Kürdüstan Yurdsevərlər Birliyinin keçmiş rəhbəri Cəlal Təlabaninin oğlu Bafıl Tələbani və “Haşdi Şabi” şiə qruplaşmasının nümayəndəsi, “Bədir” briqadasının komandiri Hadi Amiri arasında gizli razılaşma imzalanıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraq parlamentindəki Goran hərəkatının nümayəndəsi Məsud Heydər bildirib.
O, razılaşmanın detallarını açıqlayıb. Məsud Heydərın sözlərinə görə, İraq ordusu 2014-cü ildə geri çəkildiyi bölgələrə döyüşmədən geri dönəcək. Razılaşmada Hələbcə, Süleymaniyyə və Kərkükdən ibarət bölgənin yaradılması və bu bölgə üçün hökumət qurulması yer alıb.
Məsud Heydərin gizli razılaşmanın detallarını açıqlayıb:
- İraq gücləri mübahisəli bölgələrə qayıdacaq və peşmərgə geri çəkiləcək.
- Kərkük daxil olmaqla, 17 şəhər və rayon İraq hökumətinin nəzarətinə qaytarılacaq.
- Kərkükün mərkəzində birgə idarəçilik qurulacaq, 15 kürd məhəlləsi kürdlər, 25 məhəllə isə digər etniklər tərəfindən idarə olunacaq.
- Kərkükdəki Keyan qərargahı, hava limanı və neft yataqları kimi strateji nöqtələr mərkəzi hökumətin idarəçiliyində olacaq.
- Süleymaniyyə hava limanı açılacaq.
- Süleymaniyyə və Kərkükdə dövlət məmurlarının maaşları mərkəzi hökumət tərəfindən ödəniləcək.
- Süleymaniyyə yaxınlığında yerləşən peşmərgənin maaşı mərkəzi hökumət tərəfindən ödəniləcək.
Qeyd edək ki, İraq ordusu və “Haşdi Şabi” qruplaşması son iki gün ərzində bir-birinin ardınca Kərkük, Sincar və Mahmuru döyüşsüz ələ keçirib. Kürdlərin illərlə möhkəmləndikləri mövqeləri belə asanlıqla tərk etməsinin başlıca səbəbininsə Ərbildəki Məsud Bərzani hökumətinə müxalif olan, mərhum Cəlal Tələbani ailəsinin idarə etdiyi Kürdüstan Vətənpərvərlər Birliyinin davranışı olduğu vurğulanır. Məhz Kürdüstan Vətənpərvərlər Birliyinə tabe olan peşmərgə gücləri Kərkükdəki strateji mövqelərdən 7 saat ərzində könüllü geri çəkilərək İraq ordusunun irəliləməsinə münbit şərait yaradıblar.
Paylaş: