Xəbər lenti

İrana qarşı ABŞ sanksiyaları ölkə iqtisadiyyatının əsas sahələrini hədəfləməyə, Tehranın öz istiqamətini dəyişdirməsinə və “ziyanlı” fəaliyyətlərinə son qoymasına hesablanıb.

Bu ilin əvvəllərində prezident Donald Tramp ABŞ-ı çoxtərəfli sazişdən çıxarıb. Bu saziş İranın nüvə proqramını sərt şəkildə məhdudlaşdırır. İndi isə ABŞ İranın neft və maliyyə sektorlarına sanksiyalar elan edib.

Bəs bu sanksiyaların İran xalqına təsiri necədir?

ABŞ tədbirlərinin iqtisadi təsirlərini hiss edənlərdən bəziləri narahatlıqlarını BBC -nin Fars Xidməti ilə bölüşüblər. Dövlət qulluqçusu olan Ayeh deyib ki, sanksiyalar bir çox peşə sahiblərinə, xüsusilə də dövlət qulluqçularına ciddi ziyan vursa da, əgər onlar hökumətin ölkəni idarə etmə üslubunu dəyişəcəksə, ağrısını çəkməyə dəyər: “Mən etiraf edirəm ki, sanksiyalar xüsusilə bizim həyatımıza təsir edir“,-deyə Ayeh vurğulayıb.

Fransada oxuyan iranlı tələbə Mahdis qeyd edib ki, xaricdə oxuyan iranlılar üçün ən mühümü ölkənin bank sistemidir. O əlavə edib ki, sanksiyalar vəziyyəti pisləşdirib: “Bizim sanksiyalarla bağlı ən böyük problemimiz bank sistemi olacaq. Biz burada Fransada universitetdə təhsilə başlayarkən mənim və başqa iranlı tələbələr üçün bank hesabı açmaq çox çətin olmuşdu. İndi isə bu sanksiyalara görə biz İrandan pul ala bilməyəcəyik. Əgər bank köçürməsi İranın xaricində olan hər hansı iranlıya aiddirsə bloklana və pulun mənbəyini təsdiq edən əlavə sənədlər tələb oluna bilər. Bizim ən böyük problemimiz pul köçürmək və bir də məzənnədir”.

İranın cənub-şərqindəki Zahedan şəhərinin sakini Məhəmməd sanksiyaların tacirlərə və dükan sahiblərinə, habelə manufakturaçılara təsirindən narahatdır. Çünki sanksyaların olduğu bir vaxtda idxal olunan malların da qiymətləri qalxır: “Sanksiyalar bizim sümüyümüzə işləyir, amma rəsmilər çox rahat danışırlar. Biz özümüz bir qarış da olsun parça toxuya bilmirik. Çox pis vaxtdır. Dükanlar qiymətləri qaldırır, bizim alıcılıq qabiliyyətimiz sıfra düşür. Tam bir sıfra”.

Tacir Ruzbeh kimi Avropa İttifaqından elektrik malları gətirən biznes sahibləri də təchizatdan narahatdırlar: “Dolların məzənnəsi qalxanda bizim də xərclərimiz dəfələrlə qalxır. Bizim Avropa təchizatçımız daha bizə mal vermir. Ona görə də biz bu malları başqa yollarla gətirməli oluruq və qiymət də beləcə qalxır. Belə qiymətlərlə alıcı bizi tərk edəcək. Odur ki, biznesimiz təhlükə qarşısındadır. Salamat qalmaq üçün yeganə yolumuz biznesin həcmindən qısmaqdır. Amma bunun bir neçə ailəyə, mənim işçilərimə pis təsiri olacaq”.

Ev almağa hazırlaşan Vahid də elektrik malları və avadanlığının şişirdilmiş qiymətlərindən narahatdır. O deyir ki, sanksiyaların təsirləndirdiyi başqa bir sahə də ev bazarıdır. Vahid bildirir ki, sanksiyalar ev almaq məsələsini çox çətinləşdirir: “Bir gənc olaraq mən illərlə işləyib pul yığmışam ki, ipoteka üçün müraciət edim. Amma indi evlərin qiymətləri qalxıb. Əlimdəki pulla mən yalnız kiçik bir ev almağa ümid edə bilərəm. Mənim gəlirim çox azdır. Heç bir ümidim yoxdur. Bilmirəm nə edim. Hamı narazıdır, amma heç kəs şikayət etmir. Adamlar qiymətlər barəsində yalnız donquldanır və söyürlər. Mən bilmirəm ki, gələcək üçün planlar nədir”.

 




Ana səhifəyə qayıt        Baxış: 336          Tarix: 7-11-2018, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma