Xəbər lenti

Əfqanıstanda vəziyyət son bir neçə ayda sürətlə pisləşir. Taliblər yeni əraziləri nəzarət altına alırlar. Səhra komandirləri prezidentlə açıq münaqişəyə girirlər və şəxsi hərbi şirkətlər beynəlxalq koalisiya güclərinin yerini tutmağa çalışırlar. Amma Ağ Ev əvvəlki kimi çaş-baş vəziyyətdədir: ABŞ-ın bütün tarixi boyu ən uzunmüddətli müharibədən necə çıxmaq olar?

Avqustun 7-də ölkənin şimalında yerləşən Sari-Pul əyalətində 6 nəfər polis olmaqla, 50 nəfər hücumun gedişatında öldürüldü. Əyalət rəhbərliyinə istinadən AFP agentliyi xəbər verdi ki, qətliamı guya “Taliban” və İŞİD qruplaşmaları birgə təşkil ediblər. Lakin taliblərin mətbuat katibi bu informasiyanı təkzib etdi və bildirdi ki, prinsipial rəqibləri olan İŞİD-lə heç bir əlaqəsi yoxdur.

Bu, Kabilin nəzarətində olan ərazilərdə ardıcıl itkilərin çoxsaylı epizodlarından yalnız biridir. Əfqanıstanın bərpası üzrə xüsusi baş inspektorun (müşahidə orqanıdır, 2008-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilib) bu yaxınlarda açıqladığı məruzəyə görə, hazırda ölkənin yalnız 60 faizi prezident Əşrəf Qəninin hökumətinin nəzarəti altındadır. Ərazinin 11 faizinə taliblər, qalan 29 faizinə isə səhra komandirləri nəzarət edir.

“Qətiyyətli dəstək” əməliyyatı çərçivəsində Əfqanıstanda hazırda ABŞ-ın başçılıq edilən koalisiyanın 15 min hərbiçisi var. Kontingentin təxminən yarısını amerikalılar təşkil edir. ABŞ prezidenti Donald Trampın özü belə Amerika hərbiçilərin Əfqanıstanda olması ehtiyacına şübhə edir. Tramp hələ seçkiqabağı kampaniyanın gedişatında müharibənin Amerikanın praqmatik milli maraqları nöqteyi-nəzərindən anlaşılmaz olduğunu bildirib və təcili dayandırılmalı olduğunu deyib.

Lakin Trampın ətrafında olan peşəkar hərbçilər prezidentin qərarına müqavimət göstərirlər. NBC telekanalın xəbərinə görə, iyulun 17-də keçirilən iclasda prezident təsdiq edib ki, ABŞ-ın heç cür Əfqanıstanda qalib adlandırmaq olmaz. “Biz bu müharibəni uduzuruq”, - görüşdə iştirak etmiş administrasiyanın məmurları Trampdan sitat gətirirlər.

Əslində indi Əfqanıstanda ABŞ-ın əməliyyatı “pat”ı deyil, “suqsvanq”ı (Şahmatda hər hansı bir gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe –red.) xatırladır. İstənilən növbəti hərəkət yalnız Vaşinqtonun mövqeyinin pisləşməsinə gətirib çıxaracaq.

Kabildən faktiki müstəqillik tələbi

Əfqanıstanın dövlət iyerarxiyasında ikinci şəxs hazırda sürgündədir və vətənə qayıtmaq cəhdləri davam edir. Söhbət Əfqanıstanın vitse-prezidenti, özbək əslli Əfqanıstan generalı Əbdül Rəşid Dostumdan gedir. O, SSRİ-Əfqanıstan müharibəsində üzdə olan (Əhməd Şah Məsud və Gülbəddin Hikmətyarla yanaşı) liderlərdən biri idi.

Prezident Qəni əksəriyyət təşkil edən puştunların nümayəndəsidir. O, 2014-cü ildə prezident seçkilərini udmaq üçün Dostumla (ölkənin şimalına nəzarət edirdi) siyasi ittifaq yaratmağa məcbur oldu. Ancaq ötən ilin sonunda ittifaq dağıldı.

Müharibələrin gedişatında öz qəddarlığı ilə məşhur olan səhra komandiri (siyasi rəqibinin oğurlanıb zorlanmasına əmr verdiyi iddia edilir) ünvanına olan ittihamlardan sonra növbəti dəfə Türkiyəyə getdi. Lakin bu onu nə doğma regionunda dəstəkdən, nə də digər azlıqların liderləri ilə əlaqələrdən məhrum etmədi.

Hazırda Dostum Əfqanıstanın Qurtuluşu Koalisiyasına başçılıq edir. Ona keçmiş səhra komandiri, Balx əyalətinin qubernatoru, tacik Atto Məhəmməd Nur və başqa əhəmiyyətli etnik azlıq – həzaraların lideri Məhəmməd Moxakkik qoşulub. Nəhayət, həmçinin Əfqanıstanın xarici işlər naziri Salaxuddin Rabbani koalisiyanı dəstəkləyir.

Onlar birlikdə rəsmi Kabildən faktiki müstəqillik istəyirlər.

Əşrəf Qəni şimalda səhra komandirlərinin hakimiyyətini devirməyə nə dərəcədə qadirdir, çətin sualdır. Daha radikal olan Taliban bunun öhdəsindən gələ bilməyib.

Talibana Rusiya və İranın dəstəyi

Bu həftə ABŞ-ın “The New York Times” nəşrinə böyük material çıxdı. Materialda əfqan kəşfiyyatı və Qərb diplomatiyasının anonim mənbələrinə istinadən İran Talibana dəstək verməkdə ittiham edilir. Məqalənin müəllifləri hesab edirlər ki, beləliklə ABŞ-ın qətiyyətli hərəkətlərinin olmaması nəticəsində yaranan geosiyasi boşluq doldurulur. Qeyd edilir ki, Tehran analoji üsulu qərb sərhədlərində tətbiq edib və faktiki olaraq İraq hökumətini özünə tabe edib.

İddiaya görə, ötən ilin mayında Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülən Taliban lideri Molla Əhtar Məhəmməd Mənsur İrandan yüksək vəzifəli şəxslə görüşdən qayıdırdı. Bundan başqa, Mənsurun Rusiya nümayəndəsi ilə görüşü təşkil edilmişdi. Görüşdə guya İŞİD-lə mübarizədə taliblərə maliyyə və hərbi yardım imkanları müzakirə edilirdi. Təsadüfi deyil ki, ABŞ Rusiyanı bir neçə dəfə Talibana dəstək verməkdə ittiham edilib. Sözügedən ittihamlardan biri hətta müdafiə naziri Ceyms Mettisin dilindən səslənib. Rusiya tərəfi taliblərlə əlaqələrin olduğunu inkar etməyib. Lakin bildirilib ki, bu yalnız ölkə haqqında informasiya alınması məqsədi daşıyıb.

“Rusiya regionda çoxdan ABŞ-ın hərəkətlərinin kontekstindən kənar şəxsi təhlükəsizliyin təminatına baxır. ABŞ-ın strategiyası burada effektsizdir. Bununla əlaqədar olaraq Rusiya iki tədbirlər kompleksi reallaşdırır. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və sərhəd nəzarətinin möhkəmləndirilməsi üzrə birgə proqramlar çərçivəsində Mərkəzi Asiyadakı partnyorlarla əməkdaşlıq əsasında regional müdafiənin qurulmasıdır. İkinci tədbirlər kompleksi sülh danışıqları prosesinin stimullaşdırılmasıdır. Buna yalnız rəsmi Kabil və Moskva deyil, həmçinin Çin, İran, Hindistan və Pakistan qoşulub”, - “Gazeta.ru” ilə söhbətində Avrasiya Analitik Klubunun başçısı Nikita Mendkoviç deyib.

Məhz Pakistanda əvvəllər Talibana sünni təsirin əsas xarici amili kimi baxılırdı. Taliban döyüşçülər onun ərazisində maneəsiz sığınacaq tapırdılar. Şiə İranı və digər regional güclərlə əməkdaşlıq üzrə Mənsurun cəhdləri ona gətirib çıxardı ki, İslamabad nəticədə onu Amerika kəşfiyyatına “verdi” və onun öz ərazisində məhv edilməsi üçün əməliyyatı keçirməyə icazə verdi.

“The New York Times” iddia edir ki, taliblər keçmiş müttəfiqlərə etibarı itirdilər və ötən il ərzində Əfqanıstana geri qayıtdılar.

Prezident Əşrəf Qəni həmçinin islam ekstremistləri ilə sülh əldə etmək cəhdlərindən geri çəkilmir. Hökumət ötən il təşkilatın hərbi qanadının ləğv edilməsinə əvəz olaraq onun liderlərinin amnistiyasına getdi və Əfqanıstan İslam Partiyası ilə saziş bağladı. BMT Kabilin sorğusu üzrə partiyanın lideri Gülbəddin Hikmətyar barəsində sanksiyaları ləğv etdi.

Ötən 20 il ərzində ilk dəfə keçmiş səhra komandiri və ölkənin baş naziri mətbuat konfransı keçirdi. Mətbuat konfransında ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edildi ki, ölkədə sülh və sabitlik yalnız güclü prezident hakimiyyəti və şəffaf seçkilər vasitəsilə əldə oluna bilər. Bu, Əfqanıstana əlavə hərbi kontingent göndərmək istəyən ABŞ-a mesaj idi.

“Bu müharibəni xarici güclərin artırılması ilə udmaq mümkün deyil. Biz istəyirik ki, beynəlxalq cəmiyyət qonşular və əcnəbilərin Əfqanıstana müdaxiləsini dayandırmağa kömək etsin”, - Hikmətyar bildirib.

Həll yoxdur

Hikmətyarın sözləri ABŞ-ın Əfqanıstan və Pakistan üzrə keçmiş xüsusi nümayəndəsi Lorel Millerin (vəzifə yeni dövlət katibi Reks Tillersonun vaxtında ləğv edilib) sözləri ilə uyğun gəlir. O, “Politico” nəşrinə bu yaxınlardakı müsahibəsində eyni fikri təkrarlayırdı: “Hərbi qələbə qeyri-mümkündür”.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster təkid edir ki, çıxış yolu kontingentin gücləndirilməsidir.

“ABŞ ümid edir ki, əlavə 10-20 min hərbi qulluqçunun Əfqanıstana göndərilməsindən sonra vəziyyət sabitləşəcək, taliblər yenidən zəifləyəcək və başqa tədbirlər kompleksindən sonra amerikalılar Əfqanıstandan yenidən çıxa biləcəklər. Amma effekt qısamüddətli olacaq. Çox güman ki, vəziyyətin kifayət qədər ağır olduğu Qunduz və Badaxşanda terrorçuların fəallığı azalacaq. Amma uzunmüddətli nəticələr gözlənilmir”, - Nikita Mendkoviç deyib.

Rusiya Elmlər Akademiyasının Beynəlxalq təhlükəsizlik problemləri İnstitutunun aparıcı elmi işçisi Aleksey Fenenko hesab edir ki, hərbi kontingentin artırılması haqqında indiki müzakirə hər şeydən əvvəl ABŞ-a regionda siyasi yerləşmə nöqteyi-nəzərindən lazımdır.

“Mənim nöqteyi-nəzərimdən, amerikalılara Əfqanıstanda yeddi-səkkiz min hərbiçi lazımdır. Onlar vuruşmaq istəmirlər. Bu ölkədə ABŞ komandanlığının əsas vəzifəsi öz mövcudluğunu müəyyən etmək və Mərkəzi Asiyanı hədəf seçməklə öz aviasiyası üçün əlverişli müharibə meydanını möhkəmləndirməkdir”, - ekspert hesab edir.

Bundan başqa, Fenenko qeyd edir ki, Tramp administrasiyası NATO üzrə partnyorlarından əlavə öhdəlikləri öz üzərinə götürməyi və vahid koalisiya çərçivəsində şəxsi kontingentləri göndərməyi tələb edə bilər.

Nikita Меndkoviç Əfqanıstanda hərbi kontingentin artırılması barədə ABŞ-ın ideyasını “yenidən yüklənmə” adlandırıb. Onun fikrincə, bu strategiya general Devid Petreus tərəfindən 2000-ci illərdə İraqda tətbiq olunub və sonra Əfqanıstanda təkrarlanıb: “Burada əsas məqam qoşunların artırılması deyil. Bu, hər şeydən əvvəl aviazərbələr və səhra komandirlərinin məhv edilməsinə yönələn desant əməliyyatlarından daha geniş istifadədən imtina etməkdir. ABŞ-da o “gecə reydlərinin strategiyası” adını alıb”.

Ekspertin sözlərinə görə, Petreusun strategiyası 2000-ci illərdə özünü yaxşı tərəfdən göstərib./publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 581          Tarix: 10-08-2017, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma