Xəbər lenti

 

Bakıda xüsusilə pik saatlarda ən sıx yollardan biri Bakı-Sumqayıt yoludur. 

Təxminən axşam saat 17-20 arası Bakı Beynəlxalq Avtovağzalı yaxınlığından başlayan sıxlıq Xırdalan dairəsinə qədər uzanır. Səhərlər ilə Bakı istiqamətindəki sıxlıq Masazır dairəsindən başlayır. Beləliklə 7-8 kilometrlik yolu təxminən 1 saatdan çox vaxta qət etmək mümkün olur. Bəhs edilən yolda sıxlığın aradan qaldırılması üçün bir neçə dəfə tədbirlər görülsə də bu kifayət etməyib.

Vaxt ötdükcə Xırdalan, Masazır və ətrafdakı qəsəbələrdə sakinlərin sayında artım müşahidə olunur. Bu da Bakı-Sumqayıt yolundakı sıxlığın gündən-günə artmasına gətirib çıxarır. Bəhs edilən yolun strukturu əvvəldən elə qurulub ki, hazırki vəziyyətdə genişləndirilməsi olduqca çətin görünür. Bəs həmin yolda sıxlığın aradan qaldırılması üçün başqa hansısa tədbirlərin görülməsi mümkündürmü? Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli mövzu ilə bağlı bildirdi ki, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir: "Xırdalan dairəsinə gedən bir hərəkətli yolun iki hərəkətli yola çevrilməsi və ya dairəni tamamilə ləğv edib müxtəlif cür yol qovşaqlarının inşa edilməsi kimi təkliflər var amma son qərarı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi komissiyası verir. Maliyyə vəsaiti ayrıldığı təqdirdə həmin yolda işlərin görülməsi mümkündür".

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması üçün Xırdalan dairəsinin tamamilə ləğv edilməsinin vacib olduğunu bildirdi: "Şəhər tərəfdən gələn 4 zolaq dayanmadan Sumqayıt istiqamətində hərəkətə davam etməlidir. Sumqayıt tərəfdən gələn avtomobilləri isə körpü vasitəsilə, Koroğlu metrosu yaxınlığındakı yol qovşağı kimi əsas yola birləşdirmək lazımdır. Məndə olan məlumata görə, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həmin yolda müşahidələr aparıblar, sıxlığın səbəbini də, aradan qaldırılması yollarını da bilirlər. Digər qurumlarla da bu barədə müzakirələr aparıblar və istəyirlər ki, Xırdalan dairəsini söküb yeni yol qovşağı tiksinlər ancaq, belə bir nəticə əldə olunub ki, bunun üçün Bakı-Sumqayıt yolu 6 ay bağlı qalmalıdır".

Bakı-Sumqayıt yolunda müxtəlif tədbirlərin görülməsi planlaşdırılsa da uzun müddətdir bu istiqamətdə əsaslı addımlar atılmayıb. Hər gün həyatlarının 3 saatdan çoxunu məhz tıxaclara həsr edən sakinlər isə bu problemin həll edilməsini tələb edirlər. Gün ərzində 9 saatlıq iş rejimindən sonra təxminən 3 saat da tıxaclarda qalırıq. Bura yatmaq üçün ayrıdığımız vaxtı da əlavə edəndə ailə, şəxsi həyat və digər işlərimizə çox az vaxt qalır. Bu da öz növbəsində sosial və psixoloji bir çox problemlərə səbəb olur.\\Yeniavaz.com




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 9-10-2019, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma