Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
6.Əvvəli “Ovqat.com” saytınıın 16-19- 26. 04.2021 və 03. - 11.-17. 05.2021 tarixli saylarında *** Günlərin birində orta məktəb yoldaşlarından Əli, Vaqif, Saleh gəlib Ərsəni evdən çıxartdılar. Özləri ilə maşın da gətirmişdilər. Ərsənin heç ağzını açmağa da qoymadılar. Yol boyu məktəb illərini xatırladılar, müəllimlərindən danışdılar. O şən, dəcəl, qayğılı sevincli anları yada saldılar. Az sonra kababxanaya çatdılar.
Havalar istiləndiyindən stolları həyətdə ağacların altında düzmüşdülər. Ətraf xoş rayihəli gül-çiçək ətri ilə dolmuşdu. Kababxana səfalı bir guşədə yerləşmişdi. Göz işlədikcə yamyaşıl ərik bağları uzanır, uzaqda dağların döşündə görünməz olurdu. Bu yerlərin camaatı belə səfalı ağac kölgəsində yeyib-içməyi xoşlayırdı.
Ərsəngil stollardan birini seçib oturdular. Saleh kabab, araq, pendir, qatıq, göy-göyərti sifariş verib, bu yerin daimi müştərisini, ömrünü-gününü belə yerlərdə keçirən Ramizi də stola dəvət etdi. Görünür onlar bir neçə dəfə bir yerdə nahar etmişdilər. Odur ki, Ramiz bu dəvəti məmuniyyətlə qəbul edib əyləşdi. Saleh sifarişi sifarişin dalınca verir, özü içir və onunla oturanları da içməyə məcbur edirdi.
Ramiz bir əlində badə tutub, o biri əlini də göyə qaldırıb tost deyirdi. Ramizin şakəriydi birinci badədən sonra ayağa qalxar, gəncliyində öyrəndiyi, yadında qalan şeirlərdən söyləyər, mey ilə bağlı şeirlərin hamısını da mütləq Ömər Xəyyama aid edər, onu bütün qəmlərin dağıdıcısı adlandırardı:
İçirəm kuzə ilə meyi meyxanədə hər gün,
Dağılır çərxi-fələkdən nə ki mey, xanə də hər gün.
Heç bilirsiz Ömər Xəyyam nə deyib? Bilmirsiniz? O zaman mən deyim, siz eşidin. Xəyyam deyib ki:
Ey şəhər müftisi, səndən pərgarıq!
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalqın qanın,
Söyləyin, hansımız daha qəddarıq?
Ərsən Ramizi tanıyırdı, yaxşı tanıyırdı. Bu adam dərdliydi, imkan düşən kimi dərdini danışırdı, zəmanədən şikayətlənirdi. Ramiz üçün fərq eləmirdi, yanında oturan kim olur olsun, onun öz həyat tarixçəsi vardı və bu tarixçəni danışmağa adət eləmişdi. Dərdliydi, çox dərdliydi Ramiz. Bəlkə dərdi çəkmək olsaydı qarşı dağlardan da ağır gələrdi.
Ramiz orta yaşlı bir adam idi. Üz-gözünü basmış tük, alnındakı dərin qırışlar bu adamın həyatının heç də xoş keçmədiyindən xəbər verirdi. Əvvəllər avtobus sürücüsü işləyən Ramiz son illərdə iş-gücünü atmış, Sibirin müxtəlif şəhərlərində alverlə məşğul olmuşdu.
O, danışır, ağlayır, hərdən də qəhqəhələr ilə gülürdü:
- Sürücü işləyirdim. Bir oğlum, bir qızım var idi. Onları canımdan çox istəyirdim, elə indi də istəyirəm. Arvadım da zavodda işləyirdi. Bir təhər dolanırdıq. Sonra arvadımın ehtiyacları artdı. Məndən yaxşı yemək, geymək, bəzək şeyləri tələb etməyə başladı. Canımı cəfaya basıb iş saatından artıq işləyir, boş vaxtım olan kimi xalturaya qaçır, bütün qazancımı evə gətirirdim.
Ancaq arvadım getdikcə quduzlaşır, xarici mebel, bahalı paltarlar, maşın tələb edirdi. Hər gün evdə dava-dalaş düşür, yediyim, içdiyim zəhərə dönürdü.
Bir dəfə təsadüfən köhnə tanışlarımdan olan Qəzənfərə rast gəldim. Hal-əhvaldan sonra söhbət dolanışıqdan düşdü. O, mənim harda işlədiyim, nə qədər qazandığımı soruşdu. Sonra belə bir təklif irəli sürdü: “Bir ayda iki min ilə aran necədir?” İnana bilmədim. Bir ayda iki min? Axı bunu necə qazanmaq olardı? Beləcə də ondan soruşdum.
– Eh, Ramiz, sənin nə işin var? İki minini məndən al, ancaq mənim dediyimə əməl etməlisən.
Arvadım boş-boş deyingənliyi ilə məni o qədər boğaza yığmışdı ki, ən rəzil işə getməyə razı idim. Təki pul olsun, təki dolanışıq olsun. Elə həmin günü işdən çıxıb Qəzənfərə qoşuldum. O gündən Moskvadan vurub Novosibirdən çıxdım. Qəzənfər bazarlarda yer düzəldir, meyvə alıb gətirir, mən isə satırdım. Xeyli pul qazanmışdım. Altı aydan sonra qayıdıb rayona gəldim. Qazandığım pulların hamısını xərcləyib, mebel, maşın aldım. Bir müddət arvad başıma pərvanə kimi fırlandı. Elə ki, pullar xərclənib qurtardı iki gün, üç gün sonra onun deyingənliyi yenidən başladı.
Mən yenidən Qəzənfərin yanına getməli oldum. Bu dəfə daha çox bir ilə yaxın müddətdə Rusiyanın müxtəlif şəhər və bazarlarını gəzməli olduq. Hərdən alverimiz yaxşı gətirir, hərdən isə heç aldığımız malların mayasını da durulda bilmirdik. Əlimə pul düşdükcə arvadıma, uşaqlara son modda olan paltarlar alıb göndərirdim. Qızım instituta qəbul olmuşdu. Odur ki, ona daha bahalı, gözəl paltarlar alıb göndərirdim.
Belə deyib Ramiz 75 qramlıq stəkanı araq ilə doldurub birnəfəsə başına çəkdi. Üzü, gözü qırışdı. Gözlərini yumdu. İki damla yaş gözlərindən süzülüb saqqalını islatdı. Yumruğunu alnına vurub dedi:
– Bağışlamaram, heç vaxt bağışlaya bilmərəm. Bir ildən sonra rayona qayıtdım. Gecədən xeyli keçmişdi. Əvvəl istədim gedib mehmanxanada yer alıb səhəri gözləyim, evə səhər gedim. Lakin ürəyim dözmədi, çox narahat idi. Həyət qapısı açıq idi, içəri keçdim, evin qapısını döydüm. Bir xeyli keçəndən sonra Səfəralı gəlib qapını açdı. Bu mənim oğlum idi. Gəlişimə əhəmiyyət vermədi, səndələyə-səndələyə gedib yatağına düşdü. Hiss etdim ki, sərxoşdur, özünü bilmirdi. Yataq otağına keçdim. Arvadım yox idi. Mətbəxə baxdım, həyətə çıxdım yox idi ki, yox idi. Qəlbimə dəhşətli fikirlər gəlirdi. Az qalırdım dəli olum, qışqırıb bağırmaq istəyirdim. Səfəralını güclə yerindən qaldırıb soruşdum:
- Maman hardadır?..
– İndi gələr, – deyib Səfəralı yenidən çarpayıya düşdü.
Mən onu qaldırıb ayaq üstə qoydum. İki əlim ilə sinəsindən yapışıb qışqırdım:
– Hardadır maman?!..
Səfəralı 15 yaşın içindəydi. Gözlərini zorla açıb təkrar etdi:
– Bilmirəm, indi gələr.
Daha hövsələdən çıxmışdım, necə vurdumsa, Səfəralı tır-tap düşdü, səhərə qədər qalxmadı. Dəli kimi evi dörd dolanır, siqaret çəkir, bir yerdə qərar tuta bilmirdim. Gözlərim pəncərədə qalmışdı, səhərin açılmasını gözləyirdim.
Səhərə yaxın evin qapısı açıldı. Arvadım içəri girdi. Uzaqdan nəfəsindən gələn tünd araq iyi məni vurdu. Üz-gözü şişmiş, dodaqlarının, üzünün boyası bir-birinə qarışmışdı. Məni görəndə özünü itirdi.
– Hardan gəlirsən bu vaxt?
Dinmədi. Mən ona yaxınlaşmaq istəyəndə qışqırdı:
– Yaxın gəlmə mənə.
Mən onu heyvan kimi döyür, o, isə gücü gəldikcə qışqırırdı. Sonra necə oldu bilmirəm. Hiss elədim ki, qollarımı bağlayıblar. Məni maşına basıb harasa aparırlar. Bir də yadıma gələn odur ki, oturduğum stulun arxasında iki nəfər milis ayaq üstə durmuşdu. Mən isə “möhtərəm hakim, möhtərəm hakim” deyirdim. Mənə iki il iş verdilər. Oğlum, qızım heç biri yaxına gəlmədi. Nə məni yada salan oldu, nə də qarşılayan. Övladlarım məni atalıqdan çıxartmışdılar, mən də bütün ağırlıqlarına baxmayaraq, sanki atalıq hissindən məhrum olmuşdum.
Ramiz yenə stəkanı doldurub başına çəkdi. Güldü. Gülə-gülə ağladı, qışqırdı:
– Budur mənim taleyim. Badoş üzlü dünya mənim də üzümü badoşa döndərib. Allahın ucuz ölümü də məndən uzaq olubdur. Kimə, nəyə lazımam? Qoparın qollarımı satıram. Yaşamağa yerim, qalmağa evim yoxdur. Araq pulu qazanmaq üçün nə qədər onun-bunun qapısında odun yarmaq, peyin, kömür daşımaq olar? Yaşaya bilmirəm. Ölüm istəyirəm, ölüm. Ey Əzrayıl, səni görsəydim beh verərdim ki, canımı tez alasan. Qollarımı, canımı, qüvvəmi satıram, ay alanlar, satıram!...
Ramiz qəhqəhələr içində gülür, gülə-gülə ağlayırdı. Az qala gözləri hədəqəsindən çıxırdı. Pencəyini, köynəyini soyunub əlinə aldı, başı üstə qaldırıb qışqırmağa başladı.
– Pencək alan, köynək alan, satıram. Araq puluna satıram. Su qiymətinə satıram. Ay alanlar! Ay adamlar! Satıram.
Səsini yavaşıdıb yalvarmağa başladı:
– Bir araq pulu, nə olar? Bir araq pulu verin.
Sonra oturub stolu çaldı və oxudu:
İçirəm küzə ilə meyi-meyxanədə hər gün.
Dağılır çərxi-fələkdən nəki mey, xanə də hər gün
Ətrafdakı masalarda oturanlar Ramizə baxırdılar. Ərsənın gözləri dolmuşdu. Öz dərdini unudub Ramizin dərdini çəkirdi. Onu mütləq xəstəxanaya aparıb müalicə etdirmək lazım idi. Görünür bu qismət də Ərsənin payına düşmüşdü. Orta məktəb dostlarının Ərsəni yasdan çıxartmaq məqsədi ilə təşkil etdikləri məclis belə başa çatdı. Ramizin dərdli həyatının qəm dolu səhifələri dostları pərişan etdi.
***
Səda universitetdən evə qayıtdı. Evə dərin bir sükut çökmüşdü. Bir anlığa Sədaya elə gəldi ki, sanki bu evdə heç insan yaşamır, adətən günortalar binada sakitlik olurdu. Amma bu gün bütün bina ona bir qədər darıxdırıcı təsir bağışlayırdı. Bir az bayıra çıxıb dolaşmaq, mağazalara baxmaq hissi keçdi ürəyindən. Güzgünün önündə saçlarına sığal verib evdən çıxmağa hazırlaşırdı ki, qapı döyüldü. Gələn dayısıydı. Dayısı çox təsadüfü hallarda belə vaxtlarda onlara gələrdi. Qapını açsa da, dayısının bu vaxtsız gəlişindən narahat oldu, ürəyinin həyacanla döyündüyünü hiss etdi:
- Xoş gəldin, dayı.
Sədanın sözü ağzında yarımçıq qaldı. Dayısının dəmir kimi əlinin açılması ilə Sədanın sifətində partlaması bir oldu:
- Səni öldürəcəyəm. Sən nə qədər qudurmusan ki, özünə adaxlı tapmısan?
Kəmərini belindən açıb yerə yıxılmış Sədanı döyməyə başladı. Səda əlləri ilə üzünü tutub yalvarmağa başladı:
- Vurma, dayı, qurban olum, vurma...
- Qancıx, bir də səni o oğlanla görsəm, eşitsəm, öldürəcəm səni... O haranın itidir ki, sən qoşulmusan ona, orda-burda gəzirsən...
Dayısı dayanıb yerdə zarıyan Sədaya baxdı, kəməri belinə bağlayıb, qapını çırpıb getdi. Qayışın yerləri Sədanın bədənində iz salmışdı, ağrıyırdı. Bir təhər sürünüb özünü divanın üstünə saldı. “Nə üçün?”, “nədən ötrü?” – deyə fikirləşirdi. Səda neyləmişdi ki, dayısının qəzəbinə düçar olmuşdu. Bu işdə anasının əli olmuya? Rəfiqədən xəbərsiz dayısı belə bir işə əl qoya bilməzdi.
Az keçməmiş anası Rəfiqə gəldi. Rəfiqə öz açarı ilə qapını həmişə özü açardı, bu gün də eləcə sakitcə içəri girdi. Sədanı divana uzanmış, ağlar görəndə təəccüblənmədi. Amma gəlib qızının başının yanında dayandı, onun saçlarını tumarlamağa başladı:
- Sənə demişdim, axı, a qızım, o nə gədədi ki, sənin ayağının tozu da ola bilməz. Dayın da eşidib hirslənib. Dayın səni istəməsə, deyərmi?.. Biz istəyirik ki, sən xoşbəxt olasan. Daha gedib yetimin birinin zibilinə düşməyəsən...Dayını bilirsən, türmədə yatmış adamdı, elə et ki, bir daha onun qəzəbinə gəlməyəsən, boğazını toyuq boğazı kimi kəsər.
- Axı mən neyləmişəm, maa...
- Daha neyləyəcəysən ki?... O oğlanı yadından çıxart...
- Axı, mən onu...
Səda “sevirəm” demək istəyirdi ki, buduna sancılan iynənin ağrısından qışqırdı:
- Maa...
- Ağıllı ol, demişəm sənə, səni tikə-tikə doğrayıb ətini qurda-quşa yem
edərəm, ancax qoymaram ki, o gedəyə gedəsən. Mən sənin bədbəxtliyinə razı olmaram, sən hər şeyin yaxşısına layiqsən, qızım.
O gecə Səda səhərə qədər için-için ağladı, dərdini açıb kimsəyə deyə bilmədi, anası Əzrayıl kimi yanını kəsib oturmuş, hər addımına nəzarət edirdi. Dayısı Hüseyn də kölgə kimi arxasınca sürünür, bacısını məlumatlandırır, əvəzində pul mükafatı alırdı.
***
Sədanın Ərsənlə olan münasibətləri Rəfiqə xanımı əsəbiləşdirirdi. Bu görüşlərə son qoyulmalıydı. Yaxın günlərdə qızının üzünə yeni qapılar açılacaqdı. Bir neçə dəfə qızına xəbərdarlıq etməsinə baxmayaraq Sədanın Ərsənlə görüşmələri davam edirdi. Rəfiqə xanımın Sədanın hərəkətləri haqqında dedikləri atasının heç tükünü də tərpətmirdi. Əsəd kişi azad sevginin tərəfdarıydı, qızını da çox sevirdi, bu vaxta qədər bir dəfə də olsun onun qəlbinə dəyəcək söz deməmişdi. Əsəd kişi çox istəyirdi ki, qızı xoşbəxt olsun, sevdiyi adamla ailə qursun. Lakin bu istəyini dilinə gətirməyə cəsarəti çatmırdı, hər dəfə belə düşünəndə, arvadı Rəfiqə Əzrayıl kimi gözlərinin qarşısında canlanır, ən yaxşı halda susmağa üstünlük verirdi. Rəfiqə xanım da ərinin səbatsızlığını bildiyinə görə özü bildiyi kimi hərəkət edir, Sədanın gələcək taleyinin müəyyənləşməsində əsas rolu öz üzərinə götürmüşdü. Təbii ki, ilk növbədə Sədanın Ərsənlə bağlantısına son qoyulmalıydı. Rəfiqə xanım bu məqsədlə qardaşı Hüseynlə görüşüb onu təlimatlandırmışdı. Hüseyn də eləmə tənbəllik, başlamışdı Sədanı güdməyə. Ərsənlə görüşünü öz gözü ilə görəndən sonra sabahı evə gəlib Sədanın dərsini vermişdi. Səda dayısının belindən açdığı kəmərin yanlarında göyərmiş izlərinin ağrısını uzun zaman unuda bilmədi. Amma bütün bunlara baxmayaraq, ana qızına ehtiyatla yanaşır, onu incik salmadan hər işi yoluna qoymağa çalışırdı.
Rəfiqə xanım rayondakı evlərində otursa da, xəyalən Bakıdakı evlərində Sədanın otağına keçdi, qızının saçlarını oxşadı, sinəsinə sıxıb qoxladı. Sədanın qara saçları ağ üzünə xüsusi bir yaraşıq verirdi. Ürəyində belə bir gözəl-göyçək qız doğub böyütdüyünə görə qürur hissi keçirtdi. O, özünü xoşbəxt analardan sayırdı. Tərbiyəli, yarlı-yaraşıqlı qızına yaxşı bir yerdən də müştəri çıxmışdı. Müştəri deyəndə ki, özü tapmışdı bu müştərini, professor Həsənovun qohumlarından prokuror oğluydu, var-dövlət, şan-şöhrət başlarından aşırdı.
İnsana nə lazımdı? Pul desən – pul vardı, hörmət-izzət də öz yerində. Qalırdı Sədanı razı salmaq. Səda da anasının bir sözünü iki etməzdi, heç zaman etməzdi. Rəfiqə xanım, əlbəttə ki, qızının xoşbəxtliyini istəyirdi. Oğlan özü də hüquq fakültəsində oxuyurdu, bu gün-sabah təhsilini qurtarıb atası kimi böyük adam olacaqdı. Anası da Rəfiqə xanımın gəncliyinin ən yaxın rəfiqəsiydi. Analar razılaşmışdı, qalırdı, Barat ilə Sədanı görüşdürmək. Lakin bu görüşdən qabaq Rəfiqə xanım Sədanı qarşısına alıb bəzi mətləbləri ona çatdırmağı vacib sayırdı. Ona görə tez-tələsik yenidən Bakıya qayıtmağı düşünürdü.
***
Pasan Əli mərdliyi ilə bazar adamlarının arasında xüsusi hörmət qazanmışdı. Bazara məhsul gətirən rayon adamlarının əksəriyyəti öz malını Pasan Əliyə satmaq istəyirdi. Pasan Əli məhsulu topdan münasib qiymətə alır, pulunu da vaxtlı-vaxtında ödəyirdi. Onun dürüstlüyü az zamanda məhsul gətirənlərin diqqətini cəlb eləmişdi. Bazarın özünəxas qanunları vardı, burada kişi sözü, mərd adam sözü əsas sayılırdı. Pasan Əli də ilk gündən mərd hərəkətləri, gözütoxluğu ilə, diqqətli davranışları, böyük, kiçik yeri bilməsi, qətiyyəti ilə digər alıcılardan seçilirdi. Pasan Əlinin satıcıları da həmişə ondan razılıq edərdilər. Pasan Əli ticarətə lap balaca alverdən başlamışdı. Əvvəlcə ədəd ilə limon satmağa başlamışdı. Sonra özünə bir nəfər köməkçi götürüb göyərti satmağa başladı. Sübh tezdən bazara gələr, qapıda gözləyən kənd adamlarından məhsulu topdan qiymətinə alar, səhər saat 8-ə qədər işlərini sahmana salardı. Bazarın girişində bir kvadrat metrlik yerdə göyərti satmaq üçün yer almışdı. Buraya bir satıcı qoyub universitetə dərsə gedərdi. Dərsdən sonra yenidən bazara gələr gündəlik alverə nəzarət edərdi. Əvvəllər qazancı çox cüzi olurdu, bazarın yer pulu, sahə rəisinin gündəlik haqqı və s. kimi xərclər ticarəti genişləndirməyi tələb edirdi. Pasan Əlinin isə daha çox mal almağa pulu yox idi, amma heç vədə də birdən-birə çox qazanmaq fikrinə düşməmişdi, az qazancına şükür edərdi. Bir hadisə Pasan Əlinin həyatında dönüş yaratdı. Axşam bazar bağlansa da, o gün Pasan Əlinin köməkçisi göyərtiləri satıb qurtara bilməmişdi, özünün də vacib işi olduğundan Pasan Əlidən icazə alıb tez getmişdi. Pasan Əli də qalan göyərtiləri bazarın qapısın yaxınlığında səkiyə düzüb satıb qurtarmağa çalışırdı. Hava qaralmışdı, küçədən, demək olar ki, tək-tük adam keçirdi. Pasan Əli qalan bir neçə göyərti dəstəsini bir kisəyə yerləşdirib bazar qapısından bir qədər kənardakı şam ağacının dibinə qoydu. Dönüb getmək istəyirdi ki, ağacın haça yerinə qoyulmuş bir kağız torba diqqətini çəkdi. Adətən bazara çox məhsul gətirənlərin pulunu topdan alanlar bu cür kağız torbada verirdilər. Belə torbalar kənar adamların diqqətini cəlb eləmirdi. Bu işlə məşğul olmayanlardan başqa kimsə belə torbalarda pul daşına biləcəyini heç təsəvvürünə də gətirə bilməzdi. Pasan Əli əlini qaldırıb torbanı götürən kimi içərisində pul olduğunu hiss elədi. Torbanın ağzını açanda gözlərinə inanmadı. Bu qədər pulu necə ola bilərdi ki, unutsunlar. Pasan Əli bir xeyli bazarın qapısının ağzında dayanıb gözlədi, tanıdığı bazar adamlarından kimsə görünmürdü. Həyacanlıydı, ömründə heç zaman bu qədər pulu bir yerdə görməmişdi. İstədi ki, pulu tapdığı yerə də buraxıb getsin, amma içindən bir səs narazılıq edirdi. Belə pul ilə milislər tərəfindən tutula da bilərdi, o zaman nələr olacağını bir Allah bilirdi. Ayaqlarını sürüyə-sürüyə kirayə qaldığı mənzilinə gəldi. Kağız torbanı açıb pulu saydı, düz əlli min manat pul vardı.
O gecə ilan vuran yatdı, amma Pasan Əli yatmadı. Səhər sübh tezdən Təzə Bazarın qapısının ağzında onu gözləyən köməkçisinin yanına gəldi. Tələsik göyərti dəzgahını səliqəyə salıb axşamdan qalan və yenicə aldığı göyərti kisələrini dəzgahın üzərinə boşaltdı. Bir gözü ilə qapının yaxınlığındakı şam ağacının ətrafını izləyirdi. Ağacın ətrafında dayananlar da vardı, keçib gedənlər də. Dərsə getmək vaxtı keçsə də Pasan Əli hələ də yerindən tərpənmir, sanki nəyisə, kimisə gözləyirdi. Bir qədər keçmişdi ki, Qızıldiş Məti göründü, həyəcanlı halda şam ağacına yaxınlaşdı, ağacın o tərəf, bu tərəfinə baxdı, ətrafı gözdən keçirdi və məyus halda cibindən siqaret çıxarıb damağına qoydu. Qızıldiş Məti damağında siqaret ağacın ətrafında dolansa da, siqareti yandırmağı bilmərrə unutmuşdu. Bir azdan Qızıldiş Mətinin ətrafına xeyli adam yığışdı. Məlum oldu ki, Qızıldiş Məti dünən bazardan yığdığı pulu itiribdir, elan elədi ki, kim pulu tapıb qaytarsa, yarısını ona peşkəş edəcəkdir. Kənardan bu danışıqları izləyən Pasan Əli yaxınlaşıb soruşdu:
- Nə qədər pul idi?
Qızıldiş qarşısında cavan bir oğlan, qoltuğunda da kağız torbanı görüncə bir az rahatladı:
- Əlli min manatdı.
- Buyurun, sayın - deyə Pasan Əli torbanı Qızıldiş Mətiyə uzatdı.
Adamlar təəccüblə Pasan Əliyə baxdılar. Qızıldiş Məti torbanı alıb içərisinə
baxdı. Beş bağlamanın beşi də yerindəydi:
- Bacoğlu sözüm sözdü, bunun yarısı sənindi.
- Sağ olun dayı, istəmirəm.
- Niyə istəmirsən, bacoğlu, sənin yerində kim olsa, bu pulu mənə
qaytarmazdı. Tapmısan, mən də sənə halallıq verirəm. Burda nə var ki... indiki zamanda sənin kimi halal adama rast gəlmək təsadüf olur.
- Olsun, dayı. O sizin pulunuzdur. Sağlıqla xərcləyin.
Qızıldiş Məti çox dedi, Pasan Əli az eşitdi, axırda razılaşdılar ki, birlikdə
oturub çay içsinlər. Zabitlər bağındakı kafenin həyətində çay sifariş verib oturdular. Qızıldiş Mətinin əhvalatını eşidən bazarın sayılıb seçilən avtoritetlərindən bir neçəsi də gəlib Qızıldiş Mətinin ətrafına toplandı. Beləliklə çay süfrəsi yemək süfrəsi ilə əvəz edildi. Sorğu-suallar zamanı Qızıldiş Məti Pasan Əli haqqında rus dilində “ пацан” sözünü işlətdi və elə o vaxtdan da Əli bazarda Pasan Əli adı ilə tanınmağa başladı. Tədricən bu söz hamının dilinə düşdü, Pasan Əli uşaq kimi saflığı və təmizliyi hamının hörmətini qazandı. Məlum oldu ki, Qızıldiş Mətinin atası da sovet hökümətinin ilk illərində Zaqatalaya sürgün olunanlardandır. Atası da ömrü boyu ticarət ilə məşğul olmuşdu, Qızıldiş Məti də meyvə tədarükçüsü kimi topdansatış işinə baxırdı. Tonlarla məhsul gətirib bazarda paylayır, ayda bir dəfə gəlib pulunu yığırdı. Pasan Əlinin də dolanışıq ucbatından bazarda balaca bir iş gördüyünü bildikdən sonra qərara aldı ki, onunla iş birliyi yaratsın. Belə də oldu. Beləliklə də Pasan Əli bir müddətdən sonra bazarda sayılıb seçilən xüsusi hörmət sahiblərindən birinə çevrildi.
***
Ərsənın qəlbi Sədadən sınmışdı. Nə qədər fikirləşirdisə də ona haqq qazandıra bilmirdi. Ərsənin bundan ağır, bundan pis, bundan dəhşətli, adi bir qayğıya, nəvazişə möhtac olduğu gün ola bilməzdi. Belə günlərdə qəlbən adama yaxın olan, onun hər arzu, istəyini sözsüz başa düşən adamların adicə bir sözü, hərəkəti də böyük təsəlli olurdu. Məhz belə gündə Ərsənin ən əziz adamı, istəklisi, bütün varlığına hakim kəsilmiş bir adam, “ömrünün Sədası” adlandırdığı Səda yox idi. Anasının yasına gəlmədi. Bəlkə də fikirləşmişdi ki, rayon yerinə tək qızın getməyi bir az qeyri-düzgün alınar. Bəlkə də buna haqq qazandırmaq olardı. Heç olmasa yaxınlaşıb başsağlığı verə bilməzdimi? Bəlkə o da məni gözlüyür. Bəlkə xəcalət çəkir, ona görə də yaxınlaşa bilmir? Dünən qızlar ilə gedəndə heç gözünün ucuyla da baxmadı mənə. Bəlkə kimsə onun qəlbinə dəyib? Bəlkə məndən bir söz deyiblər ona? Axı, nə deyə bilərdilər? Bəlkə elə indi burdan, bu avtomat telefon budkasından zəng edim ona? Tutaq ki, cavab verdi, nə deyəcəkdim? Bu soyuqluğu aradan necə qaldıracaqdım? Soyuqluq dedim, qəlbim üşüdü, dodaqlarımdan elə bil dağların qarlı, buzlu suları axdı, üşütdü məni. Bu soyuqluq haradan doğa bilər? Zəng etmək, zəng etmək hər şeyi öyrənmək lazımdır. İndi, elə bu dəqiqə zəng etmək, heç olmasa onun səsini eşidib təskinlik tapmaq.
Qəti addımlarla telefon budkasına yaxınlaşdı. Nömrəni yığıb gözlədi. Dəstəkdən səs eşidildi.
– Bəli.
Sədanın səsiydi. Milyon səsin içərisindən seçərdi bu səsi. Qəlbi riqqətlə vurdu:
– Salam, Səda.
– Səhv düşübsünüz.
O başda telefonun dəstəyi asıldı. Qanı qaraldı. Telefon butkasından çıxıb siqaret yandırdı. “Səhv düşübsünüz”. Bu parol idi. Deməli evdə adam var, danışmaq mümkün deyil. Nə etməli? Bir qədər əsəbi şəkildə gəzişdi. Sonra yaxındakı oturacaqlardan birində oturub bir qədər gözlədi. Lakin nəyi gözləyirdi heç özü də bilmirdi. Boş keçən dəqiqələr il qədər uzun gəlir, adamı darıxdırıb hövsələdən çıxarırdı. Nə qədər gözləmək olardı. Yenidən telefon budkasına yaxınlaşdı. Barmaqları nömrədə tərəddüd etdi. “Səhv düşübsünüz” parolundan ehtiyatlandı. Danışmaq da problemə çevrilibdir. Ya da görəcəksən ki, bir qalın kişi səsi, ya bir qadın səsi gələcək. Di gəl burda hirs kəllənə vurmasın, görüm necə vurmur? Yox, lap bu dəfə atası da götürsə, deyəcəyəm Sədanı çağırın. Gec-tez bilməyəcəklər, qoy elə indidən bilsinlər, gizlətməyin nə mənası? Eşitdiyinə görə atası sakit, yaxşı kişiydi, qızını da çox istəyirdi. Amma anası... Anasından gözüm su içmir. Elə hərəkətlərindən bəzzat adama oxşayırdı. Sədanın danışmağından da hiss olunur ki, anası şöhrət əsiridir. Yazıq Əsəd kişi, belə qadınların öhdəsindən gəlmək də zor işdir. Bəs sən necə? Gələcək qaynanandan qorxmursan?.. Deyəsən, bu haqda düşünməmişdi. Son vaxtlar televiziya tamaşalarının əksəriyyəti qaynana-kürəkən məsələlərinə həsr olunurdu. Görünür indi dəbdə olan işdir. Hələ öz ata-anasını atıb qaynana qoltuğuna sığınanlar? Belələri azdımı? Elə götürək bizim şəhəri. Yüzlərlə beləsini saymaq olar. Mənim aləmimdə qaynana qoltuğuna sığınmaqdansa... Yox, əlbəttə, qaynanalardan lap ana kimi əziz olanları da var. Amma kişi gərək heç vaxt öz kişiliyini satmasın. Qadın kişi hüquqları bərabər olsa da, hardasa kişi ailədə üstün olmalıdır. Babalardan qalma adətləri heç vaxt unutmaq olmaz. Axı yazılmamış qanunlar da var. İndiki qızları ailə qurmamışdan qabaq kənddəki qoca nənələrin yanına təcrübəyə göndərmək lazımdır. Qoy qadın kişi münasibətlərini nənələrimizdən öyrənsinlər. Yoxsa bu televizorda “Avropa mədəniyyəti” deyə aşılamaq istədikləri adətləri qızlarımız əxz etsələr, sabah Tomris ananın, Burla Xatunun, Nigar nənənin, Həcər nənənin nəvələrindən əsər-əlamət qalmaz. Bu redaktorlara deyən gərək axı, bizim ata-baba adət-ənənələrimizə, qədim Şərq mədəniyyətinə nə gəlib ki, yapışmısınız “Avropa mədəniyyəti” belə gəldi, “Avropa adət-ənənələri” belə getdi. Hələ eyni cinslilərin hüquqları haqqında Avropadan aşılanan cəfəngiyatların sabah bu yerlərə nə kimi bəlalar gətirəcəyini bir düşünən varmıdır?
Eh, Ərsən! Sən də nə qoymusan, nə axtarırsan? Gör sənin Sədan heç sənin istədiyin kimi olacaqmı? Nə biləsən. Səda, Səda...
Nömrəni yığdı: dəstəkdən Sədanın səsi eşidildi:
– Bəli.
Ərsən təkrar etdi:
– Salam, Səda.
– Hələlik mənə zəng vurma. Səbəbini sonra deyərəm. Sağ ol.
Yenə də o başda dəstək asıldı. Ərsən isə hələ də dəstək əlində gözləyirdi, Sədanın səsini eşidəcəyinə ümidi vardı, başqa necə ola bilərdi ki... Dəstəkdən isə aramsız səslər axırdı: düd, düd, düd...
Bir quruca “sağ ol” kəlməsi. Bu da belə. Yadına Ramiz düşdü. Ürəyində bir neçə dəfə “Yazıq Ramiz” dedi. On illərlə bir yastığa baş qoyduğun adamı da tanımamısan. Eh, səndə də günah yoxdur. Axı, necə də tanıyaydım, məgər tanımaq olur?! İdeal sevgi, ideal məhəbbət. Deyəsən elə hamısı puç və əfsanədir. Bircə kəlmə quruca “sağ ol”. Bəlkə elə bu söz, quruca “sağ ol” sözü hər şeyin sonu deməkdir. Ola bilməzmi? Olar, həyatda hər şey ola bilər, hər şey mümkündür. Mümkün olmayan bir şey varsa, o da ölümün qarşısını almaqdır. Yaxşı ki, bu ölüm deyilən şey mövcuddur və hamı bilir ki, nə vaxtsa ölməlidir. Əgər ölüm olmasaydı insanlar bir-birinin ətini yeyərdi. Ölüm də bir nemətdir, həm də gözəl nemətdir. Vaxtsız olmaya ancaq. Vaxtında gələndə ölüm də gözəl olur. Anamı vaxtsız apardı. Məni tək qoydu bu dünyada.
Ölüm. Ramiz necə də ölüm istəyirdi. Bezmişdi dünyadan. Görəsən indi xəstəxanada neynəyir. O gün yanına gedəndə qayıdana qədər başını qaldırıb üzümə baxmadı. Xəcalət çəkirəm, Ərsən, – dedi.
Sağalacağına ümidim çoxdur. Həkimlər də bu fikirdədirlər. Amma onu qorumaq, içkidən qorumaq lazımdır. Göz görə-görə insanları məhv etmək olmaz. Ramiz dənizin dibində boğulan adama oxşayırdu. Elə dalğıc lazımdır ki, onu dənizin dibindən çıxarsın, özü də batmasın. Onu dənizin dibinə kim atmışdı, kim sürükləmişdi? – İnsanlarmı, həyatmı? Yox. Onu dalğıc çıxarda bilməzdi, dalğıc heç özü də dənizin dibinə enə bilmir. Dalğa lazımdır, güclü dalğa, bəlkə də qasırğa. Elə bir qasırğa ki, nəinki Ramizi, dənizin dibində boğulan nə qədər canlı varsa, hamısını sahilə atsın. Min illərdir dənizlərə çirk axıdılır, min illərdir insanlıq adına böhtan, ləkə atılır, min illərdir insanların düşüncəsinə hakim acgözlük, dağıdıcılıq ehtirasları dövlətləri üz-üzə qoyur, min illərdir güclülər gücsüzləri əzirlər. Könülləri, sahilləri, dənizlərin dibini təmizləyə biləcək qasırğalarmı, tufanlarmı olacaq, zaman göstərəcəkdir. Amma hər qasırğadan, tufandan öncə onun yeli gəlir. Belə bir yel əsir, qasırğanın yaxınlaşmasını bildirirdi.
***
Rəfiqə xanım divanda yerini rahatlayıb dedi:
- Qızım, yaxın gəl.
Səda anasının yanında çəpəki əyləşib altdan yuxarı anasına nəzər saldı. Sədanın baxışlarında Şəfiqə xanımın ömrünün sonunacan anlaya bilməyəcəyi qəribə bir sual-məna vardı. Bu sual-məna heç Sədanın özünə də əməlli-başlı aydın deyildi. Ərsənlə son görüşündə də belə bir baxış olmuşdu. Bəlkə də bu baxmaq onun özünün iradəsindən asılı deyildi. Bəlkə də insan hissləri instik olaraq kənar aləmdən idarə olunur. İnstik şəklində çatdırılan hisslər vasitəsi ilə insana xəbərdarlıq edilir, amma görünür insan hələlik o hisslərin qavranılmasını dərk etmək iqtidarında deyildir. Çox ola bilsin ki, insana təlqin edilən duyğuların açarı mücərrəd olaraq kamilləşənə qədər davam edəcəkdir. Bu gün də eləydi. Nə Sədanın sual dolu baxışları, nə də Rəfiqə xanımın cəfəngiyatları lazımi qədər aydınlaşmadı. Dumanlı təfəkkür və bu həyat hekayəsi bir-birini təqib etdi. Rəfiqə xanım Sədanın Ərsəni sevdiyini bilirdi, lakin bunu uşaq sevgisi, uşaq oyuncağı adlandırırdı.
Həm də Rəfiqə xanım heç vədə razı olmazdı ki, qızını xoş bir güzəran, səadət gözlədiyi halda yetimin birisinə getsin. Ərsən deyilən kimdi ki, Rəfiqə xanım gül parçası ciyər-parasını onun xətrinə odun-alovun içinə atsın. Kəndçi balasının bir iştahına bax e, sən Allah... Səda Rəfiqə xanımın ağıllı-kamallı qızıdır, təbii ki, bu keçəri hissləri “uf” belə demədən adlayıb keçəcəkdi.
Səda Barat haqqında eşidəndə etiraz etməyi nədənsə ağlına gətirə bilmədi. Nədənsə gələcək taleyi haqqında düşünə bilmədi, belə başa düşürdü ki, anası onun taleyi haqqında daha düzgün qərar verə bilər, Rəfiqə xanım isə dil boğaza qoymadan danışırdı:
- Qızım, bilirsən ki, səni nə qədər çox sevirəm, mən istəyirəm sən xoşbəxt
olasan...
Beləcə Rəfiqə xanım çox danışdı və onun danışıqları Sədanı ana südü yeyərkən uşaqlar necə uyuyarlarsa eləcə uyutdu. Hətta, bəzən ana südü zəhərli də ola bilir. Yazıq ana öz südünün zəhərli olduğunu bilmədiyi kimi körpə də bilmədən acgözlüklə həmən südü əmir və sancılar-acılar içərisində göz açmaq istədiyi dünyanı tərk edir. Səda da bir körpə uşaq kimi anasının bütün məsləhətlərinə “baş üstə” deyərək cavab verirdi, amma nəyə cavab verdiyinin fərqində deyildi.
Sabahısı gün analar Barat ilə Sədanın görüşünü təşkil etdi. Restoranlardan birində dördlükdə nahar etdilər, gələcək nişanlıların tanışlığı baş tutdu. Bir qədər ordan-burdan söhbət edib, gələcəkdən danışdılar.
Qəribəsi o idi ki, Səda sanki yuxudaydı, bütün baş verənlərin ona aid olduğunu duyurdumu, ya duymurdu heç özü də bilmirdi. Ərsənlə keçirdiyi sevgi dolu günləri belə tez unuda bilərdimi? Əgər unutmaq çətin olacaqdısa nə üçün bu ilişkiyə etiraz etmirdi. Bəlkə də hər şeyə üz döndərib getmək bu qədər asan imiş. Dünyada sevgi deyilən bir hiss yoxdur, məhəbbət boş və mənasız söz-söhbətdən ibarətdir. İllər sonra çəkəcəyi əzabların acısını duya bilmirdi, yoxsa sadəcə həyatın bütün əks-göstəricilərinə biganə olan Səda eyni zamanda onu sevən Ərsənin daxili iztirablarını necə duya bilərdi. Təbii ki, duya bilmirdi.
Rəfiqə xanım Səda ilə Ərsənin münasibətlərinə yolda-izdə rastlaşdığın bir adama salam verib keçmək kimi baxırdı. Sabah o adamla rastlaşmayandan sonra salamı da unudacaqsan. Rəfiqə xanımın bu sahədə təcrübəsi vardı, özü də sevdiyi adama gedə bilməmişdi. Amma nə olsun, indi rahat idi, evdə bir sözü iki olmazdı. Olmazdı nədi, heç Əsəd cəsarət göstərib onun sözünün qarşısında söz deyə bilməzdi. Uşaqları da dünyaya göz açanda Rəfiqə xanımı bu evdə söz sahibi kimi tanımışdılar. Hətta, bəzən Sədanın atası Əsədə yazığı da gəlirdi. Bir iş tərs gedəndə, ya nəsə çatışmayanda Rəfiqə xanım elə mərəkə qoparırdı ki, hamı susurdu.
Rəfiqə xanıma elə gəlirdi ki, bu məsələdə haqlıdır, gec-tez Səda da hər şeyə öyrəşəcək, bütün qayğılardan uzaq, rahatlıq və firavanlıq içində yaşayacaqdı. Ana belə düşünürdü, ana düşünürdüsə, daha qızına düşünmək düşməzdi.
Baratın ailəsində də bir fərqli düşüncə vardı. Atası aman-zaman bir oğlunu düşdüyü mühitdən aralamaq, evləndirməklə evə bağlamaq istəyirdi. Anası aman-zaman bir oğlunu tanıdığı, bildiyi bir qızla evləndirib, bu yolla onun yararlı bir ərə, kişiyə çevrilməsinə çalışırdı. Zahiri bər-bəzək, var-dövlət hər iki valideynin gözünü tutmuşdu, ancaq və ancaq öz sirlərini hamıdan gizli saxlayaraq Baratı müalicə etdirmək mümkün olmadığı təqdirdə ailə həkiminin “evləndirin, bəlkə düzəldi” fikrinə müvafiq olaraq tələsirdilər. Barata istədiyi qədər pul verilir, bir sözü iki edilmirdi. Sədanın sözü alınan kimi gənclərin gəzib dolaşması, bir-birinə yaxınlıq etməsi məqsədi ilə hər cür şərait yaradıldı. Hər səhər anası Barat üçün marşrutlar cızır, planlar hazırlayır, oğlunu cibinə pul qoyub yola salırdı.
İlk günlərdə hər axşam dəniz kənarı bahalı restoranlarda Barat Səda ilə birlikdə şam edir, “Marlbora” siqareti çəkir, Kubinkadan Səda üçün bahalı hədiyyələr alırdı. Barat Kubinkadan özünə lazım olan “defisit malları” da tapırdı. Amma bu malın nə olduğunu Səda ilk günlərdə başa düşmürdü.
Səda çox vaxt gününü piano arxasında keçirir, lirik mahnılar çalırdı. Barat Sədanın görüşünə gələndə Rəfiqə xanım onları evdə tək qoyub harasa gedirdi. Rəfiqə xanımı başa düşmək olardı. O, gənclərin isinişməsi, aralarında məhəbbət yaranması məqsədilə belə düşünürdü. Amma Barat uzun-uzun Sədanın pianinoda çaldığı musiqiləri dinləyir və ağlayırdı. Musiqi bəlkə də Baratda insani hisslərin yaranmasına müəyyən qədər kömək edirdi, amma ağlaması sirr olaraq qalırdı. Baratın niyə ağlamasını Səda özüyçün aydınlaşdıra bilmirdi.
Ciddi toy hazırlığı gedirdi. Az zaman içində nişan mərasiminin ardınca Abşeron mehmanxanasının restoranında toyları oldu. Zifaf gecəsi Səda Baratda qəribə hallar müşahidə etdi. Həmən gecə Barat siqareti siqaretə caladı, amma Sədaya yaxın düşmədi. Otağa dolan siqaret tüstüsü bir qədər keçmiş Sədanı xumarlandırdı və nə vaxt yuxuya gedib yatdığını bilmədi. Səhər oyananda Baratı stolun arxasında mürgü vurduğunu gördü. Barat ona toxunmamışdı. Sədanın oyandığını görüncə Barat da stolun arxasından qalxdı, vanna otağına keçib yuyundu, Sədanın yuyunmasını təklif etdi. Sədadan yeni bir mahnı çalmasını xahiş etdi. Mahnı çalındıqca Barat ağladı, Sədadan xahiş etdi ki, olanlar öz aralarında qalsın, bir qədər möhlət istəyirdi. Psixoloji durumunun düzələcəyini söyləyirdi.
Səhər açılmışdı, hava işıqlanmışdı. Yeni evlənənləri dənizkənarı restoranda səhər süfrəsi gözləyirdi. Yığcam halda ailə üzvlərindən ibarət qonaqlıq nahara qədər davam etdi. Sonra da təzə bəylə gəlinin gəzməyə getmələri üçün şərait yaradıldı. Digər günlər də beləcə davam edirdi. Barat bütün gecəni qonaq otağında oturur, siqaretin ardınca siqaret çəkir, əksər hallarda gecəni stol arxasında oturmuş vəziyyətdə keçirirdi. Baratın aciz və karsız olması sirri özünün istəyi ilə gizli saxlanılırdı. Bir dəfə həddindən artıq içmişdi, yenə pianinonun yanında dayanıb ağlayır, hərdən də Sədanın kürəyinə dağılmış saçlarında əl gəzdirirdi.
Səda gözlərini yumdu, bir anlığa Ərsəni yanında hiss etdi, elə bil, bu dəqiqə Ərsən onu qucaqlayacaq, sevəcək, öpüşlərə qərq edəcək, Səda çırpınacaq Ərsənin əlindən çıxmağa çalışacaqdı. Bədənindən bir gizilti keçdi, bu əsrarəngiz duyğuların istisi canına yayıldı, o anın baş verəcəyini səbirsizliklə gözlədi, lakin anlar, dəqiqələr illər kimi ağır keçir, heç nə baş vermirdi. Baratsa ağlayırdı:
- Bağışla, məni. Səni çox incidirəm, amma bunlar keçib gedəcək, məndən sonra sən xoşbəxt olacaqsan.
Pianinonun arxasından qalxıb yataq otağına keçdi, üzüquylu yatağa düşüb ağladı. Səda həm öz taleyinə, həm də bu aciz, karsız və yazıq binəvanın taleyinə ağlayırdı. Sədada artıq Barata qarşı bir mərhəmət hissi yaranırdı. Səda bütün bu olanları kimsəyə açıb deyə bilmir, Baratın sirrini öz sirri kimi qoruyurdu.
Qızının taleyindən, düşdüyü çıxılmaz vıziyyətindən xəbərsiz olan Rəfiqə xanım isə geniş planlar hazırlayırdı. Sədanı bircə ayın içərisində universitetin qiyabi şöbəsinə keçirdilər, professor Həsənovun qayğısı ilə tam əhatə olundu. Bundan sonra heç sessiyalarda da Səda dərslərə gəlmədi, imtahandan imtahana universitetdə görünən Səda xüsusi onun üçün ayrılmış maşın və nəzarətçilərin əhatəsində gəlib gedirdi.
Lakin bir qədər keçmiş Səda nə qədər səhv etdiyini anladı. Bütün gününü evdə tək-tənha keçirmək məcburiyyətində qalan Səda həyat yoldaşının yolunu gözləyirdi, Barat isə demək olar ki, ara-sıra bu evə gəlir, bəzən bir neçə günlüyə yoxa çıxır, atasıgildə qaldığını, yaxud işlə əlaqədar rayonlara ezamiyyətə getdiyini söyləyir, hər addımında Sədanı aldadırdı.
Günlər keçir, münasibətlər soyuyur, Sədanın Baratdan bir söz belə soruşması böyük bir həngaməyə çevrilirdi.
İlk gündən Səda uydurduğu yalan ilə anlaşılmayan mənəvi iztirablara qatlaşmalı olurdu. Qızının daim qayğılı, lakin lal gözlərini görən Rəfiqə xanım gününü burada – qızının yanında keçirirdi.
Səda belə ağır dəqiqələrində tez-tez Ərsəni xatırlayırdı. Evdə tək-tənha qaldığı anlarda Ərsənə məktub yazırdı.
“Bu məktubu qanlı göz yaşlarım ilə yazıram sənə. Bəlkə də sən məni heç vaxt bağışlamayacaqsan. Mən də sənin yerində olsaydım bağışlamazdım. Özüm də özümü bağışlaya bilmirəm. Səninlə keçirdiyim günlər ömrümün ən əziz, ən yadda qalan günləriydi. Mənim üçün həmişə də əziz olaraq qalacaqdır.
Yadındamı, məni ilk dəfə öpdüyün gün? O gün sən məni bir evə aparmışdın. İndi də bilmirəm ki, o ev nə ev idi, kimin eviydi. O gün mənim ən xoşbəxt günümüydü. Bunu indi anlayıram. Biz xeyli danışıb güldük, əyləndik, sonra sən mənim belimdən qucaqlayıb öpdün. Mən qorxurdum, ona görə də, həm çırpınıb sənin qollarının arasından çıxmaq istəyirdim, həm də anlaşılmaz bir hiss ilə sənin qollarının arasında qaldıqca qalmaq istəyirdim. İlk dəfə mən yetkin bir qız olduğumun fərqinə varırdım. İçimdən isti bir cərəyan axdı, sonralar onun nə demək olduğunu başa düşsəm də, həyatımda belə gözəl bir an bir daha təkrar olmadı.
İndi bunları sənə niyə yazıram axı? Özüm də bilmirəm. Mən sənə və öz sevgimə dönük çıxdım. Bəlkə də onun əzabını ömrüm boyunca çəkəcəyəm.
Heç bilmirəm bütün bunlar necə oldu? Necə oldu ki, mamamın təkidi ilə mən də razılıq verdim. Bu evliliyin nələrə vəsilə olacağını düşünmədən evləndik. Çox peşimanam.
Mən səni heç vaxt unutmayacağam, səni həmişə sevəcəyəm...
Sağ ol. Səda”
Səda yazdığı məktubu dəfələrlə oxudu, sonra onu cırıb atdı, taxtın üstünə yıxılıb ağladı.
Səda cəsarət tapıb yazdığı məktubları sahibinə göndərə bilmirdi. Yazdıqlarının səmimiliyinə özünün də inamı azalmışdı, bu necə sevgi idi? Ərli bir gəlinin keçmiş sevgilisinə məktub yazmağı nə qədər səmimi ola bilərdi ki... Heç bir səbəb olmadan sevgisi rədd edilmiş Ərsəndən nəsə ummağa onun haqqı vardımı?
Axı onun bu qədər bəsit sevgisinə kim inanardı? “Mən səni heç vaxt unutmayacağam, səni həmişə sevəcəyəm”... Gərək o qədər avam olasan ki, bu sözlərin puç və mənasız bir şey olmadığına inana biləsən. Əgər sən özünü kiminsə sərvətinə, puluna satırsansa, daha məhəbbətdən, sevgidən nə söz ola bilər?
Artıq yetər. Yetər aldanmaq bu həyatda. Aldanmaq dənizin dibində boğulmaqdan da betərdir. Yox, mən daha dözə bilmərəm. Hər şeyi görə-görə özümü necə aldadım. Kimsəni aldatmadım. Bu sözlərin istisinə inanmaq olarmı? Odu sönmüş külə bənzəyir mənim sözlərim. Bir anlıq adamın əlini isidir, aldadır. Amma köz olmadığına görə sönür, tez sönür, hərarəti olmur. Mən sənə əlvida deyirəm. Mən öz məhəbbətimi qurban verdim. Əlvida, mənim xatirələrim, əlvida aldanmış məhəbbətim, əlvida! Əlvida, mənsiz mənim Ərsənim!..
***
Sədanın vəfasızlığı Ərsəni çox məyus etmişdi. Dost-tanış yanında özünə yer tapa bilmir, hamıdan qaçır, uzaq olmağa çalışırdı. Sədanın pofessor Həsənovun qohumu ilə ailə qurduğunu öyrənəndən sonra həyat gözlərində azqala tamamilə mənasızlaşır, niyə, nədən ötrü yaşayırsan sualını gündəmə gətirirdi.
Dərsdən sonra bulvara tərəf endi. Gəzə-gəzə gəlib bulvarın bir küncündə həmişə gəldikləri yerdə qoyulmuş oturacaqda əyləşdi. Dənizin göy suları narın-narın ləpələnir, qağayılar sahilə yaxınlaşır, yerə qonur, nəsə axtarır, yenidən havaya qalxıb dənizin üzərində uçuşurdular. Yadına çoxdan eşitdiyi bir bayatı düşdü:
Köynəyi yaşıl ördək,
Əcəb yaraşır ördək.
Həmişə cüt gəzərdin,
Hanı yoldaşın, ördək?
Bu sahilə Səda ilə birlikdə gələrdilər. İndi bu sahildə tək və tənha olmaq nə qədər üzücü və kədərli notlarla süslənmişdi. Sanki qağayılar da pərişan-pərişan dənizin üzərində dövrə vurur, tək və tənha olan Ərsənə həmdəm olmaq istəyirdilər.
Payızın xəfif rüzgarı ağacların tək-tək saralmış yarpaqlarını budaqlardan qoparıb aparırdı. Ərsən düşünürdü ki, əgər yarpaqlar budaqdan bezibsə, burada payızın günahı yoxdur... Bəzən də bu saralmış yarpaqlar Ərsənin ayaqlarına dolaşır, xatirələrin saralmış vərəqlərini yada salırdı. Ağ qağayılar uzaqdan Sədanın ağ əllərinə bənzəyirdi. Ağ əllər havada çırpınır, sanki Ərsənə “əlvida” deyirdi.
Dənizkənarı bulvarda adamlar söhbət edə-edə gəzişirdilər, hərdən üzdən tanıdığı tələbələrdən də yanından keçib gedən olurdu. Bulvar adətən gənclərin görüşə çıxdıqları, könül verib könül aldıqları yeriydi. Bu yerlərlə əlaqəli nə qədər unudulmaz xatirələr varıydı. Bakıda oxuyan, işləyən, yaşayan elə bir adam tapılmazdı ki, bulvarla bağlı xatirəsi olmasın. Qonşu kənddən tanıdığı bir gənc də qarşısından keçib getdi, öz aləmində olduğundan Ərsəni görmədi.
Qonşu kəndin adamları çox baməzə olurdu. Rayonda ən çox onların haqqında lətifələr deyilirdi. Həm də bu lətifələrin əksəriyyəti həqiqətdə baş vermiş hadisələrin nəticəsində yaranırdı. Bir dəfə qonşu kənddən bir kişi saxlayıb bəslədiyi dananı kəsmək istəyir. Dana çox canlı olduğundan onu yerə yıxmaq üçün dörd adam yığışır. Qəssab bıcağı eyvanın məhəccərinə qoyub köməyə yetişir. Dörd nəfər köməkləşib bir təhər dananı yerə yıxırlar, ayaqlarını bağlayırlar, dana böyürür, başını yerə çırpırdı, qəssab dananı kəsmək istəyərkən yadına düşür ki, bəs deməyəsən bıcaq eyvanın məhəccərində qalıbdı:
-Pah, atoynan...
-Nə olub?..
- Bıcaq eyvanda qalıb...
- Yapışın dananı sürüyək eyvana...
Dananı sürümək istəyirlər eyvana tərəf, lakin dana çox ağır olduğundan sürüyə bilmirlər. Qəssabın balaca oğlu kənardan baxırdı, bunların belə əziyyət çəkdiyini görüb soruşur:
- Baba, nə etmək istəyirsiz?
- Dananı aparıb kəsmək istəyirik.
- Orda kəsin də...
- Axı, bıcaq eyvandadı.
Uşaq bıcağı götürüb aparıb qəssaba verir. Uşağın fərasətini görənlər deyirlər:
- Bax ha, səhərdən heç bizim yadımıza düşmür ki, bıcağı bura gətirək.
Ərsən bu lətifəni xatırlayıb gülümsündü, elə bil çiynindən ağır yük götürüldü, yerindən qalxıb bir siqaret yandırdı, tüstülədə-tüstülədə işə - gecə növbəsinə getdi.
(I hissənin sonu)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar