Xəbər lenti

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.

 

Gəldi aşura, Hüseynim, yenə matəm günüdür,

Bizə rəhbərlik edənlər bizi zindana yığır.

Əhli möminlər üçün qüssə günü, qəm günüdür,

Bir tərəfdən də bizi rəhbərimiz cana yığır.

 

Döyərək sinəyə uğrunda fəqan eyləyirik,

Qanayan könlümüzü dərdə məkan eyləyirik.

 

Sən Yezid üstünə getdin, edərək zülmə qiyam

Bizə zülm etmədədir indi tamam başqa biri.

Susuruq, baxma ki, etməkdə Yezid zülmü davam

Biz diriykən ölüyük, sənsə şəhid, həm də diri.

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.

 

Kimimiz baş yarırıq, vurmada zəncir kimimiz,

Kimimiz qan veririk, xəstəyə dərmandı- deyə

Sanki Nuh dövrüdü, dəryada batıbdır gəmimiz

Qaçırıq haqq savaşından sonu al qandı-deyə.

 

Fərqimiz varmı bizim səncə dönük Kufəlidən?

Nəfsinə tabe olan qəlbi sönük Kufəlidən?

 

Adımız əhli-müsəlman, özümüz şahsevənik,

Elimin şah dizi üstündə kəsilmiş göbəyi.

Kimə qulluq edərik, gah söyənik, gah sevənik

Tanrı min fikrə düşən şəxsin olurmu köməyi?

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.

 

Bizə səndən qalan iman yolu, məfkurə yolu-

Haqqa üsyan edənə Haqq üçün üsyan yoludur.

Qəlbin imanı ilə qərq edərək nura yolu

Yeri gəldikdə yola canı da qurban yoludur.

 

Bizsə nahaqqı görüb Haqqı da inkar edərik.

Satıb imanımızı beş quruşa kar edərik.

 

Edərək il boyu təzim əyərik zülmə boyun

Ildə bir yol olarıq əhli şiə, qan tökərik.

Sənin ismiylə çəkib ah, çıxarıb min bir oyun

Harda məzlum görərik, tez başına turp əkərik.

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 11-09-2018, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma