Xəbər lenti

AZƏRBAYCAN  HARAY ÇƏKİR
Yenə fikir dumanları gəzir başımda...
Ziddiyyətlər uçqunundan uçunur ürək.
Dövrün acı yarğanları durur qarşımda,–
Zaman ilə dil tapmıram cığal uşaq tək.
 
Mən dünyadan nə istədim?..nə verdi axı?..
Əsrimizin son sözünü kim danışacaq?..
Bircə sözüm olammadı xalqın bayrağı,
Yüz fikir də bircə borcu ödəmir ancaq.
 
Ölkələr var,– cərrah olub əlində qayçı;
Şərqin köhnə yaraları hələ bitişmir.
Tarix boyu hay deyənə olduq harayçı;
Azərbaycan haray çəkir, dünya eşitmir.
                                        02.09.1989
 
     AZADLIQDAN DOĞULARSAN
            Şəhidlərin gözlərindən oxuduğum şeirlərdən
Ey mən olub, mən-mən deyən!
Ağrı qusub, acı yeyən.
Qan içində “Vətən” deyən!–
Sağlıq olsun, sağalarsan.
 
Göz yaşların çağlar elə,
Zalım fələk oxlar elə.
Sinəndəki dağlar ilə
Özün boyda dağ olarsan.
 
Nələr qalmış ötən çağdan?..
Tüstü qalxır od-ocaqdan.
Əlin çıxar hər budaqdan,–
Öz kökünə yığılarsan.
 
Döyüşlərdə yorulmasan,
Öc almağı bilmə asan.
Öz içində qurulmasan,
Öz içindən dağılarsan.
 
Dünya boyu güləcəksən,–
Öz dərdinə gülə bilsən.
Azadlıqçün ölə bilsən,
Azadlıqdan doğularsan.
 
Dalaşıram öz-özümlə,
Öz gecəmlə, gündüzümlə.
Bu səbirlə, bu dözümlə
Nə yaxşı ki, hələ varsan.
 
Qurdun yaman duzaq, dünya!
Kəsir məni sazaq, dünya!
Məndən uzaq, uzaq, dünya!–
Göz yaşımda boğularsan.
                        dekabr, 1991
 
Bu yol məni götürərmi görəsən?..
Ömür keçir gahdan şirin, gah acı,
Gözüm gözəllikdə...ürək söz acı.
Gəlib çıxdım: bu da bir yol ayrıcı;
Bu yol məni götürərmi görəsən?..
 
Göylər gülür,–yaxın demir, yad demir,
Qara torpaq gözlərimdən od əmir...
Bircə addım qabağı da görünmür,–
Bu yol məni götürərmi görəsən?..
 
Belə məqam bir də düşə çətin ki...
Bircə nola aşa bilsəm bu diki...
Çiynimdə bir nəslin etibar yükü,–
Bu yol məni götürərmi görəsən?..
 
Tanrı yolu–qeyrət yolu, su yolu;
Ürək qanı, göz yaşıyla yu yolu.
Yüz yol vardı, mən götürdüm bu yolu;
Bu yol məni götürərmi görəsən?..
 
Qəm evində sağalmadı bir yaram,
Bu zülümlə bu dünya var,– mən varam.
İtiyimi taparam, ya tapmaram,
Bu yol məni götürərmi görəsən?..
 
Mən özümdən yüz yol keçdim özümə,
Dar köynəyi özüm biçdim özümə.
Bu taleyi özüm seçdim özümə...
Bu yol məni götürərmi görəsən?
                                       1992-93
 
                    Şeirim
   Səni kimə deyim, kimə söyləyim?
   Ürəkdən ürəyə deyəsi şeirim.
   Kiminin qəlbinə sərin su kimi,
   Kiminə ox kimi dəyəsi şeirim.
 
Sən kimsən, nəçisən?-deyən tapılmaz,
Odlu bir köynəksən,–geyən tapılmaz.
Yetim uşaq kimi yiyən tapılmaz,–
Könül bağçasının yiyəsi şeirim.
 
Dünənim, sabahım üstümə gülür,
Ürəyim qəzəbdən sinəmi dəlir.
Deyirlər ağzımdan qan iyi gəlir,–
Sıyrılmış bir xəncər tiyəsi–şeirim.
 
Ürəkdə–ocaqda bişər yüz kərə,
Ürəklə, vicdanla gedər hər yerə.
Çəkilən qılıncdır yalana, şərə,
Haqqa əyiləsi, əyəsi şeirim.
 
Ömrüm, günüm keçməz qəm eləməsəm,
Fikirdən başıma qəm ələməsəm.
Cansız kağızlara yem eləməsəm,–
Məni içəridən yeyəsi şeirim.
                              20.11.2004.
               -0-
Elə kimsəsizəm...
                               Elə soyuqdur...
Nəfəsim sinəmə sancılan oxdur.
Ah!..ürək açmağa bir kimsə yoxdur;
Ürəkdən çəkdiyim bu ah üşüyür.
 
Elə kimsəsizəm...
                             Elə dalğınam...
Görsə tanımazdı doğmaca anam.
Min kərə etdiyim savabdan yana,
Bir yol etmədiyim günah üşüyür.
 
Elə kimsəsizəm...
                            Elə qərib, tək...
Çırpınıb göynəyir sinəmdə ürək.
Görən başımıza nə gəlir, görək; 
Axşam sızıldayır, sabah üşüyür.
 
Elə kimsəsizəm...
                             Elə sənsizəm...
Elə yöndəmsizəm... elə yönsüzəm...
Elə tanrısızam, elə dinsizəm;
Göydə mənə baxıb Allah üşüyür...
                                     aprel, 2018
 
         Yenə bu şəhərdə... 
“Yenə bu şəhərdə üz-üzə gəldik”,
Məni bu şəhərə aşiq edən qız.
Sevib, sevdiyini keçmişdə qoyub,
Məchul gələcəyə çıxıb gedən qız. 
 
Sənə demədiyim bir sözə görə
Özünü od-alov içinə atdın.
Bir anda hər şeyi alt-üst eləyib,
Göyəmi çəkildin, yerəmi batdın?..      
 
Budur, dayanmışıq yenə göz-gözə,
Arada bir küçə...
                             bir də otuz il.
Bir küçə adlamaq o otuz ili 
Geri qayıtmaqdır birdən elə bil.
 
Günaydın, bu mənəm,– ağsaçlı qoca,
Nəvə yerişinə sevinən nənə.
Qoyduğun keçmişdən çıxıb gəlirəm;
Dalaşaq, küsüşək, barışaq yenə.
 
...Hanı o gur saçlar, ürkək baxışlar?
Ruhuma can verən o şəhla gözlər?..
Xəfif bir təbəssüm gördüm üzündə,
Altında nə böyük dərd, kədər gizlər.
 
Dost-tanış içində gündüzlər gülüb,
Gecələr ağlayıb dərd çəkən qadın.
Bircə mənə görə bütün keçmişin
Üstündən qara bir xətt çəkən qadın.
 
Yenə bu şəhərdə...bu ayda bizi
Baharın çiskini, yağışı tutdu...
Xəyanət etmişdik biz o sevgiyə,
Bizi o sevginin qarğışı tutdu.
 
İki xəyanətkar – iki günahkar;
Belə yazılıbmış bizim üçün də...
Hər gün yalan dedik, günah işlədik,
Yaşadıq bir ömrü günah içində.
 
...O vaxt demədiyim o bircə sözü
İndi min yol desəm, qəlbinə yatmaz.
Boğub öldürdüyün keçmişimizi
Bu gündən atılan top da oyatmaz.
 
Mən daha keçmişdə qala bilmərəm,
Sən də gələcəkdən çıxıb gəlirsən.
İndi biz hamını başa düşərik,
Bizi başa düşməz heç kəs, bilirsən.
 
İndi gec olsa da, bilməliyik ki,
İnsan taleyilə oynamaq – günah.
Dünənki səhvlərin öz cəzasını
Bu gün də olmasa, verəcək sabah.
 
İndi gec olsa da, bilməliyik ki,
Bir yanlış addımdan iki can yanar.        
Sevən sevdiyinin yanında ancaq
Düzgün qiymət alar, dəyər qazanar...
 
...Sevgini əfsanə, nağıl bilən qız,
Leyli də, Məcnun da olub həmişə.
Ay məni keçmişdə qoyub gələn qız,
Gəl yapış qolumdan, gedək keçmişə.
                                              03.04.2018
                                 
         Məni dəli kimi sevmə...
Gülşənim, gülzarım, gülüm, çiçəyim,
Sevdiyim, seçdiyim, gözəl-göyçəyim,
Yeganəm, dürdanəm, birim, bircəyim,
Məni dəli kimi sevmə, sən allah!
 
Biz uşaq deyilik, bu dünya nağıl...
Getsin öz işinə doğma, yad, oğul.
Üzündən nur yağır, gözündən ağıl,
Məni dəli kimi sevmə, sən allah!
 
Yağsa da başıma dünyanın qəmi,
Sinəmdə qurusun gözünün nəmi.
Mən səni sevsəm də dəlilər kimi,
Məni dəli kimi sevmə, sən allah!
 
Təzəcə qaynayıb-qarışıb yaram,
Sən yoxsan – mən də yox, varsansa – varam.
Alışıb, tutuşub dəli olaram, –
Məni dəli kimi sevmə, sən allah!
 
Keçdi həsrətinlə cavanlıq çağım,
Daha yox başımda qaynar yığnağım.
Mənim ilham pərim, sevgi qaynağım,
Məni dəli kimi sevmə, sən allah!                                
                                       29.11.18
 
  Sənə şeir yazıram...    
Həyat bir anlıq donur,
Göy qaralır, gün sönür,
Xəyalım quştək uçur,
Bütün dünyanı qucur.
Heç nə görmür gözlərim,
Gül qoxuyur sözlərim, –
Sənə şeir yazıram.
 
Başım üstdə uçuşub
Qanad gərir mələklər,
İçimdə puçurlayır
Gizli arzu, diləklər.
Şeirimə ahəng tutur
Göydə əsən küləklər...
Sənə şeir yazıram.
 
Kino kimi gözümdə
Hər görkəmin, hər yaşın...
Sətirlərdə bərq vurur              
İnci kimi göz yaşın.               
Uzaqdan ovsunlayır
Qəmli, süzgün baxışın;
Sənə şeir yazıram.
 
Sən ey könül odamın
Əbədi göy qurşağı.
Sən hardasa, – uzaqda
Yad evin yaraşığı... 
Sənsizlikdə sozalır
Can evimin işığı;
Sənə şeir yazıram.
 
Mən səninlə gəncləşir,
Mən sənsiz qocalıram.
Yoxluğundan öc alıb
Xəyalına dalıram.
Sənsizlikdə can verib,
Səndən ilham alıram, –
Səndən şeir yazıram,
Sənə şeir yazıram.
                     28.03.2019
 Sən mənim əbədi ehtiyacımsan
Buna istək deyim, məhəbbət deyim?
Ya sevən könülə mərhəmət deyim?
Qalan ömrümüzə səltənət deyim;
Ürəkdə güvənim, başda tacımsan,
Sən mənim əbədi ehtiyacımsan.
 
Məsum ürəklisən, ağıllısan sən,
Şeirli, qoşmalı, nağıllısan sən.
Sevib-sevilməkçün doğulmusan sən,
Gözü, nəfsi toxum, könlü acımsan,
Sən mənim əbədi ehtiyacımsan.
 
Sən varsan – fələkdən ucadır başım,
Sən yoxsan – dünyanı tutar göz yaşım.
Mənim ruh əkizim, könül sirdaşım;   
Demirəm anamsan, qızım, bacımsan, –
Sən mənim əbədi ehtiyacımsan.                             
 
Nə vaxtdır başımız qeylü qaldadır,
Bəlkə də xoşbəxtlik hələ yoldadır.
Həyat şirinləşir, dünya bal dadır...
Çox dadlı, şirinim, bir az “acımsan”, –
Sən mənim əbədi ehtiyacımsan. 
                                20.04.2019
                 -0-
Bir qəzet küncündə gördüm şeirini,
şəkilsiz, imzasız,
Çox qəribəydi,–
Adın, təxəllüsün görünmürdü heç... 
Oxudum, düşündüm...
Düşündüm, oxudum...
xətrimə dəydi.
Bilirsən niyə? –
Bu böyük qəzetdə şeirinin yeri
Bilmirəm niyəsə,
nəyə görəsə
Sənin ailədə, evdə, həyatda
Özünə seçdiyin yerə bənzədi.
                          04.05.2019
GÖRƏN NECƏ GƏLƏCƏK
Görən nə vaxt bitəcək
Bu sınıq-salxaq ömür?..
Taleyin yedəyində
Gedən bir qorxaq ömür.
 
Görən harda bitəcək;
Yerdə, suda, havada?..
Yataqda gəbərəcək,
Ya döyüşdə, davada?..
 
Görən necə gələcək?
Açılmamış sirr-ölüm...
Ya şərəfli bir sonluq,
Ya şərəfsiz bir ölüm?..
                       06.05.2019 
         KİŞİ
 Bəsdir basdın hay-küyə,
Daş atdın yerə-göyə.
Bir az çəkil kölgəyə,
Bir az nəfəs dər, kişi.
 
Hər yerdə vardır adın,
Bilir yaxının, yadın.
Hər havaya oynadın,
Bir az dayan, dur, kişi.
 
Həm şairsən, həm alim,
Siyasətçi, müəllim.
Daha kimsən, nə bilim,
Həm gənc, həm də pir kişi.
 
Baxmadın ömrə, yaşa,
Hər vaxt dırmandın başa.
Həyat sənə tamaşa,
Bir də ki, al, ver, kişi.
 
Girmədiyin yer yoxdur,
Bilmədiyin sirr yoxdur.
Sənin kimi ər yoxdur;
Həm tülkü, həm şir kişi.
 
Gah qamçısan, gah palan,
Sən – dəyirman, dən – yalan.
Boş sözdür bizdən qalan,
Səndən dövlət, var, kişi.
 
Biz yuxulu, sən oyaq,
Oldun nəslinə dayaq.
Bəlkə bir heykəl qoyaq; 
“Yüz sifətli bir kişi”.
                   noyabr, 2019
 
YENƏ SƏNİ SEVDİM
Elə darıxmışam səninçün, gülüm,
Alışsam qalacaq bir ovuc külüm.
Adamlar içində yenə tənha, tək,
Yaralı quş kimi çırpınır ürək.
Sənsizlik kəsilib ruhuma hakim,
Tapmaz çarəsini gəlsə yüz həkim.
Dərdimə dərmandır süzgün baxışın,
Yağdırsın üstümə qarın, yağışın.
Beynimdə bərq vurur şaqraq gülüşün,
Qarsır varlığımı qəfil öpüşün.
Gəldi saçlarının ətri havadan,
Səsimə səs verdi quşlar yuvadan.
Keçdi başım üstdən qərib durnalar,
Sənsiz qəribsədim mən də nəyi var.
Yenə də sığmadım evə-eşiyə, 
Başımı götürüb qaçdım eşiyə,
Yenə dəli kimi gəzdim şəhəri,
Yenə küçələrdə açdım səhəri,
Çırpıb üst-başımdan yad baxışları,
Üz tutdum yenə də hücrəmə sarı.
Yenə fikrə getdim, xəyala daldım,
Yenə sənsizliklə baş-başa qaldım.
Yenə kimsəsizlik, yenə də təklik,
Yenə diş qıcadı acı gerçəklik.
...Hardasan, necəsən, halın necədir?
Qəlbində gündüzdür, yoxsa gecədir?
Yatmısan? Oyaqsan? Saat gedirmi?
Zamana mənsizlik təsir edirmi?
Sən də sayırsanmı günləri bir-bir?
Sanki ayrılmışıq biz neçə ildir...
Hər yerdə gözünə görünürəmmi?
Kölgətək arxanca sürünürəmmi?
Hər işdə, söhbətdə yanındayammı?
Canında, ruhunda, qanındayammı?
Tanrıdan aşağı yenə mənəmmi?
Yenə də sən mənsən, mən də sənəmmi?..
Eləysə, nə qədər desən dözərəm,
Yenə tək dolaşıb, tənha gəzərəm.
Təki gözlərində üzüm, boğulum,
Gündə neçə kərə ölüm, doğulum,
Yenə səni sevim ilk sevdiyimtək,
Yüz ömür yaşasın yenə bir ürək,
Təki ürəyində tək yerim olsun,
Öləndə səninlə bir qəbrim olsun.
                                23.09.19
 
 RUHUMA YAXIN QIZ
Ay başımın bəlası,
Ay evimi yıxan qız!
Gahdan sərin su kimi,
Gah yandırıb-yaxan qız.
 
Bir alışdıq bir zaman,
Çıxa bilməz yadından.
Otuz ilin ardından
Məlul-məlul baxan qız.
 
Sözə məhəl qoymayıb,
Eşqi oyuncaq sayıb...
Taleyimlə oynayıb,
Saçına gül taxan qız.
 
Qurulsa da yüz tuzaq,
Gəl, birlikdə biz pozaq.
Gözlərimdən ən uzaq,
Ruhuma ən yaxın qız.
 
Qəlbimin hər yerində;
Yüz yara var dərində.
Könlümün göylərində 
Şimşək kimi çaxan qız.
 
Ömür keçdi yuxu tək,
Sevinmədi bu ürək.
Hər gün ilıq duyğu tək
Ürəyimə axan qız.
 
Düşsək də  dildən-dilə,
Uzaşdıq ildən-ilə.
Sevdiyinin əliylə
Açılmadı yaxan, qız.
 
Eşqi özündən böyük, –
Qəlbində bir ağır yük.
Dumanda azan keyik, – 
Birdən qaçıb çıxan qız.
                     08.11.2019
          ANAM
Daha diləklərim Tanrıya yetməz,
Daha yuxularım çin çıxmaz, anam.
Gözümdə biryolluq qaraldı dünya,
Daha dan sökülməz, gün çıxmaz, anam.
 
Hər gün ömrümüzə boran, qar gələr,
İntizar üstündən intizar fələr.
İndi yüz qış gedər, yüz bahar gələr,
Bir də ot göyərməz, su axmaz, anam.
 
Sənsiz “oğlum”, “balam” deyən çox olar,
Ruhum sızıldayar, qəlbim yuxalar.
Öz oğlum böyüyər, nəvəm doğular,
Yetimlik yaxamı buraxmaz, anam.
 
İnana bilməzdim itirəm səni,
Torpağa əmanət edirəm səni.
Atama tapşırıb gedirəm səni,
Atam da yanında darıxmaz, anam.
                                      03.01.202


Ana səhifəyə qayıt        Baxış: 1 611          Tarix: 18-05-2020, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma