Xəbər lenti


Enerji strategiyası və beynəlxalq qaz bazarına inteqrasiya baxımından fevralın 11-də Ankara ilə Aşqabad arasında imzalanmış qaz tədarükü müqaviləsi mühüm geoiqtisadi və diplomatik əhəmiyyət daşıyır. Bu xüsusda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqladığı sözügedən müqavilə Türkmənistan qazının İran vasitəsilə Türkiyəyə tədarükünü nəzərdə tutur və regionun qaz ticarəti landşaftında yeni bir dinamikanın formalaşmasına işarə edir.

 

Türkiyənin “BOTAŞ” şirkəti ilə Türkmənistanın “Türkmənqaz” dövlət konserni arasında imzalanmış müqaviləyə əsasən, türkmən qazının Türkiyəyə tədarükü 2025-ci il martın 1-dən başlanacaq və ilkin mərhələdə il sonunadək 1,3 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Qazın çatdırılması İran-Türkiyə boru kəməri vasitəsilə həyata keçiriləcək ki, bu da İranın svop (mübadilə) mexanizmi çərçivəsində Türkmənistan qazını qəbul edərək ekvivalent həcmdə Türkiyəyə ötürməsi modelini əks etdirir. Bu konfiqurasiya həm Türkmənistanın ixrac imkanlarını genişləndirir, həm də İran üçün tranzit gəlirləri və enerji diplomatiyasında əlavə rıçaqlar yaradır.

 

Türkmənistanın qaz tədarükünün bu model üzrə təşkil edilməsi ölkənin İran və Türkiyə ilə enerji əməkdaşlığında yeni yanaşmaları inkişaf etdirdiyini göstərir. Məlumdur ki, İran Türkmənistan qazını birbaşa idxal etsə də, bu tədarük məhdudiyyətlər və ödəmə problemləri səbəbindən müxtəlif dövrlərdə dayandırılmışdır. Lakin hazırkı razılaşma çərçivəsində qazın İran üzərindən Türkiyəyə yönləndirilməsi və İranın türkmən qazını “mavi yanacaq” kimi qəbul etməsi enerji sahəsində üçtərəfli əməkdaşlıq üçün yeni mexanizmlərin işlənməsi baxımından maraqlıdır. Bu yanaşma, həmçinin İran-Türkiyə enerji əlaqələrinə də təsir edərək, İranın Avropa bazarına çıxış perspektivləri üçün dolayı təsir göstərə bilər.

 

Bu müqavilənin siyasi-diplomatik aspektləri də xüsusi diqqət çəkir. Türkmənistan uzun müddətdir ki, qaz ixracında şaxələndirmə siyasətinə üstünlük verir və əsas müştəriləri sırasında Çin, Rusiya və İran yer alır. Lakin yeni tədarük istiqaməti – Türkiyə bazarı və oradan Avropaya potensial ixrac imkanları Aşqabad üçün yeni geoiqtisadi vektor yaradır. Bu kontekstdə Trans-Xəzər Qaz Boru Xətti layihəsinin aktuallığı artır. Türkiyə rəsmilərinin son açıqlamalarında Trans-Xəzər Qaz Boru Xəttinin ilə bağlı müsbət fikirlər səsləndirilməsi bu layihənin reallaşması istiqamətində siyasi və iqtisadi dəstəyin artdığını göstərir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın ötən il mediaya verdiyi açıqlaması bu kontekstdə xüsusi diqqət çəkir. Nazir ilkin mərhələdə 2 milyard kubmetrə qədər türkmən qazının İran vasitəsilə Türkiyəyə ixracına başlanacağını və gələcəkdə Trans-Xəzər Qaz Boru Xətti vasitəsi ilə 20 ildə 300 milyard kubmetr (illik 15 milyard kubmetr) həcmində türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Qərb ölkələrinə ixrac edilməsi ilə bağlı danışıqlar aparıldığını bildirmişdi. Bu açıqlama Türkmənistanın tədricən İran üzərindən həyata keçirdiyi məhdud qaz tədarükündən daha geniş miqyaslı və birbaşa ixrac marşrutuna keçməyə çalışdığını göstərir.

 

Türkiyə və Türkmənistan arasında imzalanmış qaz tədarükü müqaviləsi yaxın perspektivdə İran üzərindən həyata keçirilən svop modelinin davamlılığını göstərəcək və gələcək illərdə birbaşa Trans-Xəzər Qaz Boru Xətti ilə qaz ixracı üçün zəmin formalaşdıracaq. Bu, eyni zamanda, Azərbaycanın qaz kəmərləri vasitəsilə Avropaya nəql imkanlarını genişləndirə və Türkiyənin enerji təchizatı strategiyasına mühüm töhfə verə bilər.

 

Beləliklə, Türkmənistanın Türkiyəyə qaz ixracına başlaması həm regional enerji bazarlarında yeni balans formalaşdırır, həm də Aşqabadın enerji siyasətində strateji diversifikasiyanı gücləndirir. Nəticədə, bu müqavilə həm texniki, həm də diplomatik aspektlər baxımından regional enerji təhlükəsizliyinə və Mərkəzi Asiyanın enerji resurslarının qlobal bazarlara çıxışına təsir edəcək uzunmüddətli bir təşəbbüs kimi qiymətləndirilə bilər. 

 

Türkmənistan qazının Türkiyəyə və oradan Avropaya ixracı məsələsi uzun illərdir müzakirə mövzusudur. Xüsusilə, 2025-ci ilin mart ayından etibarən Türkmənistan qazının İran üzərindən Türkiyəyə tədarük edilməsi ilə bağlı razılaşma həm enerji bazarında yeni dinamika yaradır, həm də Trans-Xəzər Qaz Boru Xətti layihəsinin perspektivlərini aktuallaşdırır. Bu boru xətti layihəsi uzunmüddətli strateji əhəmiyyətə malikdir, çünki Mərkəzi Asiya qaz ehtiyatlarının Avropa bazarına birbaşa çıxışını təmin edərək, təkcə iqtisadi deyil, həm də geosiyasi nəticələr doğura bilər. 

 

Digər tərəfdən, Trans-Xəzər Qaz Boru Xətti layihəsinin həyata keçirilməsi üçün bir neçə əsas maneə mövcuddur. Layihənin texniki və siyasi aspektləri dörd əsas istiqamətdə təhlil edilə bilər: maliyyələşmə, ekoloji məsələlər, Xəzərin hüquqi statusu və Rusiya-İran faktorunun təsiri.

 

Birincisi, maliyyələşmə aspekti Trans-Xəzər Qaz Boru Xəttinin həyata keçirilməsi üçün əsas çağırışlardan biridir. Layihənin ilkin dəyəri təxminən 5-7 milyard ABŞ dolları arasında qiymətləndirilir. Bu cür yüksək xərc tələb edən infrastrukturun tikintisi üçün güclü maliyyə dəstəyi və uzunmüddətli ixrac müqavilələri vacibdir. Avropa İttifaqı, ABŞ və beynəlxalq maliyyə institutları Trans-Xəzər Qaz Boru Xəttinin maliyyələşdirilməsində maraqlı tərəflərdir, çünki bu layihə Avropanın enerji mənbələrini diversifikasiya edərək, Rusiyadan asılılığını azaltmağa kömək edə bilər. Bununla yanaşı, Türkiyə və Azərbaycan da layihənin mühüm iştirakçılarıdır və TANAP-la Trans-Xəzər Qaz Boru Xətti arasında sinerji yaradılması perspektivləri mövcuddur.

 

İkinci mühüm məsələ ekoloji və texniki çağırışlarla bağlıdır. Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan boru xətti, mühəndislik baxımından mürəkkəb bir layihədir. Xəzər ekosisteminin həssaslığı səbəbindən layihənin ekoloji təsirləri xüsusi diqqət tələb edir. Dəniz dibinin seysmik aktivliyi, boru xəttinin çəkilməsinin dənizin flora və faunasına təsiri və Xəzərin su səviyyəsindəki dəyişikliklər layihənin icrası üçün potensial risklərdir. Türkmənistan və Azərbaycan mütəxəssisləri layihənin ekoloji baxımdan təhlükəsiz olduğunu iddia etsələr də, Xəzəryanı ölkələrin bu məsələyə münasibətləri fərqlidir.

  

Üçüncü mühüm faktor Xəzər dənizinin hüquqi statusudur. 2018-ci ildə imzalanan Aktau Konvensiyasına əsasən, dənizin dibi ilə boru kəmərlərinin çəkilməsi üçün yalnız müvafiq sahilyanı dövlətlərin – bu halda Türkmənistan və Azərbaycanın – razılığı tələb olunur. Lakin, Rusiya və İran layihənin əleyhinə mövqe sərgiləyərək, Xəzərin ekoloji təhlükəsizliyini əsas gətirir və bu boru xəttinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Bu kontekstdə Trans-Xəzər Qaz Boru Xəttinin həyata keçirilməsi üçün Türkmənistan və Azərbaycanın hüquqi əsasları mövcud olsa da, regional güclərin etirazları layihənin icrası üçün siyasi maneə yaradır.

 

Dördüncü aspekt Rusiya və İranın geosiyasi mövqeyidir. Rusiya uzun illərdir ki, Türkmənistan qazının öz infrastrukturundan kənar ixracını məhdudlaşdırmağa çalışır. Moskva, Trans-Xəzər Qaz Boru Xəttinin reallaşmasının Avropa bazarında "Qazprom"un mövqelərini zəiflədə biləcəyini anlayır və layihəyə açıq etiraz edir. Eyni zamanda, İran da Trans-Xəzər boru xəttinin inşasını özünün qaz ixrac strategiyası üçün təhlükə kimi görür. Tehran, türkmən qazının İran üzərindən svop mexanizmi ilə Türkiyəyə və oradan Avropaya ixrac olunmasını daha əlverişli model hesab edir, çünki bu yanaşma İranın həm tranzit gəlirlərini artırır, həm də onun enerji bazarında mühüm oyunçu olaraq qalmasını təmin edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, son dövrlər Rusiya və İranın beynəlxalq arenada nüfuzunun azalması, eyni zamanda Türkiyənin təsir imkanlarının artması kimi faktorlar dəyərləndirilməlidir.

 

Nəticə etibarilə, Türkmənistanın qaz ixrac strategiyası da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Hazırda Türkmənistan əsasən Çinə qaz satır və Rusiyaya məhdud həcmlərdə tədarük edir. Trans-Xəzər Qaz Boru Xəttinin reallaşması isə Türkmənistanın ixrac bazarlarını diversifikasiya etməsinə və Avropaya birbaşa çıxış əldə etməsinə imkan verə bilər. Lakin bu istiqamətdə yekun qərarın verilməsi həm regional, həm də beynəlxalq maraqların balanslaşdırılmasını tələb edir. Trans-Xəzər Qaz Boru Xətti yalnız mühəndislik və iqtisadi layihə deyil, həm də mürəkkəb geosiyasi və diplomatik kontekstdə reallaşdırıla biləcək bir təşəbbüsdür. Türkiyə və Avropa İttifaqı bu layihəni dəstəkləsə də, Rusiya və İranın mənfi mövqeyi layihənin reallaşmasını çətinləşdirir. Bu baxımdan, Trans-Xəzər Qaz Boru Xəttinin icrası üçün Türkmənistan, Azərbaycan və Türkiyə, eləcə də ABŞ, Aİ, həmçinin Rusiya və İran arasında strateji əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tərəfdaşların layihəyə cəlb olunması və ekoloji məsələlərin həll edilməsi mühüm əhəmiyyət kəsb edir.

 Yeri gəlmişkən, bir çox ekspertlərin təxminlərinə görə, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi də Trans-Xəzər enerji xətlərinin daha tez çəkilməsinə öz müsbət təsirini göstərə bilər.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 683          Tarix: Dünən, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma