Səudiyyə Ərəbistanı Fars körfəzində kanal qazaraq Qətəri materikdən təcrid etmək və faktiki olaraq, onu ada dövlətinə çevirmək niyyətini təsdiqləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, Kral Dəftərxanasının müşaviri Saud əl-Kəhtaninin rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumat bunu göstərir.
"Krallığın vətəndaşı kimi, kanalın çəkilməsinin layihəsi ilə bağlı ətraflı məlumat gözləyirəm. Bu, bölgənin coğrafiyasını dəyişəcək böyük tarixi layihədir", - o yazıb.
Qeyd edək ki, iyunun ortalarında Səudiyyə Ərəbistanı ölkənin şərqində dəyəri, təxminən, 746 milyon dollar, uzunluğu isə 60 km olacaq kanalın tikintisi üçün tender elan edib. Qalibin sentyabr ayında seçiləcəyi gözlənilir. Kanal Qətərlə rəsmi sərhəddən 1-5 km aralıda çəkiləcək.
Kanalın çəkilməsindən sonra Qətərlə sərhəddə qalacaq torpaq sahəsinin Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi və sərhəd mühafizəçiləri tərəfindən təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilməsi planlaşdırılır.
Paylaş: