Xəbər lenti

Polis Kataloniyada oktyabrın 1-nə təyin olunmuş müstəqillik barədə referendum zamanı seçki məntəqəsi kimi nəzərdə tutulan 1,3 min məktəbi bağlayıb.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə İspaniya hökumətinin Kataloniyadakı nümayəndəsi Enrik Mello bildirib.

Bir qədər əvvəl Kataloniya hökuməti referendum günü ölkədə 2315 seçki məntəqəsinin açılacağı və onların yerli vaxtla saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcəyi barədə məlumat vermişdi. Ümumilikdə seçki siyahısında 5 milyon 343 min 358 nəfərin adı var.

Enrik Mello, həmçinin qeyd edib ki, İspaniya mülki qvardiyasının nümayəndələri planlaşdırılan referendumla bağlı bütün informasiya resurslarının işinin dayandırılması üzrə əməliyyat keçirir. Bu, həm elektron online-səsvermə saytlarına, həm də referendumun nəticələri barədə informasiya paylaşacaq saytlara şamil edilir.

“WikiLeaks” saytının banisi Culian Assanj özünün “Twitter” səhifəsində Kataloniyanın müstəqilliyi ətrafında cərəyan edən hadisələri “dünyada ilk internet-müharibə” adlandırıb. Onun sözlərinə görə, vilayət hökuməti və vətəndaşlar müstəqillik barədə referendumun təşkilində internetdən istifadə edir, İspaniya kəşfiyyatı isə telekommunikasiya şəbəkələrinin fəaliyyətini donduraraq, yüzlərlə saytı və internet-protokolları senzuraya məruz qoyaraq informasiya məkanına hücumlara keçir.

Assanj Kataloniya ətrafında vəziyyəti Berlin divarı dağıldıqdan sonra Qərbdə insanlar və dövlət arasında ən miqyaslı münaqişə adlandırıb.

Xatırladaq ki, sentyabrın 6-da Kataloniya parlamenti Madrid tərəfindən qanunsuz sayılan referendum barədə qanunu qəbul edib. Ardınca plebisitin oktyabrın 1-də keçirilməsi barədə fərman imzalanıb. Bundan başqa, Kataloniya palatası müstəqillik tərəfdarlarının referendumda qələbə qazanılacağı təqdirdə İspaniyanın tərkibindən çıxma prosedurasını nizamlayacaq qanunu da təsdiqləyib.

İspaniya Konstitusiya Məhkəməsi isə öz növbəsində Kataloniya parlamentinin referendumun keçirilməsi barədə qərar qəbul etməyə imkan verən prezidium sazişini ləğv edib, hökumət oktyabrın 1-də referendumun keçirilməyəcəyini bildirib. Bununla belə, yerli hakimiyyət dairələri referendum keçirilməsində israrlıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 046          Tarix: 30-09-2017, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma