Xəbər lenti

Məşhur “Esquire” jurnalının səyyar reportyor heyəti bu yaxınlarda Rusiyanın 1 saylı diplomatı Sergey Lavrov barədə mükəmməl reportaj hazırlayıb. Yazı, elə ilk dəqiqələrdə 10 min oxucu kütləsi qazanıb. Beşinci dəqiqədə proses artıq idarəolunmaz hal alıb - oxuyucuların sayı 100 mini aşıb.
Reportajda bir cəlbedici incə məqam bütün diqqətimi özünə yönəltdi.
Reportyorların “Həmsöhbətiniz tutuquşu kimi eyni protokol kəlmələrini deyərkən, öz inadkarlığından geri çəkilib diplomatik kompromislərə getmədiyi vaxt, Siz, cənab Lavrov, neynirsiz? Bəziləri adətən bu məqamda əl barmaqlarını şaqqıldadır, digərləri bağ evlərindəki təmirdən düşünür, bəs Siz?
Bu suala görün bir o, nə cavab verib:
- Mənmi? Vallah, mən belə məqamlarda azarkeşi, fanatı olduğum “Spartak” futbol komandasının son həmlələri barədə şirin xəyallara qapılıram adətən.
7321E440-D665-47F8-8926-0FA523F32D4C_cx0_cy15_cw0_w1023_r1_s.jpg (62 KB)
Gəlin, Sergey Lavrovun bu səmimi etirafını qulaqardına vurmayaq. Qarabağ müzakirələri zamanı bu diplomatın özündən ixtiyarsız yuxulaması, gözlərini qapaması və s. adətləri bu etirafından sonra tamam başqa məzmun alır şəxsən mənim üçün. Görünür, belə anlarda o, öz daxili televiziyasındakı futbol yarışlarına baxıb ətrafındakıları, o cümlədən həmkarı Elmar Məmmədyarovu tam unudur.
Sonra da biz deyirik, Qarabağ mövzusunda niyə bir müsbət irəliləyiş yoxdu?
Lakin Sergey Lavrov öz erməni həmkarlarına qarşı adətən daha diqqətli olur həmişə. Həmin “Esquire” jurnalındakı canlı reportajda Lavrovun öz erməni həmkarlarıyla görüşü belə təsvir edilir:
“Qarabağ, Türkiyə, atom energetikası mövzularında ermənilər Lavrovdan qardaşyana yardım istəyirdilər. Söhbətin axırında kimsə dedi ki, qızıma MQİMO-da “üç” veriblər. Sero, zəng et, yoxsa qızı institutdan qovacaqlar”.
Həəə, MQİMO - Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Lavrovun kəsdiyi başa sorğu-sual yoxdu. Təlimatları, “tapş”ları anında yerinə yetirilir. Zarafat edirsiz? Sergey...bağışlayın Serqo Lavrov, bu institutun vaxtilə himnini bəstələyib. İndi də ən çox sevdiyi əzizlərinə şer həsr edir, musiqi bəstələyir. Misal üçün, yeganə övladı - sevimli qızı Yekaterinanın növbəti ad günündə atası təkcə elə şer yazmaqla kifayətlənməyib. Şerə musiqi də bəstələyərək köçürüb elektron diskə. Göndərib qızına.
Bax bu “şair” Lavrov yazarlar arasında həmişə gündəmdədir. Rusiya Yazarlar Birliyi onun bu poeziya istedadını “İmperiya mədəniyyəti” (Rusiyada belə adlı mükafat da var!) ödülünə layiq görüb.
Görünür Lavrova danışıqlara onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov indi şerlə davam etməlidir. Bəlkə...bəlkə ancaq bu yolla Qarabağ danışıqlarında müsbət bir irəliləyiş, nəhayət, əldə olundu.
lavrov-2501_1422849793.jpg (45 KB)
Bu da düşür indi bizim nazir Elman Məmmədyarovun şair istedadı üzərinə. Görək heç olmasa bir dəfə Sergoya şerlə cavab vermək qüdrətini tapacaqmı özündə o?
Sergey Lavrovun psixoloji portretində bir vacib cəhət var. O, necə deyərlər, həmişə bir deyil, iki işin qulpundan yapışır adətən. Daha kobud desək, bir əldə iki qarpız tutmaq istəyir. Misal üçün, orta məktəb fənləri arasında o, həm dəqiq, həm də humanitar elmlərlə eyni dərəcədə maraqlanıb. Sənədlərini eyni vaxtda iki məşhur Moskva qeydiyyatlı təhsil ünvanına - MQİMO ilə MİFİ-yə göndərib.
Bu adətini o, indi də çox uğurla davam etdirir - həm Moskvaya xoş görünmək istəyir, həm Bakıya, həm Yerevana.
DOSYE: SERGEY LAVROV.
DOĞUM TARİXİ: 21 MART 1950.
BOYU: 188 sm.
HOBBİSİ: Ekstrim idman növləri. Dağ çaylarında üzüaşağı üzmək.
VƏRDİŞLƏRİ: Yamanca siqaret tüstülədəndi. İrlandiya restoranlarının birində damağındakı siqaretə görə onu 3000 avro cərimələmək istəyiblər. Cəriməni ödəməkdən qəti imtina edib.
KOBUDLUĞU: Dilindən qəfil söyüş çıxa bilər. Cənubi Osetiya böhranı zamanı britaniyalı həmkarına itin sözünü deyib.
CİNAYƏTLƏRİ: Cəmi bir dəfə Vladimir Putin xəttindən kənara sapıb. Putindən fərqli olaraq, xarici vətəndaşlara rus balalarını övladlığa götürmək haqqını halal bilib.
AİLƏ VƏZİYYƏTİ: Evlidir. Yeganə övladı-qızı Yekaterina Nyu-Yorkda doğulub. Rəsm qalereyaları üzrə güclü mütəxəssisdir. Məşhur biznesmen Aleksandr Vinakurova ərə gedib. Əri məşhur Dağıstan oliqarxları Maqomedovlarla “Summa” şirkətində şərikdi. Neft biznesi ilə məşğul olurlar.
MAAŞI: Aylıq əmək haqqı 80 min rubl həcmindədir. 42 gün məzuniyyət haqqı var.
Sergey Lavrovun portretində daha bir vacib cəhət onun sırf diplomat ailəsində deyil...yoxxxx...xarici ticarətlə məşğul olan bir ailədə dünyaya göz açmağıdır. Yəni o, həmişə işin iqtisadi tərəfini də düşünən kəsdi. Qızını da buna görə şairə, fizika deyil, məhz biznesmenə ərə verib. Kalantarov, yaxud Kalantaryan erməni soyadını daşıyan valideynləri ömürlərinin axırınadək siyasi diplomatiya meydanında deyil, Xarici İqtisadi Ticarət Nazirliyində çalışıblar. Lavrovun SSRİ XİN-də ilk təyinatları məhz bu səbəbdən sırf siyasi deyil, xarici ticarətlə bağlı olub. Uzun zaman məhz o, sovet XİN-in Amerika, İngiltərə və s. i. və ilaxır kimi ölkələrindəki məxfi gizli iqtisadi şirkətlərinə nəzarət edib. Bu səbəbdən diplomatik danışıqlar zamanı həmişə bir növ alverə, “əvəz-əvəz” prinsipinə sadiqdi.
uzn_1450942045.jpg (25 KB)
KİÇİK MİSAL: Rusiyadakı tanınmış “AntiKompromat.Ru” saytının baş redaktoru Vladimir Pribılovskiy müzakirələrin birində Lavrov barədə indiyədək gizlədilən bir ilginc faktı gün işığına çıxarıb. Sən demə, Rusiya-Çin sərhədləri o qədər dəqiq deyil. Arada bir xeyli mübahisəli ərazilər var. Kompromislərə, siyasi ticarətə meylli Lavrov görün burda nə edib? Ussuri, Amur çay hövzələrindəki böyük əraziləri, bir çox adaları bircə imzasıyla çinlilərə ötürüb. Nəticədə, indi Çin sərhədi Xabarovsk kimi çox vacib strateji bir şəhərin düz burnunun ucundan keçir.
Bəli, Sergey Lavrov öz valideynlərinin ənənəsini indi layiqli şəkildə davam etdirir. Bircə fərqlə-valideynləri xarici ticarətlə məşğul olublar, Sergey Lavrov isə siyasi ticarətlə məşğuldu.
Oxşar siyasi-iqtisadi alveri o, indi Qarabağ düyünündə bizdən tələb edir. İstəyir ki, biz təslimçi bir müqaviləyə qol çəkək. Görəndə yox, bu, baş tutmur. Məmmədyarov ağarmış dodaqlarıyla nəsə danışır...danışır...Sergey belə hallarda öz daxili televizorunun düyməsini basır adətən. Gözlərində “Spartak-Zenit” futbol komandalarının oyununu canlandırır.
Üzərində “Spartak” emblemi parıldayan ayfonuna həsrət dolu baxışlarla öz nakam nəzərlərini, sms-lərini sancır.
Sergey Lavrovun bir qorxulu psixoloji cəhəti da var ki, biz onu gərək heç vaxt unutmayaq. Bu, Lavrovun “raftinq” adlanan ekstrim bir idman növüylə məşğul olmağıdır. Bəli, ezamiyyətə çıxınca o, gedir ən ucqar iti axarlı Sibir, Altay dağ çaylarının kənarlarına. Kiçik rezin qayığını bu vəhşi sulara tullayır. Başına dəmir dəbilqə keçirib əlinə qısa avarları alır. Başlayır həmin qayıqda ildırım sürəti ilə başıaşağı enməyə. Sərt qayalardan necə yan ötür bu vaxt, necə qarşısındakı maneələri dəf edir...həəə bu, indi bir başqa sualdı. Əsas odur ki, bu ekstrim idman zamanı Lavrov özünü labüd risklərə, döyüşlərə hazırlayır. Əlində tək avar, qarşısındakı sərt qayalardan yan ötmək bacarığını sonra o, diplomatik sahədə də təkrarlayır. Nəticədə Aleksey Qromıkonun “Mister YOX” ləqəbi indi deyəsən məhz ona miras qalıb.
Hər səhər düz vaxtında yatdığı çarpayıdan dik yuxarı atılan Sergey Lavrov, ilk olaraq qol saatına boylanmağıyla yadda qalır öz ailə üzvləri arasında. Sonra qaçaraq bir şəkildə dişlərini yuyur, bir əlində qəzet, digərində diş fırçası hamama qaçır. Bu, surətini itirmədən, əksinə, artıraraq keçir yemək masası arxasına. Gözünü qəzetlərdən çəkmədən yaxmacını dişləyir...ayfonuna gəlmiş mesajları oxuyur...oxuyur...oxuyur...
e2e7f992.crop2363x3257x0x0-fit1012x1394.859575.ESQ133_Cover_logo.jpg (323 KB)
Axırda qəşəng bir siqaret çıxarır bahalı qutudan. Tüstüsünü ləzzətlə, məmnuniyyətlə sinəsinə çəkir.
O, BMT-də həm siqaret yasağına qəti “Yox!” deyib, həm də anti-Rusiya müzakirələrində bu nidanı səsləndirib. Baş katib Kofi Annana sübut edib ki, belə səlahiyyətlər onun ixtiyarından tam kənardadır. Deyib: Gördüyünüz bu BMT binası, təşkilat üzvlərinin birgə şərikli malıdır. Baş katib evin sahibi deyil ki, vaxtaşırı bizə gülməli tövsiyələr etsin”.
Qısası o, BMT divarları arasında siqaret çəkmə haqqını qan-təri ilə, bir də öz səhhətilə qazanıb. Sonra keçib öz ölkəsinin maraqlarını müdafiə etməyə.
Qarabağ danışıqlarına da o, görünür “raftinq” idmançısı gözüylə baxır. Başına dəmir dəbilqə keçirir, əlinə qısa avar götürür. Başlayır üzüaşağı gur çay axarında üzməyə.
Vəhşi sularda bir qaya parçasına çırpılmaq təhlükəsi həmişə onu təqib edir, yadda saxlayın.
Belə diplomatdı Sergey Lavrov. Ekstrim idmanı, ekstrim diplomatiyanı çox sevir o.
Qarabağ mövzusu, inanın, bu ekstrimlərin siyahısında heç də axırıncı yerdə deyil onun üçün.(musavat.com)

 




Ana səhifəyə qayıt        Baxış: 712          Tarix: 23-05-2017, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma