Xəbər lenti

Musavat.com xəbər verir ki, İsrailin sentyabrın 9-da Qətərin paytaxtı Dohaya endirdiyi aviazərbə ətrafında yeni təfərrüatlar məlum olub.

Beynəlxalq agentliklər və regional KİV-lərin məlumatına görə, hücum zamanı bir sıra yüksək rütbəli HƏMAS liderləri hədəf alınıb.

Onların arasında təşkilatın ən tanınmış simaları – Xalid Məşal, Xəlil əl-Hayya, Zaher Cabarin, Muhamməd Dərviş, Husam Bədran, Tahir əl-Nono və Musa Əbu Mərzukun adları çəkilir. İsrailin Kanal 13 telekanalı hücumun ABŞ prezidenti Donald Trampın razılığı ilə həyata keçirildiyini yazıb. Məlumatda qeyd olunur ki, əməliyyat “Alov Zirvəsi” adlandırılıb və İsrail tərəfi zərbədən əvvəl həm ABŞ, həm də Qətər hakimiyyətini məlumatlandırıb.

Əldə olunan xəbərlərə görə, hücumun əsas hədəfi HƏMAS-ın tanınmış lideri Xəlil əl-Hayya olub. İsrail mediası onun öldürüldüyünü yazsa da, HƏMAS bu xəbəri təkzib edərək liderin sağ olduğunu bildirib. Digər tərəfdən, Xalid Məşal və Zaher Cabarinin də zərbədə öldürüldüyü iddia olunur, lakin rəsmi təsdiq yoxdur. Muhamməd Dərvişin də həmin görüşdə iştirak etdiyi bildirilir, lakin onun taleyi barədə ziddiyyətli məlumatlar dolaşır. Musa Əbu Mərzuk, Tahir əl-Nono və Husam Bədranın da hədəfdə olduğu deyilir, lakin onların vəziyyəti barədə dəqiq təsdiqlənmiş məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, Dohada güclü partlayış səsləri eşidilib, səmada tüstü və alov müşahidə olunub. Al Hadath telekanalı hücum zamanı HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünün görüşdüyü binanın dağıdıldığını xəbər verib. İsrail mediası iddia edir ki, HƏMAS nümayəndələrinin koordinatları məhz Qətər rəhbərliyi tərəfindən İsrailə ötürülüb. Bu iddialar təsdiqlənməsə də, ərəb mətbuatında “tarixdə ən böyük xəyanət” kimi təqdim olunmaqdadır. Hücum zamanı Qətərin Hava Hücumundan Müdafiə sistemlərinin aktiv edilməməsi də əməliyyatın əvvəlcədən razılaşdırıldığı barədə suallar doğurub.

Hadisə Yaxın Şərqdə böyük rezonans yaradıb. Qətər illərdir İsrail və HƏMAS arasında danışıqların aparıldığı əsas məkan hesab olunurdu, atəşkəs və əsir mübadiləsi proseslərinin çoxu məhz Dohada baş tuturdu. Bu səbəbdən İsrailin hücumu həm Qətərin vasitəçi roluna, həm də ərəb dünyasında ölkənin nüfuzuna ağır zərbə kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, Dohaya endirilən bu zərbə İsrail-HƏMAS qarşıdurmasını coğrafi sərhədlərdən çıxarıb regional diplomatiyanın mərkəzinə gətirib və Yaxın Şərqdə güc balansını dəyişdirəcək yeni mərhələnin başlanğıcı ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 5 219          Tarix: Dünən, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma