Xəbər lenti

 

ABŞ, Fransa və İngiltərənin kimyəvi hücumu bəhanə edərək, Suriyaya qarşı hava əməliyyatı başlamışdan bir gün qabaq Rusiyanın Tartus limanındakı gəmilərini geri çəkdiyi məlumatı yayılmışdı. Rusiya Müdafiə Nazirliyi etiraf etməsə də, Dumanın bir deputat tərəfindən təsdiqlənən və rus donanmasının təhükəsizliyi məqsədilə əsaslandırılan bu faktı bir çox analitiklər Kremlin Bəşər Əsədi qurban verməsi kimi qiymətləndirmişdilər.

Bu gün Dardanel boğazından keçən rus hərbi gəmisində diqqət çəkən bir məqam isə Rusiyanın Suriyadan çəkiləcəyi barədə mülahizələri çürüdür. Foto-şəkillərdən də aydın olur ki,  gəminin göyərtəsində hərbi texnikalarla yanaşı keçik çəkən əsgərlər var.

Məlumata görə, Türkiyə vaxtı ilə səhər saat 9 radələrində  Mərmərə dənizinə girən rus Qara Dəniz donanmasına bağlı 148 nömrəli "Orks” hərbi gəmisi Egey dənizinə, ordan isə Aralıq Dənizinə gedəcək.

Elə bu faktın özü Rusiyanın Suriyanı asanlıqla əldən verməyəcəyinin ən bariz örnəklərindəndir. Çünki Rusiyanın həqiqətən də elə bir niyyəti olsaydı, Suriyadakı hərbi qüdrətini artırmazdı.

Moskvanın bu addımı Aralıq dənizində yaşanan gərginliyi daha da artıra və dünyanın iki nəhəng hərbi gücünü üz-üzə qoya bilər. Nədən ki, ABŞ-ın da mübahisəli kimyəvi hücumu bəhanə edərək, özünün ən güclü flotunu Aralıq dənizinə göndərdiyi bildirilir. Məlumata görə, Şərqi Aralıq dənizinə göndərilən flot ABŞ ən güclü donanmasıdır. Flotda biri təyyarə gəmisi olmaqla, 7 döyüş gəmisi var. ABŞ sərhədlərindən 11 min km uzaqlıqda yerləşən Şərqi Aralıq Dənizinə göndərilən gəmilərdə toplam 7 minə yaxın hərbi qulluqçunun yer aldığı xəbər verilir, Pentaqonun Şərqi Aralığa çox güclü heyətlə gəldiyini təsdiqləyir.

Hərbi mütəxəssislərin bildirdiyinə görə, “USS Harry Truman” təyyarə  gəmisinin admirallığını etdiyi flot ən müasir raketlərlə təchiz olunub və Rusiyanın Qaradəniz donanması bu güclə müqayisə edilməyəcək qədər zəifdir. Bununla belə, Rusiyanın Şərqi Aralıq dənizinə hərbi texnikalar daşıması, ekspertlərin fikrincə, dənizdə itirdiyi mövqeləri quruda gücləndirəcəyi mesajı ehtiva edir.

Xatırladaq ki, Qərb ölkələri Suriyaya düzənlədikləri hərbi əməliyyatdan qabaq Rusiyaya “bizim işimiz səninlə deyil, hücum zamanı rus əsgərlərilə üz-üzə gəlmək istəmirik” mesajını vermişdilər. Mesajın Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan vasitəsilə Putinə çatdırıldığı qeyd olunurdu. Məlum hücum zamanı həqiqətən də rus ordusunun nəzarət etdiyi sahələrə hər hansı raketin atılmaması da Qərb dövlətlərin öz sözlərinə sadiq qaldığını təsdiqləyirdi. Buna baxmayaraq, Rusiyanın Suriyadakı hərbi qüvvələrini gücləndirməyə çalışması ABŞ və müttəfiqlərinin Şərqi Aralıq dənizinə girməsinin Moskva tərəfindən özünə qarşı təhdid kimi qarşıladığını göstərir.

Şərqi Aralıqda gərginliyin artmasının yalnız bu bölgə ilə məhdudlaşmayacağı, bütün cəbhə boyu yayılacağı təxmin edilir. Bu isə öz növbəsində iki nəhəng hərbi qüdrət arasında böyük savaş çıxa biləcəyi ehtimalını ağla gətirir.




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 16-04-2018, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma