ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı iki partiya arasında konsensus əldə olunub.
“Senatorlar bununla Rusiyaya qarşı sanksiyaları yumşaltmaq istəyən Tramp administrasiyasına qarşı güclərini birləşdirirlər”, - ABŞ-ın nüfuzlu politico.com saytının yazarı Elana Şor yazır.
Saytın yazdığına əsasən, demokratların bununla bağlı planı daha sərtdir. Onlar Trampın Moskva ilə yaxınlaşmaqla bağlı hər cür planın qarşısına keçmək niyyətindədirlər. Demokratların əsas prioriteti Konqresi sanksiyaların ləğvinə və ya yumşaldılmasınn qarşısını ala biləcək əlavə səlahiyyətlərin verilməsi ilə bağlıdır.
Lakin bu cür yanaşma tərzi öz prezidentlərini pis vəziyyətdə qoymaq istəməyən respublikaçıarın xoşuna gəlmir.
Buna baxmayaraq, hakim partiyanın içində fərqli səslər çıxmaqdadır. “Rusiyanı etdiklərinə görə cəzalandırılmasını arzu etməyən hər bir Konqres üzvü demokratiya xainidir”, - Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem bəyan edib.
Lindsi Qrem
Senatın beynəlxalq münasibətlər komitəsinin sədri Bob Korker də yuxarı palatanın Rusiyaya qarşı iki partiya tərəfindən dəstəklənən sərt, həm də olduqca sərt tədbir planı hazırlığı içində olduğunu təsdiqləyib.
“Kremlin bizim seçkilərə qarışması bizlərii sanksiyalar haqqında ən dişli qanun qəbul etməyə vadar edir”, - Nyu Hempşir ştatından demokrat senator Cin Şahin bəyan edib.
Cin Şahin
Ağ Ev qanunverici hakimiyyətin təzyiqləri ilə Rusiyaya qarşı sanksiyaların əvvəlki kimi davam edəcəyini vurğulayıb. Bunu jurnalistlərlə söhbətində Ağ Evin mətbuat kaatibi Sara Hakabi Sanders də təsdiq edib.
Stenford universitetinin Quver institutunun əməkdaşı, habelə Prinston universitetinin professoru Stiven KotkininThe New York Times qəzetində yazdığı məqalədə Putin hakimiyyətinin indiki anda əsas prioritetinin məhz Qərbin sanksiyalarından qurtulmaq olduğunu yazır.
Lakin onun fikrincə, Putin Qərb demokratiyasına yönəlik davranışlarıonun bandit dəstəsinin, dövlət şirkətlərinin və kiber cinayətkarlarına sanksiyaları gücləndirməkdən başqa bir işə yaramır.
“Bu prosesə rəhəbrlik edən senatorlar siyasi nöqteyi-nəzərdən haqlıdırlar: Rusiya Birləşmiş Ştatlara qarşı apardığı kiber müharibəyə görə ağır bədəl ödəməlidir. Putinin əsas starteji məqsədi öz rejiminin həyatda qalmasından ibarətdir. Rusiyanın ali strategiyası isə Qərbin zəifləməsi, hətta dağılaraq parçalanmasıdır. Putin bunun üçün hər şeyini ortaya qoyub”,- məqalədə qeyd olunur.
ABŞ Senatı tərəfindən hazırlanan yeni qanun layihəsi Moskvanı narahat etməyə bilməz. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Federasiya Şurasında çıxışında Vaşinqtonun Moskvaya qarşı iqtisadi müharibəni gücləndirəcəyinin anonsunu verib.
Sergey Narışkin
Narışkinin sözlərinə görə, yeni tədbir planında dünya bazarında fəaliyyət göstərən Rusiya banklarına və dövlət şirkətlərinə ayrılan kreditlərin müddətlərinin daha da qısaldılması kimi müddəalar yer alıb. Hazırda Rusiyanın bütün şirkətləri 90 gündən artıq müddəti nəzərdə tutulan bütün kreditlərdən məhrumdurlar.
“ABŞ öz partnyorlarını Rusiyadan daha az neft almağa məcbur etmək istəyir. Bundan başqa, “Şimal axını-2” layihəsinin gerçəkləşməsinə mane olmaq üçün cəhdlər həyata keçirirlir”,- Narışkin qeyd edib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ABŞ-ın bu məsələdə Polşa və Baltikyanı ölkələrlə birgə hərəkət etdiyini vurğulayıb.
Rusiyada məsələ ilə bağlı maraqlı versiya irəli sürənlər də tapılıb. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunun (MQİMO) dosenti Kirill Koktışın Rusiya mətbuatına bildirdiyinə görə, anti-Rusiya sanksiyalarının gücləndirilməsi ilə bağlı gəzən söz-söhbətlər Trampın Putinlə danışıqlara hazırlaşmasından başqa bir şey deyil. “Tramp özünü siyasətçi kimi deyil, əsl biznesmen kimi aparır”, - Koktış qeyd edib.
Musavat.com
Paylaş: