"Kərkük Vilayət Məclisinin qəbul etdiyi referendum qərarı legitim deyil və onu qəbul etməyəcəyik".
Ovqat.com xəbər verir ki, bunu İraq Baş naziri Heydər əl-İbadi bildirib.
Onun fikrincə, “qərarlar bu şəkildə qəbul olunmaz”.
Dünən Bağdadda keçirdiyi mətbuat konfransında çıxış edən Baş nazir fikirlərini İraqın etnik tərkibinin mürəkkəbliyilə əsaslandırıb:
"Bu cür qərarların zorakı üsullarla qəbulu sağlam deyil. O zaman Ərbildə ərəblərə, Süleymaniydə türkmənlərə və digər bölgələrdə xristian və yezidilərə də konfederal hüquqlar verməliyik? Bu, səhv bir üsuldur. Bölgəmiz artıq etibarlıdır və həmişə birlikdə yaşamağı seçməliyik."
İbadini qəzəbləndirən referendum qərarı Kərkük Vilayət Məclisi tərəfindən iki gün öncə qəbul olunmuşdu. Qərara görə, Kərkük vilayəti Şimali İraq Kürd Muxtariyyatlığının 25 sentyabrda keçirməyi planlaşdırdığı referendumda iştirak edəcək.
Mərkəzi İraq hökumətinin Kərkükün bu qərarına xüsusilə sərt reaksiya göstərməsi səbəbsiz deyil.
Əvvəla, Kərkük İraqın əsas neft bölgələrindən biri kimi tanınır. İraq neftinin 40%-dən artığı bu vilayətdə hasil olunur. Kərkükü itirmək ilk növbədə İraqın əsas gəlir qaynağının hardasa yarısından vaz keçməsi deməkdir ki, bu da rəsmi Bağdad üçün həyati önəm daşıyır.
Digər tərəfdən, Şimali İraq Kürd Muxtariyyatlığının da ayaqda qalması üçün Kərkük neftinə ciddi ehtiyacı var. Kərküksüz bu bölgə müstəqilliyini elan edə bilməz. Etsə belə, bu müstəqilliyin iqtisadi əsası olmayacaq və bölgə xalqı bir müddətdən sonra könüllü şəkildə geri qayıtmağa can atacaq.
Kərkükün təbii sərvətlərinin bu gücünü yaxşı dərk edən rəsmi Bağdad da Şimali İraqa qarşı neft kozırından yetərincə faydalanır. Məlumata görə, bölgədə hasil olunan neft əsasən 5 quyudan çıxarılır. O quyuların 3-ü mərkəzi hakimiyyətə bağlı dövlət şirkətinin istismarındadır. Hər dəfə Şimali İraqdan müstəqillik səsləri ucalan kimi, Bağdad hasilatı dayandırıb Ərbilə qarşı iqtisadi təzyiq rıçaqlarını işə salır. Odur ki, Kərkükü hüquqi olaraq itirmək İraq üçün həm də parçalanmaqla razılaşmaq deməkdir.
İkincisi, Kərkükün əsasən hansı etnik qrupa məxsusluğu da xeyli mübahisəlidir. Tarixən, bu şəhər türkmənlərə aid idi. I Dünya müharibəsində Osmanlıların məğlubiyyətilə ingilislərin nəzarətinə keçən bölgə daha sonra yaradılan İraq dövlətinə verilib. O vaxtdan etibarən də bölgədə türkmənləri yoxetmə siyasəti yürüdülüb. Türkmənlərin sayı azaldıqca şəhər getdikcə kürdləşib. XX əsrin ortalarında kürdlərin müstəqillik hərəkatı ortaya çıxınca Səddam Hüseyn rejimi Kərkükü ərəbləşdirməyə qərar verib. Şəhərdəki kürd və türkmən əhali məcburi ətraf kəndlərə köçürülərək, Kərkükdə ərəb ailələri məskunlaşdırılıb.
Bu siyasət Səddam Hüseynin devrilməsiylə müşaiyyət olunan ABŞ-ın İraq işğalından sonra tərsinə çevrildi. Mərkəzi hakimiyyətin yoxluğundan istifadə edən kürd əşirətləri axın-axın Kərkükə gəldilər. Şəhər tamamən onların ixtiyarına keçdi. Bu dəfə ərəblər və bir çox hallarda türkmənlər şəhərdən kənara atıldı, arxivdəki mülkiyyətin əsl sahibini göstərən sənədlər (tapular) yandırılaraq yox edildi. Beləcə, Kərkükün sahiblik tarixi tamamilə silindi və indiki mübahisəli vəziyyətə şarait yaradıldı.
Hazırda nə qədər kürd əşirətlərinin əlində olsa da, şəhərdə ərəb və türkmənlər də yaşayır. Kərkük Vilayət Məclisində türkmən və ərəb sakinlərin seçdiyi nümayəndələrin də yer almasına baxmayaraq, onların sayı qərarların qəbuluna təsir edəcək gücdə deyil. Odur ki, referendum müzakirələri zamanı həm türkmən, həm də ərəb nümayəndələr baykot qərarı verdi və səsvermədə iştirak etmədilər. Nəticədə referendumda iştirak qərarı yalnız kürd nümayəndələrinin səsverməsiylə qəbul olundu.
Heydər əl-İbadi də məhz bu fakta əsaslanıb qərarın təktərəfli qəbul olunduğunu, bu cür qərarlarda konsensusun vacibliyini irəli sürür və indiki halın daha çox çəkişmələrə, qarşıdurmalara yol aça biləcəyini vurğulayır. Yəni bir növ, muxtariyyat yetkililərini vətəndaş müharibəsilə təhdid edir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: