Xəbər lenti

 

İş adamından elektrik kəsintisinə fərqli yanaşma: “Bu, bir siqnaldır”

 

İnsan tarix boyu Təbiətlə mübarizə aparıb. Canlılar arasında yalnız bizik ki, Təbiətə boyun əyməmiş, müxtəlif müdaxilələrlə onu özümüzə uyğunlaşdırmağa çalışmışıq. Təbii ki, bu səylər həmişə müsbət nəticə vermir, bir çox hallarda öz əməyimizin ağır nəticələrilə də üzləşməli oluruq. Bununla belə, Təbiəti ram etmək çabaları insan oğlunun fitrətindən irəli gəlir və bu xüsusiyyətini dünya var olduqca sürdürəcəkdir.

Təbiət üzərində hökmranlıq xisləti bəşər oğlunun “gəmidə oturub gəmiçiylə savaşmaq” xudpəsəndliyi də deyil, Yaradanın ona bəxş etdiyi haqdır. Müqəddəs kitabımız Qurani-Kərimə görə, Allah bizi dünyanın xəlifəsi kimi  yaradıb: "Sizi dünyaya xəlifə edən Odur ". (Ənam, 6/165).

Xəlifəyiksə, yer üzünə çəki-düzən verməli olan da bizik. Yer üzünü öz həyat standartlarımıza uyğunlaşdırmaq yolunda, sözsüz ki, müəyyən problemlərlə də qarşılaşa bilərik və qarşılaşırıq da. Bir çox hallarda bütün əmrimizə rahatlıqla tabe olan Təbiət bəzən “Spartak üsyanı”na başlayır, bizə öz etirazlarını çatdırır, canının ağrıdığını bu yolla dilə gətirir. Əlbəttə, dünyanın xəlifəsi kimi biz də verilmiş bu mesajlardan nəticə çıxarmalı, yer üzünü daha ədalətli idarə etməyə çalışmalıyıq. Bu mənada bəzən Təbiətin çılğınlığı da qulun ağayla ünsiyyət forması kimi qəbul edilməli və buna xoş baxılmalıdır. Baxmayaraq, bəzən bu ünsiyyət bir çoxlarımızın əziyyəti, zəhməti, hətta fəlakətilə də nəticələnə bilir. Fərdi baxımdan, bizə fəlakət kimi görünən bu hadisələr qlobal aspektdən yanaşanda olduqca normal, hətta gərəkli təsir bağışlayır. Zira istifadə edərkən canını ağrıtdığımız Təbiətin “mırıltıları”, etiraz səsləri olmasa, biz də onunla ürəyimiz istədiyi kimi davrana. nəticədə öz xanimanımızı darmadağın edə bilərik.

Azərbaycanda son günlər yaşanan elektrik böhranı da Ana Təbiətin bir “mırıltısı”, etiraz səsidir. Özü də bu “mırıltı” onun yalnız Azərbaycanın üzünə qayıtması da deyil, bütün bəşəriyyətə səslənişidir. Dünyanın bütün ölkələri kimi, bu etiraz səsini biz də dinləyir, ümumi evimizin sakinlərinə verdiyi mesajları alırıq. Ana Təbiət Azərbaycanda elektrik böhranı yaradaraq, qlobal istiləşmənin nələrə yol aça biləcəyini bizim coğrafiyanın diliylə öz xəlifəsinə - İnsan oğluna pıçıldayır. İnsanlığın səbəb olduğu bir problemin hansı  fəlakətlərə yol aça biləcəyini əyani şəkildə göstərir.

Fikrimizi daha dolğun anlatmaq üçün son günlərdə yaşanan elektrik böhranının rəsmən açıqlanan səbəblərinə nəzər salmağımız kifayətdir. Prezidentin mətbuat xidmətinin açıqlamasına görə, “iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadəsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır”. Digər rəsmi qurumlar isə bildirirlər ki, havanın isti keçməsilə əlaqədar əhalinin elekrtik enerjisindən istifadəsi 40% artmış və nəticədə məlum böhran ortaya çıxmışdır. Elə bu faktın özü enerji böhranının əsas səbəbinin qlobal istiləşmə olduğunu təsdiqləyir.

Bir çoxları Azərbaycan hakimiyyətini ehtiyat elektirik enerjisi saxlamamaqda günahlandırırlar. Bu tənqidlər arasında xoşməramlı vətəndaş yanaşması olduğu qədər, problemdən siyasi məqsədlə istifadə etmək cəhdləri də mövcuddur və bu, açıq şəkildə özünü büruzə verir. Yəqin ki, hökumət nümayəndələri qərəzli və qərəzsiz ittihamların hamısını gözdən keçirəcək və problemin aradan qaldırılmasında bu fikirlərdən faydalanacaq. Bu mənada mən şəxsən belə müzakirələri cəmiyyətimizin (həm də bütün bəşəriyyətin) xeyrinə hesab edir və təqdirlə qarşılayıram. Amma Təbiət şıltaqlığı nəticəsində ortaya çıxan problemi bu qədər böyütməyin də tərəfdarı deyiləm. Ən azı ona görə ki, Azərbaycan rəsmiləri bu fövqəladə təbii hadisəsini öncədən müəyyənləşdirə bilməzdi. Zira hava proqnozları ən yaxşı halda 1 həftə əvvəldən müəyyənləşdirildiyindən və ehtiyat tədbirlərinin görülməsi, daha artıq enerji istehsalı üçün gərəkli müəssisələrin yaradılması uzun zaman aldığından yaşanan bu fələkətin qarşısını almaq o qədər də asan görünmür.

Digər tərəfdən, Cənab Prezidentin hadisəylə bağlı keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirlər göstərir ki, hökumət illər öncə ehtiyat enerji mənbələri yaratmaq qayğısına qalmış və bir sıra elektrik santralları salmışdı. Görünür, bu zamana qədər həmin santralları işə salmağa ehtiyac duyulmadığından onlar tam hazır vəziyyətə gətirilməmişdi. Sözsüz ki, bu məsələdə həddindən artıq arxayınçılığın yaratdığı bəzi məsuliyyətsizliklər olub və ölkə rəhbərliyi hər kəsə öz layiqli qiymətini verəcək.

Bununla belə, gəlin, ədalətli olaq. Elektrik enerjisindən 40 faiz artıq istifadənin Mingəçevirdəki yarımstansiyada bu cür nasazlığa səbəb olacağı da mütləq deyildi. Əlbəttə ki, bütün qəzalar kimi, bu xoşagəlməz hadisə də əvvəlcəndən “gəlirəm” deməmiş, ən kritik anda ortaya çıxmışdır.

Deyə bilərsiniz ki, hakimiyyət bütün bəd ehtimalları nəzərə alıb əvvəlcədən müəyyən addımlar atmalı, alternativ enerji mənbələri yaratmalı idi. Bu iddia ilə qismən razılaşmaq olar. Fəqət hər izafi enerjinin əmələ gəlməsinin hansı ekoloji problemlərə və maliyyə israfına səbəb olduğunu da nəzərdən qaçırmamalıyıq. Tələbatdan artıq enerji istehsalı da israfçılıq olduğundan indiki qlobal maliyyə böhranı zamanı bunun həyata keçirilməsinin də dedi-qodulara yol açacağı mümkün idi.

Üstəlik, qəzadan əvvəl Azərbaycan energetiklərinin xaricə elektrik satdığı da məlumdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac olunub və bundan 53 milyon 328 min dollar əldə edilib. Elə bu faktın özü də energetiklərimizin izafi elektrik enerjisi istehsal etdiyini təsdiqləyir. Bundan artıq enerli istehsalı isə yeni İES-lərin tikintisi deməkdir ki, bu da kənd təsərrüfatına yararlı torpaqların susuz qalması, şoranlaşması, erroziyaya uğraması deməkdir və çoxşaxəli iqtisadi inkişaf strategiyasını qarşısına hədəf qoyan Azərbaycan hakimiyyətinin müvafiq siyasətlərilə uzlaşmır.

Amma onu da nəzərdən qaçırmamalıyıq ki, qlobal istiləşmənin yaratdığı bu problemin əmələ gəlməsində və bədəlinin ödənilməsində nə Azərbaycan xalqının, nə də onun hakimiyyətinin məsuliyyət yükü digərlərindən daha böyük deyil. Qlobal istiləşmənin əsas səbəbkarlarının sənaləşmiş ölkələr olduğunu özləri də etiraf edirlər. Onların qobal ekoloji sistemə vurduqları zərərdən ən çox özlərinin zərər gördükləri də bəllidir.

Təsadüfi deyil ki, Azərbaycanla eyni zamanda Kanadadan da fəlakət xəbərləri gəlməkdədir. Məlumata görə, Kanadanın Monreal şəhərində havaların kəskin isti keçməsi nəticəsində xeyli insan dünyasını dəyişib. Bu cür ölüm hadisələri son illər ərzində Kanadada isti yay günlərinin adi həyat tablosuna çevrilib. Məlumata görə, son 8 ildə eyni səbəbdən həmin şəhərdə 106 nəfər dünyasını dəyişib. Həm də Monrealdakı hərarət bizdəki istiliyin yanında yüksək temperatur da sayılmaz. Bir neçə gün öncə 6 monreallının həyatına son qoyan istilik sadə 35 selsi civarında olub. Mingəçevirdəki qəza zamanı isə bir çox rayonlarımızda temperatur 44 selsini göstərirdi. Əgər qlobal istiləşmənin günahkarını hakimiyyətlərdə axtarsaq, daha hərarətli günlər keçirməsinə baxmayaraq, istilikdən ölüm hallarının yaşanmadığı Azərbaycan rəhbərliyi Kanada hakimiyyətindən daha bacarıqlı təsir bağışlayır.

Təbiətin şiltaqlığında siyasi motiv axtaranların bir arqumentilə mən də razıyam ki, Azərbaycan hakimiyyəti alternativ enerji mənbələri yaratmağa çalışmalı və enerji təminatımız tamamilə Mingəçevir İES-nın ümidinə qalmamalı idi. Amma insaf da yaxşı şeydir. Azərbaycan hakimiyyəti son zamanlar bu layihə üzərində də ciddi cəhdlə çalışır. 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və son 5 il ərzində bu sahəyə xeyli investisiyalar yatırılıb. Ölkəmizin günəşindən, küləyindən və digər təbii resurslarından faydalanaraq qurulan batareyalar sayəsində bir müddətdən sonra elektrik enerjisi hasilatının müəyyən hissəsi bu sektorun payına düşəcək və ölkəmiz bu cür sürprizlərdən sığortalanacaq.

İstisna etmirəm ki, bu sahədə bəzi axsamalar mövcuddur və son elektrik enerjisi böhranında bu açığımız üzə çıxdı. Ola bilər. Amma onu da unutmamalıyır ki, böhranlar problemi ortaya çıxarmaqla axsayan sahələrin inkişafına təkan verir və hökumətlər məsələnin həllinə çalışaraq, onu aradan qaldırırlar.

Əslində son böhran da hakimiyyətə lazımi siqnallar verdi və Cənab İlham Əliyev bu məsələni öz nəzarəti altına aldı. Bu isə problemin həllinin başlanğıcı deməkdir və ictimaiyyət də bu məsələdə öz liderindən dəstəyini əsirgəməməlidir.

Mürvət Həsənli

İş adamı




Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 5-07-2018, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma