Xəbər lenti

 

Finlandiya Meteorologiya İnstitutu və Finlandiya Ətraf Mühit İnstitutu Azərbaycanda havanın keyfiyyətinin idarə edilməsi və monitorinqinin inkişafı üzrə Tvinninq layihəsində iştirak ediblər.

Finlandiya XİN-in saytına istinadla xəbər verir ki, layihə iki il yarım davam edib və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə icra olunub. Layihə çərçivəsində fin ekspertləri tərəfindən Bakıya və Azərbaycanın digər regionuna 80 səfər həyata keçirilib.

Tvinninq layihəsinə 2016-cı ilin noyabrında başlanılıb. Layihə Azərbaycanda ətraf mühitin vəziyyətinə nəzarətin gücləndirilməsinə yönəldilib. Layihəni həyata keçirən konsorsiumda Avropa İttifaqına üzv ölkələrdən Finlandiya, Avstriya və Latviya iştirak edib. Aİ-yə üzv dövlətlər Tvinninq layihələri üçün müsabiqəli tenderlərdə iştirak edir, qalib gələn dövlət layihəni həyata keçirən ölkəni seçir. Layihə uğrunda rəqabət güclüdür, bu da təklifin keyfiyyətinin mühümlüyünü vurğulayır. Azərbaycana gəlincə, Aİ-yə üzv ölkələrin konsorsiumunda işlərin strukturu və paylaşdırılması hazırlıq mərhələsində ətraflı nəzərdən keçirilib.

Finlandiya XİN-də qeyd ediblər ki, əməliyyat mühiti ilə bağlı problemlərə baxmayaraq, layihə qarşısına qoyulan bütün məqsədlərə nail olunub. “Azərbaycan havanın keyfiyyətinin yaxşılaşdırılmasına səy göstərir”, - deyə xarici siyasət qurumunda bildiriblər. Tədbirlərin yüksək keyfiyyəti nəticələrə yönəldilmiş xülasədə də qeyd edilib. Layihənin gedişində Azərbaycanda havanın keyfiyyətini ölçmə sisteminin dəstəklənməsi üzrə fəaliyyət planı işlənib hazırlanıb.

Layihə çərçivəsində nəticələr barədə məlumatın şəffaflığına və yayılmasına xüsusi diqqət ayrılıb. Havanın keyfiyyətinin mühümlüyü barədə məlumatlılığın yüksəldilməsi üçün seminarlar təşkil olunub. “Məlumatlılığın yüksəldilməsi baxımından çox mühümdür ki, bu məsələyə cavabdeh olan yerli nazirliklər bizim məqsədimizə sadiq olsunlar, nəticələri hamı üçün əlçatan etsinlər. Hazırda monitorinqin göstəriciləri Bakıdakı stansiyaların birində real vaxt rejimində nazirliyin veb-saytında yerləşdirilib. Bu, hətta layihə başa çatsa belə, havanın keyfiyyəti məsələsinin aktuallığını qoruyub saxlayır”, - deyə Tvinninq üzrə Aİ-nin müşavir-rezidenti Katya Loven bildirib.

Azərbaycanın islahatlara və yeni layihələrə bağlılığı da mühüm əhəmiyyət kəsb edir. Bu, ölkənin 2019-2023-cü illərdə yeni avtomatik monitorinq stansiyalarını quraşdırmaqla, ölçmə stansiyaları şəbəkəsini möhkəmləndirmək qərarına gəlməsində öz təzahürünü tapıb. Azərbaycan, ümumilikdə müasir texnologiyalarla təchiz olunan 25 ədəd avtomatik hava keyfiyyətinin monitorinqi stansiyası əldə etməyi planlaşdırır. İlk beş yeni stansiya Bakıda, qalan 20 stansiya isə ölkənin müxtəlif yerlərində quraşdırılacaq. \\Azərtac




Ana səhifəyə qayıt        Baxış: 358          Tarix: 30-08-2019, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma