önündə baş verən hadisələrin yanlış rəvayətinə göz yumduqca tarix də təhrif olunur. Tarix təhrifə uğradıqca isə yeni-yeni qəhrəmanlar peyda olur.

Xalq hərəkatının yaşayan salnamələrindən olan Rzayev Abbas Qara oğlu ilə müsahibəmiz də qaranlıq tariximizə işıq tutmaq niyyətindən doğub. Hörmətli jurnalist Əli Şamilin də iştirakı ilə aldığımız müsahibəni Ovqat.com oxucularına təqdim edirik:

Abbas Rzayev: 1952-ci ildə aprel ayının 10-da anadan olub. Özünün dediyinə görə, təbiətindəki çılğınlığını da məhz Qoç bürcünə borcludur.

8 uşaqlı ailənin ilk beşiyidir.

1968-ci ildə Cəhri orta məktəbini bitirib, elə həmin il Azərbaycan Pedaqoji İnstitutun Naxçıvan filialının riyaziyyat fakültəsinə qəbul olub.

1973-cü ildən 1993-cü ilə qədər öz doğma kəndində müəllimlik edib.

1988-ci ildən xalq hərəkatına qoşulub və bir çox önəmli hadisələrin iştirakçısına və şahidinə çevrilib.

1989-dan 1992-ci ilə qədər AXC Babək rayon təşkilatının İdarə Heyətinin üzvü və sədri olub.

Bir neçə il Naxçıvan MR Babək rayonu Təhsil şöbəsinin müdiri vəzifəsini icra edib.

 

-Salam, Abbas müəllim. İlk suala elə xalq hərəkatına ilk qoşulduğunuz andan başlayaq. Hərəkata nə zaman qoşuldunuz?

-Xalq hərəkatına 1988-ci ildə qoşulmuşam. Düzdür, o vaxt hələ AXC yox idi. Regionlarda ziyalılar toplanır, xüsusilə, erməni məsələsini müzakirə edirdilər. Xatırlayırsınızsa, o vaxt Ağambekyanın Qarabağla əlaqəli bir məqaləsi çıxmışdı. Mən də onda 8 illik kənd məktəbində işləyirdim. Müəllimlər otağında bu məqaləni müzakirə etdik. İş yoldaşlarım bu yazıya mütləq cavab verilməsinin vacibliyindən danışırdılar. Mən isə belə məsələlərin şişirdilməsinin əleyhinə idim. Hesab edirdim ki, bu, rus imperiyasının yeni dövr üçün qurduğu taktikadır. Qarabağın kimə məxsus olduğu gündəmə çıxarılmışdı. Mən isə bu məsələyə süni yaradılmış problem kimi baxırdım. Necə yəni Qarabağ kimindir? Mənim fikrimcə, Azərbaycan da, Ermənistan da, Qarabağ da rusun idi. Bu məsələnin niyə gündəmə gətirildiyini, Moskvanın Azərbaycanla Ermənistan arasına niyə yenidən nifaq salmaq istədiyinə anlam verə bilmirdim. Kəndimizdən çıxmış məşhur tarix alim var-Qədir Qədirzadə. Onunla da dəfələrlə bu barədə mübahisəmiz olub. Qədir müəllim də ermənilərin mütləq cavabının verilməsini tələb edirdi. Bir müddətdən sonra bizim kəndimizdə də etiraz aksiyaları keçirildi və mən də bir neçəsində çıxış etdim. Açığını desəm, o vaxt həmin aksiyalara dövlət orqanları da loyal yanaşırdılar. İndi fikirləşirəm ki, bütün bu aksiyalar əslində icra orqanları tərəfindən təşkil olunurmuş. Bu cür bir müddət davam etdikdən sonra 1989-da Ziyalılar cəmiyyəti yaradıldı. Bu cəmiyyət də açıq şəkildə dövlətin əliylə yaradılırdı. Mənə də o zaman həmin təşkilata qoşulmağı təklif etdilər, getmədim.

-Niyə getmədiniz?

-Mənə təklif edənlərə dedim ki, cəmiyyətin Proqramını, Nizamnaməsini gətirin, tanış olaq. Gətirdilər, oxuyub gördüm ki, bizim bunlara dəstək verməyimizi nəzərdə tuturlar.

-Xalq Cəhbəsinə alternativ kimi yaratmışdılar, deyəsən...

-Bəli, elə idi. Həmin vaxt “obkom”a yeni katib təyin olunmuşdu. O bir gün həmin Ziyalılar cəmiyyətinin xəttilə  Cəhriyə etiraz aksiyası keçirməyə gəlmişdi. Aksiyada mən də çıxış etdim. Mən o zaman aktiv hərəkatın, xüsusilə erməni məsələsinin həddindən artıq qabardılmasının əleyhinə idim və bu barədə fikirlərimi mitinqdə səsləndirdim. Yoldaşlarım hətta bu mövqeyimə görə mənə irad tutmuşdular. Düzdür, mənim fikrimi bəyənənlər də var idi, amma hərəkat üzvlərinin çoxu fikrimə qarşı çıxırdılar.

Daha sonra Vahid Əmirov məni çağırdı. Dedi ki, Abbas bəy, bir təşkilat yaratmışıq niyə bizim tədbirlərdə aktiv iştirak etmirsən? Vahid Əmirovun mənə bu cür təklif verməsi təsadüfi deyildi. Harda oturub dururdum, rejimə qarşı danışırdım. Əslində özümdən yeni nəsə də uydurmurdum. Mən o zaman Rusiya mətbuatını yaxından izləyir, orda dərc olunan məlumatları həmsöhbətlərimlə paylaşırdım. Dolayısıyla, xalq hərəkatı nümayəndələriylə eyni fikirləri müdafiə edirdim. Mən də artıq xalq hərəkatına qoşulmağa qərar verdim. Kənddə qısa müddətdən sonra baxıb gördüm ki, hər kəs mənim ətrafıma toplanır. Bir gün də papağımızı yelləyib, Cəhrinin yuxarı məhəlləsində “tutluq” deyilən bir yer var, orda AXC-nın Cəhri dayaq dəstəsinin təsis iclasını keçirtdik. Bir saat çəkmədi, 400 adamın siyahısını tutub dayaq dəstəsini yaratdım. O vaxt başqa dövr idi. İndiki kimi passivlik yox idi. Hər kəs aktiv şəkildə təşkilatın işində yer alırdı. Bizə dedilər ki, dayaq dəstəsinin sədri, əlaqələndiricisi, idarə heyəti seçilməlidir. Biz də kəndimizin tanınmış ziyalısı kimi Qədir Qədirzadəni sədr seçmək istədik. O, təkliflə razılaşmadı. Məni təklif etdilər, əlaqələndirici oldum. Səhv etmirəmsə, avqust ayında Zeynəddin kəndində AXC-nin Babək rayonu təşkilatının təsis konfransını keçirdik.  Mən də İdarə Heyətinə seçildim. İbrahim İbrahimli isə təşkilatın əlaqələndiricisi oldu. İlk işimizə də Babək rayonunda mitinq keçirməklə başladıq. Bizim rayon Naxçıvan şəhərinə yaxın olduğundan hər kəs şəhərdə aksiya keçirmək arzusunda idi. Ona görə də rayonda aksiya keçirilmirdi.

 

-O vaxt elə adamlar vardı ki, siz də tanıyırsınız, mən də tanıyıram, indi çıxıb müstəqillik yolunda “şanlı xidmətlərindən”, Heydər Əliyevlə dostluğundan danışır. Mən isə nədənsə, o adamları bir az fərqli cəhətləriylə xatırlayıram. Biri də Sizin kəndlinizdir...

-Yəqin, Eldar İbrahimovu deyirsən (gülür).

-Eldar müəllimin əməllərini xatırlayırsınız?

-Əşi, necə xatırlamıram? Onların mən çox əməllərini xatırlayıram. Nə isə. Boş ver onları.

-Niyə boş verim? Nəyi necə xatırlayırsınızsa, deyin da. Kimsə öz mənfəətləri üçün tarixi saxtalaşdıracaq, şahidlər isə susacaq. Sonra “tariximiz niyə saxtalaşdırıldı” deyə, gileylənəcəyik...

-Deyərik, problem yoxdur. Əvvəla, ondan başlayım ki, Azərbaycanın müstəqilliyi uğrunda nəinki sizin bəhs etdiyimiz adamlar, heç bizim özümüz də vuruşmurduq. Bunu etiraf etməkdən çəkinməmək lazımdır. Sizə bir fakt deyim: 1990-cı ildə Qurban Məmmədov, Sərdar Cəlaloğlu və yanlarında bir neçə nəfər gəlmişdilər Naxçıvana. 6-7 nəfər idilər. Poçtun yanında bir poliklinika var, orda toplandıq, 20 Yanvardan sonra Azərbaycanın ata biləcəyi addımları müzakirə etdik. Orda Qurban bəy belə bir sual verdi: Hərəkatın nəticəsi olaraq, Azərbaycanı necə görmək istəyirsiniz? Yəni müstəqilmi, SSRİ federasiyasının tərkibindəmi, yoxsa konfederativ ittifaq üzvü kimimi?

-Yəqin, müstəqillik tərəfdarı azlıqda qaldı, eləmi?

-Müstəqillik qalsın qırağa. Hətta konfederasiyanı belə dəstəkləyən bir, ya iki nəfər oldu. Açığı, mən heç o zaman konfederasiyanın nə demək olduğunu bilmirdim. Fikirləşirdim ki, yəqin, federasiyadan daha yaxşı olar. Həmin toplantıda iştirak edənlərin əksəriyyəti SSRİ-nin tərkibində qalmağı dəstəkləyir, sadəcə, rejimin dəyişikliyini arzulayırdı.

-Hətta 1990-cı ildə?

-Bəli. Müstəqillikdən heç kim söhbət etmirdi. Yadınızdadırsa, Etibar Məmmədov ilk dəfə 1991-ci ildə elan etdi ki, mən bu hərəkatı milli-azadlıq hərəkatına çevirəcəyəm. Bu hərəkat milli-azadlıq hərəkatı deyildi; başlanğıcında erməni hücumlarına qarşı müqavimət gücü kimi yaradılmış, daha sonra demokratik cəmiyyət quruculuğu ideyasını ortaya qoymuşdu. İndi kimsə deyir ki, mən o vaxtlar Azərbaycanın müstəqilliyinin tərəfdarıydım, bir az düz demir. Söhbət təkcə hökumət nümayəndələrindən də getmir. Hərəkat üzvləri belə müstəqilliyi xəyal edə bilmirdilər.

-Amma, Abbas müəllim, sizin kəndin deputatının sözündən belə çıxır ki, müstəqilliyi o yaradıb...

-(Qəhqəhəli gülüş) Bəli, mən də o sözləri çox eşidirəm. Özü də təkcə siz dediyiniz adamdan yox. Hərəkat nümayəndələri də, bu gün müxalifətdə olanlar da eyni iddialardadırlar.

-Elədir. Amma gəlin, razılaşaq ki, SSRİ dağılmağa az qalmış, hər kəs artıq müstəqillik üfiqini görməyə başlamışdı. Xatırlayıram ki, SSRİ-nin qalıb-qalmaması barədə referendum keçirilirdi. Naxçıvanda faktiki Heydər Əliyev hakimiyyətdə idi (Baxmayaraq ki, həmin vaxt Naxçıvan MR Ali Məclisinin sədri Afiyəddin Cəlilov idi, amma muxtar respublika faktiki olaraq Heydər Əliyevin iradəsi ilə idarə olunurdu - Heydər Oğuz) və Demblokun təklifiylə referendum təxirə salınmışdı. Amma nədənsə, seçki məntəqələri açıq idi. O boyda Naxçıvandan yalnız bir nəfər referenduma getmişdi. Hətta seçki məntəqəsinin nömrəsi də yadımdadır. 16-cı seçki məntəqəsi. İnternat məktəbində. Həmin adam da Eldar müəllim idi. Faktiki olaraq Heydər Əliyevin iradəsinə qarşı çıxırdı.

 

-Yeri gəlmişkən, Sizə bir fakt deyəcəyəm. 1990-ci ildə Azərbaycan Ali Sovetinə seçkilər keçirilirdi. Mən namizədliyimi vermişdim. Eldar İbrahimov da alternativ kimi öz namizədliyini irəli sürmək istəyirdi. Bu məqsədlə toplantı keçirirdi. Cəhrinin klubunda 300-400 adam toplanmışdı. Biz də həmin vaxt klubda idik. Eldar İbrahimovun namizdəliyini irəli sürdüyü toplantıda əksəriyyəti aktiv cəhbəçilər təşkil edirdi. Bir az da Eldar İbrahimovun qohum-əqrəbalarından gəlmişdi. Dedik ki, lap yaxşı, buyurun, namizədinizi irəli sürün, biz də elə alternativli seçkidən yanayıq. Eldar İbrahimov toplantıda çıxış etdi. Danışığı bir az xoşuma gəlmədi. Onu fakt qarşısında qoymaq istədim. Tərəfdarlarımdan bəzilərini öyrətdim ki, siz Heydər Əliyevin də namizədliyini irəli sürərsiniz. Toplantının “şirin” yerində yoldaşlardan bəziləri söz istəyib çıxış etdilər. Dedilər ki, demokratiklik naminə alternativlər çox olmasını istəyirik. Biz də Heydər Əliyevin namizədliyini irəli sürürük. Bu sözü eşidən kimi Eldar İbrahimovun kefinə soğan doğrandı. Qızışdı, nə qızışdı. Heydər Əliyevin əleyhinə o ki var danışdı.

-Konkret nə deyirdi?

-O kimdir, hardan gəlib? Niyə Cəhridən onun namizədliyini verirsiniz? Bəzi başqa bir para sözlər-zadlar da dedi. Qısası, Heydər Əliyevin alternativ kimi irəli sürülməsinə imkan vermədilər. Səsvermədə bu yolla özünü alternativ kimi irəli sürməyi bacardı.

-Abbas müəllim, onun dediyi "başqa bir para sözlər-zadlar" nə idi?

-Əşi, söz idi da. Söz adamısan, sözü çox qurdalama.

-Yox, gəlin, azacıq da olsa qurdalayaq.

-Heç nə, deyirdi ki, onun vaxtı keçib. Ondan bu ölkəyə rəhbər olmaz. Bilirsinizmi, o zaman Eldar İbrahimov dövlət idarəsinin rəhbəri idi. Başlarında da Ayaz Mütəllibov dayanırdı. Ayaz Mütəllibov nə desə, bunlar da yerinə yetirməli idilər. Mən belə baxanda kəndlimdə də günah görmürəm.

-Mən də başa düşürəm. Amma indi deyir axı, mən Heydər Əliyevin qədim dövrlərdən bəri dostuyam...

-O, Heydər Əliyevin verdiyi vəzifənin dostudur. Ayaz Mütəllibovun dövründə də Ayazın dostu idi. Onda da vəzifəni Eldar müəllimə Ayaz Mütəllibov vermişdi.

-O vaxt nə vəzifə daşıyırdı?

-Respublika “Aqroprom”unun sədri idi.

-Yəni Naxçıvan Sovet Sosialist Muxtar Respublikasının?

-Bəli. Təkcə o elə deyildi. Vəzifəlilərin hamısı eyni cür idi. Nə isə, namizədliyini verdi. Səsvermə günü çox böyük saxtakarlıqla 36% səs topladı. Mən isə nə qədər saxtalaşdırsalar da, 52% səs toplamışdım.  Amma səsimi azaldıb ikimizi də ikinci səsverməyə saxladılar.

-Nə bilirdiniz 52% səs topladığınızı?

-Mənə bunların hamısını Afiyəddin Cəlilov və onun yaxın adamları demişdi.

Buna baxmayaraq, yenə ən çox səs toplayan kimi mən, ikinci sırada səs toplayan kimi isə Eldar İbrahimov təkrar seçkiyə qatıldıq. Təkrar seçkidə bülletende mənim adımla familiyamı tərsinə yazdılar...

-Abbas müəllim, söz yadımızdan çıxmamış, Afiyəddin Cəlilov Sizə nə dedi, niyə dedi, bu sualı cavablandıraq, sonra söhbəti davam etdirərik. Sonra bizi günahlandırmasınlar ki, kimdənsə qəhrəman düzəldirik.

-Elə mən də ondan danışıram. Seçki ikinci tura qalanda mənin adımı bülletenə səhv yazmışdılar. Özü də düşünülmüş şəkildə...

 

-Necə? Rza Abbasov yazmışdılar?

-Xeyr, Rzayev Qara Abbas oğlu yazmışdılar.

-Sizdə o büllütenin nümunəsi qalır?

-Yox, qalmır, bülleteni oğurlamayacaqdım ki. Amma yəqin ki, arxivdə qalar. Əlaqədar qurumlardan soruşsanız, bunu təsdiq edərlər. Hətta siz bunu o dövrdə dövlət idarələrində çalışan adamlardan da soruşa bilərsiniz. Məsələn, Nazim Əkbərovdan.

-Nazim müəllimin də bundan xəbəri var?

-Bəli, var. O vaxt seçkidən əvvəl bizim qapıya 3 rəsmi nümayəndə gəlmişdi. Biri Əkbər Əliyev (Babək rayonunun I katibi), biri KQB-nin sədri, biri də Nazim Əkbərov idi.

-Nazim müəllim Təhsil naziri idi. Onun seçkiylə nə əlaqəsi var idi?

-O vaxt nazir deyildi. Ali Sovetdə şöbə müdiri işləyirdi.

-Gecə vaxtı nə söhbətə gəlmişdilər?

-Gəlib dedilər ki, seçkidə böyük saxtakarlıq olub. Bunun üstü açılsa, gərək hamımız işimizdən gedək. “Təkrar seçki keçirilməsin” desən, sən deyən olacaq. Sabah biz bülletenləri ortaya çıxarsaq, gəlib deyə bilərsən ki, bu kimin adıdır? Amma sən razılıq versən, seçkini keçirərik. Mən də onlara dedim ki, bəlkə də bu mənə Allah tərəfindən verilmiş gözəl fürsətdir. Bir də nə vaxt mənim qapıma 3 dövlət adamı gələcək və nəsə xahiş edəcək, mən də onlara “hə” cavabı verəcəyəm. Dedim, deputatlıq mənə lazım deyil. Kimə lazımdır, qoy, getsin, deputat olsun.

-Bir sözlə, deputatlığı Eldar İbrahimova Siz hədiyyə etdiniz?

-Eldar İbarimova hədiyyə etmədim, niyə elə deyirsiniz? Mən həmin mandatı qapıma gələn dövlət adamlarına hədiyyə etdim. O adamlara hədiyyə etdim ki...

-O adamların xətrinə Eldar müəllimə hədiyyə edibsiniz. Niyə inkar edirsiniz?

-(Gülür) Eldar müəllimə mən mandat hədiyyə etsəydim, o elə yaxşılıqları itərən deyil, bu gün mənim hörmətimi saxlayardı. Heç görübsünüz ki, qəzetdə, saytlarda mənim şənimə nəsə desin? Kimlərdən mandat alıbsa onların xeyrinə danışır. Mənim isə heç salamımı da yaxşı almır, əlbəttə ona salam versəm.

-Deməli, arada görüşürsünüz Eldar müəllimlə?

-Arada olur.

-Axırıncı dəfə nə vaxt görüşübsünüz və salamınızı necə alıb?

-Axırıncı dəfə Siyavuş Novruzovun anasının yas yerində görüşmüşük. Biz çadırın yanında dayanmışdıq. O da 5-6 nəfərlə gəldi, yanımdakı adamlarla görüşdü. Mənə növbə çatanda əlinin ucunu yalandan uzatdı. Mən də elə eyni qaydada barmaqlarımın ucuyla onun barmaqlarının ucundan yapışdım.

-Qəribədir, sizə niyə minnətdarlıq duymur? Hər dəfə də deyir ki, guya, onu xalq seçib. Halbuki, hər kiminsə xətrinə olmasına baxmayaraq, faktiki olaraq, onu siz seçibsiniz.

-Mən seçməmişəm. Sadəcə mandatı hədiyyə etmişəm. Amma bilirsinizmi niyə? Çünki mən seçkinin keçirilməsinə etiraz etsəydim, nə o seçilə biləcəkdi, nə də mən. Yenidən seçki keçiriləcəkdi və biz seçkidə iştirak etməyəcəkdik. Buna qanunvericilik imkan vermirdi Bir halda ki, mən onsuz da seçilə bilməyəcəyəm, niyə Eldar müəllimin önünü kəsməliydim.

-Abbas müəllim söhbət 1990-cı ildən düşmüşkən, 20 Yanvar hadisələrini necə xatırlayırsınız? Mənim bildiyimə görə, həmin hadisədən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə səfəriniz olmuşdu. Həmin səfəriniz zamanı çox önəmli görüşlər keçirdiyiniz barədə məlumatlar gəlirdi.

(ardı var)

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 792          Tarix: 11-09-2017, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma