
Xəbər verdiyimiz kimi, sentyabrın 10-na keçən gecə Rusiyanın “Şahid” tipli pilotsuz uçuş aparatları (PUA) Polşanın hava məkanını pozub. Bu, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumunun tərkib hissəsi olub. Polşa hökuməti bu hadisəni “agressiya aktı” olaraq qiymətləndirib və NATO-nun 4-cü maddəsini işə salaraq alyansla məsləhətləşmələrə başlayıb.
NATO və Avropa İttifaqı ölkələri Polşaya tam dəstək ifadə ediblər. Fransa prezidenti Emmanuel Makron hadisəni “qəbuledilməz” adlandırıb, Aİ Komissiyasının prezidenti Ursula fon der Lyayen isə Polşaya “tam həmrəylik” bildirdiyini açıqlayıb.
Prezident Volodimir Zelenski hadisənin təsadüf olmadığını və Rusiyanın Polşanı hədəf aldığını bildirib. O, bu hadisəni Avropa üçün “son dərəcə təhlükəli bir presedent” olaraq qiymətləndirib.
Suallar yaranır ki, Polşanın Rusiya dronlarına qarşı silah tətbiq etməsi NATO-Rusiya qarşıdurmasını yeni mərhələyə daşıyırmı? Rusiya bu insidentə qarşı necə cavab verə bilər və cavab regiondakı təhlükəsizlik balansına hansı təsiri göstərə bilər? Ukrayna müharibəsi fonunda bu hadisə münaqişənin NATO ölkələrinin ərazilərinə yayılması riskini artırırmı?
Məsələ ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb.
Siyasi şərhçinin fikrincə, Rusiya ilə NATO dövlətləri arasında ixtilaf yaradıb, NATO-nun 5-ci maddəsinə istinad edərək bu münaqişəni həll etməyə çalışırlar:
“Məlum olduğu kimi, Tramp hakimiyyətə gələndə əvvəl “Amerika şüarı” ilə çıxış edirdi, sonra isə bu şüar “Amerikanı yenidən böyük edək” devzinə çevrildi. Bu göstərirdi ki, Amerika yenidən 1945-ci ilə qədər olduğu kimi Avropanın işlərinə çox qarışmır, yalnız öz qitəsinə fokuslanır. Bu, Amerikanın yenidən özünə qapanmaq və daxili məsələlərinə diqqət yetirmək istədiyini göstərirdi.
Çinin 3 sentyabrda keçirdiyi hərbi parad isə bu prosesi sürətləndirdi. Çünki orada faktiki olaraq Çin özünü Qərb dünyasına və düşmənlərinə qarşı gücünü nümayiş etdirdi. Eyni zamanda Rusiya, Şimali Koreya və Çin böyük bir hərbi alyans yaratmaq niyyətində olduqlarını göstərdilər.
Niyə bu üç dövlət digər regional oyunçuların arxasında dayanırdı? Bunun bir səbəbi odur ki, Rusiya və Koreya üçün poliqon imkanları və hərbi təcrübə vacib idi. Koreya əsgərləri dünyanın ən böyük ordusunu təşkil edir – 5,6 milyon, hətta 6 milyon nəfər. Dünya ordularında bu qədər canlı qüvvə yoxdur, və onların hamısı fədakardır, özlərini ölümə atmağa hazırdır.
Hərbi gücün üç əsas komponenti var: biri poliqon, digəri canlı qüvvə, üçüncüsü isə silah. Çin hər üçünü də yüksək səviyyədə nümayiş etdirdi. Amerika artıq fikirləşməyə başladı ki, bunlarla münaqişəyə girirsə, bizim nəyimiz var?
Avropa İttifaqı isə əsgəri gücə heç bir əhəmiyyət verməyib, hər şeyi Amerikanın boynuna yükləyib. Amerika da artıq bu yükü çəkə bilmir. Hər şeyi Amerikadan gözləyirlər: silahı da, qurbanı da, hər şeyi. Hələ bundan əvvəl, hərbi paraddan əvvəl, avqustun 29-da, Amerikanın Türkiyə səfiri Tom Barak, hansı ki, həm də Trampın Suriya üzrə xüsusi nümayəndəsi açıqlama vermişdi. O demişdi ki, bundan sonra Amerika yalnız özünü qoruyacaq, yalnız Amerika qitəsinin problemləri ilə məşğul olacaq, hər kəs öz başının çarəsini tapsın. Bu açıqlama o demək idi ki, artıq Avropa Amerikaya tək buraxılacaq. Bu isə o deməkdir ki, Avropa Rusiya qarşısında çarəsiz qalacaq. Ona görə də Avropa İttifaqına müharibə zərurəti yaranır.
Hələ ki, NATO var, hələ ki, Amerika tam olaraq oradan uzaqlaşmayıb. Rusiya ilə NATO dövlətləri arasında ixtilaf yaradıb, NATO-nun 5-ci maddəsinə istinad edərək bu münaqişəni həll etməyə çalışırlar. Təbii ki, nüvə silahlarından istifadə etmədən, daha ehtiyatlı şəkildə. Ona görə hesab etmirəm ki, o raketlər və dronlar birbaşa Polşaya atılmışdı. Onlar Ukraynanın qərbinə yönəlmişdi, amma bəzi dronlar səhvən Polşanın sərhədinə keçə bildi. Üstəlik, elektron sistemlərdən istifadə etdikləri üçün dronların beynində səhv yönləndirmə baş verə bilərdi.
Bu da onları imkan verdi ki, müharibəni böyütsünlər və Amerikanı orada saxlamağa çalışsınlar”.
Heydər Oğuz qeyd edib ki, Amerikaya daxildən də təzyiqlər gəlməyə başlayıb:
“ABŞ Konqresinin Nəzarət Komitəsi tərəfindən yayımlanan sənədlər rüsvay olmuş maliyyəçi Cefri Epşteynin prezident Donald Tramp ilə əlaqələrini ortaya qoyur. Bu məlumatlar indiki halda açıqlanır, çünki Trampı şantaj edərək, mövqeyini dəyişməyə, yenidən qlobalistlərin xəttinə qaytarmağa çalışırlar.
Başqa sözlə, bu, Amerikanın daxilində qlobalist və mühafizəkar qruplar arasında gedən mübarizənin nəticəsidir. Məqsəd Amerika yenidən Avropanın yanına qayıtsın və öz təhlükəsizliyini təmin etsin”.
Siyasi şərhçinin fikrincə, nəticə Trampın göstərə biləcəyi müqavimətdən asılıdır:
“Əgər Tramp şantaja boyun əyərsə, prosesə qoşulacaq. Amma əks halda onu rüsvay etmək və impiçment məsələsini gündəmə gətirmək ehtimalı var. Beləliklə, Polşa ilə Rusiya arasındakı ziddiyyətin əsas məqsədi Trampı yenidən NATO xəttinə qaytarmaq və Avropa dövlətlərinin himayəsini təmin etməkdir”.
Xalidə Gəray
Musavat.com
Paylaş: