Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "Qız qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən "Qız qalası" VII beynəlxalq incəsənət festivalı başa çatıb.
Ovqat.com-un Fondun saytına istinadən məlumatına görə, festivalda gənc rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri və Vüsalə Ağarzayeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyiblər. Eyni zamanda, gənc rəssamlar festivalda iştirak edən Xətai rayonu 3, Nizami rayonu 1 və Suraxanı rayonu 2 saylı uşaq evlərinin sakinlərinə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarına və Respublika uşaq-gənclər inkişaf mərkəzinin uşaqlarına Qız qalası maketini bəzəməkdə kömək ediblər. Festivalda bənzərsiz sənət əsərlərinə çevrilən 10 Qız qalası maketi şəhərimizin müxtəlif yerlərində sərgilənəcək.
Qeyd edək ki, 2010-cu ildən keçirilən və artıq yeddinci dəfə reallaşan festival ənənəvi olaraq bu il də sentyabrın 22-24-də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.
Paylaş: