Xəbər lenti

 

"Şagirdlərin təhsildən yayınma halları var. Bu problemi vaxtında aşkarlamaq üçün Təhsil Nazirliyi tərəfindən yeni sistem hazırlanır".

Bu sözləri açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, təhsil qanununa görə, hər bir uşağın təhsil almaq hüququ var, bu yalnız valideynin istəyi və iradəsinə bağlı olan məsələ deyil: "Valideyn uşağını təhsil almaq hüququndan məhrum etməklə, həm də qanunvericiliyin tələblərini pozur. Qanunvercilik çərçivəsində həmin valideyn cavabdehlik daşıyır. Bəzən valideynlər "Uşaq mənimdir əgər, oxutmuram, əl çəkin” yanaşması ortaya qoyurlar. Lakin bu gün uşaqların hüquqları ciddi şəkildə müdafiə olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq hər bir şagirdin hüquqlarını müdafiə etməyə hazırıq və müdafiə edəcəyik də.

Bu haqda məlumatlar bizə gəlib çatana qədər məktəbin özündə müəyyən addımlar atılmalıdır. Təhsildən yayınan uşağın dərsə gəlməməsini birinci məktəb araşdırmalı, valideynlə əlaqə yaratmalıdır. Valideynin bilərəkdən uşağı təhsildən yayındırdığını biləndə yerli icra hakimiyyəti orqanlarının müvafiq şöbələrinə məlumat verməlidir. Məsələnin ondan sonrakı həlli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Həmçinin hüquq mühafizə orqanları da məsələyə müdaxilə etməlidir. Bəlkə də, bəzi valideynlər öz məsuliyyətlərini dərk etmirlər. Təhsil İdarəsi olaraq biz daim ictimaiyyətdə çıxışlar edir, valideynlərlə görüşdə maarifləndirmə işi aparırıq”.

M.Vəliyeva vurğulayıb ki, bölgələrdən müvəqqəti olaraq Bakıda məskunlaşan ailələrin uşaqları adətən təhsildən yayındırılır: "Ailə Bakıya gələndə uşaqlar burada təhsilə cəlb edilirlər. Lakin müvəqqəti yaşadıqlarına görə məktəblərdə dəqiq ünvanları olmur. Bir müddət sonra şagird təhsildən yayınır. Müvəqqəti ünvana gedəndə artıq ailənin köçdüyünü aşkarlayırıq. Uşağın hansı müddətdə təhsildən kənarda qalması, əvvəl təhsil aldığı əraziyə köçdükdə yenidən təhsilə cəlb edilməsi kimi məsələlərlə bağlı İdarəyə məlumat daxil olur. Bununla bağlı Təhsil Nazilriliyinə məlumat veririk. Uşaqların öz məktəblərində təhsil alıb-almadığını aşkarlamaq Təhsil Nazirliyinin səlahiyyətindədir. İldə 3 dəfə məktəblərdən hesabatlar toplayırıq. Cari il ərzində Təhsil Nazirliyinin elektron məlumat bazası təkmilləşəcək. Bu isə şagirdlərin hərəkətini izləməyə imkan yaradacaq və bizə təhsildən yayınma hallarını daha asan aşkarlamağa imkan verəcək”.




Ana səhifəyə qayıt        Baxış: 1 104          Tarix: 6-10-2017, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma