Xəbər lenti


Bu gün təkrarsız söz adamı,tanınmış şair Kəmaləddin Qədimin doğum günüdür.Ovqat.com adından gözəl şairi təbrik edir, can sağlığı, uzun və sağlıqlı bir ömür arzulayırıq.

QAPIM DÖYÜLÜR...

Nə həmin o bənövşə,

nə o süsən deyilsən.

Mən həmin odam elə,

amma, su sən deyilsən...

 

Haqdım, haq da yox artıq,

Getdim, vaxt da yox artıq.

Barışmaq da yox artıq,

artıq küsən deyilsən..

.

Baxma ay gözüqaram,

Səndən özgəyə koram...

Sanacam qəlbdə yaram,

saçımda dən deyilsən...

 

Nə tükənib, bitəcəm,

Daha cəm olacam, cəm.

Bir də üzülməyəcəm,

bir də üzən deyilsən...

 

Gör də artıq, gör, gülüm,

Hürrəm, necə hürr, gülüm...

...qapım döyülür...gülüm,

görəsən sən deyilsən?.

 

*****

Bir gün

qəfildən gələr ölüm;

qəfildən

qapının ağzını alan qış kimi.

Tələm-tələsik

çıxararlar evdən tabutunu-

köhnə əşyaları

atırmış kimi...

 

DÜŞÜRSƏN, BİR AZ ASTA DÜŞ...

Dünya gidi, ömür fani,

Vaxt qısa, yol uzun, gözəl.

Cavablaya bilmədik heç

tək bircə sorusun, gözəl.

 

Üstəydin, gözüm üstdə, düş,

Qalım beləcə yasda, düş.

Düşürsən, bir az asta düş,

düş, Allah qorusun, gözəl...

 

Son verirəm, son, ağıma,

Dözəcəm sinə dağıma.

Göz yaşımı yanağıma

sərirəm, qurusun, gözəl...

 

SÜR ÖMRÜMÜN QALANINI...

Ömür-gün yoldaşıma

Ölümüylə bir doğulub bu adam,

Ölüb gedir, ölümüylə bir getsin.

Olan olub, keçən keçib, nə varsa

yaddaşının divarına hör getsin.

 

Dəli-dolu bir adamdı, bilirdin,

Necə sındı, necə damdı, bilirdin.

Bir az ocaq, pir adamdı, bilirdin,

Qorumadı ocaq, getsin, pir, getsin.

 

Haqdan yana kəfənini geyəndi,

Öz sözünü, düz sözünü deyəndi.

Azadlığı, hürriyyəti öyəndi,

Gedir, barı azad getsin, hürr getsin.

 

Bir sızlayan yeri vardı, bilmədin,

Bilməliydin...dili vardı, bilmədin...

Ürəyində biri vardı, bilmədin,

Sir saxladı, sir yaşatdı... sir getsin.

 

Bu dörd divar, tənha, yalqız oda, sən,

Bundan belə çörək də sən, su da sən.

Bu uşaqlar...bu qayğılar...bu da sən...

Sür ömrümün qalanını, sür getsin.

 

GEDƏK

Dedik büdrəməyək,çaşmayaq,Tanrım,

İstədik tək sənin yolunnan gedək.

Yaşayaq mələyin sağından yana,

Qurtulaq biryolluq solunnan,gedək.

 

Düşdük bu dünyanın duraq vaxtına,

Bir ömrü beləcə burax baxtına.

Yoldaş olammadıq bir ağ baxtına,

Qoşulaq bir qara qulunnan gedək.

 

Bir ucu göydəydi,göydən salmışıq,

Girib içimizə şeytan,salmışıq.

Yormuşuq,taqətdən,heydən salmışıq,

Yapış da bu ömrün qolunnan,gedək...

 

SƏNİ QISQANIRAM ŞEİRLƏRİMƏ

Bilmirəm nədəndi zaman-zaman, qız,

Səni qısqanıram şeirlərimə...

Məndən şeir istəyən, şeir uman qız,

Səni qısqanıram şeirlərimə.

 

Harada xətri var, xətrində sənsən,

Sənsən qoxusunda, ətrində sənsən.

Hər şah misrasında, sətrində sənsən,

Səni qısqanıram şeirlərimə.

 

Necə zirvə yapıb yəni, gör necə,

Başında dumanı, çəni gör necə...

Əlçatmaz eyləyib səni gör necə,

Səni qısqanıram şeirlərimə.

 

Elə, iman kimi, din kimidilər,

Elə, ömür kimi, gün kimidilər.

Əyninə yapışan don kimidilər,

Səni qısqanıram şeirlərimə.

 

Görürlər nətəhər yanır, alışır,

Özüylə nətəhər küsür, barışır.

Vallah, kim oxuyur səndən danışır,

Səni qısqanıram şeirlərimə.

 

Canları mənnəndi, qanları mənnən,

Elə yarıdılar, tən yarı mənnən.

Yaman çox sevirsən onları mənnən,

Səni qısqanıram şeirlərimə.

 

Aşiqəm, tək dərdli ozan deyiləm,

Tək elə söz deyib, yozan deyiləm.

Daha sənə şeir yazan deyiləm,

Səni qısqanıram şeirlərimə.




Ana səhifəyə qayıt        Baxış: 1 456          Tarix: 24-05-2023, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma