“Biz İraq türkmənləri olaraq Vətənin bölünməsində iştirak etməyəcəyik”.
Bunu Kərkük əyalət məclisinin üzvü Əli Mehdi Sadik türkmənlərin İraqın şimalındakı kürd yerli hökumətinin keçirəcəyi referendumda iştirak etməsi ilə bağlı “Report”un sualına cavabında bildirib.
Onun sözlərinə görə, mərkəzi hökumətin, ABŞ-ın və kürdlərin 2003-cü ildən bəri etdikləri xətalar məmləkəti bu vəziyyətə sürükləyib: "Başda Kərkük və türkmən bölgələri olmaqla İraq böyük problem yaşayır. Demək olar savaş səsləri gəlir”.
Əli Mehid Sadik türkmən millət vəkili Muna Qəhvəçi və Türkmən İnkişaf Partiyasının sədri Məhəmməd Sadəddin Elxanlının referendumu dəstəkləyən açıqlamalar verməsi məsələsinə də münasibət bildirib: "Onlar kürd partiyalarının qurduğu təşkilatların nümayəndələridir, türkmənləri təmsil edə bilməzlər. Onların türkmənlər arasında etibarı sıfırdır”.
Xatırladaq ki, Əli Mehdi Sadik yerli müxbirlərə müsahibəsində İraqda müxtəlif silahlı qruplaşmaların olduğunu və türkmənlərin indiyədək belə bir qüvvəsinin olmamasından və hazırda belə bir birliyin yarandığından danışıb: “Özünümüdafiə qüvvəsi yaratmaqda gecikdik. Bunu 2003-cü ildən sonra qurmalı idik. Şükürlər olsun ki, gec də olsa qurmuşuq. Bu qüvvə birlik və bərabərlik içində bütün türkmənlərin təhlükəsizliyini qoruyacaq. Hər bir kəsimin qüvvəsi olduğundan türkmənlərin də olmalı idi. Şükürlər olsun ki, var”.
Qeyd edək ki, İraqın şimalındakı yerli kürd hökuməti sentyabrın 25-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırır. ABŞ, Britaniya, İran və Türkiyə bu referenduma qarşıdır. İsrail isə kürdlərin bu aksiyasını dəstəkləyir.
Yeri gəlmişkən, Kərkük əyalət məclisinin türkmən üzvü Niyazi Mimaroğlu bəzi deputatların “referendum"a qoşulmasına etiraz etdiklərini bildirib və buna görə atdıqları addım barəsində deyib: “Rəsmi Bağdad hakimiyyətinin qərarlarına əməl etmədiyi üçün Kərkük əyalət məclisinin ləğv edilməsi ilə bağlı 74 millət vəkilinin imzasını topladıq”. O, imzaların sayını 200-ə çatdıracaqlarını vurğulayıb.
Paylaş: