Xəbər lenti

 

MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılıb.

Onlar aldıqları cəzanın azaldılmasını və ya həbsdən buraxılmalarını istəyirlər. Bu məqsədlə apellyasiya şikayəti veriblər.

Musavat.com xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə baxılıb və jurnalistlərin iştirakı qadağan edilib.

Prosesdə prokuror çıxış edib. Dövlət irrihamçısı deyib ki, şikayətlər əsassızdır və təmin olunmamalıdır, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanmalıdır.

Ardınca vəkillər qısa şəkildə replika veriblər. Onlar deyiblər ki, ittihamların əsassızlığı barədə günlərlə çıxış edib, ortaya qoyduqları arqumentlərə prokuror cavab vermədi. Vəkillər hökmün ləğvini, sabiq MTN-çilərə bəraət verilməsini istəyiblər.

Təxminən 15 dəqiqəlik müşavirədən sonra Sahibxan Mirzəyev, Faiq Qasımov və Elşad Şamayevdən ibarət hakimlər kollegiyası apellyasiya şikayətlərinin təmin olunmadığını, birinci instansiya məhkəməsinin hökmünün heç bir dəyişiklik edilmədən qüvvədə saxlandığını elan ediblər.

Hökmdən keçmiş MTN-çilərlə yanaşı, onların şantajla pul aldığı iddia edilən zərərçəkənlərin də bəziləri şikayət vermişdilər. Onların da şikayəti rədd edilib.

Bakı Apellyasiya Məhkəməsinin bu qərarından sonra hökm qüvvəyə minib. Hökmdə MTN generalları və onların işçilərinə verilən cəzalarla yanaşı, rütbələrinin alınması, əmlaklarının müsadirəsi məsələsi də yer alıb.

Xatırladaq ki, bu məhkəmə prosesi "MTN işi"ndə ən yadda qalanlardan oldu. Məhkəmə iclaslarında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev ictimaiyyətdə böyük maraqla qarşılanan açıqlamalar vermişdi.

O, dövlət təşkilatlarının büdcə vəsaitlərini adı olub, özü olmayan şirkətlər, bu iş üzrə peşəkarlaşan dəllallar vasitəsilə dağıdılması, sifarişli işlərdə saxta şahidlərdən istifadə olunması və başqa məsələlərdən danışmış, bütün bunlar da media vasitəsiylə yayılmışdı. Bütün bu danışılanlar sosial şəbəkələrdə və mətbuatda gündəm mövzusu idi.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

İlkin Muradov 
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 632          Tarix: 11-02-2019, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma