Xəbər lenti

 

Dünən ölkənin tanınmış mətbu orqanlarından biri hər kəsi təəccübləndirən məlumat yaydı: “Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri polis general-mayoru Rafiq Abbasov təyin olunub”. Həmişə öz etibarlı mənbələriylə öyünən saytın bu dəfəki məlumatının ömrü isə uzun sürmədi. Cəmi bir neçə saatdan sonra DİN-nin mətbuat xidmətindən yenə həmin informasiya portalına verilən açıqlamada fakt təkzib edildi.

Əlbəttə, nə DİN-nin məlumata dərhal reaksiyası, nə də əsası olmayan həmin xəbərin sayta yol tapması təsadüfə oxşamırdı. Belə təəssürat yaranırdı ki, təkzib edilən həmin xəbər kiməsə ünvanlanmış mesaj idi. Xəbərin dərhal təkzib olunması isə mesajın çatdığını və rədd edildiyini göstərirdi.

Belə olan halda, istər-istəməz, ictimai rəydə bəzi suallar yaranır: Əcəba, mesajı göndərən və mesajın göndərildiyi ünvanlar kimlərdir?

Mesajın ünvanlandığı tərəfi müəyyənləşdirmək o qədər də çətin deyil. Söhbət Naxçıvan Daxili İşlər nazirinin “təyinat”ından gedirsə, bu ünvan, təbii ki, Muxtar Respublika rəhbərliyi ola bilərdi.

Yeni nazir “təyinatında” adı hallanan general da təsadüfən seçilməmişdi. 1960-cı ildə Naxçıvanın Şahbuz rayonunda anadan olmasına baxmayaraq, cənab Rafiq Abbasovun bioqrafiyasına baxanda onun heç bir zaman bu bölgədə polis strukturlarında işləmədiyi aydın olur. Belə çıxır ki, generalın Muxtar Respublika rəhbərliyi ilə də ciddi əlaqələri yoxdur.

Bu isə indiyə qədərki siyasi təcrübədə yaşanmayan hal idi. Nədən ki, Naxçıvanda bütün kadr dəyişikliyi yerli rəhbərliklə mütləq razılaşdırılır. Bunun başlıca səbəblərindən biri isə Naxçıvanın Muxtar Respublika statusundan irəli gəlir. Xüsusilə, strateji önəm daşıyan nazirliklərə təyinatlarda, adətən, namizədlər yerli hakimiyyət tərəfindən təqdim olunur və bu təqdimat mərkəzi hakimiyyət tərəfindən təsdiqlənir. İndi isə görünən budur ki, on illərlə davam edən ənənə pozulmaq üzrədir.

Muxtar Respublikanın yeni Daxili İşlər nazirinin “təyinatı”nda ən çox diqqəti cəlb edən məqam haqqında bəhs olunan şəxsin kimliyidir. Bir neçə il öncə mətbuatda dərc olunan xəbərlərə inansaq, “təyinat”da adı çəkilən şəxslə Muxtar Respublika rəhbərliyi arasında sərin yellər əsirmiş. Müsavat qəzetinin 16.03.2014 tarixli, “Vasif Talıbov Bakı polisinin rəisinə “müharibə” elan edib” sərlövhəli məqaləsində bu barədə deyilir:

“Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı ilə “Naxçıvan Qaz” İstehsalat Birliyinin rəisi Səxavət Abbasov ev dustağı edilib. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun yeznəsi (bacısının həyat yoldaşı) olan S.Abbasov “Naxçıvanda hakimiyyət dəyişikliyi etməyə cəhddə”, “Vasif Talıbova qarşı kampaniya aparmaqda” suçlandırılır. Onun iş yerində, evində, yaxın qohumlarının evində axtarışlar aparılıb”.

Bu məlumatın nə qədər səhih olub-olmadığını deyə bilmərik. Amma adı bu cür qalmaqallarda hallanan və ya hallandırılan polis generalının Naxçıvanın Daxili İşlər naziri “təyin” olunması Muxtar Respublika rəhbərliyinin iradəsilə hesablaşmamaq deməkdir. Məlumatın DİN tərəfindən dərhal təkzib olunması isə xəbərdə adı keçən qüvvələri  üz-üzə gətirmək istəyinə reaksiya kimi başa düşülə bilər. Bu reaksiya həm də onu göstərir ki, təkzib olunan xəbər DİN tərəfindən “sızdırılmayıb”.

Bu yerə ikinci sual ortaya çıxır: Görəsən, “xəbəri sızdıran” kimdi?

Nə yazıq ki, bu suala cavab vermək asan deyil. Zira ortada iki ehtimal var: ya saytın özfəaliyyəti, ya da hakimiyyətin müxtəlif qanadları arasında Muxtar Respublikada kadr dəyişikliyi ilə bağlı mətbuata çıxarılacaq dərəcədə şiddətli olan fikir ayrılıqları.

Ehtimallardan hansının doğruluğu, böyük ehtimalla, bir neçə gün ərzində bəlli olacaq. Hələlik isə onu demək olar ki, ilk versiya çox da inandırıcı görünmür. Hakimiyyətdaxili çatların mətbuat orqanlarına bu qədər açıq şəkildə çıxarılması ehtimalı isə Azərbaycanı yaxın gələcəkdə siyasi intriqalı günlərin gözlədiyindən xəbər verir.

Necə deyərlər, təvəkkül Allaha!




Ana səhifəyə qayıt        Baxış: 4 366          Tarix: 21-08-2017, 16:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma