Xəbər lenti

Dörd gündən çoxdur ki, aramsız yağan qar Rusiya paytaxtında həyatı iflic edib.

Təkcə ötən həftənin istirahət günləri paytaxta aylıq normanın 100 faizi qədər yağıntı düşüb. Sinoptiklər bildirir ki, belə güclü qar yüz ildə bir dəfə olur. Güclü qar paytaxt yollarında hərəkətin məhdudlaşmasına səbəb olub. Yolları təmizləmək üçün cəlb olunan texnika çarəsiz qalıb. Mərkəzi küçələrlə yanaşı, Moskva Dairəvi Avtomobil Yolunda (MKAD) uzunluğu kilometrlərlə olan tıxaclar yaranıb. Hərəkətin intensiv müşahidə olunduğu Üçüncü Dairəvi Yol və MKAD-da qarın hündürlüyü 20 sm-ə çatıb.

Yaşayış binalarının olduğu ara küçələrdə də vəziyyət bərbaddır. Səkilərdə hündürlü 1-1,5 metrə qədər olan qar qalaqlanıb. Ekspertlər yolların təmizlənməməsinin səbəbi kimi paytaxtda miqrantların sayının azlığını göstərirlər. Belə ki, indiyə qədər küçələri qardan Mərkəzi Asiya (Özbəkistan və Tacikistan) ölkələrindən olan miqrantlar təmizləyirdi. Rusiyada iqtisadi böhranın yaranmasından sonra həmin miqrantların bir çoxu ölkələrinə qayıdıb. Paytaxt meriyası küçələri təmizləmək üçün ucuz işçi qüvvəsi tapmaqda çətinlik çəkir.

Sinoptiklər qarın bu gün də davam edəcəyini, yağıntının şimal küləyi ilə müşayiət olunacağını və yolların buz bağlayacağını bildiriblər. Fövqəladə Hallar Nazirliyi isə əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Moskva meri Sergey Sobyanin güclü qar səbəbindən məktəblərdə azad rejim elan edib. (APA)




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 5-02-2018, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma