Xəbər lenti
 

İraq şiələri Cəfəri və İsmaili məzhəbinin 7-ci imamı sayılan İmam Musa Kazımı qəribə ritualla yad ediblər.
Ovqat.com-un İraq mediasına istinadən verdiyi məlumata görə, dünən imamın şəhadət gününü matəm etmək niyyətilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərinə axın edən minlərlə şiə,  imamlarına özlərinəməxsus qaydada yas tutub.
Səf-səf düzülərək Musa Kazım türbəsinə gedən zəvvarlardan bəziləri zincir, bəziləri sinə vurub, bəziləri isə başlarına döyərək göz yaşı töküblər. Ən diqqəti cəlb edənlər isə başlarına palçıq sürtənlər olub.
Əsasən “Seyid Zeynəb xidmətçilər” adlanan qrup “palçıqlanma” rituallarınyla seçilib. Bildirildiyinə görə, onlar İraqın cənub-şərqində İranla sərhəddə yerləşən Meysam şəhərindən gəliblər. Qrup üzvlərindən Məhəmməd Salim də bunu etiraf edərək deyib: "Meysam vilayətindən Musa Kazımın matəmi üçün gəldik. Onu kədərlə yad edirik”.
“Palçıq” ritualına rəhbərlik edənlərdən biri də bəsrəli Seyid Heydər imiş. Seyid Heydər mərasimə gətirdiyi bir vedrə palçığı həm özünün, həm də yanındakıların başına sürtərək onlara xeyir-dua verib. O, jurnalistlərlə söhbətində palçıq ritualının “fəlsəfə”sindən də danışıb. Dediyinə görə, bu palçıq möhürünün mənası İmam Musa Kazım üçün duyulan üzüntünü nümayiş etdirmək imiş: “Mövlamız İmam Musa Kazım zindana atılan, zəhərlənərək öldürülən, zülmə məruz qalan müqəddəs şəxsiyyətdir. Allahın salamı üzərinə olsun”.
Matəm mərasimində qadınlar da iştirak edib. Arubə Kazım adlı qadın Nehrəvandan gəldiyini deyib: “Hər il bu matəmə gəlirəm. İmam Cəfər oğlu İmam Musa Kazımın şəhadət günü acı və kədərlə doludur”. 
Qeyd edək ki, 7-ci imamı Musa Kazım 1218 il əvvəl Abbasi xəlifəsi xəlifəsi Harun ər-Rəşidin sifarişilə həbs olunub və məhbəsdə zəhərlənərək öldürülüb. Onu zəhərlətdirən isə Sindi adlı bir hərbi komandir olub.
İmamların matəmində başa palçıq sürtülməsi ənənəsi təkcə İraqda yox, İranın da bəzi əyalətlərində mövcuddur.
İranda Aşura mərasimindən çəkilən bir videoda da palçıqlanma ritualı öz əksini tapıb. Videonu oxuculara təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 563          Tarix: 25-04-2017, 08:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma